Gənc şairlər, sözüm sizədir...

 

Ədəbi proses-2022

 

Söhbət ikimininci illərin ədəbi gəncliyindən gedir hər bir ədəbi mərhələdə olduğu kimi, bu mərhələdə şeir birinci sıradadır. Şeir yazan cavanların da sayı çox. Ancaq məsələyə gənc şairlərin sayca-kəmiyyətcə çoxluğuna görə deyil, ən başlıcası, bir-birindən seçilən fərqli poetik düşüncə tərzinə, mövzu ilə onun poetik həllinin vəhdətinə, fərdi üslubi xüsusiyyətlərinə, obrazlı ifadə tərzinə, şeir mədəniyyətinə yiyələnmək bacarığına görə diqqət yetirək. Açığını deyək: bu gün ədəbi gəncliyin şeir mənzərəsində adları ümidlə səsləndirilə biləcək az deyil, - ikimininci illərdə ədəbiyyata gələn son illərdə ədəbi mühitdə fəallığı ilə seçilən bu gənc şairlər artıq yaradıcılıqlarının formalaşma mərhələsini başa vururlar. Amma burada bir məsələni aydınlaşdırmaq lazımdır. Görünən odur ki, ikimininci illərdə, yəni ötən bu iyirmi üç il ərzində şeirimizdə yeni bir nəsil formalaşıb. Hətta bu nəsil yaş etibarilə iki zamanı özündə əks etdirir, nəslin birinci zamanı 2000-2010-cu illəri, ikinci zamanı son 12-13 il ərzində ədəbiyyata gələn gəncləri əhatə edir. Qəribədir deyəcəksiniz, ikimininci illərin əvvəllərində ədəbiyyata gələn, indi artıq az-çox tanınan bir şairlə son beş il ərzində "Ulduz" jurnalında öz şeirlərini çap etdirən bir cavan şairi eyni ədəbi nəslə necə aid etmək olar? Məsələ burasındadır ki, mövzu, yazı tərzləri, həyata baxışları etibarilə onları bir arada birləşdirən xətlər diqqətdən yayınmır. Onların öz şeirlərində hansı ədəbi cərəyana üz tutmaları, hansı vəznə daha çox müraciət etmələri, şeirimizdə hansı ənənələrə yiyələnmələri geniş bir söhbətin mövzusudur. Amma söhbət şeirdən gedirsə biz yeni ədəbi nəslin yaradıcılığına münasibətimizi bildiririksə, ilk növbədə, verəcəyimiz sualların ən birincisini nəzərə çarpdıraq: bu gənc şairlər müasir poeziyamızda özünəməxsusluğu ilə seçilə bilirlərmi, yəni bu nəsil öz ədəbi mövqeyi, səs nəfəs seçimiylə diqqəti cəlb edirlərmi? Bizim gənc şairlərin şeirlərində yaşadığımız həyatın müxtəlif problemləri əks olunurmu? Ən böyük problem - müharibə, Qarabağ, müstəqilliyimiz XXI əsr Azərbaycan insanının duyğu düşüncələri onların şeirlərində necə əks olunur? Elə bu sonuncu sualdan başlayaq.

Deyə bilərik ki, cavan şairlərin əksər qismi Vətən müharibəsi qələbəmizlə bağlı şeirlər yazmışlar. Onların bir çoxu - Emin Piri, Seymur Atilla, Həsən Kür, Elvin İntiqamoğlu, İlkin Elçin, Nicat Ağayev, Cavid Qasımov, Kərəm Aydın, Toğrul Kərimli, Səbuhi Qurbanov İkinci Qarabağ müharibəsində döyüşçü kimi iştirak etmişlər. Dörd şəhid şairimiz var - Rasim Abdullayev, Murad Hacıyev, Şahgündüz Cabbarov, Rüfət Əhmədzadə... Onların şeirləri "Əbədi sevgi-əbədi vətən" toplusunda əks olunub. Bundan başqa "Barıt qoxulu sətirlər" toplusunda 15 qazi şairin şeirləri ilə tanış oluruq. İstər şəhid şairlərin, istərsə qazi şairlərin əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra doğulmuşlar. Müharibə təkcə qəhrəmanlar, igidlər yetirmir, müharibə həm şairlər yetirir. Adlarını çəkdiyim qazi şairlər içərisində üç imzanı daha çox fərqləndirmək istərdim - Emin Pirini, Həsən Kürü Elvin İntiqamoğlunu. Onların şeirlərində müharibənin özü , onun doğurduğu faciələr , döyüşçü psixologiyası da əks olunur.

