Həyatı hərflərə
güvənərək yaşayanlar üçün
2022-ci
ilin ədəbi mənzərəsi əsasında
Kontekst.
2022-ci il ölkə başçısının
"Şuşa ili" ilə bağlı sərəncam
sevinci ilə başladı. Yanvarın 5-i "Şuşa
ili" ilə bağlı verilən sərəncam, son
günü, 31-i isə Gəncə Memorial Kompleksinin
açılışı bütövlükdə yaddaşa
xidmət mənasında xüsusi əhəmiyyət kəsb
etdi.
Bəli,
otuz ilə yaxın işğal dönəmindən sonra
Şuşa öz azadlığına, ruhsal
bütövlüyünə qovuşdu. Dövlət
başçısı İlham Əliyev bu mənəviyyat
qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs
dəyər və sərvətə çevirdi, ona yeni
minilliyin, yeni epoxanın tərəqqi hərəkatında
aparıcı obraz statusu qazandırdı. Bu qərar
Qarabağla bağlı aparılan quruculuq işlərinə
həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin
ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik
yaddaşın məxəzinə çevirmək məqsədi
daşıdı.
2022 -
"Şuşa ili"ndə milli-mədəni və tarixi
irsimizin qorunması və təbliğ olunması istiqamətində
estetik bir dönəm başlandı. Buna iki mühüm
nümunəni Prezident özü göstərdi.
"Xarıbülbül" musiqi festivalı və Vaqif
Poeziya Günlərinin təşkili Şuşanın ehtiva
etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca
səslə bəyanı idi. Yeri gəlmişkən, qeyd edək
ki, ötən il 40 yaşı tamam olan Vaqif Poeziya Günləri
iyul ayının 15-dən 17-nə qədər davam etdi və
bu poeziya bayramı "İgidlərin sözü" layihəsi,
mini çərçivədə təşkil olunmuş
"Məclisi-üns" və Natəvanın, Vidadinin,
Vaqifin prototiplərinin iştirakı ilə Gənc
Tamaşaçılar Teatrının aktyorlarının
ifasında Cıdır düzündə təşkil edilən
tamaşanın nümayişi ilə yadda qaldı.
Ümumiyyətlə,
2022-ci ildə ədəbiyyatla bağlı əksər
işlər daha çox verilən dörd sərəncamın
icrasına köklənməklə gerçəkləşdi:
Şuşanın 270, Xurşidbanu Natəvanın 190,
Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illiyi ilə
bağlı müxtəlif humanitar instansiyalarda tədbirlər
keçirildi. Şuşada "Natəvan günləri"
(8-9 sentyabr 2022) tədbirindən tutmuş VIII Bakı Beynəlxalq
Kitab Sərgisindəki təqdimatlara qədər hər
kiçik nüansda belə adı keçən mövzular
daha aparıcı sırada qərarlaşdılar.
Danılmaz
faktdır ki, onların yubileyləri ilə bağlı
hazırlanan təqdimatlar, səslənən fikirlər istər-istəməz
bu klassiklərin yaradıcılığına ayıq bir
münasibət formalaşdırır, onları yeni nəslə
tanıdır və ilk növbədə, klassikanı
müasir ədəbiyyatla birləşdirməyə və həmin
ədiblərin yaradıcılığına müasirlik
prizmasından yanaşmada prinsipial mövqe ortaya qoyur.
"Azərbaycan"
jurnalı ötən il bütün
buraxılışlarını Prezidentin "Şuşa
ili" sərəncamına uyğun olaraq Qarabağa,
Şuşaya həsr etdi. Qəzetin baş redaktoru İntiqam
Qasımzadə "Salam Şuşa" məqaləsində
qeyd etdi ki, "Azərbaycan" jurnalı böyük ruh
yüksəkliyi ilə Prezidentin
çağırışına qoşularaq, il boyu öz
nömrələrində "Azərbaycanın və
bütün Cənubi Qafqazın mədəni və
ictimai-siyasi həyatında müstəsna rol
oynamış" (İlham Əliyev) Şuşa şəhəri,
onun tarixi keçmişi, mədəni həyatı,
memarlığı, xalq sənəti, dünya şöhrətli
şəxsiyyətləri haqqında biri-birindən maraqlı
elmi, publisist yazılar, poetik nümunələr, nəsr əsərləri
dərc etmişdir. Bu yazıların hər birində yeni
faktlarla yanaşı, ölkəmizin bu müqəddəs, bənzərsiz
məkanına ziyalılarımızın -
yazıçı və alimlərimizin hədsiz sevgisi
duyulmaqdadır".
"Qobustan"
sənət toplusu Şuşa ilə bağlı özəl
say hazırladı. 2021-ci ildə yanvar və fevral
saylarını Qarabağa, Şuşaya həsr edən və
"Xüsusi buraxılış" hazırlayan
"Ulduz" jurnalı ötən il də meydan verdiyi mətnlərlə
bərabər, jurnala məxsus olan "Özümlə
söhbət", "Dərgidə kitab" layihələrinin
ana xəttində əsas qayə və vurğu Zəfərdən
sonra yaranan ən yeni ədəbiyyatın isti nəfəsini
görükdürmək istəyinə yönəldi. Eyni
fikirləri "Xəzan" jurnalı haqqında da səsləndirmək
mümkündür. Yazıçı-publisist Əli bəy
Azərinin illərdir böyük ədəbiyyat sevgisi və
cəfakeşliyi ilə hasilə gətirdiyi "Xəzan"
jurnalının səhifələrində Qarabağ, Zəfər
mövzuları daha çox gənclərin
yaradıcılığı kontekstində sərgiləndi.
2022-ci ilə
ildə Səlim Babullaoğlunun təşəbbüsü və
rəhbərliyi ilə Azərbaycanın "Şanlı Zəfər
Savaşı" və "Şuşa ili"nə ithafən
Azərbaycan Yazıçılar Birliyi Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və
"Space" Müstəqil Teleradio Şirkəti ilə
birlikdə "Şuşaya salam!" beynəlxalq poeziya layihəsini
gerçəkləşdirdi. Sentyabrın 27-dən noyabrın
9-a qədər 44 gün ərzində keçirilən layihəyə
30 ölkədən 44 şair qatıldı.
"525-ci
qəzet"in səhifələrində də il boyu bu
mövzularda yazılan yazılar
işıqlandırıldı. Ölkənin əsas ədəbiyyat
tribunası olan "Ədəbiyyat qəzeti" illərdir
sadiq qaldığı xətti - türkçülük,
turançılıq xəttini sağlam müstəvilərdə
davam etdirməyə çalışaraq, mövzuları
tarixin yaddaşı və çağın reallıqları
kontekstindən önə çəkdi.
Kitab ili!
2022-ci il "Kitab ili" də adlandırmaq olar.
