Berqsonun zamanı, yaxud çağdaş poeziyamız
Ədəbi proses-2022
1976-cı ildə Ədəbi proses müşavirələrinə başlayan Ədəbiyyat İnstitutunun məqsədini Yaşar Qarayev belə təyin edirdi: "Carilik "onun fəaliyyətinə məhdudluq və emprizm gətirməməlidir. "Proses" anlayışı müəyyən hüdudlarda tamlıq və bütövlüyü, vəhdət və sistemi, baş verən, cərəyan etməkdə olan canlı ədəbi gerçəkliyi nəzərdə tutur. Çılpaq, empirik "fakt həqiqəti" ilə yox, məhz "prosesin həqiqəti" ilə nə dərəcədə uğurlu şəkildə məşğul ola bilməsi onun müasirlik və professionallıq simasını müəyyən edən meyar seçilə bilər".
Yaşar Qarayevin fikirləri tamam fərqli zaman müstəvisində, fərqli epoxada, fərqli əsrdə, ümumiyyətlə, fərqli formasiyada söylənsə də, bu gün də aktuallığını saxlayır. Prosesin şərhi yeniliklərin icmalı deyildir, yəni mühüm olan fakt həqiqətinin ifadəsi deyil, prosesdəki dinamikanın şərhidir.
Mənə elə gəlir ki, fakt həqiqətini ifadə edən icmalların ədəbiyyat tarixi baxımından önəmi nə qədər çoxdursa, Azərbaycanda 1976-cı ildən dövriyyəyə girən icmal janrı dünya ədəbi prosesinə adekvat olaraq estetik proseslərin tutaq ki, Azərbaycan ədəbiyyatına tətbiqi, yaxud bunun müqayisəli təhlil imkanlarını məhdudlaşdırır.
İlin ədəbi yekununu qiymətləndirmək ənənəsi rus tənqidindən gəlir. Bestujev-Marlinskinin "Polyarnaya zvezda" jurnalında dərc olunmuş ədəbi icmallarını nəzərdə tuturam və burda diqqəti ilginc bir məqama yönəltmək istəyirəm. Bestujev-Marlinskini rus tənqidində ədəbi icmal janrının yaradıcısı hesab edən Belinski "1847-ci il rus ədəbiyyatına bir nəzər" məqaləsində qeyd edirdi ki, "1847-ci ildə ədəbiyyatda heç bir yenilik baş vermədi". Amma buna rəğmən, həmin il Gertsenin "Kimdir müqqəssir", yaxud Qonçarovun "Adi əhvalatlar" romanları çap olunmuşdu. Belinski həmin icmalında rus ədəbiyyatında natural məktəbin gəlişməsindən danışır və əsərlərin təhlili zamanı da bu məsələni qabardırdı. Söhbət tənqidi realizmin ilkin mərhələsindən gedirdi. Belinskiyə görə, mühüm olan rus ədəbiyyatının həmin dövrdə hansı ədəbi-estetik məhvərdə cərəyan etməsi idi və bu, daha önəmliydi.
Məncə, prosesi dəyərləndirmək üçün bu üsul daha etibarlıdır. Doğrudur, poeziyada cərəyanlaşma axınları birmənalı qəbul edilməməlidir. Azərbaycanda bəzən o, imitasiyalara meydan açır, təqlidə səbəb olur. Cəmil Meric deyirdi ki, "İzmlər idrakımıza geydirilmiş dəli köynəkləridir. Etibarları mənşələrindən gəlir. Hamısı da Avropalı". Təbii ki, izmlər hər zaman dəli köynəyi olmur. Bəzi cərəyanlar, fəlsəfi təlimlər vardır ki, onlar mütləq mənada dərindən öyrənilməlidir. Məsələn, son yüz illik ədəbiyyat tariximizin tədqiqində hələ də diqqət yetirilməyən, yaxud az diqqət yetirilən cərəyanlardan biri də pozitivizmdir. Bu cərəyanın varlığını nəzərə almadan XX yüzilin 20-ci illərinə qədər həm Türkiyədə, həm də Azərbaycanda yaranmış modern poeziyanın doğru-dürüst təsnifatını vermək mümkün deyildir.
Digər tərəfdən, bədii metod anlayışı yalnız cərəyanlarla bağlı hadisə kimi dərk oluna bilməz. XX yüzilin təkcə ədəbiyyatına və sənətinə deyil, ideoloji düzəninə belə təsir göstərən Berqsonun həyat fəlsəfəsi bəzən bütün cərəyanların altyapısını təşkil edir. Modernist Marsel Prust da, tənqidi realizmin nəhənglərindən Tomass Mann da, ekzistensialist Sartr da, sürrealistlər də Berqson fəlsəfəsinin təsiri altındaydılar.
***
Azərbaycanda 2022-ci ilin poeziya mövsümü Anarın "Yanvar şeirləri" ilə başladı. Koronavirus pandemiyasından sonra yaşadığımız Zamanın tablosunu (və yeni tabularını) əks etdirmək baxımından bu şeirlər çox səciyyəviydi. Qürub estetikasında yazılan "Yanvar şeirləri"ndə Zen fəlsəfəsi də, həyatın sufiyanə dərki də var idi, Hindistan müdriklərinin təlimlərinə də göndərmələr edilirdi. Amma Hindistan müdriklərinin "insan öldükdən sonra bu dünyaya yenidən qayıdır" fəlsəfəsi həmin şeirlərdə fərqli məcrada davam etdi.