Gənc şairlərin son illərdəki şeirlərinə diqqət yetirdikdə iki cəhəti xüsusilə nəzərə çarpdırmaq istəyirik. Birincisi: onların şeirlərinə mövzu baxımından yanaşaq - dahi Belinskinin heç vaxt köhnəlməyən bir fikrini xatırlayaq: "Həyat haradadırsa, poeziya da oradadır deməli, poeziya üçün məzmun da oradadır, yalnız məzmun hər bir şairin - həm dahi, həm sadəcə istedadlı şairin həqiqi meyarı ola bilər". İndi belə bir sual meydana çıxır - gənc şairləri düşündürür? Deyə bilərik ki, həm şəxsi, həm ictimai həyatda rastlaşdıqları, müşahidə etdikləri, duyduqları düşündükləri varsa, çox şey. Həyat onların gözləri qarşısında cərəyan edir, onların əksəriyyəti gerçəkliyin bu mürəkkəb, xaotik, hər günü dünyada məmləkətdə baş verən hadisələrin, olayların içində yaşayırlar, gənc şairlər sevgidən çox yazırlar - onlar öz fərdi dünyalarında çox çırpınırlar, bir çox şeirlərində özlərinin daxili-ruhi aləmini, həyata, gerçəkliyə münasibətini ifadə etməyə can atırlar. Heç o fikirdə deyilik ki, onların şeirlərində müasir həyata, gerçəkliyə baxış bucağı o qədər əhatəli deyil. Təbii ki, onları bir çevrədə birləşdirən xətlər var, öncə onları qeyd etdik, amma bu birləşdirici xətlərdə bəzi məqamlar var ki, yekrəngliyə, məhdudluğa da yol açır. Oxuyursan onların şeirlərini, bu cavanlar qədər darıxmaqdan söz açırlar, bu cavanlar qədər tənhalıqdan, həyatlarında baş vermiş sevgi uğursuzluqlarından, hətta ölümdən söz açırlar? Darıxan şairlərin darıxan şeirlərində darıxmaq öz adi, lokal mənasından kənara çıxmır. Təklik tənhalıqdan söz açan şeirlərdə həmçinin... Yəni bir qızdan ötrü, onun gedişiylə - uzaqlığı ilə bağlı çəkilən qəmlər... Burada Əli Kərimin bir şeirindəki misraları xatırlamalı olursan: "Tənhalıq boşluq deyil - səni gözləyən varsa. Gözləyənin yoxdursa, tənhalığın da yoxdur. Harda dünya başlayır, hamısını sən bilmirsən, harda dünyayla birləşirsən, onu da bilmirsən. Yaşayırsınız - bir-birinə bir ümid şüası verməyən pis qonşular kimi. Tənhalıq istəyirəm - Böyük, dərin, dolu tənhalıq!".

