Türkçülüyün yorulmaz yolçusu

 

Ali KAFKASYALI – 70

 

Ulu Türkün şanlı və şərəfli tarixi onun uğurlarından, hünərindən, cəsarətindən, iradəsindən, zəfərindən sevinə bilməyənlərin həmişə qısqanclığına səbəb olub. Çağdaş dövrdə tarixə eybəcər yamaq vuran pinəçi siyasətbazların, sifarişlə, yaxud təmənna ilə tarixi olayları saxtalaşdıran "tarixçi"lərin yazdıqlarında, daha dəqiq desək, yozduqlarında həqiqət payı axtarmaqdan yorulduq, tapa bilmədik. Bəzən təsəlli tapırıq ki, belə cızma-qaralar vaxtsa, gərəksiz kağız parçasına - makulaturaya çevriləcək. Əslində, sevinməyə dəyməz. Həmin kağıza həqiqəti yazsaydıq, qiymətli olardı, dəyərini itirməzdi. Vətən tarixini saxtalaşdırmağın bir adı var - Vətənə xəyanət. Yaxşı ki belə xəyanətkarlar çox deyil.

Ərzincan Binali Yıldırım Universitetinin türk dili ədəbiyyatı kafedrasının professoru, Oğuz-Türk kökənli Ali Kafkasyalı bütöv şəxsiyyət, aydın, böyük Türkçü, Azərbaycançılıq, Turançılıq məfkurəsinin, milli ruhun yorulmaz daşıyıcısı, özgürlük aşiqi, ciddi bilim adamı, araşdırmaçıdır. Altı cildlik "İran Türk antalogiyası"nın, "İran Türkləri, aşıq mühiti", "İran Türk aşıqları milli kimlik", "İran Türkləri", "İran coğrafiyasında Türklər", "Sürgündə aşıq ənənəsi - Orta Asiyaya sürgün edilən Axıska-Axalkələk aşıq ənənəsi aşıqlar", "Səməd Vurğun. Milli şairə dair" başqa elmi araşdırma kitablarının müəllifidir. Sadaladığım monoqrafiyaların həcmi 6000 səhifəyə yaxındır. Heyrət ediləcək məhsuldarlıqdır, yaratmaq eşqidir, milli təəssübkeşlikdir! Ali bəyin uzaqgörənliyidir ki, mənalı ömür payının xeyli illərini ev-eşiyindən aralı qalıb, gərgin, əzablı günlərə, aylara qatlaşıb belə həssas gərəkli, bu gün daha aktual olan tədqiqat işlərinə sərf edib. İndi - ömrünün müdriklik çağında həmin enerji həvəslə çalışır.

"Qafqaz qaçaqları", "Qartallar sınır tanımaz" (ana dilimizə Məti Osmanoğlu İsmayıl Umudlu uyğunlaşdırmışdır) tarixi romanlarında hekayələrində Ali bəy bolşevik istilasından sonra Azərbaycanda qaçaq hərəkatının vüsət alması səbəblərini, milli azadlıq mücadiləsini, Qazax bölgəsinin sərhəd kəndlərinə erməni, gürcü, bolşevik basqınları zamanı əhalinin başına gətirilən müsibətləri tarixi gerçəkliklərə söykənərək özünün təxəyyül fikir süzgəcindən keçirmişdir.

Ali Kafkasyalı hər iki romanını babası Məmməd Bayramoğlunun (Məmməd baba) atası Aloy Hacının xatirəsinə ithaf etmişdir. Məmməd baba Qazax mahalının İkinci Şıxlı Kənd Mühafizə Birliyinin rəhbəri kimi İkinci Şıxlını ətraf kəndləri qoruyurdu. Həmin dövrdə təkcə gürcülər, ermənilər yox, həm bolşeviklər kəndləri çalıb-çapırdı. Gənc Aloy Hacı onun məsləkdaşları atasının ən yaxın sadiq silahdaşlarıydı, haqq-ədalətə, azadlığa, Vətənə, torpağa, millətə vurğunlarıydı. On ildən çox qan-qada üzərində qurulan bolşevik-daşnak rejimi ilə ölüm-dirim mücadiləsindən sonra Aloy Hacı mühacirətə yollanmağa məcbur olur, mübarizəsini Qarsda, Qafqazın başqa ərazilərində davam etdirir.

