Bədii tərcümə problemləri
Ədəbi proses-2022
1
2020-ci ildə
nəşriyyat və ədəbi orqanlarda, habelə tərcümə
mərkəzlərində başqa dillərdən ana dilinə
tərcümə edilən əsərlərin sayı həddindən
artıq çoxdur. Onların hamısı haqqında
detallı məlumat vermək, onları bir-bir analiz etmək
sadəcə fiziki cəhətdən mümkün deyildir. Belə
olduğuna görə, biz bir neçə əsas istiqamətlər
üzrə danışmaq istərdik. Cari bədii tərcümə
prosesi nəyi, hansı faktorları göstərir? Onlardan
birincisi budur ki, zamanla ikinci və üçüncü dillərdən
dilimizə çevrilən əsərlərin say
çoxluğu o qədər də gözə girmir, əksinə,
bu sahədə müəyyən balans yaranır ki, bunda da nəşriyyat
və ədəbi orqanların rolu və təsiri
danılmazdır. Çünki nəşriyyatlar anlayırlar
ki, rus, yaxud türk dili vasitəsilə alman, fransız, italyan
və s. dillərdə yaranan əsərlərin tərcüməsi
o qədər də ciddi qarşılanmır. Səhvlər,
qüsurlar olsa da, ən ciddi proses birbaşa orijinaldan tərcümə
işidir. Ancaq yenə də bütün dillər üzrə
orijinaldan tərcümə sahəsində yüksək
ixtisaslı tərcüməçi kadrları yetişməyib,
bizim tərcümə praktikasında əsas problem budur. Digər
problem isə, xeyli bədii əsərin orijinaldan deyil,
Türkiyə türkcəsindən edilib orijinal kimi qələmə
verilməsidir. Cəmiyyətdə xarici dil bilgisi çoxalsa
da, bu, bədii tərcümə sahəsinə çox ləng
nüfuz edir. Nəşriyyat və ədəbi orqanlarda bədii
tərcümənin qiyməti, ona verilən dəyər
çox aşağı və acınacaqlıdır.
Bütün bu problemləri gözardı edib 2022-ci ildə nəşr
edilən tərcümə nümunələrinin məziyyətlərindən
danışmaq mümkün deyil.
Tərcümə praktikasında məhz
bu səbəbdən xeyli sayda
yanlış məqamlar yaranıb, insanlar hələ də həmin
anlayışları doqma kimi qəbul edirlər. Məsələn,
onlardan biri budur ki, yazıçını, nasiri nasir tərcümə
etməlidir, bu hətta ikinci dildən belə olsa, ana dili xəzinəsinin
zənginləşməsinə bir fürsətdir. Bu fikirdə
müəyyən həqiqət olsa da, ümumi xətti
etibarilə səhvdir. Müasir dövr
yazıçılarının xeyli tərcümə işləri
var, məsələn, deyə bilərik ki, Rasputinin
"Mariyaya pul lazımdır" povestini V.Babanlı çox
gözəl tərcümə edib. Ancaq bunun doğrudan da
orijinala sadiqlik, bədiilik, estetik platforma baxımından
doğru olduğuna əmin olmaq üçün təhlillər
aparılmayıb. Yəni Seyfəddin Hüseynlini istisna etməklə,
bədii tərcümə tənqidi yox dərəcəsindədir.
İndi nəşriyyatlarda, xüsusən
"Qanun" və dalınca da
"TeasPress"də ay ərzində çox sayda tərcümə
ədəbiyyatı işıq üzü görür. Buraya
həm klassik, həm də müasir dünya ədəbiyyatının
nümunələri daxildir. Tərcümə edilmiş əsərlər
içində vaxtilə ikinci dil vasitəsilə həyata
keçirilmiş nümunələr də az deyil, elə
indilərdə də ikinci dil - rus və türk dilləri
vasitəsilə xarici ədəbiyyat nəşr edilir. Bunların
içində orijinaldan tərcümə edilmiş əsərlərin
xüsusi çəkisi hələ də yetərincə
deyildir. Prosesi yaxından izlədikdə məlum olur ki, dilimizə
tərcümə edilmiş əsərlərin kəmiyyətcə
çoxluğu amili əsas rol oynayır. Bu da təbiidir. Qəzet
və dərgilərə gəlincə, məhz rus dili vasitəsilə
dünya ədəbiyyatının təqdimi hökmrandır.
Yalnız orijinal dildən tərcümə prinsipi yenə də
arzu olaraq qalır.