Unutmayaq ki, indi gənc şairlər hər cür qadağadan, nəyi yazıb-yazmamaq düşüncəsindən azaddırlar - indi müstəqillik dövründə mənən çox sərbəstdirlər. Təbii ki, yazmaq-nədən yazmaq əsas həlledici deyil, istənilən mövzunu bədii idrakın süzgəcindən keçirmək, obrazlı ifadə tərzilə, bədii təsvir vasitələri ilə onu əsl şeir həddinə çatdırmaq lazımdır. Bu baxımdan yanaşsaq, bizim gənc şairlərin 2020-2022-ci illərdə yazdıqları şeirlərin adlarını çəkə bilərik - o şeirlər ki, fikirlə hissin vəhdətindən yaranıb. O şeirlər ki, mərhum Aydın Məmmədovun söylədiyi kimi: "soyuq hesabdar məntiqi ilə çeşidlənməyib", "xoşbəxt sonluq, yarımfəlsəfi, yarımnəsihət tövsiyələrlə dolu deyil", "konveyir üsulu ilə "istehsal olunmuş", bərbəzəkli, ölçü-biçili, "nizamlı şeir" formullarından ibarət deyil". Ramil Əhmədin "Sevgi şeiri", "Məktub", "Amerika", Səddam Laçının "Otuz yeddi", İntiqam Yaşarın "Payız ağlayır", "Bir udum Vətən", "Hirs tökülür bu dünyaya", Ülkər Nicatlının "Ağdam", Həsən Kürün "Sığınacaq", Aysel Nəsirzadənin "Körpələr evi", Allahşükür Ağanın "Qar dənəciyi teoremi", Aysel Fikrətin "Şəhid balasına", Taleh Mansurun "Fələk dostum", Fuad Cəfərlinin "Əli qabarlı şəkillər", Nilufər Şıxlının "Həyat həndəsəsi" şeirləri, zənnimcə, müasir şeir anlayışına uyğun gəlir. İstəyirik həmin şeirlərdən birini səsləndirək. Şeirin müəllifi qazi şair Həsən Kür, şeirin adı "Sığınacaq".

 

Yetimlər evinin darvazasına

Körpə qız atdılar bir axşamçağı.

Əynində qırmızı toxunma köynək,

Əlində ucuz bir qız oyuncağı.

 

Yudular üzünün yaş ləkəsini,

Yataq düzəltdilər küncdə, bucaqda.

İlahi, bircə boş otaq yox idi,

Bədbəxtlərlə dolu sığınacaqda.

 

Hər şeydən xəbərsiz idi qızcığac,

Bilmirdi yatdığı yataq kimindi.

Gözü qapıdaydı, elə bilirdi,

Atası, anası gələcək indi.

 

Heç kimi yox idi daha o qızın,

ata var idi, ki, ana.

Ata ön cəbhədə vurulan gecə

Ana dözməmişdi qəmə, hicrana.

 

Gənc şairlərin yaradıcılıq axtarışları davam edir deyə bilərik ki, onların əksəriyyəti sözə poetik məna vermək, bədii təsvir vasitələrinin yeni, hələ işlənməmiş çalarlarını şeirə gətirmək, hecada da, sərbəstdə , əruzda da diqqəti cəlb edən nümunələr yaratmaq, şeirdə Azərbaycan dilinin gözəlliklərini özəlliklərini hifz etmək... bax, bu keyfiyyətləri alqışlayırıq. Onların şeirlərində Azərbaycan poeziyasının yaşarı ənənələrini görməmək mümkün deyil. Əlbəttə, XXI əsr Azərbaycan insanının mənəvi həyatı, mübarizəsi, duyğu düşüncələri əksər hallarda gənc şairlərin yaradıcılığında hələ öz dolğun əksini tapmır, deyək ki, onların bir çoxu həyatı otaqlarındakı pəncərədən seyr etməklə bitir, amma ümidsizliyə qapılmırıq, onların öz şeirlərində cəmiyyət təbiətə endiklərinin şahidi olacağıq.

