Bədii publisistika ədəbi mətbuatda

 

Ədəbi proses-2022

 

Bədii publisistika janrılarında yazılan əsərlərə təmayülünə uyğun olaraq daha çox ədəbi mətbuatda yer verilir, başqa sözlə desək, ədəbi mətbuat dövrün bədii ədəbiyyatı içərisində bədii publisistika yaradıcılığının da aynasıdır. Ədəbi proses daxilində bədii publisistika yaradıcılığının yeni fərqli xüsusiyyətləri, mövzu-problem, ideya-məzmun yenilikləri, uğur və nöqsanları və s. bizə ilk növbədə  bizə ədəbi mətbuat vasitəsi ilə gəlib çatır. Biz də növbəti araşdırmamız - 2022-ci ilin ədəbi yekununun müzakirəsinə həsr edilmiş konfransda məruzə üçün materialı "Azərbaycan", "Ulduz", "Ədəbiyyat qəzeti", "525-ci qəzet" (o həm də ictimai-siyasi qəzetdir), "Xəzan", "Kredo" və s. kimi ədəbi-bədii jurnal və qəzetlərdən topladıq.

Konkret materialların təhlilinə keçməzdən qabaq qeyd etmək istərdim ki, bədii ədəbiyyatla həyat arasındakı əlaqə və bağlılıq, o cümlədən ədəbi proses öz mürəkkəb səciyyəsi ilə diqqəti cəlb edir. Söhbət konkret olaraq bədii publisistikadan getdikdə kəmiyyət çoxluğu ilə fərqlənən bu sahə tənqidçidən daha "xəsisliklə" seçim qabiliyyəti tələb edir. Biz təhlil üçün materialların müəyyənləşdirilməsində bunu nəzərdə saxlamağa çalışdıq.

 

***

 

"Azərbaycan" jurnalının 2022-ci il üçün ilk sayı Azərbaycanın ümumxalq hüzn günü 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuşdur. Jurnal "20 Yanvar... 32 il keçdi" rubrikası ilə açılır.

Jurnalın baş redaktoru İntiqam Qasımzadə "100-ə nə qaldı" adlı məqaləsində jurnalın tarixinə nəzər salaraq yazır: "Bu il "Azərbaycan" jurnalının 99 yaşı tamam olur. Biz artıq 100 yaşın bir addımlığındayıq. Azərbaycan mətbuatında 99 il fasiləsiz nəşr tarixi olan ikinci belə bir jurnal yoxdur və olmayıb da. Jurnalımız təkcə yaşına görə yox, mündəricəsinə görə də bənzəri olmayan nadir bir nəşrdir. 99 ildir ki, Azərbaycan ədəbiyyatının həm həcm, həm də bədii keyfiyyəti ilə seçilən ciddi və sanballı nümunələri: romanlar, poemalar, fundamental ədəbiyyatşünaslıq əsərləri, publisistik məqalələr burda oxunub, burda redaktə olunub, nəşrə hazırlanıb, bir sözlə burda həyata vəsiqə alıb." (3, s.61)

Jurnalın 2022-ci il saylarında Nizaməddin Şəmsizadənin "İşğal. Mənşəyi və genelogiyası" (2022, N 1), Vaqif Bəhmənlinin "Bu qala bizim qala" essesi (2022,1), Nərgiz Cabbarlının "Oyanmış ruhun gözəlliyi" (2022,1), Aida Eyvazlı Göytürkün "Sözü Vətən olan igidlər" (2022,1), Nizami Cəfərovun "Ədəbiyyatın tarix dərsləri" (2022, 2), Qəzənfər Paşayevin "Folkşünaslığımızda Məmmədhüseyn Təhmasib fenomeni" (2022,6), Vaqif Yusiflinin "Bu Şirindil Alişandır" (2022,6), Ağahüseyn Şükürovun "XX əsr qazax ədəbiyyatının inkişaf meylləri haqqında" və başqa nüfuzlu qələm sahiblərinin yazıları dərc olunmuşdur.

"Azərbaycan" jurnalı ötən ilin 3-4-cü saylarının buraxılışını böyük sevgi və ehtiramla oxucularına təqdim etmişlər. Jurnalda Nazim Hikmətin 120, Əzizə Cəfərzadənin 100, görkəmli şair, oftalmoloq Paşa Qəlbinurun 70, Məmməd Orucun 75, Zahid Xəlilin 80, Ələmdar Quluzadənin 70 illiyinə dair çoxsaylı məqalələrin verilməsi ədəbi ictimaiyyətin şair və yazıçılarımıza böyük diqqət və sayğısını göstərir. Bununla belə Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə Hacı Firidun Qurbansoyun "Mirzə Ələkbər Sabir satirasının qaynaqları" adlı məqalə jurnalda yer alıb.

