Şuşa ilinin uşaq ədəbiyyatı

 

Ədəbi proses-2022

 

2015-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı, Yazıçılar Birliyinin nəşriyyat rəhbərlərinin iştirakı ilə uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş müşavirə keçirildi. O zaman adıçəkilən sahənin diqqətdən kənarda qalması, yaranan nümunələrin zəifliyi, bəzi janrlarda isə ümumiyyətlə əsərlərin olmaması, nəşrlərin keyfiyyət problemləri haqqında fikirlər səsləndirildi. Uşaq ədəbiyyatının yaradıcılarının da iştirak etdiyi o müşavirədən sonra bu sahədə bir canlanma baş verdi. Ədəbiyyat İnstitutunda hər il keçirilən "Ədəbi proses" yaradıcılıq müşavirəsində uşaq ədəbiyyatı, onun ayrı-ayrı janrları haqqında xüsusi məruzələr edilməsi, 2017-ci ildə Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin yaradılması, yazarlarla bu sahənin tədqiqatçılarının müntəzəm ünsiyyəti tənəzzülünü yaşayan uşaq ədəbiyyatının inkişafına bir təkan verdi, desək, yanılmarıq. Artıq ölkəmizdə ilk dəfə 2022-ci ildə olmaqla Uşaq Ədəbiyyatı Festifalları keçirilir, Bakı EKSPO mərkəzində 10-dan çox ölkənin 60-dan artıq xarici təşkilatın iştirak etdiyi Beynəlxalq Kitab Sərgisində uşaqar üçün olan kitabların, nəşriyyatların xüsusi stendləri sərgilənir. Həmin sərgilərdə uşaqlara həsr olunan bədii əsərlərin təqdimat tədbirlərinin digər proqramlarla eyni səviyyədə olması, istər xaricdə, istərsə Azərbaycanda uşaqlar üçün müxtəlif antologiyaların, müntəxəbat ensiklopediyaların, biblioqrafik göstəricilərin dərc olunması, audio, video kitabların ərsəyə gəlməsi bu sahənin son illərdəki inkişafının bariz göstəricisidir. Əgər on il əvvəl biz uşaq ədəbiyyatının az sayda olan nümunələrindən danışırdıqsa, indi artıq Altun, Ting, Çıraq, Üç alma, Leylək, Tutu, Balabilgə, Libra, Qələm, Simurq, Dəyər, Mücrü, Günəş, İzə, Ağıllı bala bu kimi çoxsaylı nəşriyyatların fəaliyyətindən bəhs edirik. Uşaq yazarları ilə tez-tez görüşlərin keçirilməsi, müxtəlif tədbirlərin, müsabiqələrin təşkili uşaq ədəbiyyatının həm məzmunca, həm formaca keyfiyyət baxımından dəyişikliklərinə gətirib çıxarmışdır. "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin (ANİB), Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da bu sahədəki xidmətlərini qeyd etməliyik.

Konkret 2022-ci ildə yaranan nümunələrdən söz açırıqsa, mövzu müxtəlifliyi, janr rəngarəngliyi, müəlliflərin artıq ayrı-ayrı yaş qruplarını nəzərə alması diqqəti cəlb edir. 2022-ci il bildiyimiz kimi ölkə başçısının sərəncamı ilə Azərbaycanda "Şuşa İli" kimi qeyd olundu. haqqında danışacağımız uşaq ədəbiyyatının yaradıcıları da Zəfəri yeni yaşamış xalq kimi, çoxdandır bu mövzuya təşnə kimi Qarabağ mövzusunda, qələbə mövzusunda, savaş şəhidlik mövzusunda xeyli ədəbi-bədii nümunələr yaratmışlar. AYB-nin Uşaq ədəbiyyatı şöbəsinin rəhbbəri Qəşəm Nəcəfzadənin qurultay öncəsi məruzəsində dediyi kimi "Şuşa ayağa qalxandan, bir əlimiz qələm, bir əlimiz yumruq olandan bəri solmuş uşaq şeirinin bəti-bənizi özünə gəldi". Belə ki, hələ 2020-2021-ci illərdə Zahid Xəlil, Ələmdar Quluzadə, Solmaz Amanova, Sevinc Nuruqızı, Gülarə Munis, Mina Rəşid, Mehriban Nağıyeva, Əfsanə Laçın kimi müəlliflər öz yaradıcılıqlarında bu mövzuya müraciət etmiş, həm zəfərin yaşatdığı sevinc qüruru, həm müharibənin ağrı kədərinin bədii-poetik ifadəsinə nail olmuşdular. Amma biz diqqəti 2022-ci ildə yazılan əsərlərə yönləndirmək istəyirik.