Çünki daha çox kitab sərgiləri ilə yadda
qaldı. Oktyabrın 8-9-da keçirilən Milli Kitab Sərgisi
və oktyabrın 5-9-da keçirilən VIII Bakı Beynəlxalq
Kitab Sərgisi kitab sənayesinə maraq oyadılmasında,
kitaba diqqət yönəldilməsində, yeni yetişən
nəsillərin kitaba sevgi ruhunda böyüməsində əvəzsiz
rol oynayır. Bura "ANAİB"in Bakıda (I Bilik Kitab Sərgisi,
9-11 sentyabr), eləcə də müxtəlif şəhər
və rayonlarda (II Gəncə Kitab Sərgisi, 11-13 noyabr; II
Sumqayıt Kitab Sərgisi, 23-25 dekabr) təşkil etdiyi kitab sərgilərini
əlavə etsək, meydana ürəkaçan bir mənzərə
çıxdığını görərik. Bu sərgiləri
ölkədə kitab adına görülən ən mütərəqqi
işlərdən hesab etmək olar. Onlar nəsillər
arasında, ümumiyyətlə ədəbiyyat arasında vəhdət
prinsipini həyata keçirməkdə böyük bir missiya
daşıyıcısıdır və ən əsas məqam
da bundan ibarətdir ki, bu sərgilər milli yaddaşın
oyaq qalmasına böyük töhfələr verir.
Bütün kitab sərgilərində ən çox diqqətdə
saxlanılan da elə bu mövzularda yazılan kitabların təqdimatı,
onların daha geniş publikaya xitab etməsi baxımından
tanıdılması, təbliğatı məsələsinin
öndə olmasıdır. Bu sərgilərdə diqqət
çəkən digər məqam uşaq ədəbiyyatına
geniş yer verilməsidir. Son illər uşaq ədəbiyyatının
təbliği istiqamətində canlanma hiss olunur. Beynəlxalq
Kitab Sərgisində, Milli Kitab Sərgisində,
"ANAİB" Nəşriyyatlar Assosiasiyasının təşkil
etdiyi müxtəlif maarifləndirici kitab tədbirlərində
uşaq ədəbiyyatına ayrılan yer, diqqət epizodik
deyil, bütöv, məramlı xarakter daşıyır. Yeri
gəlmişkən, uşaq ədəbiyyatının 2022-ci
il üçün uğurlu ədəbi nümunələrini
də qeyd etməyə ehtiyac var. "Qobustan"
jurnalının bir sayını bütövlükdə
uşaq ədəbiyyatına həsr etməsi, Sevinc
Nuruqızının "Pıçıltı", "Zəfər
nəğməsi", Qəşəm İsabəylinin
"Seçilmiş əsərləri", Zahid Xəlilin
"Dəmir Yumruq", Rafiq Yusifoğlunun "Zəfər
dastanı", Reyhan Yusifqızının "Diribaş qızlar
klubu", "Qapı arxasında O" kitabları,
İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara",
Mina Rəşidin Tükiyədə işıq üzü
görən "Jalenin elleri" kitabı, Nurlana
İşığın mətbuatda ard-arda işıq
üzü görən hekayələri, Kamil Arazın, Ələsgər
Əlioğlunun, Əyyub Türkayın vətənpərvərlik
ruhunda yazdığı şeirləri uşaq ədəbiyyatının
2022-ci ildəki dinamikliyini ehtiva edir.
***
Ötən
ilin önəmli hadisələrindən biri də Azərbaycan
Yazıçılar Birliyinin (AYB) növbəti
qurultayının baş tutması oldu. Xalq
yazıçısı Anar səs çoxluğu ilə yenidən
Yazıçılar Birliyinin sədri seçildi. Qurultaydan
öncə ədəbiyyatmızın yaradıcılıq
problemləri ilə bağlı hər ədəbi sahəni,
janrı əhatələyən məruzələr dinlənildi,
onların əsasında kitab çap olundu.
Ötən
il yubileylər baxımından da zəngin oldu. Mirzə Ələkbər
Sabirin 160, Nazim Hikmətin 120, Əzizə Cəfərzadənin
100, Yusif Həsənbəylinin 90, Ağasəfanın 80, Zahid
Xəlilin 80, Məmməd Orucun 75, Tofiq Məliklinin 80, Ələmdar
Quluzadənin 70, Paşa Qəlbinurun 70, Şirindil
Alışanlının 70, Rüstəm Kamalın 60,
Əlizadə Nurinin 60 yaşları ədəbi ictimaiyyətin
diqqətində oldu, il boyu yazılan məqalələrin
predmetinə çevrildi.
Ötən
il Türkiyənin məşhur "Star" qəzeti tərəfindən
təsis edilmiş "Nəcib Fazil adına Beynəlxalq
mükafat"ın "Mədəniyyət və incəsənət"
nominasiyası üzrə qalibi Xalq yazıçısı
Elçin oldu. O, bu nüfuzlu mükafata "İki xalq
arasındakı ədəbi-mədəni yaxınlaşmaya
verdiyi töhfəyə görə" layiq
görüldü. Yazıçıya mükafatı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim
etdi.
Ötən
il şair İbrahim İlyaslı da 9-11 iyun tarixlərində
Türkiyə Kültür və Turizm Nazirliyi ilə
Türkiyə Yazarlar Birliyinin keçirdiyi "Türkcənin
Uluslararası 14-cü Şer Şöləni"ndə
iştirak və çıxış etmişdir. Şairin həm
tədbirdəki çıxışı, həm də
oxuduğu şeirlər Türkiyədə nəşr
olunmuş "Türk dünyası Şiir güldestesi"
toplusuna daxil edilmişdir.
Bir məqamı
qeyd edim. Bu gün Qarabağda atılan hər addım,
Qubadlıda, Zəngilanda, Füzulidə, Şuşada
görülən işlər anbaan böyüyən, artan,
dirçələn gücün nümunəsi olaraq tarixi yada
salmaqda, əcdadımızın ruhuna layiq davam tapmaqdadır.
Bu davam həmçinin iki türk dövlətinin - Azərbaycan
və Türkiyənin birliyi, qardaşlığı,
dostluğu timsalında da təkrarlanır və
dünyanı heyrətdə qoyan münasibət statusu
alır. Ölkə başçısı İlham
Əliyevin dediyi kimi, "bu gün regional işlərdə, hətta
dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı,
qardaşlığı önəmli amilə
çevrilib".
Fəxri
yazarlarının Ramiz Rövşən və Aqşin Yeniseyin
olduğu VIII Bakı Beynəlxalq Kitab Sərgisində
Türkiyə Azərbaycanda fəxri qonaq kimi iştirak edirdi.