Jurnalın qədim Azərbaycan şəhəri Şuşanın 270 illiyinə həsr edilmiş sayının üz qabığı 30 illik əsarətdən sonrakı tarixi qələbəmizin rəmzi olaraq qırmızı rəngə boyanmışdır. Jurnal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə bu ilin "Şuşa ili" elan edilməsinə bir töhfədir. Jurnalın ilk səhifəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin vaxtilə yazdığı "Bayrağımız sarsılmaz" adlı məqaləsi dərc olunub ki, bunun da rəmzi mənası böyükdür.

"Azərbaycan" jurnalının 2022-ci il 9-cu sayı Vətən müharibəsi şəhidlərinin ruhlarına hörmət əlaməti olaraq 27 sentyabr - Anım gününə həsr edilib. Jurnal akademik İsa Həbibbəylinin "Azərbaycan" jurnalının redaksiyasına ünvanladığı "Bədii yaradıcılıq - elmi idrakın donoru kimi" sərlövhəli məktubla başlayır. Akademik məktubunda qələmə aldığı poemanın məziyyətlərindən, qayəsindən söhbət açır.

Yarandığı dövrdən ta indiyə kimi ədəbi prosesə bələdçilik edən, klassik ədəbiyyatın öyrənilməsi, müasir ədəbiyyatın tanıdılması, ədəbiyyatşünaslıq, tənqid və tənqidin inkişafı, dilçilik, dünya xalqlarının ədəbi-mədəni irsini xalqımıza tanıtmaq yolunda əvəzsiz işlər gərən "Azərbaycan" jurnalı bu günə kimi yüzlərlə ədibin ədəbi tribunası olub.

 

***

 

Ədəbi dünyamızın salnaməçisi sayılan "Ədəbiyyat qəzeti" dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir.

"Ədəbiyyat qəzeti" bu gün söz, mətbuat azadlığını layiqincə qiymətləndirərək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif (sosial-iqtisadi, ictimai-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və s.) problemlərlə bağlı publisist düşüncələrinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan "Müharibə və ədəbiyyat" (05.03.2022), "Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri" (06.03.2022), "Sentimentalizm, Ələkbər Qərib və "Məktəbli qız" hekayəsi" (28.06.2022), "Ədəbiyyatın ədəbiyyat rəmzi" (25.10.2022), "Nizami Gəncəvidən iqtibas" (21.08.2022) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur.

Oxuculara təqdim edilmiş çoxsaylı publisistika yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika, o cümlədən bədii publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün "ovqatını" müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır.

Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti, Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü Orxan Aras "Qəzetlər və oxucu" adlı məqaləsində yazır: "Ədəbiyyat qəzeti" ilk gördüyüm gündən bu günə qədər uzun yol qət etdi. Azər Turan qəzetə həqiqətən rəng qatdı. Bu səbəbdən qəzet çox fərqli oxucular tərəfindən oxunan bir qəzet halına gəldi. "Ədəbiyyat qəzeti"ndə nəşr olunan yazılarımdan sonra aldığım məktublarda bu rəngarəngliyi və marağı yaxından görməkdəyəm".

"Ədəbiyyat qəzeti" bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, Rafael Hüseynov, Muxtar İmanov, tənqidçi-ədəbiyyatşünaslardan Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova, Gülbəniz Babayeva və s. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edirlər.

Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və "Ədəbiyyat qəzeti"nin publisitika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axatrışları haqqında təsəvvür yaratmağa imkan verir.

 

***

 

Ədəbiyyatımızın təbliğində Rəşad Məcidin rəhbərliyi altında nəşr olunan "525-ci" qəzetin də rolu danılmazdır. Qəzet təkcə yazıçı və şairlərin əsərlərini, yeni tərcümələri oxuculara çatdırmaqla kifayətlənmir, eyni zamanda müasir ədəbiyyatımızın sənətkarlıq problemləri ilə bağlı məqalələr də çap edir.

"525-ci qəzet" həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş - siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, Sadıq Elcanlı və başqa bu kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir. Xalq yazıçısı Anarıın burada dərc etdirdiyi silsilə yazılarında biz yazıçı-publisistin yaşanan günlə səsləşən, mövzu-problem baxımından çoxçeşidli, sənətkarlıq baxımından bir-birindən maraqlı yaradıcılıq nümunələri ilə tanış oluruq.