Təbii ki, "Yanvar şeirləri"nin yazıldığı ruhsal zaman metafizik anlam daşıyırdı. Çünki pandemiya günlərində dünyanın özü də metafizik örtüyün arxasındaydı:
Bəlkə də haqlıdırlar
Hindistan
müdrikləri
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə
məhv olur dönən,
Mən hansıymışam görən?
Tutalım, lap belədir,
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri
Kim tanıyacaq məni?
Dünya
bir pəncərədir.
qapatma pəncərəni...
Anar poetik keçid qurur, keçidin o üzündə xəyal gücünün eşitdiyi
sükut var.
Gündüz ölən dostlarım
Gecə
yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri
Məlul-məlul baxırlar
Oranın
ünsiyyəti
bəlkə susub baxmaqmış...
Əslində kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə onlardı oyaq
Biz burda yuxudayıq.
Yuxarıda Berqsonu xatırlatmışdım.
"Yanvar şeirləri"ndəki
zaman da elə Berqsonun
təyin etdiyi parçalanmaz zamandır.
Müəllifin təxəyyülü
hər üç zamanın - yaxud bütöv zamanın içində cərəyan
edir...
Anarın
bu şeirlərdən
bir ay əvvəl yazdığı və eyni ruh halını
bölüşən "Təhminənin
son sirri" hekayəsində
röyada maska taxmaq daha ciddi
şəkildə önəmsənilirdi.
Spartak koronavirusa yoluxmasa
da, onda alzheimer xəstəliyi başlamışdı.
Bu xəstəliyin əlamətləri
isə özünü
tədricən göstərir
- yaddaş tədricən,
yavaş-yavaş itir:
"Həkim dedi ki, bir-iki aya az
qala öz adını da unudacaqsan".
Bu dəfə ənənəvi
Sartr qənaətinə
ehtiyac qalmır. Çağımızda "Başqaları
cəhənnəmdir" qənaəti
də öz estetik cazibədarlığını
itirib. Çünki bir azdan başqaları
da olmayacaq. Tək qalan insan bir
azdan öz adını da unudacaq. Hətta özü üçün yoxa çevriləcək, nəinki
başqalarını, hətta
özünü də
xatırlamayacaq.
***
1950-ci illər Amerikan cazında Ellinqtonun Bibliya motivlərindən interpretasiyasında "İlahi,
mən burdayam" musiqisi səslənmişdi.
Yəni Tövrat mətni ilk dəfə caz ritmində oxunur, sanki atılmış
və unudulmuş insan özünü Allahın yadına salırdı.
Mahir N.Qarayevin "Yerin-göyün Tanrısı"
silsiləsindən yazdığı
"Qarışqa" şeirində
də Tanrıya xitabən belə bir səsləniş var:
"Quyumu dərin etmisən - / əlim çıxıb ipindən;
/ Dualarım çatmır
sənə / bu çuxurun dibindən..."
Absurd və ekzistensial dalğa "Qarışqa"
şeirinin həm fonunda, həm də obyektivdəki varlığın fiqurunda
- qarışqanın hərəkətində,
təhkiyəsində şeirin
sonuna qədər davam edir: "Qolubağlı bir qulunam, dayanmışam yolunda - / gözləyirəm,
/ Tanrım gəlib yoldan haçan keçəcək; / Uzaqbaşı
gəlməyəcək, / keçməyəcək
bu yoldan..." Misralar
fərqli intibalar doğrur. Həm Bekketin Qodonun intizarındakı Qodo ilə bağlı gözləntini, həm də Quranın "Nəml" (Qarışqalar)
surəsindəki "Nəhayət,
onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların
padşahı) dedi:
"Ey qarışqalar!
Yuvalarınıza girin
ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!" ayəsini.
Mahir Qarayev poetik metamarfoz yaradıb. İnsan Tanrının hüzuruna qarışqa obrazında çıxır, Süleymana
və Süleymanın
ordusuna deyil, birbaşa Tanrıya xitabən: "Sən - tapdayıb ucalansan, / Mən - tapdanıb kiçilən, / kiçildikcə
içimdəki tifil Tanrı filləşir; / Qarışqaya dönən
filəm / ayağın
altında mən - / ayağının altına
bax, gör əlinə nə keçir... / Gör əlinə nə keçəcək / qarışqadan,
ya fildən - / bəs gözünə özün boyda Tanrı dəysə qəfildən?!" - deyir.
Şərq düşüncəsində
Mənsur Həllac, Nəsimi, yəni Ənəlhəq kultu vardır. Kafka isə qəhrəmanlarından birini
böcəyə çevirmişdi.
Qərb insanı böcəkləşdirməkdə, Şərq isə tanrılaşdırmaqda mahirdir.
Belə deməklə
nəyi xatırlatmaq istəyirəm? Onu ki, əslində belə şeirləri yazmaq, yaza bilmək üçün şair çox mənbələri
- həm Tövratı,
həm Quranı, həm Bekketi, həm Sartrı, həm də Nəsimini bilməlidir. Qaldı ki, ifadə olunan sözlərin yeretik əhval-ruhiyyəsinə,
zahirən yeretizm kimi görünsə də, türk şeirində bu üslubun altı yüz illik ənənəsi vardır.