Son on-on üç ilin Azərbaycan poeziyasında ədəbi gəncliyin səsi aydın eşidilir. bir oxucu-tənqidçi kimi mən onların yaradıcılığını, mətbuatda çap olunan yazılarını şeir kitablarını izləyirəm, həm nikbin qənaətdəyəm. Bu cavanlar müstəqillik dövrünün uşaqlarıdır, onun ab-havası ilə nəfəs alan, azadlığın - söz demək, Qlavlitsiz fikir söyləmək, çap olunmaq maneəsi ilə üzləşməyən cavanlardır. Onlar üçün zahirən mövzu məhdudluğu da görsənmir, şeirin bütün janrlarında qələm sındırırlar s. Bu məqamda gənc şairlərlə bağlı bir-biriylə sıx əlaqəli iki sual məni düşündürür: Özünəməxsusluq, təzə səs nəfəslə seçilirlərmi bu gənclər? Əlbəttə, burada söhbət son üç ildə gənc şairlərin çap etdikləri şeirlərindən şeir kitablarından gedir.

Özünəməxsusluq hər bir sənətkarın fərdi simasıdır, onun yaradıcılığında seçilmək, fərqlənmək imkanlarının nəzərə çarpmasıdır. Elə şair var ki, o, ilk yazılarından məhz bu özünəməxsus fərdi keyfiyyətləri ilə seçilir, onun sonrakı inkişafı bu xətt üzrə davam edir. Özünəməxsusluq üslub məsələsidir fərdi üslubi müəyyənlik deməkdir. Bu baxımdan, mən son üç ildə kimləri fərqləndirə bilərəm? Təbii ki, bu suala birmənalı şəkildə müsbət cavab verə bilməyəcəyəm. Deyim ki, Emin Piri, Fərid Hüseyn, Şəhriyar del Gerani, Ulucay Akif, Ümid Nəccari, Səddam Laçın, Ramil Əhməd artıq özünəməxsusluğa, seçilməkliyə müəyyən dərəcədə nail olublar. Bu şairlərin içərisində yaşca ən cavanı Ramil Əhməddir. Onun "Zaman tuneli" adlı ilk şeirlər kitabı çapdan çıxıb. Orijinal ifadə tərzi ilə seçilir, əgər belə demək mümkünsə, şeirin tunelindən keçə bilir. O, müharibə görməyib, Birinci Qarabağ müharibəsi bitəndə dünyaya göz açıb. Amma onun "Müharibə" silsiləsindən olan şeirləri Ramilin mənsub olduğu nəslin təəssüratlarını ifadə edir.

 

Biz atamızın ayaqqablarına,

köynəklərinə,

dolabda tozlanan

siqaret qoxulu boz pencəyinə baxıb

böyüdük.

"Ata" dedik divardan baxan şəklə,

şəkil kimi

yaraşıqlıydı atamız,

şəkil atamız.

 

Doxsanıncı illərdə doğulan gənc şairlərin şeirlərində görünən bu atasızlıq sindromu, uşaqlığın müharibə dəhşətləri ilə yüklənməsi poeziyada yeni bir hadisə deyil. Vaxtilə İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər" poemasında da bunu izləmişik. Gənc şair Aqşin Evrənin şeirlərində müharibənin uşaq yaddaşında necə əks olunmasını izləyirik:

 

Yadıma gəlir -

Tank lüləsinə bayraq bağlayan uşaqlar idik.

Onda əlimiz çatmırdı 94-ün divarda təqviminə.

Elə o vaxtlar başa düşdük ki,

uşaqlığımızın

güllələnmə əmri çoxdan verilib.