Sərgi ilə bağlı "Kitabın bayramı..."
adlı geniş yazının müəllifi şair Fərid
Hüseynin qeyd etdiyi kimi, "Azərbaycan müstəqilliyini
ilk tanıyan ölkələrdən biri Türkiyə
olduğu kimi, kitab sərgisi keçirilmə peşəkarlığımızı
da tanıyan ölkə oldu. Türkiyə Milli Stendində 20
türk naşiri ilə Azərbaycan nəşriyyatlarının
nümayəndələrinin təkbətək
görüşləri, Türkiyə Azərbaycan şairlərinin
birgə şeir saatları və sair kimi tədbirlər iki
ölkə arasındakı mədəni və ədəbi əlaqələrin
genişləndirilməsinə böyük töhfə
oldu".
Əlbəttə
ki, Azərbaycan-Türkiyə birliyi dünyaya dostluq,
qardaşlıq adına örnək olmaqda, müzəffər
liderliyin növbəti əməli ifadəsini sərgiləməkdədir.
Bu münasibət həmçinin dünyada qlobal zor
stixiyasının hökmfərma olduğu indiki zamanda
dostluğu, qardaşlığı meyara çevirən bir
siyasi gücün varlığının təminatçısıdır.
İndi bu güc Qarabağı cənnətə,
gülüstana çevrmək üçün bir yerdədir.
Bunun bir də mədəniyyət qatı var. Ötən il
belə vəhdəti həm də ədəbiyyat və mədəniyyətin
nümunəsində gördük. Zəfər amili,
Qarabağın dirçəlişi, Şuşanın mədəniyyət
paytaxtı kimi bərpası, ümumiyyətlə, Ali Baş
Komandanın imza atdığı sərəncamların
çevik şəkildə ədəbiyyatda əksini tapma
mexanizmi akademik İsa Həbibbəylinin il boyu çap olunan mətnlərində,
AMEA-da ideoloji baxımdan hərəkata çevirdiyi işlərin
məzmununda gerçəkləşdi. Belə bir sistemli
münasibət AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlunun da ötən il çap olunan
yazılarında prioritet təşkil etdi. Müəllifin
"Müxbir üzvün qeydləri" adlanan kitabı
bunların sonucu kimi hasilə gəldi deyə bilərik. Kitabdakı
"Heydər Əliyev və ədəbiyyat", "Ədəbiyyatda
Ali Baş Komandan", "Yubiley saatı", "Haşiyələrdə
ədəbiyyat" və "Ədəbi proses hərəkatı"
adlı bölmələrdə sistemləşdirilən məqalələrdə
cari ədəbiyyatın son illərdəki bütün hərəkətlilik
mexanizmini izləmək, çağdaş ədəbiyyatı
bütün təzahür və tendensiyalarında dərk etmək,
xüsusilə Zəfər tariximizdən sonra ədəbiyyatımızın
vardığı yeni hüdudları görmək
mümkündür.
Akademik
Teymur Kərimli Şuşaya, Qarabağa həsr etdiyi şeirləri
"Şuşanamə" kitabında bir araya cəm edib
böyük bir umummilli tarixi sevinci özünün
bütöv poetik kredosuna çevirməyi bacardı.
"Şuşanamə" həm də Teymur Kərimlinin
tale yoludur, deyə bilərik. İllər əvvəl ilk
şeirlər kitabı olan "Hicran ömrü"ndən
"Şuşanamə"yə qədər uzanan
ömrünün timsalında şairin Şuşa ilə
bağlı nisgilinin qələbə akkordları ilə
tamamlanması həm də poeziyamızın gəlib
çatdığı pozitiv məqam, yenidən
doğuluş nöqtəsidir.
Müsabiqələr.
Müsabiqələrin ədəbi prosesdə
oynadığı rol danılmazdır. Janrı bir sistem, mənzərə
olaraq görükdürür, yeni auditoriyalara
çıxarır. Oxutdurur, diqqət cəlb edir, müqayisə
mexanizminə yol açır, nəzəri analitikasından
tutmuş estetik mündəricəsinə qədər hər
kontekstdə təhlil etməyi labüdləşdirir. Ötən
il Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Nizamiyə
məktub" esse müsabiqəsi klassik irslə müasir
dövr arasında körpü yaratmaq, klassik irsə müasir
baxışın ehtiva edilməsi baxımından əhəmiyyətli
hadisə oldu. Gənc yazarların
yaradıcılığına dəstək məqsədi ilə
keçəl il təşkil olunan Beynəlxalq Silkway ədəbiyyat
festivalını da uğurlu layihələrdən saymaq olar.
Qeyd edək ki, Beynəlxalq Silkway ədəbiyyat müsabiqəsində
seçilmiş 30 iştirakçı arasında 1-ci yeri
Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid
Qasımov tutdu, iştirakçıların səsverməsi nəticəsində
isə El Roman fərqləndi.
Roman
janrı ilə bağlı keçirilən müsabiqələr
sırasında TEAS Press Nəşriyyat Evinin təşəbbüsü
və təşkilatçılığı ilə
keçirilən "Gənclərin roman müsabiqəsi"ni
qeyd etmək lazımdır. Ötən il 3 iyun tarixində
elan olunan və 7 ay davam edən üçmərhələli
seçim prosesini ehtiav edən müsabiqənin keçirilməsinin
məqsədi ədəbi rəqabət mühitinin
inkişafına təkan vermək, yeni istedadların və
imzaların üzə çıxmasına şərait
yaratmaq, yeni əsərlərin yazılmasını təşviq
etmək olmuşdur. Əsas hədəflərdən biri də
ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən,
ümumbəşəri dəyərləri təbliğ edən
mövzuların roman janrı vasitəsi ilə oxuculara
çatdırılmasından ibarət olan müsabiqənin
qalibləri sırasında birinci yerə "Gecənin ən
qaranlıq anı" romanı ilə Əşrəf
Əşrəfov, ikinci yerə "Nikolas Bonnet - Şərqə
aparan hekayə" romanı ilə Həmzəyev Seymur,
üçüncü yerə isə "Xanədan"
romanı ilə Pərvin İsmayılov layiq
görülmüşlər.
İlin
yekun müsabiqəsi kimi artıq iki ildir keçirilməklə
ənənəyə çevrilən və bununla, başa
çatan "ilə" uğurlu bir sonluq olmaq
missiyasını yerinə yetirən "Kulis.az"
saytının "hekayə müsabiqəsi"ni hesab edə
bilərik. Münsiflərdən biri olaraq qeyd edim ki, hər
müsabiqədə olduğu kimi, burada stixiyanın gətirdiyi
nümunələr də yer alırdı, ədəbi
gücü, mündəricəsi, enerjisi olan mətnlər də.
Bu mənada, müsabiqəyə qatılan hekayələri
müxtəlif yöndən dəyərləndirmək
olardı. İllüstrasiyaya köklənən, naturanın bədiiyyatı
üstələdiyi hekayələr son müsabiqədə də
qaçılmaz idi. Bəzi hekayələrdə müəllif
yaxşı mövzu tapmışdı, amma işlənməsi
zəif idi, müəllifin həyat materialı, nasirlik təcrübəsi
çatmamışdı. Yaxud bəzilərində yeni həyat
materialı vardı. Amma yeni həyat materialı yeni də
yanaşma, təqdim, xarakterini, obrazını istəyir nəsrdən.