Qanında, canında, ruhunda Vətən eşqi qaynayıb-coşan el ağsaqqalı Məmməd Bayramoğlunu əli millətlərin qanına bulaşmış qırmızı ordunun süvarilərindən biri arxadan vurduğu qılınc zərbəsi ilə qanına qəltan eləyir. "Onun "şəhid canı" Yuxarı Salahlı təpəsinin üstündə şəhidlik abidəsi kimi" ucalır". Qədirbilən yerli əhali qonaqlar indi bu məzarı ziyarət edir, qəhrəmanın xatirəsinə ehtiramını bildirirlər. Yaxşı olardı ki, Qazax ətraf rayonların, yaxın kəndlərin icra bələdiyyə rəhbərləri, adamları, hünər tariximizə laqeyd yanaşmayanlar 100 il əvvəl burada dəfn edilmiş qəhrəmanın məzarında məzarın ətrafında abadlıq işləri aparaydılar, oranı ziyarətgaha çevirəydilər. Çünki bura xalqın and yeridir. Məmməd babanın silahdaşlarının, amal yolçularının ruhu da şad olardı.

Yazıçı bilim adamı "Qafqaz qaçaqları" əsərinin elə birinci səhifəsində məqsədini, missiyasını bir cümlə ilə dolğun göstərir: "Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar".

Ali Kafkasyalı duyğulu söz adamıdır, tarın sarı simi kimi kövrək həssasdır, gərəkli anda qaya kimi sərtdir. "Qartallar sınır tanımaz" əsərində düşündürücü bir məqama toxunur. Bu məqamda kədərlə yanaşı gülüş var - acı gülüş. Mülayimliklə sərtliyin vəhdəti. 1937-nin qırmızı terror zamanında uzun illər Bakı quberniyasının qazısı olmuş alim, tərcüməçi, şair, "Qurani-Kərim"i Oğuz türkcəsinə çevirən Mirməmməd Kərim ağa Bakuvinin evində axtarış zamanı Naxçıvanda doğulmuş, həmin dövrdə Maştağa rayonunun NKVD rəisi vəzifəsini tutub, türklərin kökünü kəsməyi qarşısına məqsəd qoyan qəddar erməni Andrey Ziyalovun qaniçən vampirləri, bilirsiniz, nələr tapıblar? - Mirməmməd Kərim ağanın pasportunu antisovet "Qurani-Kərim"lər. Görəsən, antisovet "Qurani-Kərim"lər necə olur, onları kim yazıb, orada yazılıbmış?! Evində pasport saxlamaq da cinayət imiş! Bilmirsən bu ittihama üsyan edəsən, ya güləsən?! Məhz həmin "tapıntı"lara görə bu Türk aydınını 5-10 dəqiqəlik sorğu-sualdan sonra Böyük Zirə (Nargin) adasında güllələyib, Xəzər dənizinin coşqun dalğalarının qoynuna atıblar. Minlərlə Azərbaycan aydınının nigaran ruhu az qala yüz ilə yaxındır ki, mavi sularda - "ölüm adası"nın ətrafında dolaşmaqdadır; elə bu gün . Oradan həm gənc, nakam ömürlü, ilhamı, istedadı dəryalara sığmayan, xalqın qanına susayanlara, milli ruhuna qənim kəsilənlərə "işıqlı dünyadan necə əl çəkim?" hayqıran Mikayıl Müşfiqin ruhu Bakıya boylanır.

Güllələnmə zamanı NKVD cəlladlarının suallarını cavablandıran Mirməmməd Kərim ağa əzəmətli yenilməzlik, əyilməzlik heykəli kimi hamıya örnəkdir: "Söylədiklərim sizə əks gəlirsə, demək, doğrudur. Çünki əks yoldasınız. Sizə doğruları göstərərək insanlığa faydam dəyməsini istəyirəm. Kiminsə yanlışını özünə söyləməkdən daha yaxşı ola bilər? Bundan ancaq cahillər narazı qalar".