Bilmirəm, fikirlərim
necə qarşılanacaq,
bəzən bizi cəzb edən, bizə heyrətamiz görünən və postmodernizmdə mətnin dekonstruksiyası adlandırdıqları
bədii üsulun türk şeirində ən azı altı yüzillik tarixi var. Bu baxımdan
Yunis Əmrənin şədhiyyələrini
örnək göstərə
bilərik. Qayğusuz
Abdal da şədhiyyələrinin
birində "kıldan
köprü yaratmışsın,
/Gelsin kullar geçsin deyu, / hele biz şöyle duralım, / yiğit isen geç a tanrı" - deyirdi. Nəsiminin müasiri Qayğusuz Abdal küfrə yuvarlanmamışdı. Tanrını
təsəvvüf gözüylə
görürdü. Təsəvvüfdəki
mərhələlərin anlamı
isə zahirdə deyil, batində, məna dərinliklərindədir.
Mahir Qarayevin "Qarışqa" şeirində
olduğu kimi... Bu şeiri yaradan təsəvvür və təfəkkür postmodernlə
təsəvvüfü çuğlaşdırmaq
gücündədir.
Ədəbi proses anlayışına bir də bu
rakursdan yanaşmalıyıq.
Müəyyən hüdudlarda
tamlıq və bütövlüyü, vəhdət
və sistemi, baş verən, cərəyan etməkdə
olan canlı ədəbi gerçəkliyi
nəzərdə tutaraq.
Yeri gəlmişkən, xatırladım
ki, ötən il Azərbaycan
Yazıçılarının XIII qurultayında akademik
İsa Həbibbəylinin məruzəsi
"Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
ədəbi cərəyanlar
mərhələsi" adlanırdı
və elə indi haqqında danışdığımız bu məsələlərə
həsr olunmuşdu. Təəssüf ki, qurultayla
bağlı yalnız
cari, adi, ədəbiyyatətrafı məsələləri
müzakirə edən
sosial mediada yazıçıların qurultayı
üçün yenilik
baxımından səciyyəvi
olan həmin problem müzakirələrdən kənarda
qaldı. Halbuki, ədəbiyyatımız üçün
indi ən mühüm olan budur.
Ədəbiyyata, o cümlədən poeziyaya cərəyanlar, izmlər rakursundan yanaşılmasına ciddi
ehtiyac vardır. Bu tendensiya Türkiyədə,
az qala, yüz ildən çoxdur ki, dövriyyədədir.
Azərbaycanda belə
müzakirələr ötən
əsrin 30-cu illərinə
qədər davam etdi və 1937-ci ildə bunun qarşısı alındı.
"Vahid axın" nəzəriyyəsi,
tənqidi realizm anlayışı nəzarətə
götürüldü. Azərbaycanda
hətta 1905-1906-cı illərdə
simvolizm, dekadentizm, hətta pessimizm (ziştbinlik), pozitivzm müzakirə predmetiydi.
Bu cərəyanlar barədə
Əli bəy Hüseynzadənin fikirlərini,
Abbas Səhhətin sentimentalizm
haqqında yazılarını,
Bəkir Çobanzadənin
ədəbi cərəyanlarla
bağlı mülahizələrini
nəzərdə tuturam.
Hətta Hüseynzadə
pessimist Hartmanın fəlsəfəsini
Bakı əhalisinin nümunəsində təhlil
edirdi.
İndi isə tutaq ki, pessimizm Eminqueyin yaradıcılığında az qala, bədii
metoda çevrilib.
Amma o, həm də öz şeirləri ilə varlıq, varoluş mücadiləsi
verir, yazdıqları
ekzistensial mətnlərdir.
O da Tanrıya səslənir:
"Burdayam, ömür
adlı quyunun içində". Mahir
N. Qarayevin Tanrıya xitabən "Quyumu dərin etmisən - / əlim çıxıb ipindən; / Dualarım çatmır sənə
/ bu çuxurun dibindən..." misralarına
rəğmən, Eminquey
"Ürəyim Tur dağı,
Hira dağıdı / - səninlə
əlaqə saxlamaq üçün" - deyir.
Teoloji mətnlərlə
bağlantılar qurulduqca
çağdaş Azərbaycan
şeirinin mənəvi
duruşu daha dərinlərə və ucalara sirayət edir, obrazlar sistemi qədimləşdikcə,
mistik təsəvvürlər
də cavanlaşır:
Bu quyu ömürdən hey qışqırıram,
"səsimi duyursan, ey?!"
- qışqırıram...
Başını quyuya əy, qışqırıram,
varmısan? yoxmusan? yoxlamaq
üçün.
Göydən adam endir, düzünü göstər,
haqq bizdən gizlənib, izini göstər,
nurun göz tuturmuş...
üzünü göstər,
bir gün gözlərimi bağlamaq üçün...
"Ürəyim Tur dağı,
Hira dağıdır" deyəcək
qədər müqəddəslik
məqamına yaxın
və məhrəm olmaq, ictimai, sosial mahiyyətli problemləri, dərdləri
də burdan söyləmək həm də onları estetik haləyə bürüyüb dilə gətirmək, əlbəttə,
Eminqueyin timsalında çağdaş Azərbaycan
şeirinin uğurları
sırasındadır. Eminquey
barədə yazdığı
"Qollara sığmayan
tənhalığın şeirləri"
məqaləsində professor Cavanşir Yusiflinin dediyi kimi, "Eminqueyin şeirlərində
məkan bəllidən
bəllidir, məkanın,
mənəvi ərazinin
bir qatını qaldırsan altından insan dərdlərinin torpağı görünər
və görünür..."
İnsan dərdlərinin
torpağı göründüyü
yerdən "nurun göz tuturmuş... / üzünü göstər,
/ bir gün gözlərimi bağlamaq
üçün" təmənnasını
Hz. Musanın Tur dağındakı
istəyi ilə qovuşdurmaq, qədim mətni bu şəkildə
cavanlaşdırmaq şeir
üçün gözəl
tapıntıdır.