Bu mənada, ideya, məzmun və formanın vəhdətini
verən az hekayə vardı. Buna baxmayaraq, iyirmiliyə,
onluğa düşənlər ən yaxşılar,
seçilmiş hekayələr idi. Qalib olan üç hekayə
(Nərmin Kamalın "Ülvi küçəsi" (I
yer), Yaşar Bünyadın "Quşlar qayıtdısa"
(II yer), Xəyyam Rəfilinin "Üç dövrə"
(III yer) isə öz yerlərinin tam haqqını verir, deyə
bilərik.
Janrlar.
Hekayə müzakirəsindən bəhs etmişkən, qeyd
edim ki, son bir neçə ildir ki, bizdə hekayə adına
meydana qoyulan nümunələr janrın inkişafında
uğurlu addımı ifadə edir. Ötən il də bu
baxımdan, istisna olmadı. Məmməd Orucun "Bağ
evindən yazılar", Rasim Qaracanın "Sənin
toxunduğun hər şey", Seymur Baycanın "Mənasız
hekayələr", Elçin Hüseynbəylinin "O
gözəllər ki, vardı...", Samirə Əşrəfin
"Mənim üçün qızılgül", Sevinc
Elsevərin "Çarpayı cırıltısı",
İlham Əzizin "Şimşəkdən sonra", Sənan
İsmayılovun "Yük", Xanım Aydının
"Çamadan" hekayələr kitabı janrın
dimamikliyini ehtiva edən bədii nümunələr kimi il boyu
müxtəlif aspektlərdən təhlil predmetinə
çevrildilər.
Bu kitabda
birbaşa zamanla dialoq üstündə qurulan hekayələr
də var, tamam özgə dünyanın mətni kimi ərsəyə
gələnlər də. Bütünlükdə,
çağdaş hekayələr nəsrdə yeni cəmiyyətin
zümrəvi səciyyəsini bir araya gətirir. Qarabağ
acılarını taleyində yaşayanlar, köhnə
Bakının nostaljisinə dalanlar, urbanizasiya probleminin gətirdiyi
acı aqibəti bölüşənlər, tənha
insanların dramı, özgələşmə məsələsi,
küçə insanının problemləri, həyatın
dibindəkiləri birbaşa naturallığında ədəbiyyata
gətirmək ehtirası, sosial sıxıntı, depressiv
durum, pandemiya, müharibə ağrıları və s.
Son
zamanlar nəsrimizdə qəhrəmanın daxili vəziyyətini,
ünsiyyət çətinliyini, tənhalığını,
yorğunluğunu önə çəkən və oxucunu
obrazı idarə edən duyğulara, fikirlərə yönəldən
hekayələr daha çox yazılmaqdadır və bu,
çox yaxşı haldır. Mirmehdi Ağaoğlunun
"İşıq" hekayəsi bu mənada, emosiyaları
obrazın daxili qatında yaşanan, soyuqqanlı təhkiyə
ilə yazılmış mətn kimi ötən il diqqət
çəkən hekayələrdən oldu. Etimad
Başkeçidin "Günəş topla mənim
üçün" hekayəsi nəsrimiz üçün o
qədər də tipik olmayan, qəhrəmanın
şüuruna səyahət edən, onun psixi
sarsıntısını vizuallaşdıran mətn kimi yadda
qaldı. Mübariz Örən "Qum adası" hekayəsində
əsas motiv olan fərdin özgələşməsi, mənəvi
dəyərlərin qürubunu bədii məkanda usta şəkildə
obrazlaşdırır, Sərdar Amin "Pah" hekayəsində
tənhalığın, fanilik duyğusunun təsvirini hər
detalın, hər mizanın depressivliyi ilə ifadə etməyi
bacarır.
Ümumiyyətlə,
çağdaş hekayəçiliyimiz üçün
xarakterik olan bir cəhəti qeyd etmək lazım gəlir.
Əksər mətnlər daha çox mənəvi böhran
yaşayan dünyanın durumunu anladır. Mütləq iki fərqli
dünya, iki fərqli dünyagörüş
qarşı-qarşıya gətirilir. Sənayeləşən,
modernləşən, robotlaşan dünya, insanı öz
eksperimentlərinin, texniki yüksəlişinin
qurbanlığı kimi seçən bəşəriyyət
və bu paradoksal situasiyalardan törəyən yan motivlər
- insan duyğularının məhv edilməsi, insanın tənhalaşması,
yadlaşması, özgələşən fərd problemləri
və s. Bu hekayələr insanın artıq nəsnəyə
çevrildiyi, duyğularının arxa plana
atıldığı və gərəksizləşdiyi
dünyada aqibət problematikası yaradır. Məlum olur ki,
texniki nailiyyətlərin inkişaf tempi artdıqca insanlar da
texnikiləşir, robotlaşır, maddi-texniki dəyərlər
mənəvi dəyərləri üstələyir. Hər
şey reallığa tabe olur və insan istəməsə belə
onun əsirinə, bir parçasına çevrilir. Məsələn,
Elçinin "N.S.-nın ayaqları" hekayəsi dəyərlərin
deqradasiyaya uğramasını,
çöküşünü bədii baxımdan uğurla
simvolizə edən hekayə kimi yadda qaldı. Vahid Məmmədlinin
"Susan adam" hekayəsində susqunluğu ilə
hamının diqqətini cəlb edən, bununla özünə
maraqlı və dərin adam statusu qazandıran alimin əslində
heç bir mənəvi çalar kəsb etməyən,
boş və mənasız mahiyyəti satirik dillə
anladıldı. Yaxud Sənan İbrahimovun "Həyat
yoldaşı" mətni həm nəql texnikası,
ictimai-sosial-fəlsəfi motivlərin fərqli interpretasiyada təqdimi,
həm də insan xislətini, insan dərinlərini yeni
müstəvilərdə sınağa çəkib
açmaq baxımından düşündürücü mətn
təsiri bağışladı.
İl
boyu "Ədəbiyyat qəzeti"nin səhifələrində
çap olunan Vaqif Sultanlının hekayələrini
("Edam hörüyü", "Kulikovo
döyüşü") dinamikası, emosiyaları üzdə
yox, daxili qatında yaşanan, soyuqqanlı tərzdə ifadə
edilən tale mətnləri adlandırmaq olar. İdeya-problemi
daha çox fərdlərin özgələşən,
yadlaşan münasibətləri olan bu mətnlərdə
yazıçı boşluğu, qəhrəmanların daxili
vəziyyətini, ünsiyyət çətinliyini, tənhalığını,
yorğunluğunu önə çəkir. Həm də bunu
çağdaş tipik hekayə formatının cəhətlərini
nəzərə alaraq edir. Ləng temp, az dialoq, obrazın
daxili aləminə köklənməsi, sıxıcı məna
məkanlarının yaradılması və s.
