Bakıda görkəmli özbək yazıçısının
Azərbaycan
dilinə tərcümə olunmuş “Ötən günlər”
kitabının təqdimatı keçiriləcək
İyulun 7-də Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Bakhrom Usmonov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Khamroz Dekhkonov Azərbaycan Milli Kitabxanasında olublar.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlarla görüşərək onlara kitabxananın fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, avqustun 1-dən 3-dək Azərbaycanda Özbəkistan Mədəniyyət günləri keçiriləcək və günlər çərçivəsində görkəmli özbək ədibi, yazıçısı Abdulla Qədirinin Azərbaycan dilinə tərcümə olunaraq nəfis tərtibatda hazırlanmış “Ötən günlər” kitabının təqdimatı olacaq. Avqustun 2-də baş tutacaq bu təqdimatın Azərbaycan Milli Kitabxanasında olması planlaşdırılır.
Görüş zamanı təqdimatının keçirilməsi ilə bağlı təfərrüatlar müzakirə olunub.
Qonaqlar səmimi qəbul üçün Milli Kitabxananın direktoruna təşəkkürünü bildirərək görüşdən çox məmnun olduqlarını bildiriblər.
Sonda qonaqlara “Azərbaycanın
Milli Kitabxanası. Fotoalbom”, “Shusha star of Karabagh”, “Azərbaycanın
xəritəsi”, “Salam Azərbaycan” və “Azərbaycan
xalçaları dünya kolleksiyalarında” kitabları hədiyyə
olunub.
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.32.