Arvad qatilinin cəzası
hekayə
İspaniyalı yazıçı
Albert Sançes Pinyol
1965-ci ildə İspaniyanın Barselona şəhərində
doğulub.
Doğma şəhərindəki universitetdə antropoloq
diplomu qazanıb. 2000-ci ildən etibarən ciddi şəkildə
ədəbi yaradıcılıqla məşğuldur. Son iki
romanını ispanca yazsa da, kitablarının böyük əksəriyyətini
Katalan dilində yazır.
Onun
fantastika ilə mədəni antropologiyanın qəribə
qarışımını xatırladan əsərlərində
Robert Stivensonun, Cozef Konradın və Hovard Lavkraftın təsirini
sezmək çətin deyildir.
2002-ci ildə işıq üzü görən
"Soyuq dəri" romanı ona görünməmiş
şöhrət qazandırıb və əsər iki il
ard-arda ən çox satılan kitablar siyahısına girib.
Dünyanın 37 dilinə çevrilən əsər hələ ekran həyatı
da qazanıb.
Bu uğurlu debütün ardınca yazarın 7
romanı, o cümlədən "Pandora Konqoda" (2005),
"Victus" (2012) və "Vae Victus" (2015) romanları
nəşr olunub.
Bunlarla yanaşı, yazar
3 hekayə və 1 esselər kitabını da oxucuların
ixtiyarına verib.
Cəngəllikdə gözlərimi açdığım vaxt
fərqinə vardım ki, tam şəkildə yanlara
açılan qollarım ensiz bir taxtaya, arvadım isə mənim
kürəyimə sarınıb. Başımıza bunun niyə
gəldiyini əvvəl-əvvəl heç cür
xatırlaya bilmədim.
Əgər başqa bir adamı arxana sarıyıblarsa, ayağa
qalxman asan məsələ deyil. Arvadımın da qolları
tam şəkildə yanlara açılmaqla, elə həmin
taxtaya bağlanmışdı, gövdələrimizə
dolanan saysız-hesabsız kəndirlər ucbatından isə
mənim bel sütunum onunkuna tamam yapışmışdı.
Topuqlarımıza sarınan qayış və lentlərə
bir xeyli düyün vurulduğundan mənim dabanlarım
onunkulara bitişik durmaqdaydı. Elə bütün bu səbəblər
üzündən mən düz-əməlli yeriyə bilmir,
elə hey tropik bitkilərin tikanlı budaqlarına
ilişirdim.
Belə
vəziyyətdə kəndə
çatdığım vaxt məni balaca
bir oğlan uşağı gördü.
Qarşısındakı qəribə və ikili məxluqu hər
halda qorxunc cəngəlliyin doğurduğunu
düşündüyü üçün uşaq
gözüyaşlı halda qaçıb, aradan sivişdi.
Az sonra onun böyükləri
peyda oldu. İnildəyərək onlara
yalvardım:
- Kömək edin mənə.
Ancaq bu cavabı aldım:
- Sən öz arvadının canına
qıyıbmışsan. Adətimizə görə, belə
hallarda biz cəsədi qatilin bədəninə sarımaqla,
onları cəngəllikdə qoyub, gedirik. Bu adət hamıya
yaxşı bəllidir deyə, günahı danılmaz
qadın qatilinə heç kəs kömək etməyə tələsmir.
Dön, get buralardan! Qansız!
O ilk gün üz tutduğum bütün qəsəbələrdə
mən aşağı-yuxarı eyni qınağı
eşitdim. İkinci günün sonuna doğru arvadımın
cəsədi artıq iylənməyə başladı.
Uçuşub üstümə gələn həşərat
yığınları mənim öz üz-gözümü
qorumaqda aciz olduğumu elə ilk dəqiqədən
anladıqları üçün alnımda puçurlanan tər
damlalarına və gözlərimə daraşdılar. Bu
yaramazlar gördükləri hər dəliyə
dürtülürdülər, qırmızı rəngli,
xırdahal eşşəkarıları isə burnumun düz
pərələrində özlərinə yuva qurmuşdular.
Yardım
diləməkdən ötrü
mən fərqli yönə, cənubdakı
qəsəbələrə üz tutdum. Amma onlar da
üstümə çımxırırdılar:
- Rədd ol, ə, buradan! Övlad sahibi olasan deyə, o qadın
ağuşunu sənə açıbmış, sən
naşükür isə öz soyuq xəncərini onun
qarnına yortubsan. Elə bu səbəbdən də sən o
cəsədi öz kürəyində daşımağa məhkumsan.
Acından gəbərməyim deyə,
rastıma çıxan və məhz
ağzım yetəcək səviyyədəki budaqlarda bitən,
hələ dəyməyən tək-tük meyvələrlə
qidalanmağa məcbur idim. Onların ləziz şirəsi
ucbatından isə mən qanadlı-qanadsız hər cür
həşərata sanki "gəl-gəl" deyirdim. Necə
çarəsiz hala düşmüşdümsə, hər
hansı çay, nohur görən kimi bu cılız
düşmən sürülərindən bir an əvvəl
qurtulmaqdan ötrü özümü suların qoynuna
atırdım.
Ancaq bu
qurtuluşum da uzun sürmürdü, həm də bədbəxtlikdən
ilıq su cəsəddə başlanan çürüməni
bir az da yeyinlədirdi. Günəş lap təpədə
olduğu vaxt arvadımın meyitinə qonan
çibin-milçəyin sayı necə artırdısa,
belimdə daşıdığım yük haradasa ikiqat
ağırlaşırdı.