Samirə
Əşrəfin ötən il hekayələr toplusu kimi
çap olunan "Mənim üçün
qızılgül" kitabında bütünlükdə
faktura müharibəyə köklənsə belə
bütün psixoloji-fizioloji aksiomatikliyi ilə müharibə
amili burada insan xarakterini, insan yaşantısını bəlirləyən
əsas vasitə kimi çıxış edir. Samirənin real
planda, ideya və qayə etibarilə bizə göstərdiyi,
bəhs etdiyi, inikas və təcəssüm etdirməyə
çalışdığı və obrazını
yaratdığı zaman, birinci Qarabağ savaşı ilə
başlanan dövrün ardınca gətirdiyi ağrılar,
yaşantılardır.
Nəsrdə
bu janrda hələlik son addımları ifadə edən
imzaların - Orxan Cuvarlı, Orxan Saffari, Təvəkgül
Boysunar, Nizami Hüseynov, İlhamə Nasir, Sülhiyyə
Şirinova, Orxan Həsəni, Furqan Sadiqin mətnləri
mövzu və mövzunun açılışı, dil vasitələrinin
mövzuya qovuşuq şəkildə işlədilməsi
baxımından özünəməxsus xüsusiyyətlərlə
yadda qalırlar. İnanırıq ki, çağdaş
dövrün narahat üslub axtarışlarında bu imzalar fərdiyyət
kimi sabitləşərək növbəti illərin ən
yaxşı nəsr əsərləri ilə haqqında ən
yaxşı təsəvvürü yaradacaqlar.
Roman
janrı üzərində dayanmaq istəyirəm. Qeyd edim ki,
ötən il "Azərbaycan" jurnalının səhifələrində
Şuşaya həsr olunmuş publisistik, elmi-tarixi məqalələrdən
başqa bədii mətnlər də işıq üzü
görmüşdür. Ümumiyyətlə, ən həcmli
janr olan roman və povestlərlə, bu janrlarda meydana qoyulan
nümunələrlə ilk tanışlıq bizdə əksər
vaxtlarda "Azərbaycan" jurnalının səhifələrindən
başlayır. Ötən il də Güllü Məmmədovanın
"Oğurlanmış Zəngəzur" (tarixi-sənədli
roman, ¹1), Kənan Hacının "Kəpənək
vadisi" (roman, ¹3-4), Şiringül Musayevanın "Yurda
dönüş" (povest, ¹3-4), Mübariz Cəfərlinin
"Ölülər üçün yumurta" (roman, ¹5),
Elşad Baratın "Məhbus" (povest, ¹6), Vüsal
Nurunun "İlğımda çimən atlar" (roman, ¹9),
Vaqif Əlixanlının "Qarğa piri" (mif-roman,
¹11-12) bədii mətnləri bu janrların mənzərəsini
ehtiva eləmək baxımından az rol oynamır.
Ötən
il roman janrında dinamiklik o qədər də hiss olunmasa da,
meydana qoyulan bəzi romanlar diqqəti üzərinə çəkməyi
bacardı. Cavid Ramazanovun "Amanabənd" romanı ötən
il diqqət çəkən mətnlərdən oldu.
Romandakı proseslər Azərbaycanda müstəqillikdən
sonrakı dövrü əhatə edir. "Hadisələr əsas
etibarilə Bakının mərkəzindəki
"Sovetski" adlanan ərazidə baş verir. Qəhrəman
"Sovetski"də doğulur, "Sovetski"də sevir və
sonda yaşadığı məhəllənin sökülməsiylə
oranı tərk etmək məcburiyyətində qalır.
Romanın adı məkanın mahiyyətini və qəhrəmanların
psixologiyasını ehtiva edir. Baş qəhrəmanın
sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər
an qırıla bilər. "Sovetski" məkan olaraq amanabənddir,
hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar
da amanabənd həyatlar yaşayırlar. Münasibətlərdə
qopuqluq, insan və məkan arasında qopuqluq, indi və
keçmiş arasında qopuqluq romanın ümumi
konsepsiyasını təşkil edir".
Ötən
il çap olunan daha üç romanın adını çəkmək
istəyirəm. Seymur Atillanın "Mənim
döyüş yolum" kitabı "Şuşa fatehi",
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı
general leytenant Hikmət Mirzəyevin həyatından və
döyüş yolundan bəhs edən avtobioqrafik romandır.
Yazıçı
Səyyad Aranın "Tacın qaytarılması"
romanı da 28 il sonra gerçəkləşən Şuşa
fəthindən bəhs edir. Yaradıcılığında
daim Qarabağ mövzusuna həssaslığı ilə
seçilən, "Başdaşı", "İrəvanın
yolları" əsərlərində Qarabağ məsələsi,
erməni vəhşiliyindən əzab çəkən insan
dramlarını əyaniləşdirən Səyyad Aranın
mətnləri həm də bu günümüzün gerçəklərinə
ayna tutan çox məqamlar, yazıçı uzaqgörənliyinin
izlərini ehtiva etməsi ilə də seçilir. Hələ
2020-ci ilin mayında çap olunan "Başdaşı"
romanında az sonra başlanacaq 44 günlük müharibə
ilə səsləşən heyrətamiz məqamlar yer
alırdı və bu məqamlar çağın gerçəkliyindən
baxanda yazıçı fəhmi sayəsində,
dövrünü bir qədər qabaqlamış
düşüncələr sayıla bilərdi. Səyyad Aran
bu romanı ilə zamanlararası intertekstual bağ
yaradırdı. Amma bu bağ keçmişlə deyil, 28 il
sonranın zamanı arasında idi. Zamanı gəldi, torpaqlarımız
geri alındı. Şuşanın tacı qəhrəman
oğullarımızın hünəri sayəsində öz
yerinə qoyuldu. Səyyad Aran da "Tacın
qaytarılması" romanı ilə bu möhtəşəm
tarixi hadisənin bədii sözdə təcəssümünü
verməyə çalışdı: "Əsgərlərimiz
bir daha dalğalanan bayrağımıza baxaraq təkrar edirdilər:
"Əlbəttə, əbədidi! Bundan sonra da, yer
üzündə son azərbaycanlı qalana qədər bu
bayraq Şuşada əbədi dalğalanacaq".
...Millət
xoşbəxt idi! Otuz ilə yaxın müddətdə qəhəri,
kədəri içində qalan xalq dirçəlmişdi,
illərdən bəri həsrətində olduğu qələbəyə
qovuşmuşdu, özü öz içindən
böyümüşdü".