Ali bəyin romanda xüsusi vurğuladığı başqa bir hadisəni istər mifoloji anlamda yozaq, istərsə gerçəklik kimi qəbul edək, ancaq onun bircə anlamı var - qisas qiyamətə qalmaz. Mirməmməd Kərim ağanın güllələnməsi zamanı Vartanyan "Atəş!" əmri verdikdən sonra dalbadal güllələr səksən üç yaşlı ixtiyarın köksünü paramparça etməyə başladığı anda "Vay yandım!" bağırtısı adada əks-səda verir. Haradan gəldiyi bilinməyən zəhərli boz ilan Vartanyanın baldırına sancılıb qıvrılanda Mirməmməd Kərim ağanın içindən gələn ilahi "Allahu əkbər!" hayqırtısının mənasını anlamaq çətin deyil, yəni xalqın başına gətirilən zülmləri, ədalətsizliyi uca göylərdən Tanrı görür.

Yazıçının bir cümləsində cild-cild kitablara sığmayan bir örnək var: "Boz ilan qaşla-göz arasında Mirməmməd Kərim ağa üçün qazılan çuxura doğru sürünərək bir yarığın arasına girib yox oldu".

Görəsən, ulu Tanrı o ilanı Kərim ağanın intiqamını almaq üçünmü göndərmişdi?

İnsan qanına susayıb quduzlaşanlar axı haradan bilsinlər, "alimi öldürmək, aləmi öldürməkdir". İnanıram ki, tezliklə Balayanları, Köçəryanları, Sarkisyanları, Ohanyanları insanlığa ləkə digər "yan"ları belə tale gözləyir.

Yorulmaz türkçü Ali bəy "Səməd Vurğun. Milli şairə dair" (ana dilimizə çevirən İsmayıl Umudlu) monoqrafiyasında Azərbaycanın ilk Xalq şairinin şəxsiyyətini, ali insanlıq meyarlarını, milli-mənəvi dəyərlərimizə münasibətini, ana dilimizin zənginləşməsində, təmizlənməsində, milliləşməsində göstərdiyi xidmətləri, Azərbaycançılıq, Turançılıq düşüncəsini, bu gün qaynayıb-coşan, zülmə etiraz edərək ayağa qalxan, haqq sözünü azadlıq düşmənlərinin gözünün içinə deyən, dar ağacından, güllədən, zopadan, qanlı işgəncə alətlərindən qorxmayan Güneydəki soydaşlarımızın iki yüz il əvvəldən bəri, bu gün davam edən haqq-ədalət, özgürlük, bütövlük mücadiləsini, həsrətini, həmrəyliyini, eşqini birləşdirərək bütöv Səməd Vurğun obrazı yaratmışdır.

Tədqiqatçı professor monoqrafiyanın yazılma səbəbini açıqlayır:

"Sağlığında olduğu kimi, vəfatından sonra da Səməd Vurğuna sataşmalar davam etməkdədir. Prinsipləri zehniyyəti bəlli insanların yoluna çox daş atılır. Atalar deməmişdilərmi ki, hündür ağacların başı çox küləkli olar. Uca dağların başına qar yağar. Əslində, ağlı başında olan bir kimsə bu kimi düşüncəsizliyə getməz".

Ali bəy 1953-cü ildə Qarsda doğulmuş, ali təhsilini bitirəndən sonra Atatürk, Girəsun, Qazaxıstan Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetlərində elmi pedaqoji fəaliyyət göstərmişdir. Universitetlərdə işə başlamazdan əvvəl altı il Fransada, 15 il Türkiyənin müxtəlif şəhərlərində müəllim idarəçi işləmişdir. Əsərləri, həmçinin qazax türkcəsinə, rus, fars dillərinə çevrilmişdir.

Professorun elmi bədii düşüncələri tarixin rüzgarlarına mətanətlə sinə gərən, çox mətləbləri aydınlaşdıran (mətləblərə aydınlıq gətirən) mənəvi kitabələrdir. Tarixə vicdanının gözüylə baxanlar kağızdan da kitabələr yarada bilirlər.