 

Özünəməxsus poetik düşüncə tərzi ilə seçilən bir gənc şairdən söz açmaq istəyirəm. Tural Turan hər şeirində əşya predmetlərə, mənəvi-hissi münasibətlərə yeni məna verməyə çalışır onun şeirlərinin özəlliyi bədii təsvir vasitələrinin, xüsusilə metaforaların işlənməsidir. Özü bu təsvir vasitələri poetik düşüncəsinin sərbəstliyindən doğur. O deyir ki: "Sənin gülüşlərin üşüyür bir az, mənimsə ovcumda bir cüt ayrılıq çiçəkləyir". O deyir ki: "Yanan kibrit çöpünün kölgəsində çırpınır, nəbzi yavaş vuran saat əqrəbləri... Hər damla göz yaşı təslim olmaq istəyən əsgərin bayrağıdı". O deyir ki: "Uzadır əlini gur bulaq səsi, Uzadır bir çayın lal notlarına". Əlbəttə, bütün bu metaforalar digər gənc şairlərin şeirlərində təsadüf olunur, amma hər hansı şeiri yalnız metaforalar üzərində qurmaq bir bədii fənd kimi təkrarçılığa da apara bilər Tural da bunun fərqinə varmalıdır.

Mən Xəyalə Sevilin şeirləri barədə xoş fikirdəyəm. O, ayrı-ayrı əşya predmetlərə poetik məna verməyə, bədii təsvir vasitələri ilə şeirlərinin bədii təsir gücünü artırmağa can atır. Hiss olunur ki, Xəyalə Sevil hər hansı şeirində təzə, bir kimsənin demədiyi sözü, bu sözün ifadə etdiyi poetik mənanı canlandırmağa çalışır bir sıra şeirlərində buna nail olur. Ana əlləri haqqında şeirimizdə yaxşı nümunələr, ayrı-ayrı şeirlərdə isə təşbihlərlə, metaforalarla zəngin şeir parçaları ilə qarşılaşmışıq, amma Xəyalənin "Anamın əlləri" şeiri poeziyada ana əlləri obrazını canlandıran olğun bir şeir kimi yadda qalır:

 

Anamın əlləri qocalır yaman,

Əllərinə cavan qırışlar düşür.

Aybaay, günbəgün, saatbasaat

Cavanlığı barmağından sürüşür.

 

Bu qocalmış əllər cavan əllərin

Beşik yürgələyən xatirəsidi.

Anamın əlinə düşən qırışlar

Onun taleyinin xəritəsidi.

 

Əlbəttə, istənilən gənc şairin bir şeirini misal gətirməklə onun, doğrudan da bütün yaradıcılığında uğur qazandığını söyləmək qeyri-mümkündür. Xəyalə Sevilin şeirləri içərisində "Anamın əlləri" kimi şeir sayıla biləcək nümunələr  (Ağac, Daş, Göz obrazları ilə bağlı) az deyil. Amma onun şeirlərinin heç hamısı eyni səviyyədə deyil. Görürsən ki, bir şeir yaxşı başlayır, orijinal təsir bağışlayan bir fikir gəlir, amma sona doğru o fikir öz bədii ifadəsini tapmır.