Tez-tez belə
bir sualla qarşılaşıram: "İkinci Qarabağ
müharibəsindən artıq iki il keçir. Sizcə
Qarabağ müharibəsindən əsər artıq
yazılmalı idi?". Yeri gəlmişkən, bu sualı
daha sərt və ittiham, qınaq notunda ötən il "Real
TV"nin rəhbəri, tanınmış jurnalist Mirşahin
Ağayev aktuallandırdı. "Mir Şahinin vaxtı"
layihəsində çıxış edərkən qələm
adamlarının Vətən müharibəsindəki qələbəmizlə
bağlı əsərlər meydana qoymadıqlarından
şikayətləndi: "Nə olub sizə? Hanı gölməçə
boyda olub, özünü dəniz sayan şairlər,
yazıçılar, bəstəkarlar? Tutaq ki, əvvəllər
bəhanəniz var idi. Qələbə ilə bitməyən
davadan yazmaq çətin idi. Gərək üstündən
xeyli keçsin, mövzu oturuşsun və s. İndiki qələbəmiz
var. Özü də necə bir qələbəmiz...
Dünyaya nümunə olan. Hamı bu qələbəni
öyrənir, tətbiq edir. Bəs hanı bizim "den
pobedimiz"?! Hanı operamız, nəğmələrimiz,
hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən
çıxın hörmətli qələm sahibləri.
Yazın, qələbəmizi vəsf edin"!
Mir
Şahinin bu fikirlərinə əlbəttə, ədəbi
prosesdə əksər sənət adamları, yaradıcı
şəxslər cavab verdilər, müharibə və bədii
mətn prosesinin psixoloji tərəflərinin incələnməsindən
tutmuş, meydana qoyulan nümunələrə qədər
sıraladılar. Bu məruzədə də bəhs etdiyim kimi,
bu mövzuda bəzi nümunələr meydana qoyulub artıq.
Ümid edək ki, bu proses indi daha çox
yazıçıların içində gedir.
Şuşanın fəthi özü bir romandırsa, hərb
baxımından dünya üçün yenilikdirsə, Azərbaycan
yazıçısının bunu nə vaxtsa dünya ədəbiyyatı
faktına çevirəcəyinə də inanaq. Qlobal
yanaşma müstəvisindən tutmuş metafizik
çözümünə qədər. Müharibə
mövzusu bir qədər fərqlidir. Hər
yazıçının onu idrak etməsi fərdi məsələdir.
Amma idrak etməsi həm də vacibdir. Yalnız işğal,
yaxud zəfərlə bağlı deyil, son iki yüz
yetmiş ilin fövqündən, tarix müstəvisindən
yanaşılmalıdı məsələyə. Daha epoxal,
daha sistemli, monumental mətn təfəkkürü ilə.
***
Son vaxtlar
dünyada tanınan yazarların
çıxışlarına, məqalələrinə diqqət
edirəm. Bəşəriyyətin sabahı üçün
ciddi narahatlıq meydana qoyurlar. Bu narahatlıqlarda
dünyanın dörd bir tərəfini sarmış
müharibə dalğasından tutmuş, elektron kitaba
marağın önə keçməsi, kitab oxunuşunun
aktuallığını itirməsinə, yadlaşma, özgələşmənin
vüsət almasına qədər çox şey var. Hətta
ötən il Nobel mükafatı fransız yazar Anni Enroya əsərlərində
"cərrah dəqiqliyi və cəsarətlə
yadlaşmanın, eləcə də, şəxsi
yaddaşın kollektiv çərçivəsinin mənbəyini
bütün çılpaqlığı ilə yazmasına
görə" layiq görüldü. Onun, yaxud Nobeli
qazanmış digər ədib Nəcib Məfhuzun Nobel nitqində
yadlaşmanın ciddi həyəcanını mətnlərinə
sığdırmaq gücü, tanınmış alimlərin,
professorların dünyanın sabahından narahatlıq
notları aydın, uca vurğularla eşidilməyə
başlayıb. Yaxud bu narazılıqlar səslənməsə
belə, prosesə yüksək səviyyədən, ən ali
nöqtədən baxış sərgiləmək daim
prioritet təşkil edir. Bu mənada, bizim milli ədəbiyyatda
da həmin planetar düşüncənin vüsət
alması çağın zərurətləri
sırasındadır. Ən azı, görk etmək
üçün: dəyişən ali zövqlərin bizdə
də hardasa adekvat ədəbiyyatı var. O zaman istisnalara
varaq. İlqar Fəhminin "Tarixi şəxsiyyət - tarixin
şəxsiyyəti", "İblisin
axtarışında" məqalələrində biz müəllifin
öz sözləri ilə desək, "poetik söz
oyunlarını bir kənara qoyub" tarixə ekskurs etməklə
dünyanın bügünkü mənzərəsinə nəzər
yetirən ciddi nigaranlığı və bəşəriyyətin
xilası üçün vahid mənəvi məkan ola biləcək
dəyərlərin təlqinini görürük. Cavanşir
Yusifli, Rüstəm Kamal, Südabə Ağabalayeva, Seyfəddin
Hüseynli, Nərgiz Cabbarlı, Mətanət Vahid, Ülvi
Babasoy, Maral Yaqubovanın tənqid mətnlərində
prioritet olan modern fikir, düşüncə sistemi
bütün təzahür və tendensiyalarında müasir ədəbiyyatın
təcrübəsini, tənqidin nəzəri gücü və
dəyişən ədəbiyyatşünaslıq
ölçülərilərinin vəhdətdə
görükdürür. Belə bir intellektual vüsəti
çağdaş prosesdə nisbətən gənc nəslin
nümayəndələri də ehtiva edir. Aqşin Yeniseyin
yeni bədii modellər təklif edən, fəlsəfi dərinlərə
enişi ilə seçilən fikirlərində, Sərdar
Aminin istər mətni, istərsə də baş verən hər
hansı cari hadisəni dünyadakı proseslərin
üfüqündə görüb duymağa imkan verən
yazılarında, Qismətin, Rəvan Cavidin, Təvəkkül
Boysunarın, Ülvi Bahadırın orijinal təhlil
düşüncəsi, analiz səviyyəsi, ümumiləşdirmə
məntiqi ilə diqqət çəkən esselərində
dünya mədəniyyətinin çağdaş məzmunu
aktuallandırılır. Və əsas olan budur ki, onların
janrından asılı olmayaraq, meydana qoyduqları mətnlər
yeni - dünyəvi təfəkkür paradiqmasının
elementləri kimi gerçəkləşir. Zamin
Hacının, Seymur Baycanın köşə
yazılarında həyat və ədəbiyyatın, Kənan
Hacı, Alpay Azərin esselərində ədəbiyyat və
yaradıcı insanın ziddiyyətli nüanslarına ayna
tutulur. Adını çəkdiyim bu yaradıcı şəxslərin
esse, köşə yazıları, gündəmə
reaksiyalarının yer aldığı məqalələrində
sərgilədikləri düşüncə spektri çox
genişdir və mühüm cəhət budur ki, onlar öz
potensiallarını yeni dil və estetikada ifadə edə
bilirlər.