Sevinc Nuruqızının "Zəfər Nəğməsi. Şuşa" əsəri bu mövzuda yazılmış ən yaxşı əsərlərdəndir. Gənc oxucuya xitabla başlayan əsərdə müəllif haqqında danışacağı qəhrəmanların heç nağıllardan, rəvayətlərdən gəlmədiyini, gerçək həyatda hər gün qarşılaşa biləcəkləri real insanlar olduqlarını, əfsanələrdən gəlməsələr , əfsanəvi hünərlər göstərən, Zəfər yolunun yolçuları olduqlarını söyləyir. Şuşanın ilahi gözəlliyindən, Şuşaya bəslədiyi ilahi sevgisindən söz açan müəllif yazır: "Həmişə mənə elə gəlib ki, Şuşa bu yurdun mehrabıdır. Şuşa bizim günahlarımızın yuyulduğu yerdir.

Mən Rəbbimi göylərdə axtaranlardan olmuşam. Zaman-zaman Onun qəlbimə köçdüyünü dərk etsəm , Onu axtaranda göy üzünə baxmışam. Həmişə düşünmüşəm ki, bu yurdun Rəbbinə keçən yolu məhz Şuşadan keçir. O dolamaları qalxanda səmaya bir pillə yaxın olursan, yerə bir pillə uzaq..." Sevinc Nuruqızı Şuşa haqqında bu kutsal duyğularını yazmaqla kiçik oxucusunu da sehirli Şuşa sevgisinin ağuşuna salır.

Daha sonra Şuşanın tarixinə ekskurs edən yazıçı onun təməlinin Pənahəli xan tərəfindən qoyulduğunu, bu əsrarəngiz məkanın biz nəslə onların əmanəti olduğunu xatırladır. "Pənahəli xan fikrində israrlı idi. Dağlar qoynunda qala ucaldacaqdı... 1750-ci ildə Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın tikintisinə başladı... Sədlər, istehkamlar, daş küçələr, hündür divarlar. Yerlə göyün arasında elə möhtəşəm bir qala-şəhər ucalırdı ki, təsviri dastanlara sığmazdı... Şuşa zirvədə doğan günəşin şüaları altında büllur şüşə kimi parıldadı... Göz qamaşdırdı qəhrəmanlar diyarı... Qədim yurd yerimiz, oduna-ocağına qızındığımız diyar..." "Zəfər nəğməsi" əsəri təkcə adından göründüyü kimi zəfər sevinci haqqında deyil. Müəllif mənfur qonşularımızın hələ birinci Qarabağ savaşından başlayaraq törətdikləri faciə fəlakətlərdən bəhs edən hekayələrlə gənc oxucuda o illərin tarixi hadisələri haqqında da təsəvvürlərini yeniləyir. Kəlbəcərin, Ağdamın, elə Şuşanın işğalı, Xocalı faciəsi haqqında hekayələr uzaq olmayan tariximizi bir daha yada salır. Zəfərə gedən yolun keşməkeşləri, çətinlikləri, ordumuzun əzmkarlığı, şərəflə şəhid olmağı seçənlərin şücaətləri müəllif tərəfindən maraqlı təhkiyə dialoqlarla təqdim olunur. "Zəfər nəğməsi Şuşa" əsəri həm gələcək nəsillər üçün bu gün nəfəs qədər yaxın olan tariximiz, qələbə uğrundakı savaşımız haqqında salnamədir, - desək, yanılmarıq.

Sevinc Nuruqızının Mədəniyyət Nazirliyi tərəfindən çap olunan "Pıçıltı" əsəri müharibə mövzusuna həsr olunub. Yer üzünün uşaqları, oyuncaqları, göyərçinləri terrora yox deyir! - deyən müəllif 2020-ci il Gəncədə baş vermiş hadisələri faciədə dəhşətlər yaşayan uşaqların acı taleyini əks etdirməklə əbədiləşdirə bilmişdir.

