Sosial şəbəkələr
dövründə ədəbiyyat
2022-ci il üçün
Ölümündən əvvəl görkəmli yazıçı,
alim Umberto Eko
"İtalyan mədəniyyətini və
beynəlxalq mədəniyyət fəzasını zənginləşdirdiyi üçün" Turin Universitetinin rektoru Canmaria Adcanidən "Media kommunikasiyası
və mədəniyyəti"
sahəsində
fəxri ad alarkən sosial media ilə bağlı böyük rezonans doğuran fikirlər səsləndirmişdi. Eko çıxışında sosial media haqqında belə
demişdi: "Sosial media əvvəllər ancaq barda bir qədəh
içəndən sonra dili açılan idiotlar ordusuna
danışmaq fürsəti verdi. Bu tiplər cəmiyyətə
zərər vermirdi, barda tezcə susdurulurdu. İndi isə
sosial media sayəsində Nobel almış
yazıçılar qədər danışırlar".
Böyük alimin bu fikirləri birmənalı
qarşılanmamışdı. Belə ki, bir yandan sosial
medianın böyük söz və fikir azadlığı fəzası
yaratdığını deyənlər ilə hamının
hamıya ağıl öyrətdiyi bu fəzanın zərərləri
haqqında danışmağı, texnologiyanı tənqidedilməz
büt saymamağı yanlış yol sayanlar arasında
mübahisələr başladı. Ancaq reallıq odur ki, bu
gün ənənəvi media vasitələri yeni media vasitələri,
xüsusilə sosial şəbəkələrin operativliyi
qarşısında gah geri çəkilir, gah da
özünü oradakı - virtual dünyadakı tempə,
mövzulara uyğunlaşdırır. Bu gün sosial şəbəkələri
nəzərə almadan informasiya vasitələrindən
danışmaq qeyri-mümkündür, anaxronizmdir.
Bu gün dünya ədəbiyyatının aparıcı
mövzularından biri, bəlkə də birincisi, XXI əsrin
ideya istiqamətini indidən müəyyənləşdirən
əsas mövzu - insan və texnologiya münasibətləridir,
süni intellekt və insandır. Çağdaş mədəni
prosesləri ən azı 30-40 il geridən izləyən
humanitar fikrimizdə sosial şəbəkələr və ədəbiyyat
mövzusuna münasibət daha çox dünyada bu
texnologiyaların yeni yarandığı illərə xas
refleklərlə özünü göstərir: belə ki,
hansısa mətn əvvəl qəzetdə, kitabda çap
olunur, sonra da onu sayta yerləşdirirlər. Bu, dünya
üçün ötən əsrin 90-cı illərinin
sonuna xas davranışdır. Bu gün bu refleks ən geridəqalmış,
özünü yeniləyə bilməyə, zamana
uyğunlaşa bilməyən köhnə, konvensional, ənənəvi
media orqanları üçün xarakterikdir. Yeni media vasitələri
və alətləri, oradakı özünüifadə
imkanları, qazanc mənbələri həmin məcralar
ayrıca, məxsusi kontent yaratma tələb edir. Dünyaca məşhur
sosial media fenomenlərinin, məsələn, yutuberlərinin
heç biri əvvəlcə hansısa televiziya kanalında
çıxış edib, sonra həmin
çıxışı yutub kanalına yükləməklə
özünü realizə etməyib. Hamısı birbaşa
sırf yeni yaratdıqları kanal üçün ayrıca
rubrikalar, şortslar çəkməklə yeni əsrin
gerçəkliyinə münasibət bildirir. Burada dil də,
ifadə tərzi də avtomatik olaraq dəyişir. Rəsmi
televiziyaların sığallı-tumarlı, ütülü,
ləngərli, efiri nəzərə alan dilindən, gündəlik
həyatın tempinə uyğun, gözlənilməz
keçidləri olan, ciddi ilə yumoristik olanın əvvəldən
planlaşdırılmamış şəkildə bir-birinə
keçdiyi daha çevik ifadə tərzi ön plana
keçir. Bu, qaçılmaz şəkildə bədii ədəbiyyata
da təsir edir. Vaxtilə türk poeziyası üçün
Orxan Vəlinin açdığı yığcamlıq,
birbaşalıq, xəfif ironik tonla zəngin ifadə tərzi
necə birmənalı qarşılanmamışdısa, indi
də həmin polemika ənənəvi media ilə yeni media
arasında gedir. Daha dəqiqi, dünyanın aparıcı
ölkələrində artıq bu reallıq dərk edilib və
vəsait bu yeni məcraya axır. Əgər bir günün
içində bütün fərdi kompüterlər, əlimizdən
düşməyən smartfonlar yoxa çıxmayacaqsa,
zamanın hansı gələcəyə doğru
axdığını təxmin etmək elə də çətin
olmamalıdır.