"Ədəbiyyat
qəzeti"ndə Azər Turanın türk
dünyasının problemlərini, şəxsiyyətlərinin
həyatını geniş miqyasda aktuallandıran, Alp Ər
Tonqadan başlamış Zəki Vəlidi Toğana,
İsmayıl Qaspıralıya uzanan ədəbi-mənəvi
ərazidə milli genefondumuzun və türklük əxlaqının
izlərini axtaran yazılarını bu gün getdikcə daha
çox görüntüyə çevrilən, manipulyasiyaya
uğradılan "türklük sevdası"na
qarşı bir sipər də adlandırmaq olar. Bütün
hallarda bu yalançı və ziyanlı təsirlərə
qarşı meydanda bir Azər Turan mətnlərini dirənişi
var. Dürüst, elmi, əsaslı, dəqiq və ən əsası,
araşdırdığı mövzu ilə bağlı sərgilədiyi
erudit zəkanın hasilə gətirdiyi bu mətnlər Turan
amilinin, turan birliyi məfkurəsinin ən dərin qatlardan
günümüzə qədər keçdiyi yolun ən
etibarlı bələdçiləridir.! "Alp Ər Tonqa -
Turanın qurucusu", "İsmayıl Hikmətin
"Dörd il yarım Azərbaycanda" - Hikmətizm" məqaləsi,
"Turan heyəti" yazıları bu gün yalnız mədəni
xəyaldan siyasi gerçəkliyə çevrilməkdən
olan Turan amilinin ədəbi məxəzini elmi tədqiqatın
predmeti etmir, həmçinin bir çox məsələlərlə
bağlı ədəbiyyat tariximizdə açılan
boşluqlara diqqət yönəldir. Buna sübut kimi akademik
Nizami Cəfərovun ötən il çap olunan silsilə məqalələrini
("Azərbaycan tarixinin "Avesta" problemi"
("Ədəbiyyat qəzeti", 24 iyul, 2022), "Azərbaycan
tarixşünaslığında antiazərbaycançılıq,
yaxud "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan
xalqı haqqında nə deyir?" ("Ədəbiyyat qəzeti",
15 avqust, 2022), "Azərbaycan tarixi: qədim dövr haqqında
yeni konsepsiya" ("Ədəbiyyat qəzeti", 28 avqust,
2022) nümunə gətirmək kifayət edir. Bütün
kitab və məqalələrində özünün bir alim
kimi ədəbiyyat tarixçiliyi anlayışının nə
qədər dərin və düzgün olduğunu çoxdan
sübut edən akademik Nizami Cəfərov qaldırılan
problemləri malik olduğu güclü elmi arsenal və dərindən
bələd olduğu mənbələrin vəhdətində
çağdaş müstəviyə gətirmişdir. Bu
gün bu cür problematik məqalələrə ehtiyac
böyükdür. Vaqif Səmədoğlunun gözəl bir
fikri var. Deyirdi ki, "baxmaqla görmək arasında fərq
böyükdür". Bu gün yalnız baxan deyil, həm də
dibi görən alim yanaşmalarına, düşüncəsinə
ehtiyac var ki, bəhs etdiyim son iki müəllifin elmi mətnləri
bu baxımdan müstəsnalığı qoruyub saxlayır.
Belə
bir fərqi akademik və Xalq yazıçısı Kamal
Abdullanın da mətnləri ehtiva edir. Kamal müəllim
"Kitabi Dədə Qorqud" dastanını hər dəfə
yeni istiqamətdə araşdırmaq, onu bədii təcəssümün
və elmi düşüncənin predmetinə çevirmək
əzmini usanmadan davam etdirənlərdəndir. 2021-ci ildə
bu mövzuda "Laokoon... Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
adlı roman meydana qoyan Kamal Abdullanın ötən ildə
elmi müstəvidə hasilə gətirdiyi iki kitab -
"Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar.
Mifolinqvistika" və AMEA-nın müxbir üzvü,
professor Rafiq Əliyevlə həmmüəllif olduğu
"Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq"
kitabı" qorqudşünaslıqda yeni qiymətləndirmə
sistemi gerçəkləşdirməklə bərabər,
ora bu və ya digər cizgilərin əlavə edilməsinə
də imkan yaratdı.
Bu cizgilər
hansılardır? Birinci tədqiqat əsərində
dastandakı bir çox deyimlərlə mifoloji
düşüncənin izlərinin çağımıza
adlamasına yol açan alim araşdırması ilə
mifolinqvistika elmini artıq bir zərurətə çevrilməkdə
olduğunu sərgiləyir. Dilin ən dərin qatlarına enmək,
dastanın içində və ondan kənarda fikir
sayrışmalarına yol açan gizli məqamların izinə
düşmək, epos qəhrəmanlarının yalnız
müsbət keyfiyyətlərinə deyil, həm də ziddiyyətli
xarakterinə diqqət yönəldib intellektual münaqişələrə
rəvac vermək, bu ziddiyyətlərdə
çırpınan, təcəssüm olunan insan ruhunu
görüb duymaq Kamal Abdullanın nəsri ilə bərabər
elmi əsərlərinin də mündəricəsini təşkil
edən prinsipial məqamlardır. Bu araşdırma və
ümumiyyətlə, Kamal Abdullanın dastanla bağlı hər
dəfə yenilikçi yanaşması bir mühüm məqamı
önə çəkir: hər dəfəsində yeni
oxunuşlar ehtiva etməyən, öz gizlinləri ilə
çağın düşüncə axını
arasında rəqabət yarada bilməyən, ənənə
qarşısında geri çəkilən heç bir sənət
abidəsi yaddaşın və inamın əsasına
çevrilə bilməz.
Eyni qənaəti
müəllifin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis
məntiq" kitabı" haqqında da səsləndirmək
olar. Amma bu yöndə sözü kitabın həmmüəllifi
Rafiq Əliyevə versək daha yaxşı olar: "İdeya
daha önəmlidir. Bu baxımdan kitabın yazılma
ideyasının müəllifi məhz Kamal Abdulladır. Kamal
müəllim bu kitabda həm də onu göstərdi ki, o,
qeyri-səlis məntiq sahəsində də mütəxəssisdir.
Üçüncünü istisna qanununun ədəbi kontekstdə
təsviri bunun əyani sübutudur. Bizə məlum oldu ki,
dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər
geniş dil materialı var. Bu da öz növbəsində
ondan xəbər verir ki, qədim əcdadımız
dünyaya baxışında daha geniş və dərin
yanaşmanı üstün tutur. Seçim imkanı olan
yanaşma onun tərcihi olur".
