Məhəbbət adası
Deyirlər
ki, halva-halva deməklə ağız şirin olmaz. Düz
deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə
desən, olmaz. Əlli dəfə desən də olmaz.
Amma sən bunu sabah
tezdən günəş çıxınca deməyə
başlasan və axşam günəş batıncaya qədər
aramsız desən, ölü-ölü keçən
günlərin bir günü, əslində, günlərin
yox, gecələrin bir gecəsi qəflətən yuxudan
ayılıb ağzının dərin bir guşəsində,
boğazına yaxın bir yerdə vaxtilə əziz bir
adamının yas mərasimində udquna-udquna yediyin o
şirindən şirin zəfəranlı halvanın
unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən
əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu
unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin
ağız boşluğunun dərinliyindən
qarşısıalınmaz lava kimi baş qaldıracaq,
dişlərinin ətinin dibinə çökəcək,
oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq,
dilinin üstünə, arxasına, yanlarına - hər tərəfinə
yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini
məst edərək yavaş-yavaş, nəhayət ki,
özünü sənin yadına salacaqdır. Bəli, bu
odur. Unudulmuş, amma qayıtmış halva dadı.
İndi isə təsəvvür edin ki, "halva" yerinə sidq-ürəklə
"Allahım, sən mənə qanad ver" deyirsən. Yenə
də hər gün aramsız deyilən bu sözlər
deyildiyi yerdən hansısa ucalığa yol alır, orada o
sözlər bəlkə də dəfələrlə
deyildiyindən zəhlə tökməyə başlayır və
sən gecələrin birində, yox, bu dəfə sübh
açılarkən hiss edirsən ki, çiyinlərində
qəribə bir ağırlıq var. Arxana boylana bildiyin qədər
boylanıb görə bildiyin qədər görə bilirsən
ki, çiyinlərindən iki qara qanad pardaxlana-pardaxlana
çıxmaqdadır. Allahının sənə,
inanırsan ki, yazığı gəlmişdir və o səni
əfv etmişdir. Sənə məhkum olunub
salındığın bu həbsxanadan qaçmaq imkanı
vermişdir.
...Qanadlar sənin vücudundan tam çıxıb məsələ
bitəndən sonra mən çiyinlərimdə yenə də
əvvəlki yüngüllüyü hiss etdim. Heç kimin
gözünə görünmədən alatoranlıqda o tərəfə,
bu tərəfə qaçdım, yeni halımı
sınaqdan keçirməyə çalışdım.
Uçmaq mənə əvvəl-əvvəl
inandırıcı gəlmədi. Amma ayaqlarım yerdən
ayrılırdı, mən görürdüm ki, mən az qala
boşluğa addım ata-ata uçuram. Qanadlarım dəniz
dalğalarının üstü ilə qayığı irəli
aparan iki böyük avar kimi məni az qala ucsuz-bucaqsız səmaya
uçururdu. Qanadlarım başımın üstündəki
nəhayətsizliyə can atırdı, səmaya doğru
çırpınırdı. Bu, bir möcüzə deyildi.
Bu, bir həqiqət idi. Bəli, yalnız bu zaman mən
inandım ki, mənim səsimi eşidiblər, məni
bağışlayıblar və bu mənfur adadan, onun
özü boyda həbsxanadan uçub qaçmaq
üçün mənə qanad veriblər. Sanki deyiblər:
Sən indi uça bilərsən. Mən xoşbəxt
idimmi?! Bəli, mən özümü xoşbəxt sayırdım.
Mən gözdən, qulaqdan uzaq, səs çatmayan, ün yetməyən
bu qərib məkanda - hamı tərəfindən unudulmuş
bu adadakı onun özü boyda həbsxanaya atılıb illərlə
orada məhbus olub qalmışdım. Bu ada dünyada
yaşayanların hamısından gizli şəkildə
öz həyatını sürməkdə idi. Onun
varlığı barədə dünyadakıların
heç birinin məlumatı yox idi. Sakit okeanın
ortasında qəribə parametrlərdə və qəribə
maqnit burulğanlarının arasında yer alan bu kiçik
ada onun yanından nadir hallarda
üzüb keçən gəmilərin belə gözünə
görükmürdü. Uca göylərdən bu adanın
başı üstündən uçub keçən təyyarələr
də onu sezmirdilər. Bizim dünya ilə bu adanın
bütün əlaqələri kəsilmişdi. Göydəki
ulduzlar yanımızdakı və nə vaxtsa bizim
dünyamız olan dünyadan bizə sanki daha yaxın idilər.