Elə bilirəm, bir başqa vacib və əhəmiyyətli
tendensiya da bədii ədəbiyyatın, xüsusilə
romançılıq sənətinin dünyadakı
sözügedən reallıqlara öz münasibətini
bildirməsi, yeni əsrin bu gerçəkliklərini öz
mövzusuna çevirməsidir. Məsələn, bu
sıradan nümunə üçün iki romanın adı
çəkə bilərik. Biri Ədəbiyyat üzrə
Nobel mükafatı laureatı, Kazuo İşiquronun "Klara
və günəş", digəri isə ingilis
yazıçısı Yan Makyuenin "Mənim kimi
robotlar" romanıdır. Hər iki romanın əsas
personajların biri artıq süni intellektlə işləyən
insan surətli robotlardır. Şübhəsiz ki, bu
sıradan olan romanların sayını çoxaltmaq olar, ancaq
adı çəkilən əsərlər humanitar fikirdə
müzakirə doğurması və simptomatik olması,
üstəlik, təkcə texnologiya və insan münasibətləri
kontekstində yox, eyni zamanda, yeni əsrin texnogen
özülü olan sosial-fəlsəfi cərəyanları
kimi geniş vüsət alan post-humanizm, trans-humanizm kimi istiqamətlərlə
birbaşa və ya dolaylı əlaqəsi baxımından da
diqqətəlayiqdirlər. Bu romanların hər biri
haqqında ayrıca yazımız olacaq.
İndi isə 2022-ci Azərbaycan
sosial media məkanında ədəbiyyatla bağlı aktivlik
göstərmiş, eləcə də yenicə
yaranmış bəzi kanalların fəaliyyətinə nəzər
salaq.
Ötən ilki məruzələrimizdə
də adını çəkdiyimiz, fəaliyyətinə
nəzər saldığımız yutubda kitab
tanıtımları aktiv məşğu olan Lamiyə
Göycəyeva bu dəfəki sorğuya cavabında belə
dedi: "Lamiya blue-fox" adlı yutub kanalında bu il 15 video
paylaşıb. Ən çox baxış gələn videosu
(1286 baxış) "Klassik əsər ted videosu" adlı
paylaşımı olub. Paylaşdığım videolarda
müasir alternativ ədəbiyyat nümunələri, həmçinin,
müxtəlif yerli nəşriyyatların ana dilimizə tərcümə
etdiyi əsərlər haqqında danışmışam.
Yerli yutub kanallarından, blogerlərdən
aşağıdakıları izləyirəm: kanallardan
"Canlı kitab", "Kandar", "Menzil 111",
"Rəybərəy"; blogerlərdən Sərxan
Rüstəmov, Çinarə Əhmədova, Səma Məmmədli,
Ceyhun Atayev, Kitablardan danışaq, Aliyə Qasımova, Həmid
Babayev, Bad readers".
Bir başqa tanınmış
kitab blogeri, aktiv kitab təbliğatçısı Sərxan
Rüstəmov sorğumuza cavabında deyib: "2022-ci ildə
yutub kanalıma 40 video yükləmişəm. Ən çox
izlənən videoma 11 min baxış olub. Bu 40 videoadan 22-si
sırf kitab analizi və tövsiyəsidir. Daha çox
uşaq kitabları, valideyn olmaz, pedaqogika, biznes və fərdi
inkişaf kitablarından bəhs etmişəm. İzlədiyim
yutub kanalları və blogerlər: "Rəybərəy",
Çinarə Əhmədova, Lamiyə Göycəyeva, Sərdar
Kızıloğlu".
Sosial
media dünyasının digər
tanınmış kitab blogeri Çinarə Əhmədova
yutub fəaliyyəti haqqında sorğumuza belə cavab verdi:
"2022-ci ildə əvvəlki illər nisbətdə daha az
- 18 video hazırlamışam. Birinci Uşaq Kitab Festivalı
ilə bağlı hazırladığım vloqum ən
çox baxılan video olub. Vloq olduğu üçün bir
kitabdan yox, festivalının ümumi ovqatından,
aldığım kitablardan bəhs etmişəm. Yerli
kanallardan və blogerlərdən izlədiklərim
bunlardır: "Kitabı Karandaşla Oxuyanlar", Sərxan
Rüstəmov, Həmid Babayev, yenicə "RəybəRəy"
kanalı da bu sıraya qoşulub. Xaricdən isə daha
çox Merphy Napier, Daniel Greene, Eric Karl Anderson, "Peruse
Project" və "Flu TV"nin videolarını izləyirəm".
Yeni
yaranmış, daha çox müsahibə formatında
verilişlər təqdim edən "Kandar" kanalı
haqqında sorğumuza Firidun Həsənov belə cavab verdi:
"Kanal doqquz ay öncə yaranıb, ayda bir, yaxud iki
geniş həcmli müsahibələr paylaşılır.
Qonaqların seçilməyində meyar təkcə fikirləri
deyil, bioqrafik olaraq Azərbaycan tarixi və profili ilə səsləşmələridir.
Yəni, məsələn, tarixçi Əkbər Nəcəfi
çəkiriksə, təkcə onu individ kimi göstərmirik,
həmçinin, Elçibəy dövründə Türkiyəyə
yollanan, sonra isə Bakıya qayıdaraq burada fəaliyyət
göstərən bir personanın yolunu izləyirik.