Bundan əvvəl detektiv janrda yazdığı "Əjdaha qardaşlığı. Şirvanşahlar xəzinəsi" kitabı ilə uşaqlara tanış olan Mürşüd İsmayılzadə Şuşa İlində "Zəfəri yaşayanlar, yaşadanlar" əsəri ilə oxucuların görüşünə gəlmişdir. M.İsmayılzadə "Vətən qəhrəmanları ilə tanınır" - devizi ilə oxuculara zəfəri yaşadanların şərəfli döyüş yolundan hekayələr təqdim edir. "Qarabağlı xatirələr" başlığı altında verilən "Çiçəklərin söhbəti", "Ceviz ağacının dibindəki xəzinə", "Bulağın ad günü" kimi hekayələr maraqla oxunan bədii nümunələrdi. Müəllifin "Bulağın ad günü" hekayəsində bulağın ikinci doğuluşu kimi təqdim etdiyi təqvim gününü əslində bütün azad olunmuş yurd yerlərinə şamil etmək olar. İşğaldan sonra ikinci həyatını yaşayan, doğma sahiblərinə qovuşan hər kənd, hər oba, dağlar, çaylar yeni mövlud gününü yaşamağa başlayır. Daha sonra kitabda şəhid qazilərin həyat hekayələrindən ibarət bədii oçerklər təqdim edilir.

"Göyərçin" jurnalının 2022-ci il sayları haqqında ayrıca danışmaq istəyirəm. Jurnal il boyu balacalar üçün "Bilik klubu", "Təbiət guşəsi", "Yumor dünyası", "Qədim dərsliklərimizdən" kimi rubrikalar, müxtəlif xalqların - italyan, ispan, hind, ukrayna, belarus, koreya, rus mordovların kiçikhəcmli maraqlı nağıllarını təqdim etmişdir. Jurnalda həmçinin Abdulla Şaiq, Yusif Əzimzadə, Səməd Vurğun, Nigar Rəfibəyli, Süleyman Rəhimov, Süleyman Rüstəm, Hüseyn Abbaszadə, Mirvarid Dilbazi, Əzizə Türkan kimi kllasiklərin vaxtı ilə uşaqlar üçün yazdığı bədii örnəklər, Zahid Xəlil, Ələmdar Quluzadə, Aləmzar Əlizadə, Ələsgər Əlioğlu, İbrahim Yusifoğlu, Kamil Araz kimi çağdaşlarımızın Əyyub Türkay, Zaur Ərmuğan kimi gənclərin yaradıcılığından ayrı-ayrı nümunələr kiçik oxuculara təqdim olunmuşdur. Bütün bunlarla yanaşı, Şuşa mövzusu, Zəfər mövzusu, ümumilikdə Qarabağ mövzusu jurnalın ana xətti olmuş, hər nömrədə adıçəkilən mövzu ilə bağlı uğurlu nəsr nəzm nümunələri əks olunmuşdur. Böyük qayıdışın, Zəfər Yolunun, Azərbaycan əsgərinin şücaətinin, ağıllı kəndin əsas movzu olduğu bu əsərlərdə xalqımızın əzmkarlığından, çətin məqamlarda bir yumruq kimi birləşməsindən, işğaldan azad olunmuş yurd yerlərindən bəhs olunur. Bu əsərlərdə Cıdır düzü, Xarıbülbül Şuşanın atributları kimi vəsf edilir.

XIX əsrin əvvəllərində Ağabəyim ağanın sədaqətin, etibarın, həm qürbət eldə hicran həsrətin, XXI əsrdə Azərbaycan əsgərinin Zəfərin, şərəflə şəhadətə yüksəlməyin rəmzinə çevirdiyi xarıbülbül, 2022-ci ilin uşaq ədəbiyyatında bütövlükdə Şuşanın, Qarabağın simvolu kimi görünür.

Jurnalın redaktoru Rafiq Yusifoğlu "Vurulmuşam Şuşaya" şeirində demək olar, bu müqəddəs şəhərin poetik obrazını yaratmış, onun həm tarixi simasını, həm coğrafi xarakteriskasını, həm mənəvi anlamını ifadə etmişdir. Rafiq müəllimin jurnalın müxtəlif saylarında çıxan şeirlərində zəfər sevinci ilə yanaşı müharibə, onun acısı, uşaqların həyatında yaratdığı böyük boşluqlar da öz əksini tapır. "Şar balaca qız" şeirində bir şəhid övladının atasının müharibəyə getməzdən əvvəl üfləyib ona verdiyi şarı gecə-gündüz qorumasından, əlindən yerə qoymamasından bəhs edir:

 

Püləyərək doldurub,

Həmin şarı atası.