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli "525-ci qəzet"in 30 illik yubileyinə həsr olunan "Müstəqillik dövrünün müstəqil mətbuatı: "525-ci qəzet" adlı tədbirdə çıxışı zamanı bildirib ki, "Hesab edirəm ki, "525-ci qəzet" daim Azərbaycan cəmiyyətini, oxucusunu dolğun, qərəzsiz informasiya ilə təmin edib. Qəzetin bütün istiqamətlərdə öz fəaliyyətini peşəkar şəkildə davam etdirməsinin başlıca səbəbkarı onun baş redaktoru Rəşad Məciddir. Rəşad Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi kimi özünü sübut edib və Azərbaycan mətbuatı tarixində fərqli jurnalistika məktəbi yaradıb".

 

***

 

"Ulduz" jurnalının 2022-ci ildə ilk sayı filologiya elmləri doktoru Abid Tahirlinin "Ulduzlar: parlayan, sayrışan və… sönənlər" başlıqlı yazısı ilə açılır. Məqalədə deyilir: "Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin təbliğində, sahəyə aid elmi-nəzəri problemlərin, cərəyan və təmayüllərin, bütövlükdə ədəbi-mədəni mühitin işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində mühüm rol oynayan "Ulduz" jurnalı bu gün ayrı-ayrı müəlliflərin müxtəlif mövzularda, fərqli janrlarda yazdıqları əsərlərə yaşıl işıq yandırmaqla yanaşı, bir sıra layihələrin iştirakçısı kimi də ölkənin ədəbi həyatında fəal iştirak edir. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi və "Ulduz" jurnalının birgə layihəsi olan "Ulduzlu nəşrləri, eləcə də Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi", "Ədəbiyyat qəzeti" və "525-ci qəzet" ilə birgə həyata keçirilən layihələr səmərəli və təqdirəlayiqdir" (28.02.2022).

"Ulduz" jurnalının 2022-ci il 30 iyul nömrəsində filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının "Yazı həm də xilas yoludur" başlıqlı yazısı, Taleh Mansurun "Cənnətlik günah" adlı hekayələr kitabından yadda qalan təəssüratları əkini tapmışdır. Mina Rəşidin "Böyük insan" yazısında görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür və yaradıcılıq yoluna nəzər salınır.

"Ulduz" jurnalının lirik esseləri, bədii nümunələrində də ictimai-siyasi motivlər, estetik təhlil, vətəndaş mövqeyi aydın görünür. Dərginin bu xarakteri onu ictimai-siyasi jurnallardan geri qalmağa qoymur.

İlk olaraq xüsusi nömrənin redaktoru yazar Günay Səma Şirvanın "Hamımız bir ulduzun zərrəsiyik" yazısına yer verilib. Jurnalın Rusiya təmsilçisinin təqdimat yazısı, Türkiyənin Çanaqqala şəhərində yaşayan tanınmış şair Məmməd İsmayılın "Ulduz" jurnalı ilə bağlı xatirələri və yeni şeirləri jurnalın səhifələrində öz əksini tapmışdır.

Almaniyanın Köln şəhərində yaşayan Orxan Arasın "Avropa ədəbiyyatında Nizami" araşdırma yazısı dahi Azərbaycan şairinin Avropa ədəbiyyatında yerini və rolunu diqqətə çatdırır. Taleyini İsveçin Helsinborq şəhərinə bağlayan yazıçı-publisist Vahid Qazinin "Adamlar və kitablar" silsiləsinə daxil olan "Salam, Gülsarı!" yazısı müəllifin yaşadığı ölkə haqda düşüncələrindən və türk dünyasının böyük ədibi Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povesti ilə bağlı xatirələrindən bəhs edir.

 

***

 

Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerin yetirdiyini "Xəzan" jurnalının saylarında dərc olunmuş coxsaylı və ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrindən də görmək olur.

"XƏZAN" ədəbi-bədii jurnalının yanvar-fevral 2022-ci il nömrəsində bir sıra publisistik yazılar dərc olunub. Əli bəy Azərinin redaktor guşəsində yerləşən "Ədəbiyyatda zaman anlayışı" məqaləsi, Bəxtiyar Tuncayın "Vətən yanğılı qocaman şair", şair Məhəmməd Əlinin, Nizami Kolanılının "Həsən Goranboylu yaradıcılığında yurda bağlılıq sindromu", şair Həsən Goranboylunun və Budaq Təhməzin "Ələsgər Talıboğlunun könül dünyası" məqaləsində şair Ələsgər Talıboğlunun yaradıcılığından bəhs olunur. Günay Rzayevanın "Qafqaz İslam Ordusunun izləri" və Orxan Əhlimanlının "Azərbaycanda dini abidələrə dövlət qayğısı" məqalələri maraqlı araşdırma və tədqiqatların nəticəsi kimi dəyərli məqalələr sırasındadır. Rəna Mirzəliyevanın "Sən ağlasan - Vətən ağlar" məqaləsi şəhid polkovnik-leytenant Ruslan Tağıyevin döyüş yoluna və əziz xatirəsinə həsr olunub.