Bu ada kənardan baxanlar üçün tamamilə
görünməz bir məkan idi. Özü də
başdan-başa həbsxanadan ibarət məkan.
Bu həbsxananın divarı,
qoruması yox idi. Oradakı məhbuslar
ada daxilində nə istəyirdilər edirdilər. Hara istəyirdilər
gedirdilər. Bir-birilə yoruluncaya qədər gəzişib
ünsiyyət bağlayırdılar. Bu adada boy atıb ucalan
cürbəcür ağaclarda ilboyu yetişən cürbəcür
meyvələrdən yeyirdilər. Okeanda istədikləri qədər
çimirdilər, qumluqda istədikləri qədər istirahət
edirdilər. Onların sanki hər şeyə ixtiyarı
çatırdı. Bu adamları sanki belə bir əcaib həbsxanaya
salıb sonra unutmuşdular. Onlara əbədi istirahət bəxş
etmişdilər. Amma bu istirahətin çəkilməz,
ağır məqamı da yox deyildi. Bu məhbuslar
üçün ən əzablı olan bu idi - onlar bilirdilər
ki, o uzaq və sevimli dünya artıq əlçatmazdır.
Onlar əbədi olaraq bu gözdən uzaq adada yaşamağa
məhkumdurlar. Buradan çıxış yolu axtarıb tapmaq
əbəsdir. Hər gün eyni yeknəsaqlıq. Hər
gün eyni simalar. Hər gün eyni söhbətlər. Bu
onları - üzmürdümü, bu onları
üzürdü.
Mən özümü o adadan
qaça bilmiş yeganə məhbus hesab edirdim və indi bu
ahıl çağımda, gəlib yenidən sevdiyim, amma məni
unutmuş dünyaya dönməyimlə özümü
xoşbəxt sayırdımmı?! Bilmirəm. Qanadlarım
çiyinlərimdən çıxan sabah mən hamıdan
gizlənə-gizlənə sahildə heç kimin gəzib-dolaşmadığı
bir yerə gəldim. Yaşıl ot üzərində sahilə
tərəf yeridikcə çiynimdəki qanadlar arxamca
sürünürdü. Düşünürdüm ki,
işimi bitirdikdən sonra onları öz yerinə - kürəyimə
necə qaytara biləcəyəm?! Bu fikir ideya-fiks olub məni
heç cürə rahat buraxmırdı.
Adadakı həbsxananın adını,
daha doğrusunu desəm, adanın
adını məhbuslar özləri qoymuşdular. Adanın
adı Məhəbbət adası idi. Bura məhbuslar
yarızarafat, yarıciddi Məhəbbət həbsxanası
da deyirdilər.
Məhəbbət həbsxanasına oradakı
məhbusları dünyanın müxtəlif
yerlərindən yığıb gətirmişdilər.
Onların yeganə günahı dünyada
yaşadıqları zaman öz sevdikləri şəxsi hər
şeydən, hər kəsdən artıq sevməkləri
olmuşdu. Onlar sevdikləri qadını hər şeydən,
hətta Tanrıdan artıq sevmişdilər. Bu azmış
kimi bunu hər yerdə bəyan belə etmişdilər. Və
indi belə məlum olurdu ki, Tanrı onları buna görə
bağışlaya bilmir. Və Tanrı onları bu adaya
salmaqla, dünya ilə əlaqələrini kəsməklə
cəzalandırırdı. Tanrının prinsipi bu idi - hər
şey qədərində olmalıdır.