Döyüşdə şəhid olub,

Bu qız qalıb atasız...

Gör necə möhkəm tutub,

Bu qız şarın sapını?!

Çünki bu şar azaldır,

Körpənin əzabını...

Onu göz bəbəyitək

Qorumağa çalışır.

Bu qıza baxan zaman

Ürəyimiz alışır.

Bir gün toxtaqlıq verib,

Söylədik ki, Süsənə:

qədər istəyirsən,

Şar alarıq biz sənə!

Qız etiraz elədi,

Üzünü bulud aldı.

Elə söz söylədi ki,

Əlim üzümdə qaldı.

- Özünüzü yormayın,

Bu şarın əvəzi var?

Axı onun içində,

Atamın nəfəsi var...

 

Şeir müharibənin uşaqların həyatında yaratdığı boşluğu, onlara vurduğu mənəvi zərbəni, dağıtdığı saf dünyalarının acı yaşantılarını əks etdirir. Qeyd edək ki, "Göyərçin"in kitabxanası seriyasından dərc olunan "Şuşa yolu - Zəfər yolu" adlı xüsusi buraxılışda Rafiq Yusifoğlunun özünün müəllifi olduğu hekayə nağıllar verilmişdir ki, bu nümunələr uşaqlarda vətənpərvərlik hissini aşılayan, böyük tərbiyəvi-estetik əhəmiyyətə malik əəsərlərdir.

Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqların sevimli yazarı dostu, 2022-ci ildə 80 illiyini qeyd etdiyimiz Zahid Xəlil bildiyimiz kimi, 2021-ci ildə "Dəmir Yumruq dastanı"nı yazmışdı. Elə həmin əsərdə deyilir ki, hər xalq dastan yarada bilməz. O xalq dastan yaradır ki, onun mübarizə tarixi var, çətinliklərlə mücadilə tarixi var Zahid müəllim "Dəmir Yumruq dastanı"nı yazmaqla həm göstərdi ki, Azərbaycan xalqı tarixin hər dönəmində dastan yarada bilən xalqdır. Dəmir yumruq obrazına vaxtında dəyərli dastan həsr edən yazıçı əsərin "Ulu öndər, dədə Heydər" adlanan ikinci hissəsini 2022-ci ildə yazmışdır. Əsərin əsas qayəsi istər Zəfər çalmağımızda, istər Qarabağda bu gün gedən quruculq işlərində, böyük qayıdışda milli öndərin, onun ideyalarının böyük rolunu göstərməkdir. Bu gün abadlaşan, yenidən canlandırılan yurd yerlərimizdəki işıqlarla ürəklərdəki, əməllərdəki işığın arasında mənəvi bağ görən şair yazır:

 

İşıq Allahın nuru,

Bulaq kimi təmizdi.

İşıq var ki ürəkdə

Çağlayan bir dənizdi.

Ətrafına yaxşı bax,

Gül qönçəsi işıqdı.

Dünyaya ilk göz açan

Körpə səsi işıqdır.

 

Uşaq ədəbiyyatını xalqımızın ən qiymətli sərvəti hesab edən, "Uşaqlar üçün yazmaq onsuz da vətənə xidmətdir. Amma yaxşı yazmaq, onların əxlaqi tərbiyəsinə, davranış kamilliyinə yol açan mətnlərlə meydanda olmaq, - bu artıq milli mənafe, milli təəssübkeşlik hadisəsidir", - deyən həmkarım, filologiya elmlər doktoru Elnarə Akimovanın böyük ədəbi-estetik zövqlə tərtib etdiyi "Azərbaycan uşaq ədəbiyyatından seçmə əsərlər (şeir, nəsr, dramaturgiya)" antologiyası 2022-ci ildə Türkiyədə nəşr olunmuşdur. Akademik İsa Həbibbəylinin geniş ön söz yazdığı, Türkiyədən doç.dr. Soner Sağlam, Yaşar Sözen Özgür Koray Yılmazın Türkiyə türkcəsinə çevirdiyi çapa hazırlanmasına böyük dəstək göstərdikləri bu dəyərli nəşrdə ümumilikdə 52 şeir, 15 hekayə 2 dram əsəri yer almışdır. Azərbaycanın himninin sözləri ilə başlayan antologiyada Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Almas İldırım, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əlağa Vahid, Səməd Vurğun kimi klassiklərin əsərləri ilə yanaşı müasir uşaq ədəbiyyatının yaradıcıları Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə, İbrahim Yusifoğlu, Mina Rəşid, Sevinc Elsevər, Aygün Bünyadzadənin yaradıcılığından bədii nümunələr təqdim olunmuşdur. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə Türkiyə-Azərbaycan dostluğuna həsr olunan bu kitab həm Azərbaycan uşaq ədəbiyyatını bütün türk dünyasına tanıtmaq baxımından, həm bu yöndə atılan ilk addım olması baxımından böyük əhəmiyyətə malikdir ümid edirik ki, bu cür layihələr davamlı xarakter daşıyacaq.