Şərq qəsəbələrində yaşayan sakinlərin mənə
münasibəti də şimallı və cənublularınkından
heç fərqlənmirdi. İnsanları nisbətən mərhəmətli
olan qəsəbələrdə məni qovarkən
başıma çürük tərəvəzlər
çırpırdılar, adət-ənənələrin hələ
də sərt şəkildə qorunduğu məhəllələrdə
isə mənə daş yağdıran adamlar bağıraraq
deyirdilər:
- Qadın qatili!
Ayağın bir də buralara dəyməsin sənin!
Çünki hansı yuvanın quşu olduğuna biz
yaxşı bələdik.
Ancaq bundan daha betər
bir cəzanın olmayacağı qənaətinə gəldiyim
ərəfədə dərindən yanıldığım
ortaya çıxdı: çünki gecə vaxtı
qatlaşdığım işgəncələr gündüz
saatlarındakından qat-qat ağır olurdu. Həmin vaxta mərhumənin
cəsədi nə dərəcədə
çürüyüb-tökülmüşdüsə,
artıq biz ən xırdasından tutmuş ən irisinə qədər
hər cür heyvanın hədəfinə
çevrilmişdik.
Əgər mən yatmaqdan ötrü yalın torpağın səthində
üzüüstə uzanırdımsa, cəsəd üst tərəfimdə
qalırdı: belədə onun qalıqlarından
yararlanmağa can atan böcəklərdən,
qarışqalardan və ətyeyən hörümçəklərdən
ibarət sürülər böyür-başımı
bürüməklə, məni hər tərəfdən
mühasirəyə alırdılar. Elə ki kürəyiüstə
uzanıb, gözlərimi Aya zilləyirdim, onda vəziyyət
daha da acınacaqlı olurdu. Nəhəng yarasalar və gecə
marabuları (Hindistan leyləkləri - A.Y.) hər ikimizə
amansız qənim kəsilirdilər: axı onlardan
ötrü isti və ya donuq qanı sümürmək ilə
diri, yoxsa ölü məxluqun gözünü dimdikləyib-yemək
arasında ciddi bir fərqi yox idi.
Yeganə
ümid yerim - qərb
bölgələrinə üz tutmaqla, bəxtimi bir daha
sınamaq idi. Oraların hədsiz qürurlu sakinləri mənimlə
bağlı öz qənaətlərini bu cür dilə gətirirdilər:
- Döyüş meydanında
düşməni cəhənnəmə
vasil edən igid hər cür xətir-hörmətə
layiqdir, dinc dövrdə bir qadının canına qıyan
qatilə isə biz ancaq nifrət bəsləyə bilərik.
Rədd ol buralardan, kabus! Bundan belə səni bu yerlərdə
nə gecələr görmək istəyirik, nə də
gündüzlər. Əminik ki, nə dediyimizi anladın.
Bütün insanlar məndən
üz döndərdiyi üçün
bir kabus misalı cəngəllikdə dolaşmağa məcbur
idim. Görünür, nağıllarda təsvir olunan və
ara-sıra yuxularımıza haram qatan o qorxunc həyyulaların
da hamısı məhz buna görə meşələrin ən
zülmət, kimsəsiz guşələrində məskunlaşır,
insanların ocaq və məskənlərinə əsla
yaxın düşmürmüşlər. Hər hansı
canlı məxluqun yaşamadığı meşənin o
sıx yerlərində, həm də heç aram bilmədən,
hər hansı məqsəd-filan güdmədən veyl-veyl
dolaşmaqdan, başqa insanlarla bircə kəlmə də kəsmədən,
onlarla baş-başa oturmaq fürsətindən məhrum
qalmaqdan daha betər bir cəza tapılmaz yəqin. Durum belə
ikən mənim artıq diri, yoxsa ölü biri olmamın da
hər hansı fərqi yox idi.
Bizim bir-birinə söykənən
kürəklərimiz arasında cəmlənən
qurdlar artıq qalın bir təbəqə
yaratmışdılar. Tezliklə onların bizim hər ikimizi
gəmirib-bitirəcəyini dərk edincə, necə ruhdan
düşdümsə, öz əcəlimi gözləməkdən
ötrü mən geniş çətirli bir ağacın
altında uzandım. Həmin an gözlərim əllərində
qısa və enli bıçaqlar tutan bir dəstə
kişiyə sataşdı. Elə ilk baxışdan onları
tanıdım. Bunlar haqqımda ittiham hökmü
çıxaran və bunu gerçəkləşdirən həmin
o adamlar idi. Görünür, izimə düşmələri
elə də müşkül olmamışdı.
Çünki məni həm cəngəllikdə yerləşən
qəsəbələrdə yaxşı
tanıyırdılar, həm də çürüyən cəsədin
arxamızca yayılan o üfunətini başqa heç bir
qoxu ilə əsla səhv salmaq olmazdı. Onların kəskin
bıçaqlarını özüm üçün bir
qurtuluş müjdəsi sayırdım artıq. Odur ki, boynumu
irəli uzadaraq, eləcə: "Buna da şükür"
- deyə bildim.
Ancaq onların cavabı gözlənilməz oldu:
- Biz səni artıq hamının tanıdığından
əmin olaq deyə, buraya gəlmişdik.
Boğazımı üzmək əvəzinə,
onlar bədənimə sarınan kəndirləri
kəsərək bildirdilər:
Haydı,
indi gedə bilərsən. Çünki sənin əsl cəzan
hələ bundan sonra başlanacaq.
Albert Sançes PİNYOL
Tərcümə:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.31.