Bura gətirilənlərin gəlişi
qəribə şəkildə baş
verirdi. Hər dəfə gətirilən yeni məhbus
okeanın sahilində, sarı qumların üstündə
özündən getmiş şəkildə
tapılırdı. Onları bu adaya ucsuz-bucaqsız okeanın
suları gətirirdi. Heç birinin yaddaşında bura necə
gəlib düşdükləri barədə kiçicik də
olsa, bir şey qalmırdı. İlk vaxtlar bu ada onlara ekzotik
bir yer kimi görünürdü. Sonra isə depressiya
dövrü başlayırdı. Dünyada qoyub gəldikləri
və itirdikləri heç bir şey bu adamları rahat
buraxmırdı. Bu adamlar saatlarla, günlərlə sahildə
ağac kimi dayanıb okeanın nəhəng
hüdudsuzluğuna baxırdılar. Baxdıqca
baxırdılar, yorulmurdular. Xatirələrin qoynundan heç
cür çıxa bilmirdilər. Xatirələr bu adada verilən
ən ağır işgəncə idi. Tanrının
qisası bundan ibarət idi.
Onu da deyim ki, geri qayıtmaq yolunu mənə
qanadlarım öyrətdi. Göy üzü ilə qanadlar
özləri məni aparırdı. Okeanın üstü ilə
uçduqca qanadlarım öz-özünə hərdən tənbəl-tənbəl,
hərdən isə yeyin-yeyin yellənirdi və mən tamamilə
heç bir iş görmədiyimdən, boş-bekar
olduğumdan həyatımdakı cürbəcür hadisələri
yaddaşımda canlandırır, onları gözümün
önündən kino lenti kimi keçirməyə
çalışırdım. Yadıma vaxtilə kimlərəsə
dediyim və bununla qəlblərə dəydiyim sözlər,
bədxah sandığım adamlara qarşı yönəltdiyim
haqlı və haqsız əməllər
düşürdü. Suallar, suallar məni rahat buraxmırdı.
Niyə məni sevənlər bu qədər çox sevdilər,
niyə mənə nifrət edənlər bu qədər
çox nifrət etdilər?! Hər şey qədərincə
olsaydı, biz daha rahat və daha hüzurlu həyat sürməzmiydik?!
Ən vacib sual isə
mənim üçün bu idi. "Dəyərdimi?!" Məhəbbət
adasına düşməyimin səbəbkarı dünyadan -
mənə əziz olan adamlardan, sevdiyim şəhərdən,
sevdiyim küçələrdən, meydanlardan,
bağçalardan, məni sevən dostlarımdan, evimdən,
eşiyimdən ayrılmağıma, əldə etdiklərimi
itirməyimə, ən vacibi isə geridönməzliklə az
qala barışmağıma dəyərdimi?! Mən o məzlumbaxışlını
Tanrıdan daha artıq sevdiyimi bəyan eləməyimlə
kimə, nəyi sübut elədim?! Uça-uça mən
vaxtilə necə də böyük səhvə yol verdiyimi
düşünürdüm. Mən vaxtilə
düşünürdüm ki, bu boyda məhrumiyyətlərə
bu boyda sevgi yəqin ki, dəyməzdi. Mən onun
yaddaşından, əlbəttə ki, silinib getmişdim. Onun
məzlum baxışları məni daha heç yerdə
axtarmır. Beynimdən "axtarmır" sözü
keçdi, yadıma məni sarsıdan haman söhbət
düşdü.
...Mən itəndən sonra məni düz bir ay
axtarmışdılar. Nə ölüm, nə dirim barədə
heç bir məlumat əldə edə bilməmişdilər.
Polis məmuru, nəhayət, gəlib dostlarıma və ona
belə bir elan etmişdi:
- Bu adamı çox
axtardıq. Onun nə ölüsü tapıldı, nə də
dirisi. Onu mərhum kimi qeyd edirik. Başqa çarəmiz
yoxdur. Başınız sağ olsun.
Dostlarım içərisində ən yaxın bildiyim
Hamlet bu zaman demişdi.
- Onu daha axtarmağa
dəyməz. Çünki o elə adamdır ki, sağ
olsaydı, bu qədər gizlənməyə, sadəcə,
hövsələsi çatmazdı. Üzə
çıxardı.
Mən bu söhbət barədə hardan bilirəm?! Sonralar adaya gətirilən
məhbuslar içərisində haman polis məmuru ilə
rastlaşdım. O özü mənə yaxınlaşdı.