"Qanun" nəşriyyatında
Rey Bredberi, Karen Vayt, Teodor Adorno, Roald Dahl,
Mişel Monten, Roulinq, Ceyms Klir, Henri Ford, Jorj Simenon, Nigel
Kamberland, Astrid Lindren, Banin, Sem Horn, Oldos Haksli, Qrim
Qardaşları, Markus Suzak, Dunkan Klark, Stiven Hokinq, Qəzali,
Andre Morua, Mariya Svetayeva və sair müəlliflərin əsərləri
tərcümə edilib.
Dilimizdə yaranan ədəbiyyatın
xarici dillərə tərcüməsində
də bir elə fəallıq müşahidə edilmir. 2022-ci
ildə Kamran Nəzirli məhsuldar fəaliyyət göstərmişdir.
Onun tərcüməsində Con Qolsuorsinin "Esselər"
toplusu, Mark Tvenin "Yerdən məktublar" povesti, Mario
Pyuzonun "Xaç atası" romanı, Culian Barnsın
"Şərq küləyi" və digər hekayələri,
Ramiz Rövşənin, Fərid Hüseynin, Səlim
Babullaoğlunun, Zemfira Məhərrəmlinin və s.
kitabların ingiliscəyə tərcüməsi təqdim
edilmişdir.
"Dünya
ədəbiyyatı" jurnalının İsrail sayı
Dərginin
bu sayı bütünlüklə İsrail ədəbiyyatına
həsr edilib. 43 müəllifin yaradıcılığı
öz əksini tapıb. Dərgidə Benyamin Tammuz, Moşe
Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit
Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen,
Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Atalla Mansur,
Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak
Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana
Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr
Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir,
Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham
Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai,
Ş.Tal, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi
imzaların əsərləri toplanıb. 298 səhifəlik nəşrin
üz qabığında və içərisində əslən
Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam
Rami Meirin rəsm əsərləri yerləşdirilib.
"Dünya
ədəbiyyatı" jurnalının Rumıniya sayı
Bu sayda həm
bədii (proza və poeziya), həm də elmi məqalələr
yer alır. Rumıniyada doktorantura təhsili almış Jalə
İsmayılın bu saydakı məqalə və bədii mətn
tərcümələri orijinallığı ilə
seçilir. Jurnalın bu sayına daxil edilən müəlliflər
(Ejen İonesko, Matey Vişnek, Nikita Stanesku, Adi Kristi, Hans
Libhardt, Vasile Andru, Radu Kosaşu, Dan Sociu, Marin Soresku, Qabriela
Malinesku və b.) Rumın ədəbiyyatının mənzərəsini
yaratmaq üçün kifayətdir, bu bədii mətnlərdən
həmin ədəbiyyat görünür. "Dünya ədəbiyyatı"
jurnalı respublikada bu sahədə ən ixtisaslı
orqandır və jurnalın maliyyə bazası
yaxşılaşsa, zənnimcə, onun gördüyü
iş daha yaxşı, daha gözəl olar.
2
Dil maneələrini
nəzərə almadan bədii tərcümədən
danışmaq mümkün deyil. Çünki bir dildən
digər dilə tərcümə edərkən tərcüməçi
orijinal ədəbiyyatda rast gəlinən dil maneələri
ilə üzləşməli olur. Belə situasiyalarda tərcüməçinin
bir ədəbi əsərin dilini başqa dilə sədaqətlə
ötürməyə çalışması vacibdir. Ona
görə də o, orijinala sadiq qalaraq, öz ana dilinin ruhuna,
dühasına uyğun gələn, lakin bəzən öz
milli dilinə məlum olmayan yeni ifadələr
tapmalıdır. Bununla da tərcüməçi öz dil
bacarığı və çevikliyi ilə bədii tərcümələr
vasitəsilə milli dil və ədəbiyyatın
inkişafına təsir göstərir. Üstəlik,
hamıya məlumdur ki, orijinal və tərcümənin hər
biri tərcüməçinin nəzərə almalı
olduğu iki fərqli, bərabər mədəni dəyərləri
ehtiva edir. Məhz tərcüməçi yalnız
orijinalı deyil, həm də tərcümənin yeni
mühitdə ədəbi-mədəni uyğunluğunu nəzərə
almalıdır. Ona görə də deyə bilərik ki, tərcüməçi
bir çox hallarda ədəbi əsəri müxtəlif
mühit və ədəbi-mədəni kontekst
üçün məqbul olan tərzdə
canlandırmalıdır. Bunun üçün ən müxtəlif
vasitələrdən, o cümlədən müəllifi təqliddən
istifadə edir. Beləliklə, bədii tərcümə təkcə
dil fərqləri deyil (çünki dillər tipoloji cəhətdən
bərabərdir), həm də mədəni fərqliliklərdir.