Habil Rzanur da sanki özünü Allahın
yadına salır. Xaçmazda bağbanlıq
edən bu gənc şair sosial şəbəkələr
olmasa, yazdıqlarını
təqdim etmək həvəsində də deyil. Amma çağın
ən gözəl şeirlərini həm də o yazır. Nəfəsi, intonasiyası,
obrazlar silsiləsi də yalnız özünə məxsusdur.
Habil Tanrıya xitabən, "Mən burdayam. İlahi" demir, "Mən elə çox darıxıram, İlahi..."
deyə Tanrıya səslənir. "Mən
elə çox darıxıram, İlahi"
şeirini 2022-ci ildə
"Ədəbiyyat qəzeti"ndə
dərc etmişdik. Şeirin poetikası və sosioloji məzmunu o qədər həmahəng idi ki, Habilin xüsusi ədəbiyyat təhsili almamasına yalnız təəccüblənmək olardı.
Bu yaxınlarda yeni şeirlərini
dərc etdik. Yenə də darıxmaqdan yazırdı.
"Salam, çox darıxmışam"
şeiri də əvvəlki "Mən elə çox darıxıram" şeiri
kimi sırf poeziya nümunəsiydi. Birinci şeir Allaha, ikinci isə qadına ünvanlanmışdı. Rzanur
yaxşı mənada
darıxmağın labirintindədir.
Onun darıxmağı
estet bir şairin darıxmağıdır.
Ədəbi hadisədir.
Razılaşaq ki, bu miqyasda darıxan şair Azərbaycan poeziyasında nadir hallarda görünür.
Nə sənə zəng çatmadı,
Nə də Allaha duam.
Nə sən Allah deyilsən,
Nə də Allah sən deyil.
Bir aman vermədin ki,
Günahlarımı yuyam.
Mən səndən nigaranam,
O, məndən küsən deyil.
İndi kimi sevim ki,
günahım tez yuyulsun.
Sənə bir sirr açıram,
bax aramızda qalsın.
Səndən sonra öyrəşdim,
Elə onu sevməyə.
O da məndən beşbetər
tənhalıqla əlləşir.
Biraz bacarıqsızam.
O işində ustadır,
Anlayır bu işləri,
ustalıqla əlləşir.
Şair
kimi yazmıram
bu məktubu inan ki,
darıxan şair olmaz.
Mənim
şairliyim də
səninlə getdi sanki.
Gül kimi məhəbbəti,
şeirin
ümidinə buraxan, şair olmaz.
Beş
on cümlə yazmışam,
hamısı da yalandı.
Bircə
müqəddəsliyin,
yalan deyil bilirsən.
Əsl şairlər kimi siqar-siqar bitirəm.
Ciyərimi yandıran,
O müqəddəs tərsliyin,
yalan deyil bilirsən.
Yazmadım ha, oxuyub
cavab yazasan deyə...
Yazmadım ha, ölürəm,
can verirəm, xəstəyəm.
Yazdım
xəbərin olsun
ölməyi bacarmadım,
hələ ayaq üstəyəm.
Günümə bax bir mənim,
Guya məktub yazmışam,
salamı
yaddan çıxıb.
Neyləyək, karıxmışam
salamsız məktub olar!?.
Salam;
Çox
darıxmışam.
Habilin şeirlərindəki ritm,
harmoniya fitri şairliyinin bəhrəsidir.
Darıxan insanın varoluşunu dəqiq əks etdirir.
Ötən il Səlim Babullaoğlunun
xarici ölkələrdə
kitabları, "Ədəbiyyat
qəzeti"ndə esseləri
dərc olunsa da, Beynəlxalq Muğam Mərkəzində ədəbiyyat
bayramı səviyyəsində
"Sözün də
su kimi lətafəti
var" adlı Poeziya
Gecəsi keçirilsə
də, şeirlərini,
eləcə də XX əsr Avropa şairlərindən etdiyi
tərcümələri oxusa
da mətbuatda onun yeni
şeirləri dərc
olunmadı. Amma Babullaoğlu
fb səhifəsində "Mirzə Səfi(l)in nəğmələri" silsilsəsindən
yazdığı bir neçə şeirini paylaşdı. Mirzə Səfi(l) Pol Valerinin Müsyö Testi kimidir. Səlim Babullaoğlu realistik olan incə bir cizgi ilə
ironik planda, yazının sıfır
temraturunda və dondurulmuş (dondurduğu)
hisslərə rəğmən
bu dəfə də gerçəkliyin şeirini yazdı:
Xəbər lentlərinə göz
atır Mirzə Səfi(l)...
Xəstədir, yatağında
varlıq
və yoxluq barədə düşünür
Mirzə
Səfi(l),
bir də kommunal xərcləri.
Düşünə bilir deyə
durumundan
narazı deyil.
Arada ağlını məşğul
edir
xəbər lentləri:
"Zaha Elcandan yenilik!
Şok olacaqsız!
İndiyəcən belə bir şeir oxumadız!"
Düşünür ki:
a) Əvvəla niyə şok olsun?!
b) Və nə vaxtsa oxumuş olsaydı
belə
bir şeiri,
plagiat sayılmazdımı indiki?
Pəhriz
saxlayır,
uzaq durmaq istəyir sözdən -
şeir
olmaq istəyirsə əgər,
bir də ki, xüsusən feli qafiyələrdən.
Xəbər lentlərinə göz
atır, Mirzə Səfi(l)
"Mirzə Səfi(l)in nəğmələri" informativ
və fəlsəfi şeirlər silsiləsidir.