Yuxarıda qeyd etdik ki, 2022-ci ildə meydana çıxan əsərlər həm mövzu rəngarəngliyinə görə fərqlənir. Belə ki, müharibə zəfər mövzusuyla yanaşı uşaqların maraqlarını müxtəlif aspektlərdən diqqətdə saxlayan yazarlarımız macəra dolu, detektiv, fantastik əsərlər yazmışlar.

Həm Azərbaycanda, həm qardaş Türkiyədə əsərləri çap olunan oxucular tərəfindən həvəslə oxunan Reyhan Yusifqızının ötən ildə "Qapı arxasında o", "Diribaş qızlar klubu" (Azərbaycan), "Dəcəl ilbizlər" ("Yaramaz denizanaları" - Türkiyə) kitabları dərc olunmuşdur. Bütün yaş qruplarında olan oxucuları nəzərə alan Reyhan xanımın "Dəcəl İlbizlər" əsəri 5-7 yaş qrupu üçün yazılıbsa, digır iki əsər yeniyetmələr üçün yazılmışdır. "Diribaş qızlar klubu" lisey şagirdi olan bir neçə qızın məktəbdə klub yaratması, müxtəlif dünyagörüş maraq dairəsinə mənsub olan yeniyetmələrin bir-birləri ilə dil tapması kreativ ideyaları ilə həyatlarını maraqlı edə bilmələrindən bəhs olunur. Artıq bizim ədəbiyyatımızda da belə macəra dolu, yeniyetmələr üçün yazılan əsərin mövcudluğu ürəkaçandır. "Qapı arxasında o" əsəri bir yeniyetmə oğlanın başına gələn hadisədən bəhs edir. Maraqlı süjet xətti olan bu əsərdə Ümid adlı oğlanın çətin məqamlarda verdiyi qərarlardan, yaxşı əməlləri ilə bir insanı həyata qaytarmasından, bilməyərəkdən illərdir üstü örtülü qalan bir cinayət işinin açılmasındakı rolundan bəhs edir. Peşə etibarı ilə müəllim olan Reyhan xanım başqa əsərlərində olduğu kimi bu əsərində kiçik oxucuya həm nəyisə öyrətməyə, onu maarifləndirməyə çalışır. Ümidlə atasının dialoquna nəzər salaq: Atası diqqətlə oğlunun gözlərinə baxdı. Sanki Ümidin qorxub-qorxmadığını bilmək istəyirdi: - Bilirsən, şimşək necə yaranır?- soruşdu.

- Əlbəttə! - Oğlan dərs kitabında oxuduqlarını yadına saldı. - Yerdən qalxan buxarlar sıxlaşıb bulud əmələ gətirir. Su hava molekullarının sürtünməsindən elektrik yaranır. Şimşək elektrik boşalmasıdır.

- Atası güldü: - Afərin sənə! Bunları bilirsənsə, deməli, şimşək çaxmasından qorxmursan.

Əsərlərinin üslubu, dilinin sadə axıcılığı Reyhan Yusifqızı əsərlərini daha da oxunaqlı edir.

Yuxarıda müharibə mövzusunda olan əsərlərindən söz açdığımız Sevinc Nuruqızının ötən ildə yüksək tirajla, bir neçə dildə çap olunan "Melisa" əsərini qeyd etməliyik. Əsər Melisa adlı bir gəlinciyin həyat hekayəsidir. Zaman-zaman kiçik sahiblərini dəyişən, əldən-ələ düşən Melisanın həyat hekayəsi fonunda neçə-neçə xoşbəxt uğursuz taleyi olan uşaqların, ailələrin həyatı təsvir olunur. Sosial şəbəkələrdəki müşahidələrimizə əsasən deyə bilərik ki, "Melisa" kiçik oxucular tərəfindən çox bəyənilmişdir.