Mənə tanışlıq verdi və danışdı ki,
mənim itməyimdən sonra ilk baxışda məzlum
görünən o qadın onlara öz sakit oturuşu,
heç nə bildirməyən baxışı ilə necə
işkəncə verirmiş. Bu, əlbəttə, o idi. O məzlum
görünməyi bacarırdı.
Qara buludların arasına girirəm. Nə aşağı
görünür, nə də yuxarı. Ürəyim şiddətlə
vurur. Amma qanadlarım məni az qala ildırım sürətilə
bir qədər də ucalara, bu qaranlığın üzərinə
qaldırır. Artıq o qara buludları özümdən
aşağıda görməyə başlayıram. Ürəyimin
zərbələri yavaşıyır. Uçuş yenə də
öz sakit məcrasına düşüb rahat şəkildə
davam edir.
...Onunla mənim aramda qəribə
mübahisələr olurdu. Biz bir-birimizlə hər məsələdə
anlaşa bilirdik. Amma bir məsələdə heç cür
eyni fikrə gələ bilmirdik. Kimsə buna güləcək.
O deyirdi ki, sən mənim qafiyəmsən. Mən deyirdim ki,
yox, sən mənim qafiyəmsən. İndi
düşünürəm ki, heç bunun da üstündə
mübahisə edərlər?! Biz ikimiz də bir-birimizin qafiyəsi
idik. Qafiyələrin hansı hansınındır - bunu bilmək
olarmı?!
Polis məmuru mənə danışırdı.
- Bir ay bu qız bizim başımıza oyun
açdı. Hər gün eyni vaxtda səhər saat 9-da idarəyə
gəlirdi, məzlum-məzlum bir küncdə oturub bizə
baxdıqca baxırdı. "Mən onu burda gözləyəcəyəm"
deyirdi. Gözlərinin dərinliyindəki kədər o qədər
böyük idi ki, onu oturduğu yerdən ayırıb
çölə çıxarmaq heç kimin ağlına gəlmirdi.
- Sonra, sonra nə oldu? - Mən
hövsələsiz halda soruşdum.
- Bir aydan sonra biz onu bir daha
görmədik. Bir gün əvvəl qərarımızı
sənin dostlarına, yaxınlarına söylədik. O da
orada idi. Axtarışlar əbəsdir, biz əlimizdən gələni
etdik - dedik. Bu adam bir daha üzə çıxmayacaq. O bunu
dinləyib susdu, cınqırını da
çıxarmadı. Heç bir söz belə biz bu
qızdan eşitmədik. Nə nalə, nə bir hənirti. Nə
yalvarış, nə təhdid... Bircə o yadımda qalıb
ki, üzü daşa dönmüşdü. Məzlum
baxışları yox olmuşdu. Elə o daş üzlə də
oturduğu yerdən ayağa qalxıb sakitcə çölə
çıxdı. Bir daha onu görmədik.
"Bir
ay... Bu adamın vəfası bircə aya qədər çəkdi..."
- mən düşündüm.
Polis məmuru mənim çaşqınlığımı duyub
susdu. Mən hiss elədim ki, o yenə nə isə demək
istəyir. Düşünür ki, desin, ya deməsin.
Əlacsızlıqla gözləməyə başladım.
- Sən bilmirsən, burdan qaçıb gedən olub, ya necə?
Ümumiyyətlə, bu mümkündürmü? - Polis məmuru
ümidlə mənim üzümə baxdı.
Üz-gözümdən, naümid baxışımdan hiss elədi
ki, doğru sual verməyib, bu sualın cavabı yoxdur və
bir "ah" çəkib mənim mövzumu davam etdi.
- Bilmirəm, bu məsələyə, yəni, o qıza nə
qədər dəxli var, ya yoxdur - Polis məmuru söhbətini
yavaş-yavaş tamamlayırdı, - amma bir məsələni
də istəyirəm, sənə deyəm. Bizim bəyənatımızdan
iki gün sonra şəhərimizdəki Sultan qayasını
bilirsən, sıldırım bir qayadı. Oradan bir qız, məlumat
gəldi ki, özünü dənizə atıb. Nə qədər
axtardıq, o qızın cəsədini tapa bilmədik. Bəlkə
də səninki ilə heç bir əlaqəsi yoxdur. Amma hər
halda... O qızı heç soruşan, itdiyini maraq edən
olmadı. Sən yəqin bilərsən, sənin
adamının bir qohumu-zadı var idi?