Plagiat barədə oxucu ilə fikir mübadiləsidir. Xəbər lentlərindəki
bəsit zehniyyətə
ironiyadır... Hətta
adı "Mirzə Şəfinin nəğmələri"nə
dekanstruksiya kimi görünən "Mirzə
Səfi(l)in nəğmələri"nin
yaxın gələcəkdə
poeziyamızda xoş və xəfif postmodern rüzgarı əsdirəcəyinə
inanıram.
Səlim
Babullaoğlu ötən
il eyni zamanda Faiq Sücəddinovun bəstələdiyi "Zəfər
simfonik poemasını"nın,
"Şuşa" simfonik
əsərinin mətnlərini
yazdı.
Şuşa ilində İlqar
Fəhmi də "Şuşada qəhrəmanlıq
möcüzələri göstərən
ölümsüz cavan
igidlərimizin dilindən"
"Zərb ritmində
döyüş marşı"nı
qələmə aldı.
Marş Fəhminin dediyi kimi zərb
ritmindədir. Əlavə
edim ki, əvvəlcə
Namik Kamalın, sonra Səid Səlmasinin, daha sonra 1918-ci ildə Bakıda türk əsgərlərinin oxuduğu
marşların üslubunda,
bəlkə də eyni leksikonda yazılan bu əsər müstəqillik
dövrü poeziyamızın
maraqlı örnəklərindən
biridir və 2022-ci ilin 15 yanvarında "Ədəbiyyat qəzeti"ndə
dərc olunan bu marşla Şuşa ilk dəfə
hərbi marşımızın
mətninə daxil oldu. Könül istərdi ki bəstəkarlarımız
bu "Zərb ritmində döyüş
marşı"na da musiqi
bəstələsinlər və
o, Şuşadakı əsgərlərimizin
hərbi marşına
çevrilsin.
2022-ci ildə İlqar Fəhmi Şuşa estetikasını bütün
əlvanlığı ilə
əks etdirən
"Şuşa ekspressiyası"nı
da yazdı: "Xəyalı
dağınıq, fikri
qarışıq, baxışı
utancaq, ruhu həyalı, gah bir mələk, gah su pərisi olan" Şuşanı əzizlədi:
Sən mənim Şuşamsan, hər dəfə fərqli...
Bir xəyal kimisən, gah görünürsən,
Gah yoxa çıxırsan duman içində".
Xanəmir ötən il "Şəhid"
şeirini yazdı. Şeirdə Xanəmirin gizli dilinin - quşdilinin dərinliklərində
ilk dəfəydi ki, diqqətimi
bir eşq seyrəngahı - şəhidlər
baxçası, necə
deyərlər, bir hədiqətüs-süəda cəzb etdi:
murazınız və almadığınız
kam
qanı
haqqın ocağında
qaynadan dəm
dəmlənərək kükrəyən
aydan üz almış nakam
eşqanə ehkamı ötələrdə
oxudar yasin...
...günəş işığında
məhşər öncəsisən
məhşərin önünə çıxanımızsan
əzəlimizsən (bundan sonra) torpaqsan.
Yaxud Təbriz qadınlarının
kəsilən saçları
Urmu gölü, Bəzz qalası, Təbriz göyü, Savalan dağı, Təbriz gülü... Bəzz qalasından Ərdəbili haylayan sözlərin qarışıq
düzümü Vətənin
cənubdakı qisminin
ağrısını şəkilləndirir...
Bu saçlar saç
deyil, tel deyil, hörük deyil, milyonlarca kəsilmiş biləyin eşqə ərki, milyonlarca kəsilmiş əlin Tanrıya uzanan duasıdır:
güllər ətrini təbriz
qadınlarının
saçlarına
verdilər...
çiçəklər əcəlini o saçlarda bulub
dirildilər
yenidən yazda...
saç
saç üstə qalanır
ətir
ətirə qarışır
kəsildikcə saçlar çoxalırdı
o bihuşu o nuru...
arazın
o tayından üç
tel göndər
sızladım
sazımda
günəşi mizrab edib yaxım cahanı
qoy beləcə titrəsin ərşin dabanı
urmu gölü bəzz qalası savalan dağı
urmu gölü təbriz göyü quşların
lələyindən
qurulan eşq hanası
savalan dağı təbriz gülü səs yanğısı
bəzz
qalası haqq leylasında
ərdəbil
ərdəbil haylasın...
Vahid Məmmədlinin "Yuxu"
şeiri də bəlli anlayışlar barədə yeni baxışlar
sırasını sərgiləyir.
Mark Şaqalın sürrealist
üslubda çəkdiyi
rəsmləri xatırladan
"Yuxu"da fiqur-fon
harmoniyasını rəngarəng
işıqların qoynunda
sarısaçlı bir
körpə və ağsaçlı bir qocanın sayrışması
gerçəkləşdirir. Körpə zamansızlıqdan
keçir. Sürreal obrazlarla süslənmiş
"Yuxu" bir röyanın içinə
sıxılmış ömrün
hekayətidir. Şeirdə
nə keçmiş,
nə indi, nə də gələcək zaman var. Şeir
bütöv zamanın
içində cərəyan
edir, hər şey Tanpınarın təbiriycədir, röya
kosmosla insanın birləşdiyi məkandır.
Və bu kosmosda işıq işığa, gələcək
keçmişə qovuşur.
Dairə qapanmır və zaman bölünmür...
Zaman davam edir. Həyatın fəlsəfəsi
barədə pritça
təsiri bağışlayan
bu şeir neosufizmin poetik örnəklərindən hesab
olunmalıdır.