"XƏZAN" ədəbi-bədii jurnalının mart-aprel 2022-ci il sayında şair və yazıçıların yubileyləri ilə bağlı ardıcıl olaraq bir sıra materiallar verilib. Bu münasibətlə Qafar Cəfərlinin yaradıcılığına qismən işıq salan "Mükəmməl xarakterli insan" (Əli bəy Azəri), Giya Paçxataşvilinin yaradıcılığından bəhs edən "Zəfər ruhlu poeziya - Givinin Qarabağnaməsi" (Qiymət Məhərrəmli), Meyxoş Abdullahın yaradıcılığına qismən işıq salan "Dəli"nin doğru xəbəri" (Sərvaz Hüseynoğlu) və Nizami Kolanılının yaradıcılığından bəhs olunan "Poetik sözün səmimi ruhu" (Balayar Sadiq) yazıları jurnalda yer alıb.

 

***

 

Ədəbi mətbuat orqanları içərisində əhəmiyyətli yer tutan "Kredo" öz dəsti-xətti ilə seçilir. Bu qəzetin cəmi bir neçə nəfərdən ibarət kollektivi üzləşdiyi hər cür çətinlik və problemlərə baxmayaraq artıq uzun illərdir ki, dözüm, iradə və cəsarət nümayiş etdirə-etdirə fəaliyyətlərindən qalmır, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, elmi, sosial, ictimai və siyasi həyatı ilə bağlı ciddi mövzu-problemlər üzrə silsilə materiallar təqdim edirlər. "Kredo"çular həm milli mətbuatımızın dəyərli ənənələrindən, həm də müasir jurnalistika təcrübəsindən məharətlə istifadə edir, milli-mənəvi dəyərlərimizin müdafiəsində, vətənimizin, millətimizin gələcəyi ilə bağlı yüksək idealların təbliğində xidmətləri ilə seçilirlər. "Kredo" publisitikası öz aktuallığı və kəsəri ilə diqqəti cəlb edir.

Qəzet milli kimlik, etnoqrafik dəyərlər, tarix və yaddaş həqiqətləri, musiqi, heykəltəraş, rəssamlıq, teatr, kino, dramaturgiya, memerlıq, dekorativ sənət və s. mövzulara gen-bol yer ayırdığına və bədii-estetik ifadə üsullarının zənginləşdiyinə görə böyük ictimai rezonans doğurur. Bu mənada İsa Həbibbəyli, Qurban Bayramov, Əli Rza Xələfli, Gülbəniz Babayeva, Şəddat Cəfərov, Süleyman Əliyev, Yədulla Ağazadə, Zakir Bayramlı, İsgəndər Atilla və başqalarının portret- oçerk, problem-oçerk, esse, problem-məqalə, icmal-məqalə, elmi-nəzəri tədqiqat səciyyəli məqalələrlə çıxış etməsi "Kredo" qəzetinin publisistik gücünü artırır, onun ictimai-siyasi və mədəni mühitdə rəğbətlə qarşılaşmasına səbəb olur. Mütəmadi olaraq qəzet səhifələrində torpaqlarımızın düşməndən azad olunması yolunda qəhrəmanlıq göstərənlər və vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsinə yüksələnlər haqqında məqalələr dərc olunur.

Beləliklə, biz yuxarıda adlarını çəkib dərc etdiyi publisistika materiallarına istinadən apardığımız təhlildən belə bir nəticəyə gələ bilərik: tədqiq olunan dövrün publisistikası yalnız konkret zamanın fakt, hadisə və problemlərini əks etdirmir, o həm də müasirlərimizdə milli tarix hissini qoruyacaq, ictimai həyat və ideyalarımıza dair sosial-siyasi fikri tənzimləyəcək, xalqın yaddaş bütövlüyünü hər zaman diri saxlayacaq bir gücə malik olduğunu əks etdirir.

 

Vüqar ƏHMƏD

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 22 iyul.- S.28-29.