Mənim
qafiyəmin heç kimi yox idi. Tənha idi. Tale onu mən
yaşayan şəhərə necə, nə təhər, niyə
atmışdı, bunu mən onda da bilmirdim, indi də bilmirəm.
Polis məmuru gözünü
okeanın nəhayətsizliyinə dikərək
söhbətinin sonunda bir də bunu dedi.
- Sultan qayasından tullandığı
o yerdə...
- Nə? Nə? Məktubmu qoymuşdu? Bir işarətmi buraxmışdı?
- Yox, yox, boş
ver. Bunun məsələyə yəqin ki, dəxli yoxdur. Qayanın üstündə bizimkilər
balaca kağız parçası tapmışdılar.
Mənim
az qala nəfəsim
dayanacaqdı.
- Kimsə kağızı yazandan sonra cırmışdı, yazılanları
qaralamışdı. Bir sözü
oxumaq isə çətinliklə də
olsa mümkün oldu. "Qafiyə..." Hə, o çətin oxunan söz "qafiyə" idi... Bizim hamımıza qəribə gəlmişdi.
"Qafiyə"nin məsələyə
nə dəxli vardı?! Biz o kağızı
itmiş qızın işinə heç tikmədik də...
... Adadan qanad çalıb
500 kilometr okeanın üstü ilə uçandan sonra Qrinviçlə 38 dərəcə
sağa döndüm və bir qədər
keçdikdən sonra
uzaqda hansısa işıqların yandığını
gördüm. Əlbəttə
ki, bu şəhər
mənim şəhərim
deyildi. Və bu şəhərdə
Sultan qayası adlanan sıldırım qaya yox idi. Amma bu
artıq mənim dünyam idi və ürəyimdə mənə daha bir şans verdiyinə
görə Allahıma
dualar etdim. Ondan daha çox
heç nəyi və heç bir şeyi sevməyəcəyimə
özümə bir daha söz verdim.
Vaxtilə belə etsəydim, bütün başıma gələnlər
də olmayacaqdı. Qafiyələr də bir-birinin yanında durub bir-birinin qarovulunu çəkəcəkdilər.
Amma indi mənim qafiyəm mənə daha lazım olmayacaqdı. Sultan qayasını
mən unutmalı idim. Mən yaşamalı idim.
Qanadlarımdan necə xilas olacağam, onları nə edəcəyəm sualı öz-özünə
həll oldu. Ayağım torpağa - əsl torpağa dəyən kimi bu qanadlar çiyinlərimdən
öz-özünə yox
oldu, əriyib getdi. Sanki onlar əvvəldən olmamışdılar,
mənim kürəyimdən
çıxmamışdılar və məni okeanın üstü ilə bu nəhəng
və qorxulu məsafədən keçirib
bura gətirməmişdilər.
Ayağım sahilə toxunandan
sonra ətrafa boylandım. Yaxınlıqda
bir kolluq vardı. Bu kolluqdan qarışıq və ehtiraslı səslər gəlirdi. Kişi və qadın səsləri idi. Bir-birinin sözünü kəsə-kəsə, nəfəsləri
bir-birinə qarışa-qarışa
aramsız danışırdılar.
Mən hələ insan dilini tam unutmamışdım. Bu adamlar
bir-birinə tükənməz
məhəbbətlərini bəyan edirdilər. Bir-birinə kimin o birini daha çox
sevdiyini sübut etməyə çalışırdılar.
"Təki bir-birinə
deməsinlər ki, mən
səni hər şeydən artıq sevirəm" fikrini ağlımdan keçirməyə
belə macalım olmadı. Kolluqdakı kişi səsi qürurla pıçıldadı.
- Mən səni... hər şeydən artıq sevirəm.
O kolluğa təəssüflə
baxıb oradan tez aralandım.
Son
Kamal
ABDULLA
Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.16-17.