Təbii ki, bir yazıda gənc şairlərin hamısı haqqında söz açmaq, onların şeirlərindən misallar gətirmək, kiminsə yaradıcılığında hansı fərqli xüsusiyyətlərin nəzərə çarpdığını, kiminsə ənənəçi, kiminsə modernist şair olduğunu sübut eləmək xeyli vaxt aparar. Amma iki məsələni xüsusi qeyd etmək istəyirəm. Birincisi: gənc şairlərin bir çoxu çalışır ki, müasir şeir mədəniyyətinə (bədii idrakın, poetik təfəkkürün yeni meyillərinə) yiyələnsin, bəziləri buna nail ola bilirlər. Məsələn, Ulucay Akif, Akif Səməd ocağının ikinci şamını yandırdı mən güman edirdim ki, o, atası kimi ürfani şeir yolunu davam etdirəcək, atasının qoşma gəraylılarının cazibəsindən çıxa bilməyəcək. Amma Ulucay Akif tamam başqa üslubun nəfəsin şairi oldu. Onun predmet əşyalara, sevgiyə, ayrılığa, güllərə, Bakıya, Xəzərə, bir kənd qızına, balaban səsinə, unudulmuş qəbirlərə həsr etdiyi şeirlərində poetik düşüncənin yeni çalarlarını hiss edirik. O deyəndə ki: "Mən yağış yağanda öləcəm, gülüm, Siləcək insanlar yaddaşdan məni", yaxud "90-cı illərin toz-dumanı hələ ciyərimizdədi", yaxud "Sənin saçlarından kəndir hörsünlər, sənin kipriyindən assınlar məni, sənin ürəyinə atsınlar məni" - bu misralarda Ulucay Akif özüdür... Şahanə Müşfiq özüdür - sevgi şeirlərində , ana itkisindən qəhərlənəndə , "Qəpik-qəpik unudulan Vətən" deyəndə . İlk şeirlər kitabını ("Karvan keçdi") çap etdirən Fuad Novruzlunun şeirlərində isə fikir axını, ifadə sərbəstliyi, Rəsul Rzanın "Rənglər" silsiləsinin XXI əsrdə davamı yeni çalarları hiss edilən: "Qara qarğanın qaranlığa qarğışı, İslanmışın qiyamət yağışı, Anamın göz yaşı" ("Əzab ümid" şeirindən). Amma özüdür Fuad Novruzlu. Aysel Xanlarqızı Səfərli Xalq şairi Sabir Rüstəmxanlının qeyd etdiyi kimi, yetkinliyə, doluluğa, tamlığa, bütövlüyə doğru yol gedir, onun lirikası sevgiyə köklənib, ömrünün acılı-şirinli hekayətlərinə bənzəyir. General Polad Həşimova həsr etdiyi şeir göstərir ki, Ayselin şeirlərini "Karantin boşluğu" sırf sevgi şeirləri ilə məhdudlaşdırmaq olmaz:

 

Dünya

Tovuz boydaydı bu gecə,

bütün manşetlər boyu

güllələnirdi xəbərlər;

Bir generalın son əmrinə

müntəzir dayanmışdı

əsgərlər.

 

Aysel Səfərlini ümid verən bir şair kimi təqdim edib Sabir müəllim. Mən onunla şərikəm. Amma şeirlərində qəmli-qüssəli, həm onun, həm bizim ürəyimizi sıxan bir nostalgiya var. Bundan uzaqlaşsa, yaxşıdır.

İstəyirəm ki, gənc şairlərin sevgi şeirləri barədə söz açım. İkimininci illərdə ədəbiyyata gələn gənclərin bütün şeirlərini mövzular üzrə bir yerə cəm etsək, sevgi şeirlərinin böyük kəmiyyət çoxluğu ilə üzləşərik. Doğrudan da hamı sevgidən yazır, bu da təbiidir, gəncliyin həyatını sevgisiz təsəvvür etmək olarmı? Təbii, yaşanılmış hisslərin, dünyada ən ali, ən müqəddəs hisslərdən biri olan eşqə tapınmağın başqa yolu varmı? Dahi Füzuli "Leyli Məcnun" poemasında Məcnunun diliylə deyirdi ki: "Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən, sən isən, nəyəm məni-zar?". Sevgidə mənəvi anlaşma, mənəvi birlik - bir-birinə dəyər vermək, fədakarlıq, dözüm sənələri XX əsr Azərbaycan şeirində davam edir biz Mikayıl Müşfiqin "Yenə o bağ olaydı", Nigar Rəfibəylinin "Ala gözlüm, səndən ayrı düşəndə", Bəxtiyar Vahabzadənin "Bu ayrılıq nədən oldu", Əliağa Kürçaylının "Təki sən səslə məni", Əli Kərimin "Qayıt", Məmməd Arazın "Məhəbbət körpümüz", Fikrət Qocanın "Möcüzə", Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni", Nüsrət Kəsəmənlinin "Getmək istəyirsən bəhanəsiz get", Səyavuş Sərxanlının "Unut getsin", Seyran Səxavətin "İlk məhəbbətim-son məhəbbətim" s. şeirlər indi bizə şedevr nümunələr kimi görünür. Çox təəssüf ki, gənc şairlərin sevgi şeirlərində - özü bu iyirmi üç il ərzində - belə nümunələrlə çox az qarşılaşırıq. Sual verərsiniz ki, bəs gənc şairlər öz sevgi duyğularını necə ifadə etməlidirlər? Bəli, hamı sevgidən yazır təbii ki, onların sevgi etiraflarında küsmək, darıxmaq, tənhalıqdan bezmək, ayrılıq əzabına düçar olmaq, hətta ölməyi belə arzulamaq, sənsizlikdən şikayətlənmək... halları sıra-sıra gəlir. Təbii ki, onların heç birini qınamaq olmaz, kim necə sevirsə, öz duyğularını, sevgi həyəcanlarını ifadə edir. Məsələn, Aypara Ayxanın sevgi etirafı belə səslənir:

 

Səni zirvələrin qarı

Sevdiyi kimi sevirəm.

Durnaların ilk baharı

Sevdiyi kimi sevirəm.

Bülbülün gülü, çəməni,

Dağların sisi, dumanı,

Göyərçinlərin səmanı,

Sevdiyi kimi sevirəm.

 

Onun bir başqa etirafı:

 

Səninçün darıxanda yer ilə göy birləşir,

Bütün seysmik nöqtələr qəlbimdə aktivləşir.

Səninçün darıxanda gözlərimdən daşır Kür,

Çiynini axtarıram ağlayam hönkür-hönkür.

 

"Sevgisi qürurundan böyük olan" Aypara Ayxanın sevgi etiraflarında, doğrudan da "aktivləşmə" bəzən həddini aşır. Deyir ki: "Bütün möhtəşəm dərdlər ayrılıqdan doğulur". Aypara Ayxan da elə bu "möhtəşəm" ayrılıqdan yazır. Amma deyəndə ki: "Sevdim həyatdan da çox, sevmədin bir kərə sən", yaxud "Dalğalarla sevişdim, dəniz sevgilim oldu, Sənin kəm məhəbbətin tamam düşdü gözümdən" - buna inanırıq, amma deyəndə ki: "Axır ki, gəlib çıxdın, ay ömrüm, ay gərəyim" - buna necə inanaq? O "sevgi qəhrəmanı" - o vəfasız gəlib çıxdısa, qüssələnməyə, "bütün seysmik nöqtələrin" aktivləşməsinə ehtiyac varmı?

Hamısına aid olmasa da, gənc şairlərin sevgi şeirlərində rastlaşdığım bir mənzərənin şahidiyəm: sevən qızlar sevdiyi oğlanlardan, oğlanlar da sevdiyi qızlardan ayrı düşüblər, ortalığa hicran yağışları səpələnir, sənsizlik bir bəla kimi onların varlığına hopub. Hər iki tərəfdən "sənsiz yaman ölürəm" sədaları az qala düzü-dünyanı bürüyür. Günay Nəriman - lap cavan bir şairə yazır ki: "Məni ki, daş doğmadı, Niyə daşa dönmüsən? Buz bağlayıb ürəyin. Sənsiz yaman ölürəm, ay sənə qurban olum". Sevən aşiqlərin - oğlanların şeirlərində ayrılıqdan doğan ah-nalələr yetərincədir: Bir sıra yaxşı şeirlərin müəllifi Mənsur Həsənzadənin lirik qəhrəmanının keçirdiyi hisslərə acıyırıq, ayrılıqdan doğan "Eh neçə illərdi ki, yaşayıram özümçün, ölürəm sənin üçün" deyiminə biganə qalmırıq. Amma sevgini ölümə sürükləməklə özün üçün necə yaşamaq olar? Çox istərdik ki, bu qaranlıq "buz bağlayan sevgilər" gənc şairlərin ruhunu tərk eləsin. Amma gənc şairlərin sevgi şeirlərində işıqlar da sayrışır. Qəlbin, ruhun sevgi həyəcanları şeirin işığına bürünür:

 

Əllərin ovcumda,

ovcumda dünya

suya tilov sallayıb

əllərindən

göyərçinə dən atmaqdı

sevgi.