Ali Kafkasyalı xoşbəxt nəvə, oğul, ata, yazıçı, elm adamıdır. Dini, imanı, Vətən, torpaq, yurd, millət sevgisi, azadlıqsevərliyi ilə nümunə göstəriləsi, fəxr ediləsi bir nəslin ləyaqətli daşıyıcısıdır. Babasının, atasının, xalqın müstəqilliyi uğrunda müqəddəs savaşçıların yolunu - Türkçülüyü, Turançılığı yenilməz mənəvi dünyası ilə davam etdirir. Övladları Muhammet Savaş bəy Yavuz Selim bəy Ali bəyin yolunun layiqli davamçılarıdır, elmi, bilimi ilə Türkçülüyün xidmətindədirlər.

"Türküstanın qapısı, dünyanın boy güzgüsü, Qara dəniz yaxalarından Xəzər sahillərinə, Ərzurum yaylalarından Təbriz həndəvərinə qədər sərilən, yaşıl donu ilə oradakı xalqlara göz olub, həyat verən Qafqaz" yaranışdan Türkün məskəni, ərənlər vətəni kimi tanınıb, başı həmişə qeylü-qalda olub. Bu qeylü-qala (Buna) rəvac verənlər - yuxarıdakı ağalarına xidmət edənlər həmişə vəzifəli satqınlarımız onlardan sədəqə uman yaltaq-yalaqlar olub.

Bu olaylar burulğanını araşdıran Ali Kafkasyalı tarixə obyektiv yanaşma sərgiləyir: "Bolşevik inqilabından sonra Qafqazda yaranan müxtəlif dəstələrin içində dövlətin verdiyi payı alıb keçmişini unudanlar da vardı, sadəcə mövcudluqlarını davam etdirmək üçün xəyanətə əl atan alçaqlar dəstəsi , bolşevik-sovet rejiminə, zülmünə qarşı mübarizə aparmaq üçün yaranan qaçaqlar dəstəsi ".

"Qaçanların qorxaqlığı, alçaqların xəyanəti" unudulmur, qaçaqların qəhrəmanlığı, cəsarəti isə yaddaşlarda əbədi yaşayır.

Ali bəyin əsərlərindən seçdiyim bir neçə cümlə ilahi yolun yolçusunun məramıdır:

"Biz Türklər böyük tariximiz boyunca azadlıq müstəqillik rəmzi olmuş millətik".

"Türklər ermənilər kimi deyil, Qurd kimidirlər, yüz il qapıya bağlasan da, it olmazlar. Milli inadları qüvvətlidir".

Mövlanaya görə, birinin kim olduğunu bilmək istəsəniz, kimləri nələri sevdiyini öyrənin. Ali bəy insanlığı, özgürlük mücahidlərini, Vətəninə, millətinə təmənnasız xidmət edənləri, mənəvi dünyası zənginləri, milli kimliyini, kökünü tanıyanları, unutmayanları sevir.

Ali Kafkasyalı müdrik öyrətmən, dünya görmüş ağsaqqal kimi həmişə gələcəyimizi - gəncliyi düşünür: "Gənclərin saxta tarixçilərin pəncəsindən qurtulması üçün onlara atalarının həqiqi həyat hekayətlərini sunmaq lazımdır".

Qoca tarix sübut etməkdədir ki, "Türklər savaşmağa başlasa, şeytanı cəhənnəmdə əsir alarlar" (Çingiz xan). Bunu 44 günlük İkinci Vətən müharibəsindəki zəfərimiz, xüsusilə, Şuşanın düşmənlərdən azad edilməsi səhnələri təsdiq etdi.

Yaşadıqca yox, yaşamadıqca qocalır insan. Ali Kafkasyalı yaşayır. Yaşayır ki, millətə, elə, Vətənə, əqidəsinə, amallarına, ideallarına xidmət etsin. Bundan şərəfli ömür varmı?

70 yaşın azad ruhun qutlu olsun, Ali Kafkasyalı!

 

Vaqif OSMANOV

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.25.