Uşaq yazarı Vüqar Haqverdiyevin 2022-ci ildə iki kitabı - elmi-fantastik janrda yazdığı, "Balabilgə" nəşriyyatında çap olunan "Zaman maşınında səyahət: Qırmızı adamlar planeti" əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə dərc edilən "Döyüşçünün zirehli hərbi geyimi" hekayəsi işıq üzü görmüşdür. Qeyd edək ki, "Döyüşçünün zirehli hərbi geyimi" Mədəniyyət Nazirliyinin keçirdiyi "Muzey eksponatının hekayəsini sən danış" müsabiqəsinin "ən yaxşı hekayə" nominasiyasının qalibi olmuşdur. Hekayə Azərbaycan Milli İncəsənət Muzeyində qorunan bir eksponatın ekskursiyaya gələn məktəblidə yaratdığı maraqlı təəssüratlardan bəhs edir. Müəllifin ötən il həmçinin iki pyesi səhnəyə qoyulmuşdur. Kiçikyaşlı uşaqlar üçün yazılmış, xalqımızın milli bayramı Novruza onun atributlarına həsr olunan "Saçları səməni oğlan" pyesi Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, uşaqların maraqla izlədiyi "Qarınqulu ayı" əsəri isə Bakı Uşaq Gənclər Teatrı tərəfindən səhnələşdirilmişdir.

Müxtəlif janrlara mövzulara müraciət edən, müasir uşaq ədəbiyyatının yaranmasında xidməti olan Qəşəm İsabəyli əvvəlki illərdə yazdığı əsərlərini toplayaraq iki cilddə çap etdirmişdir. Şeir poemalardan ibarət olan birinci cild 2022-ci ildə nəşr olunmuşdur. Müəllifin ötən il həmçinin müxtəlif mətbuat orqanlarında yeni yazdığı əsərləri çap olunmuşdur.

Əvvəlki illərdə "Vətən nəğməsi", "Göy yerə zəng eyləyir", "Payızda üşüyən çiçək" kimi bir cox kitabların müəllifi İbrahim Yusifoğlunun 2022-ci ildə "Qıymayın balalara" kitabı nəşr olunmuşdur. "Bu il Şuşa ilidir", "Zəfər nəğməsi", "Ağdam şəhəri", "Şuşa", "Əsgər inamı", " Hava durumu" şeirlərində Böyük Vətən Müharibəsi qələbənin bəxş etdiyi sevinc hisslərindən bəhs olunur. Uşaqların gözlərində sevinc, üzlərində həmişə təbəssüm görmək istəyən şair üzünü müharibə iğtişaşlar törədən böyüklərə tutaraq yazır:

 

Arzuları tumurcuq,

İstəkləri qönçədi.

Yaşamaq həvəsləri

Hər istəkdən öncədi.

Baxışları ovsunlu,

Gülüşləri incədi.

Dünyanın sinəsinə

Vurmayın ağır yara,

Ey insan qatilləri,

Qıymayın uşaqlara!

 

Kitabda həmçinin müəllifin "Pəhləvan" adlı üçpərdəli pyesi yer almışdır.

Nurlanə Məmmədovanın (Nurlanə İşığın) "Nağıllar işığında" adlı kitabı dərc olunmuşdur. Qeyd edim ki, Nurlanə xanımın 2022-ci ildə həmçinin Türkiyədə zəlzələ zamanı həyatını itirən, Azərbaycan ədəbiyyatının dostu Abdulkadir Özkanın türkcəyə çevirdiyi "Havuç suyu" adlı kitabı da nəşr olunmuşdur. Yazarın "Şlyapalı dayanacq", " şar", "Sığınacaqdakı gül", "On yaşın qəribəliyi" kimi bir qədər real, bir qədər fantastik çalarlı hekayələri uşaqların xəyal dünyasını genişləndirən, eyni zamanda düşüncələrə qərq edən maraqlı bədii nümunələrdir.