Körpü üstündə

dalğalanan saçlarında

əllərimin balıq kimi üzməsi,

sinənə sıxılıb

gözlərində qağayıların uçuşunu

seyr eləmək,

dalğalı dənizdə boğulub

ölməkdi sevgi.

 

Emin Piri

 

İstəmirəm ki, bitəsən.

Qapayıram gözlərimi

Gəlib dilimdə bitirsən.

Həsrətin məlhəm mənə,

Dərdi şirin eyləyənim.

Məni haqqa çatdıranım,

Məni dərviş eyləyənim.

 

Məhsəti Musa

 

Səndən sonra

bir az yuxu tapım deyə,

gecələri hey çevirdim,

o üzünə, bu üzünə...

Axır bir gün dan söküldü,

günəş güldü,

gecə durdu üzümə.

Dedi, oyan...

Oyan, hər şey yuxu idi...

Bu sevginin əvvəlindən

Sən var idin, o yox idi.

 

Nigar Arif

 

Sənin əllərin üşüyür,

Mənim ürəyim, ürəyim...

Ha söz verdim ki, gizlədim,

Sənə deməyim, deməyim.

Ürək yox kimi, çox da var,

Yetişim gərək, vaxta var.

Məni tapaydı şaxtalar,

Kövrək çiçəyim, çiçəyim...

çıxırsa, təkdən çıxır,

Ələnir, ələkdən çıxır.

Dərdini çəkməkdən çıxır,

Mənim çörəyim, çörəyim.

 

İntiqam Yaşar

 

Sevgim qanadı qırılmış quş,

Yolunu azıb

pəncərənə qondu

Pəncərədən sonra dibsiz uçurum,

Qaranlıq quyu.

Ya pəncərəni,

Al ağuşuna onu,

Nəfəsinlə isit, bəslə,

Yenidən həyata qaytar,

Özünlə yaşat!

Ya da çək pərdəni,

Tərk et uçurumun soyuq qollarına!

 

Şahanə Müşfiq

 

Belə misalların sayını artırmaq olar, Ramil Əhmədin, Taleh Mansurun, Günel Eyvazlının, Elvin Nurinin, Şəfa Vəlinin, Fərqanə Yusifqızının, Valeh Qocanın, Elnur Uğurun, Ziya Dilsuzun, Gülnar Ümidin, Qoşqar Qaraçaylının, Allahşükür Ağanın, Anar Aminin, Müşfiq Cəbinin, Aysel Əliyevanın, El Romanın tək-tək şeirlərində sevgiyə, bu sevgidən yaranan gözəl duyğulara, mənəvi birliyə çağırışlar var. Onlara yeni, misraları sevgi gözüylə açılan şeirlər yazmağı arzulayaq. "Ağlayan" şairlərə isə arzu edirik ki, dar ağacı onları gözləsin, sevgililərinin qarşısında qul olsunlar, onlara sevgi yolunda - xoşbəxtlik yolunda yalançı səmimiyyətdən uzaq olan fədakarlıq diləyək...

Əlbəttə, bir yazıda ədəbi gəncliyin şeir qolunu bütünlüklə əhatə etmək, onların hər birinin şeirləri barədə tək-tək söz açmaq qeyri-mümkündür. Bəzən gənc şairlərin yaradıcılığı - ilk şeir kitabları, ya ümumən şeirləri barədə mətbuatda xeyli məqalələrlə çıxış etmişəm, ona görə özümü təkrar eləmək istəmirəm. Hamısına - haqqında yazdıqlarıma da, yazmadıqlarıma da yaradıcılıq uğurları arzulayıram.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 22 iyul.- S.26-27.