Ulucay Akifin poetik yolu
hansı estetikalara yönəlib, bunu ayırd etmək olmasa da tutaq ki, "Bayılda axşamçağı"
şerinin intonasiyası
Yenidir. Bayıl axşamları Ulucaya Allahı xatırladır.
Günəş dağların
arxasında qürub edəndə, neft iyi dəniz qoxusuna qarışanda, yanından adamlar, ağaclar, dəniz ötüb keçəndə,
Bibiheybət məscidindən
azan səsi ucalanda...
"Sən yadıma düşürsən" deyir.
Və hər axşamçağı
adın
çiçəkləyər dodağımda
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin, ağacların,
bu dənizin, dalğaların,
balıqçıların, balıqların
ümidi
kədərindən az
deyil.
Digər
tərəfdən, Ulucayın
şeirlərində metaforalar
sayrışır. Küçə
lampaları kimi söndü gülüşün
/ bir-bir, asta-asta, həm də / səhərə yaxın..."
kimi gözlənilməz
metaforalarla zəngin şeirlərində o, impressionistdir.
Ümumiyyətlə, Ulucay
yeni poeziyamızı yaradan
maraqlı şairlərdəndir.
2022-ci ildə "Seçilmiş
şeirlər" kitabı
nəşr olunan Nigar Həsənzadə də öz içindəki zamanın
şairidir. O da hər
üç zamanı özünün vahid zamanında təfsir edir, şəkilləndirir.
Bütöv zamanı
öz təxəyyülünə
hopdurur və öz içindəki zamanın şeirini yazır. Onun lal qapısını Afinalı Taysdan Janna Darka qədər azadlıq duyğusu baxımından ruhibir olan neçə min ilin qadınları döyür... Nigar da azadlıq düşüncəsinə
görə onlarla bir zamanın ortağıdır... Fəridəddin
Əttarın "Məntiqüt
teyr"indəki "Bu da keçər"
pritçasının yeni poetik
ampluada təfsirindən
tutmuş oğluna yazdığı şeirə
qədər Nigar Həsənzadə bölünməz
zamanın içindədir.
Axmatova təhkiyəsini
xatırladan bir dildə söylənmiş
bu misraları da o, hələ dünyaya gəlməmiş körpəsinə
ünvanlayıb: "Dilini
duaya öyrədəcəm
ki, // Açaq qəlbimizi
bir-birimizə".
Nigarın şeirlərində də estet meyillər
dominantdır. O, həm
həyatın fəlsəfəsini
şeirləşdirir, həm
də klassik sufi mətnlərinin üzərində antitezislər
qurur. Fəridəddin
Əttarın "Bu da keçər"
məsnəvisinə göndərmə
edərək yazdığı
eyni adlı şeirdə Həsənzadə
"Məntiqüt teyr"dəki
hekayəti yeni dövrün,
yeni zamanın mətnində
aktuallandırır. Yada salır
ki, "zəfər soraqlı
sonluğa qədər"
bu dünyada əzablara bəraət yoxdur.
Səddam
Laçın ötən
il "Ədəbiyyat qəzeti"ndə
silsilə şeirlərini
dərc etdirdi. "İlayda" şeiri Səddamı yeni ədəbi-estetik
iqlim qurşağının
şairi kimi dəyərləndirməyə haqq verir. Ümumiyyətlə,
Səddam Laçın
şeirlərini tezis-antitezis
üzərində qurur.
"Səndən gözəl
olmasın" şeirində
də belədir,
"İlayda" şeirində
də. "İlayda"da
təsvir olunan dilənçi qızın
adı İlaydaydı.
İlayda - Su Pərisi. Yaxud, "Dilənən su pərisi!". Şeir dramatik səciyyəsinə
görə də, hümanizminə görə
də hədsiz maraqlı mətn kimi yadda qaldı.
2022-ci ildə "Ədəbiyyat
qəzeti"ndə Sabir Rüstəmxanlının
"Bitməz yolçuluq"
şeiri dərc olundu. Etraf etməliyik
ki, indiyə qədər
Turanın coğrafiyasını
bu miyasda və bu vüsətlə
şeirləşdirən başqa
bir örnəyimiz yoxdur. Simfoniya səciyyəsi daşıyan
bu şeir təkcə bizim poeziyamızda deyil, ümumən türk dünyasının poeziyasında
da yeni hadisədir. "Bitməz
yolçuluq" şeiri
bütün türk aləmini həm keçmişi, həm indisi, həm də gələcəyilə
bir yerdə əks etdirir. Ağrısı ilə, sevgisi ilə, həm də estetikası ilə birgə. Şeir, belə demək mümkündürsə, şüur
axını şəklində
baş verir. Və bütöv türk coğrafiyası
"Bitməz yolçuluq"da
sadəcə adları,
ünvanları ilə
deyil, gərilmiş və sıxılımış
enerji ilə yazılan misraların içində etnoqrafiyası,
rəngləri, inancları
və s. birlikdədir.
Şeirdə həssas
bir məqam da var. Ümumən, türk ədəbiyyatında Baltik
türkləri anlayışını
ilk dəfə İsmayıl
bəy Qaspıralı
1881-ci ildə yazdığı
"Rusiya müsəlmanları"
əsərində aktuallandırmışdı.
Poeziyada isə bunu ilk dəfə ötən il haqqında danışdığım şeirində
Sabir Rüstəmxanlı etdi.
Özü də İsmayıl bəy Qaspıralının vətənindən
keçib gedərək:
Litvada soraqladım o talesiz elləri,
Vilnüsün ortasında dipdiridir
dilləri...