Uşaqların maraq dünyasını həmişə diqqətdə saxlayan maraqla oxunan Amin Orucovun haqqında danışdığımız ildə "Ayı üçün qış yuxusuna getmədi?" adlı kitabı nəşr olunmuşdur.

Bu gün bölgələrimizdə uşaq ədəbiyyatının layiqli nümunələri yaranmaqdadır. Naxçıvanda Kamil Araz, Elxan Yurdoğlu, Gəncədə İnqilab İsaq, Aləmzər Əlizadə, Goranboyda Ələsgər Əlioğlu, Ağcabədidə Zahid Afşar Eloğlu, Lənkəranda Əyyub Türkay, Astarada İlham İlhami başqalarının yaradıcılığını buna misal çəkə bilərik. Uşaq dünyasına yaxından bələd olan, onlar üçün yazılmış bir neçə kitabın müəllifi, Naxçıvanda yaşayıb yaradan Kamil Arazın 2022-ci ildə "Nənəmin nəsihəti" adlı kitabı işıq üzü görmüşdür. Kiçikhəcmli bu kitabda şairin "Dilimizin yaddaşı", "Nənəmin duası", " Barış istəyirəm" kimi maraqlı şeirləri yer almışdır. Kitabda təqdim olunan ilk şeir isə "Azad Şuşa" adlanır. Övladlarına evdə həmişə "divarı yazmaq olmaz" tövsiyəsini edən ata ikinci Qarabağ savaşı başlayanda müharibəyə yollanır, torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqlar göstərir bir gün cəbhədən ailəsinə bir videoyazı göndərir. Ata bu videoda düşməndən azad etdikləri Şuşada bir divara "Sən azadsan, ay Şuşa!" sözlərini yazırdı. Bu maraqlı şeirdə şair demək istəyir ki, bəzən böyüklər mövzu ülvi duyğular, müqəddəs dəyərlər olanda öz dediklərinə əməl etməyə bilir, amma bu qınağa yox, əksinə böyük sevinclərə səbəb olur.

Lənkəranda yaşayan gənc şair Əyyub Türkayın 2022-ci ildə uşaqlar üçün iki şeir kitabı - "Sovqat" "Balacaların şeir çələngi" çap olunmuşdur. Təbiəti, ətraf mühiti, ənənə dəyərləri azyaşlılara sadə dildə anladan, öyrədən şair həm onlara vətən sevgisi, elmə, biliyə, işgüzarlığa həvəs aşılayır. Poetik təsvirinə bir qədər yumor qatan, bu istiqamətdə azyaşlıların hazırcavablığından yararlanan müəllif balacalar üçün maraq kəsb edən nümunələr yarada bilmişdir. Təmsil, tapmaca kimi janrlara müraciət etməklə həm oz yaradıcılığına rəngarənglik qazandırmışdır. Əyyubun şeirlərinə balacaların saf dünyasından süzülən işıq səmimiyyət gənc şairin gələcəkdə daha da gözəl poetik nümunələr yaradacağından xəbər verir.

Adlarını çəkdiyimiz, ola bilər çəkmədiyimiz müəlliflərin kitabları ilə yanaşı, il ərzində mətbuat orqanlarında, ayrı-ayrı dərgi toplularda uşaq ədəbiyyatından müxtəlif nümunələr yer almışdır.

Bütün deyilənlərə yekun vuraraq qeyd edək ki, bu gün uşaq ədəbiyyatının gözəl, dəyərli nümunələri yaranır, bu nümunələr əvvəlki dövrlərdəki kimi yalnız təsvir, tərənnüm, maarifləndirmək, estetik zövq aşılamaq xarakteri daşımır. Eyni zamanda, milli məfkurənin, azərbaycançılıq ideologiyasının formalaşması, vətənə, torpağa, tarixi-mənəvi bağlara dərindən bağlanmaq kimi milli-mənəvi düşüncənin inkişafına təkan verir, təbiəti, ümumilikdə dünyanı qorumağı təlqin edir. Nikbin notlarla bitirmək istədiyim yazımın sonunda vurğulayım ki, uşaq ədəbiyyatı xəzinəmiz yenidən zənginləşir, o müasir uşaqların, yeni dünyaya inteqrasiya olunan gəncliyin estetik tərbiyəsinin, bədii zövqünün formalaşmasında gözlənilən funksiyanı yerinə yetirə bilir.

 

Aygün BAĞIRLI

 

Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.22-23.