Mövzularımız ictimai-siyasi, incəsənət (meyxana,
rep), din və s. ola bilər. Yerli podkast və reportajlardan bir
neçəsinə baxmağa çalışıram
(Söhbətgah, Əkinçi, Toplum tv və s.), müsahibə
kanallarından isə daha çox rus (Eshenepozner, Dud), ingilis və
türk kanallarını izləyirəm".
Yazıçı Sahilə İbrahimova
Azərbaycanda ənənəsi olmayan bir
ilkə, yeniliyə imza atıb. O, elektron formatda, ədəbi-bədii,
publisistik məzmunda yazılar əsasında formalaşan,
"Karusel" adlı elektron jurnal təsis edib. Özü bu
barədə belə deyib: "Jurnalda həm təxəyyül
(fiction), həm də ədəbiyyatla əlaqəli
publisistik, elmi (non-fiction) yazıları yerləşdirilir.
Jurnalın əsas oxucu kütləsi sosial şəbəkələrdən
mütəmadi istifadə edən insanlardır. Məqsəd
müasir insana ədəbiyyatın rolunu və köməyini
anlatmaq, təklif etməkdir. Az qala hər şeyin
alınıb-satıldığı kapitalizmdə insanlar
yazı oxumağa sərf etdikləri vaxt müqabilində nə
isə qazanmaq istəyirlər. Bu zəmində
"Karusel" jurnalı az qala hər paylaşımda
"biblioterapiyaya, öz hekayəni yazmaq,
başqalarının hekayələrini oxumaq"la qazana biləcəklərimizi
vurğulayır. Jurnaldakı yazılar bəlli bir söz və
işarə limiti ilə müəyyən edilir, dinamik həyat
yaşayan müasir insanın vaxtı və oxumaq gücü
ilə ayaqlaşmağa, hesablaşmağa
çalışır. Jurnalın dizaynı və müəlliflərin
yazı tərzi maksimum dərəcədə müasir və
eleqant tendensiyalara uyğunlaşdırılır ki, bəzi
insanların ədəbiyyat haqqında pessimist, tünd rənglərlə
boyanmış təsəvvürləri yoxa
çıxsın. Jurnalda daha öncə hansısa mətbuu
orqanda çap olunmamış yazılar yerləşdirilir.
2022-ci il ərzində 10-a yaxın müəlliflə əməkdaşlıq
etmişik, iki şirkətdən maliyyə dəstəyi
almışıq. Bu platforma müasir dünyada məşhur
olan "patreon" ianə xidməti vasitəsilə də
maliyyələşir. Belə ki, jurnaldakı yazılar
öncə patronlarla paylaşılır, daha sonra ictimaiyyətə
açılır. 2023-cü ildən müəlliflər az da
olsa qonorar da ödənir".
2022-ci fəaliyyətə başlayan
ədəbiyyat, mədəniyyətyönümlü
yutub kanallarından biri də "RəybəRəy"dir.
Dörd nəfərlik komandan ibarət olan kanalın ideya
müəllifi bəndəniz Qismət Rüstəmov və tərcüməçi
Anar Rəhimovdur; çəkilişləri tanınmış
gənc rejissor Mətləb Muxtarov reallaşdırır.
Kanalın sosial media meneceri Taleh Rəcəblidir. Kanalın
açıqlama hissəsi belə yazılıb: "Ədəbiyyatdan
tutmuş yemək, səyahət kültürünə qədər
həyatın mədəniyyətlə kəsişdiyi hər
sahəylə bağlı rəngəbərəng söhbətlər".
"RəybəRəy" kanalı ilə bağlı Mətbuat
Şurasının sədri, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid öz yazısında belə
deyib: "Haqqında öncədən yayılan anonslardan
Yutubdakı "Rəybərəy" kanalının
uğurlu layihə olacağını təxmin etmişdim.
Amma bir qədər əvvəl Qismətin həmin kanalda Ceyms
Coysla bağlı söhbətini dinlədim və doğrusu,
həm təxminimdə yanılmadığım
üçün məmnun oldum, həm də kanalda sərgilənən
yüksək zövqə, peşəkarlığa görə
çox sevindim.
"Rəybərəy" kanalını,
orada yayımlanan dəyərli
verilişləri son zamanlar bu sahədə baş alıb gedən
zövqsüzlüyə qarşı çarələrdən
biri kimi görürəm. Belə maraqlı, sanballı və
gərəkli layihələr düşük şou meyllərinin,
get-gedə kütləviləşən səviyyəsizliyin
yaratdığı dərin məyusluqdan
çıxış yoludur.
Məncə, ədəbiyyata, sənətə
"Rəybərəy"də
olduğu kimi ciddi, peşəkar münasibət indi hər
zamankından daha vacibdir. Çünki belə münasibət
bu sahəyə ötəri əyləncə, asanlıqla məşhurlaşmaq
meydanı kimi baxanları, xüsusən də qrafomanları,
istedadsız, biliksiz həvəskarları qorxudub çəkindirəcək
gücdədir".
iyun-iyul,
2023
QİSMƏT
Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.21.