Gah ağlayır, gah gülür
Karaim gözəlləri,
Yanğımı gözündəki yaşla
sulayıb keçdim.
2022-ci ildə Rüstəm Behrudi "Ədəbiyyat
qəzeti"ndə "Söz
bilirəm - Məhəmməd,
İsa, Musa içində" adlı qəribə bir esse yazdı.
Qəribə niyə deyirəm? Yazı həm də şeir idi. Bunu bu fəlsəfi
essedə təqdim olunan şeir parçalarına görə
deyil, yazının mahiyyətinə görə
deyirəm. Mətndə
Rembrandtın rəngləri
də iştirak edirdi və bu səbəbdən onu qismən intermedial mətn kimi də anlamaq olar. "Çarmıxdan
endirilən İsa dipdiridi.
Çünki Rembrandtın
fırçasında rənglər
dəlidi..." Rüstəm
Behrudi bunu aşağıdakı şeir
parçası ilə
təfsir edir:
Və o
dəli rənglərdən,
Ordan mənə bir səs baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da bir fərqi yoxdu,
Kimin nəyin divanəsi.
Behrudi bu esse-şeiri zəngin teoloji bilgilərlə, kultroloji məzmunda yazıb. "Tanrının verdiyi ömrü, Tanrının
istədiyi kimi yaşayan adam üçün Tanrını
axtarmağa ehtiyacı
yoxdur. Gözləyəcəksən,
ya gözləməyəcəksən
- Tanrı özü gələcək. F.Dostoyevski Knyaz Mışkini də, Roskolnikovu da buna inandırmışdı.
Çünki edam anında
o, Tanrını çağırmamışdı,
edam sürgünlə əvəzlənəndə
Tanrı özü gəlmişdi. Və buna görə F.Dostoyevski
bütün həyatı
boyu Tanrı axtarışından əl
çəkmişdi. Çünki
Tanrı həmişə
onunla idi".
"Söz bilirəm - Məhəmməd, İsa, Musa içində"
esse-şeiri fikir həyatımızın orijinal
hadisələrindən biri
kimi diqqətə layiqdir.
2022-ci ilin yanvarında Qazaxıstan hadisələri
ilə bağlı Nəriman Həsənzadənin
"Qazax şairi Oljas Süleymenova məktub" şeiri dərc olundu. Azərbaycan poeziyasının
belə həssas məqamlarda siyasi müstəviyə adlaması
milli şeirimizin xarakterindən
irəli gəlir.
1986-cı il 17 noyabr hadisələri
baş verəndə Bəxtiyar Vahabzadənin yazdığı "Ad günü"
şeirinin üstündən
4 il keçəndən sonra
Bakıda Yanvar qırğınları baş
verdi və o zaman Oljas Bakıya gəldi. İndi Qazaxıstanda
qan töküldü və Nəriman Həsənzadə Oljasın
xalqının səsinə
səs verdi. Bu şeirlər qazax və Azərbaycan türklərini bir-birinə
bağlayan körpünün
poetik qollarıdır.
91 yaşlı Həsənzadənin
şeiri siyasi lirikanın yeni dövrdə,
türk birliyi müstəvisində ən
uğurlu nümunələrindən
hesab olunmalıdır:
Görmüşəm, bilirəm nədir təkliyi,
nə gəldi, Tanrıdan, bizəmi gəldi?!
Dünən, İstanbulda - türk
həmrəyliyi,
ilk görüş himnimiz gözəmi gəldi?!
Nəriman Həsənzadə istər
Azərbaycanda, istərsə
də Təbrizdə hecaçıların böyük
əksəriyyəti üçün
örnək şairlərdəndir.
Yaradıcılıq təmasları
da qeyri-adi şəkildədir.
Bu yaxınlarda onun şair Sərvaz Hüseynoğluna həsr etdiyi poemasını dərc etdik. Həsənzadə öz ədəbi cığırdaşlarının
yoluna indi də gur işıq
salmaqdadır.
Dəyanət Osmanlının "İt nəfsi" poema-pritçası
son illər demək olar ki, çox az təsadüf etdiyimiz siyasi lirikanın dəyərli örnəklərindəndir. Əsər
"15 sentyabr Bakının
erməni-daşnak işğalından
qurtuluşuna" həsr
olunsa da 15 sentyabrın
hüdudlarını aşır.
Dəyanət milli faciələrimizin
tarixini şair sözüylə, amma tarixçi gözüylə
yazıb. Hətta Navarində, Tripoliçedə,
Orta Yunanıstanda, Egey adalarında və Naxçıvandakı
faciələrimizə qədər...
"İt
nəfsi" əski və yeni, qapalı, gizlin düşmənlərimizə
qarşı açıq
mətnlə savaşan
siyasi lirika örnəyidir. PKK-dan FETÖ-yə,
Asaladan İŞİDə,
Baltikdən Egeyə,
XIX yüzildən XXI yüzilə
qədər altun piyalələrdə türk
qanı içən türk düşmənləri
ilə Azərbaycan poeziyasının poetik (və həm də politik) savaşı ilk dəfə
Dəyanətin bu poeması ilə reallaşır.
Dəyanət Osmanlının poemasını
oxuduqca onun
"İlk... Və... Son" kitabına akademik Nizami Cəfərovun yazdığı "İlk və
son arasında" adlı
məqaləsindəki bu
fikirləri xatırladım:
"D.Osmanlı yalnız özünə qədərki poeziyanın
üsullarını, priyomlarını,
geniş mənada potensiyasını stixiya ilə mənimsəmiş
bir şair deyil, həm də onu dərindən
öyrənmiş bir
şairdir. Onun poetik yaradıcılığında
səmimi, sənət
üçün vacib
olan sadəlövhlüklə
yanaşı, yüksək
bir intellektuallıq vardır".