Təqlid və stilizasiya bu mədəni fərqliliyi dolğun
şəkildə təqdim etmək üçündür.
Tərcümə edilmiş ədəbi
əsərin üslub keyfiyyətinə gəlincə,
bəzi hallarda tərcümədə orijinalda çatışmayan
(yaxud olmayan) vasitələr də olmalıdır. Başqa
sözlə, tərcümələrdə üslub vasitələrinin
başqa cəhətini və ya səviyyəsini
tanımağa diqqət yetirməliyik. Şübhə yoxdur
ki, hər bir tərcümə bir təfsirdir; məhz təfsir
tərcümənin özünü yaradıcı bir akta
çevirir. Buna görə də tərcüməçi
orijinala sadiq olmaq üçün (bundan narahatlıq
keçirməməsi üçün-!) çox vaxt
ixtiraçı olmalıdır. Ən vacib məqam odur ki, o,
bunun səbəblərini tam dərk edərək,
şüurlu şəkildə etməlidir. Məsələn,
XVIII əsrdə yazılmış mətnin çox fərqli
(araşdırılmalı, öyrənilməli-!)
keçmişi və konteksti var, onu müasir dilə
birbaşa tərcümə etmək mümkün deyil. Mədəni
keçmişlə bərabər həmin əsrə aid əsərin
dili də sanki bir çay kimi axıb getmişdir, onu geri
qaytarmaq mümkün deyildir, onu yalnız təqlid və
stilizasiya etmək olar. Belə hallarda tərcüməçi
həm orijinal mətnin, həm də müasir dilin xüsusiyyətlərini
qoruyub saxlamağa çalışmalıdır. İndi biz
hesab edirik ki, "tərcümə olunmayan əsərlər"in
müzakirəsi faydalı deyil (dünya ədəbiyyatında
tərcüməsi mümkünsüz sayılan əsərlər
də var), lakin tərcüməçi belə əsərlərlə
rastlaşanda belə, orijinal haqqında kifayət qədər
məlumat əldə etmək üçün əlindən
gələni etməli, mənasını
aydınlaşdırmağa çalışmalıdır. Tərcümədə
"ədəbi əsərin milli xüsusiyyətləri"
qorunmalı və bu hallarda tərcüməçi yeni və
yaradıcı tərcümə üsullarının
ixtiraçısı kimi çıxış etməlidir.
Sözsüz ki, tərcümə problemi, ümumiyyətlə, bədii tərcümə
problemi mövcuddur və gələcəkdə bu problem
sistemli qaydada həll edilməlidir. Təbii ki, elmi, peşəkar
və texniki əsərlərin tərcüməsinə gəlincə,
bu, çox sadədir. Bununla belə, bədii dəyərlərə
malik ədəbi əsərlərin tərcüməsi ilə
məşğul olanda problemlər daha da kəskinləşir.
Ona görə də bəzi hallarda konkret ədəbi əsərin
tərcüməsi o qədər çətin olur ki, tərcüməçi
ədəbi əsərlə bağlı lüğətlərə,
mənbələrə, ensiklopediyalara, annotasiyalara, tədqiqat
kitablarına və məqalələrə, esselərə və
s. müraciət edir, bu mənbələrdə ələ gələn
bir şey tapmadıqda həmin müəlliflərin
dünyasına, ideyalarına, düşüncələrinə,
məqsədlərinə daxil olmaq və beləliklə, əsəri
dolğun şəkildə tərcümə etmək,
dolayısı ilə onların bədii üslubları,
texnikaları və perspektivləri ilə tanış olmaq,
onları müşayiət etmək və ünsiyyət
qurmaq üçün hədəf olaraq seçdiyi
yazıçının yaxınlığında
yaşamağı (əgər müəllif sağdırsa)
planlaşdırır. Müxtəlif ədəbi əsərlərin
tərcüməsinə gəlincə, tərcüməçi
hədəf (tərcümə edilmiş) dildə başqa bir
ekvivalent mətn yaratmaqda mənbə mətndəki fikirləri
də şərh edir. Lakin ədəbi tərcüməçi
peşəkar olmazsa və lazımi hazırlıq keçməyincə
mətndəki fikirlərin təfsiri həyata keçirilə
bilməz.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti:
xüsusi buraxlılış.- 2023.- 22 iyul.-
S.15.