Xalq
yazıçısı Anarın "Söz
dünyası" beşcildliyinin III və IV cildlərinin
çapı 2022-ci ilin payına düşdü. "Ədəbiyyat
qəzeti"ndə tənqidçi Əsəd Cahangirin
"Anara qırx sual"la müraciət etdiyi müsahibədə
Xalq yazıçısının belə bir qeydi diqqətimi
çəkdi: "Bu cildlər bir növ mənim ədəbiyyatımızın
keçmişinə və bugününə özəl
baxışlarımın ifadəsidir". Belə bir
yanaşma, rakursa ədəbiyyatımızda bu gün nə qədər
ehtiyac var? Zənnimcə, hədsiz. Doğrudur, bu gün ədəbiyyatın
özündə əvvəlki illərin ölçüləri,
təsəvvürləri baş alıb gedir, işləkdir.
Amma necə? Ötən əsrin 90-cı illərindən bu
yana ya sovet dövrünün meyarlarından ümumən
imtina yolu tutulur, yəni 70 illik bir dönəm rədd edilir,
ya da həmin dövrdə bu günün rəmzləri,
atributları axtarılır. Anar isə hər zaman olduğu
kimi son iki cilddə tarixə tarix kimi yanaşır. Yalnız
1960-80-ci illər ədəbiyyatının düzgün dərkini
vermir, bütünlükdə müxtəlif zaman kəsimlərində
yaranmış ədəbi mətnlərin, ədəbi irsin dəqiq
şərhinə çalışır. Belə şəffaflıqda
artıq milli mədəniyyətin sınma nöqtələri,
ağrı və problemləri bütün mənzərəsi
ilə meydanda olur. Son iki cilddə 1960-cı illərdən
müstəqillik dönəminə qədər həm Azərbaycan
ədəbiyyatının keçdiyi tarixi yola retrospektiv
baxış var, həm də onun şəxsiyyətlərinin
bioqrafiyası, taleyi və bu talenin mədəniyyət tarixi
kontekstində idrakı. Anar bu ədəbiyyat təcrübəsi
ilə oxucuya milli mədəniyyətin sərhədlərini
sonadək təsəvvür və təyin etməyə imkan
yaradır.
***
Daha bir
neçə kitabı qeyd etməyə gərək var.
Yazıçı Azad Qaradərəlinin dünyadan vaxtsız
köçmüş gözəl şair Eldar Baxış
haqqında yazdığı "Vətən şairi"
kitabı, çapı 2021-ci ilin sonlarına düşsə
də daha çox 2022-ci ildə ədəbi dəyər
qazanan - şair Fərid Hüseynin Musa Yaqubun
yaradıcılığından bəhs edən "Tərəddüdün
yaşıdı" kitabı şairi şairin gözü
ilə açan, dərkini verən poetik nümunələr
kimi gərəkli addımı ifadə edirlər. Belə gərəkli
addımı ədəbiyyat adına edilən hər ciddi əməl
sərgiləyir. Bu mənada, ötən il BP şirkətinin
dəstəyi ilə müasir Azərbaycan ədəbiyyatının
tanınmış dörd nümayəndəsinin - Fərid
Hüseynin "Bəyaz ləkə" şeirlər
toplusunun, Şəhriyar del Geraninin "Özümdən məşhur
şeirlər"inin, Ömər Xəyyamın "Bizim
atalarımız, bizim analarımız" hekayələr
toplusunun və mərhum, həyatdan nakam köçən gən
yazar II Mahmudun hekayələr və romanının yer
aldığı "Yersiz ölüm" kitablarının
çapı da dövrümüzün ədəbiyyat sevincləri
sırasında qeyd olunmalıdır.
***
Bütün
bunlar əlbəttə ki, 2022-ci ilə dair önəmli ədəbiyyat
xəbərlərinin bir qismidir. Artıq 2023-cü ilin
yarısını geridə qoymuşuq. Pandemiya və
müharibə ağrılarından sonra özünü
toparlamağa çalışan ədəbiyyatın
vardığı, varmağa çalışdığı
mənəvi-estetik hüdudlar, mövzu və
düşüncə axtarışları hansı səmtə
doğru istiqamətlənir? Bu yerdə çox mühüm
bir fikrə diqqət çəkmək yerinə
düşür. Honq Konq Elm və Texnologiya Universitetinin
Çin mədəniyyəti müəllimi, professor, yazar Yan
Lyanke 2020-ci ilin fevralında tələbələrinə
verdiyi "Koronavirusdan sonra nə olacaq?" adlanan onlayn
mühazirədə çox gərəkli düşüncələrə
varır: "Yazmaq həvəsi ilə həyatına məna
qatanlara, həyatı hərflərə güvənərək
yaşayanlara səslənirəm. Biz də tökülən
qana və həyata dair yaddaşımızdan əl çəkəcəyiksə
yazmağın nə mənası var? Ədəbiyyatın dəyəri
nədir? Cəmiyyətin niyə yazarlara ehtiyacı var?
Uzun-uzadı yazılarınızın, zəhmətinizin,
yazdığınız çoxlu kitabların
başqalarının idarə etdiyi kukladan fərqi nədir?
Jurnalistlər şahidlik etdiklərini xəbərə
çevirməzsə, yazarlar öz xatirələrini və
hisslərini yazmazsa, cəmiyyətin danışa bilən,
danışmağı bilən insanları saf və
coşqulu siyasi düzgünlük naminə eşitdiklərini
çatdırmaqla kifayətlənərsə, Yer üzündə
insan kimi yaşamağın nə demək olduğunu bizə
kim izah edəcək?" (Yan Lianke: "Koronavirusdan sonra nə
olacaq?" - Çinli yazarın onlayn dərsindən.
"Ədəbiyyat qəzeti", 3 sentyabr 2022).
Bəli...
Bu gün ədəbiyyatda olanların, ziyalıların üzərinə
böyük missiya düşür. Ədəbiyyatın,
sözün işığını öləziməyə
qoymamaq... Ən azı düşünmək üçün
ki, texnogen siviliasiya gəlişdikcə, bəşəriyyəti
ağuşuna alan fəlakət və aşınma
dalğaları kükrəyib qabardıqca onun
çöküşlərindən qurtulmağa, əl tutub
xilas olmağa, açdığı dərin yaraları
sağaltmağa ümid yeri var. Ədəbiyyat hüdudlarını
itirir, coğrafiyasını dəyişir, onun dərk və
idrak üsullarında əsaslı dəyişikliklər
vaş verir. Və bir məqam - hansı ki, orda sözün, sənətin
əbədi məramı ehtiva olunub - o məqam öz yerində
baqi, dəyişilməzdir. Çağın insanı onu
gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji
deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş
üçün ədəbiyyata sığınır, hələ
də orda öz hüzurunu tapırsa, demək ki, həyatı
hərflərə güvənərək yaşamaq həm
yazıçı, həm də oxucu üçün
ömürlərin ən gözəlidir!
Elnarə
AKİMOVA
Ədəbiyyat
qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.6-9.