Məsələ burasındadır ki, Dəyanət Osmanlı Azərbaycan poeziyasında
cərəyanlaşma dalğasının
ilk nümunəsini təklif
edən iki şairimizdən biridir. Onun Xanəmirlə birgə yaratdığı
"2+Mistika" cərəyanı müstəqillik tariximizin
başlanğıcında ədəbi
təmayülləşmənin ilk nümunəsi kimi yadda qaldı. Turan anlayışı da yeni poeziyamızın
ədəbi dövriyyəsinə
o zaman Dəyanətin "Böyük
çölün yovşanlığında"
silsilə şeirləri
ilə daxil olmuşdu. "Yeniseyin buğdayı üzündən
/ silkinib çıxsın
yanar gözlü atlarınız / Ruhunuzu oyadın vaxtdır / Qiyamət qabağı başlayan / Yürüşünüz
xeyir Turana doğru..."
Bu faktı vurğulamaqla onu xatırlatmaq istəyirəm ki, Dəyanət
Osmanlı üçün
Turan amili sonradan qazanılmış
və indi təklif olunan yaradıcılıq fakturası
deyil. Bu baxımdan,
"İt nəfsi" də
"2+mistika"ya, daha sonra
"Avanqard"a məxsus
ədəbi-estetik prinsiplərin
yeni mərhələdə davamıdır.
Həmin
"Avanqard" yaradıcılıq
forumu" dövründə
bir də Əkbər Qoşalının
qurduğu "Qar çiçəkləri" ədəbi
birliyi vardı və bu birlik
sonralar Dünya Gənc Türk Yazarlar birliyinə çevrildi. Ötən
il "Ədəbiyyat qəzeti"ndə
Qoşalının "Aldanıb
açılır qar
çiçəkləri" şeiri də daxil olmaqla silsilə
şeirlərini və
"Çobanbayatı" poemasını dərc etmişdik. İndi mən
"Aldanıb açılır
qar çiçəkləri"
şeirini əbəs
yerə xüsusi vurğulamadım. Onun 25
il əvvəl yaratdığı
"Qar çiçəkləri"
ədəbi birliyinin estetikasını həm də indi yazdığı
bu şeirdəki estetika təmsil edirdi:
"Düşmənlər ayağa,
dost başa baxar"
-
belə
bir söz qonub el yaddaşına.
Utandım, üzünə baxa
bilmədim,
gözlərim yol çəkdi
ayaqlarına... -
Ağmı görməmişik, ya yaraşıqmı?.. -
yox, sənin ayağın başqadı, başqa...
bir bax, öz ürəyin
sinəndə vurur,
ayrı
bir ürək də ayaqlarında...
Sən yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü...
Belə
ayaqların eşqinə
qalxıb,
aldanıb açılır qar
çiçəkləri...
Əkbər Qoşalının "Çabanbayatı" poemasında
isə idilliya və pastorallıq kəsişir, metaforalar misradan misraya adlayır, müəllif romantik bir həyat
hekayətini təsvir
edərkən süjet
xəttinə yaddaş
ətrindən tərəkəmə
həyatı ilə bağlı zəngin etnoqrafik bilgilərə,
"beli duman kəmərli, zirvəsi göy sirdaşı dağlarımız"a, Türk
düşüncəsindəki azad sevgi anlayışıyla
din düşüncəsindəki sevgi tabularına, bədii təxəyyüldən
folklor elementlərinə,
Çobanbayatıdan İrfan çobanına, çobanbulağın
suyundan, çoban olan peyğəmbərlərə,
çoban salatından
çobanyasdığı gülünə qədər
çox şeyi uğurla yansıda bilib... Film təəssüratı
oyadan, həm də bir eşq
hekayəti olan "Çobanbayatı"nın göyüzündə
kaş ki, Aya baxan çobanın gözünə
bir Çoban yıldızı - türk
mifolojisinə görə
Çobanlar Tanrısı
- Çulpan, Roma mifolojisində
eşq və gözəllik ilahəsi olan Venera görünəydi
və bu, onsuz da əfsunlu olan əsərin estetikasını daha da əfsunlu edərdi.
Ötən il, ədəbi tənqidlə
poeziya eyni dalğanın üzərində
gəlişdi. Cavanşir
Yusiflinin, Rüstəm
Kamalın, Elnarə Akimovanın məqalələri
ədəbi tənqidə,
az qala, poeziyanın ayrılmaz tərkib hissəsi kimi baxmağa imkan verir. Hətta
deyərdim ki, əyara
çevrilir. Cavanşir
Yuisflinin Eminquey barədə "Qollara sığmayan tənhalığın
şeirləri" məqaləsini
yuxarıda xatırlatmışdım.
Mən bu yazını Eminqueyin şeirlər kitabına yazılmış ön söz kimi oxudum.
Elnarə Akimovanın
El Roman haqqında "Canıyeva
Göyərçin" - bir
şeir və müharibənin soyuq mənzərəsi" məqaləsi
isə məlum şeirin filoloji portretini təqdim edirdi. Yaxud Rüstəm
Kamalın müasir poeziyaya ədəbi-estetik
istiqamət verən yazıları.
Poeziyamızda prosesin həqiqəti
belədir...
Azər TURAN
Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.12-14.