Dram. 2022-ci il və öncəsi
Ədəbi proses-2022
Ədəbiyyatın ən hərəkətli janrı
dram üçün 2022 hərəkətsiz
bir il oldu. Həm teatrdan, həm də mətbuatdan baxanda ilin dramaturji prosesi durğun göründü. Cəmi
iki teatrın - Gənc Tamaşaçılar
Teatrının və
Füzuli Dövlət
Dram Teatrının səhnəsindən
ilin dramını: Ülviyyə Heydərovanın
"İnanıram" və
Elşad Abdullanın
"Tənhalığın evi" əsərlərini
görə bildik. Mətbuatdan ("Ədəbiyyat
qəzeti"dən) isə
yalnız Azər Turanın "Atam, anam, qardaşım və mən" əsəri təqdim olundu. Bu əsər də müəllifin özünün qeyd etdiyi kimi, dram olmaqdan daha çox
epik əsərdir. Son
illərdə saylarının
birində çoxsaylı
dram görməyə adət
etdiyimiz "Azərbaycan"
jurnalı da 2022-də cəmi
bir pyes - İlqar Fəhminin "İsgəndərin qocalığı"nı
çap etdi. Əslində bu pyes də ötən
ilin deyil, daha əvvəlki ilin hadisəsi idi və Mehriban Ələkbərzadənin quruluşunda
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının
səhnəsindən təqdim
olunmuşdu. 2022 - ci ildə
də çap olunan çoxsaylı bədii kitablar içərisində isə
cəmi bir pyesə - Qurban Məhərrəmoğlunun "Tufanlı illər" kitabında "Dəmir qapı arxasında" əsərinə rast gəldik ki, o da haqqında
yaradıcılıq deyil,
yalnız statistik fakt kimi söz
etdirə biləcək
bir mətndir.
Ümumiyyətlə, dram janrı üçün 2022-ni son illərin
ən kasad ili hesab etmək
olar. Əlbəttə, yazarların
nə bu janrda hər il əsər yaratmaq kim öhdəliyi, nə də bizim bu janrda
hər il əsərlər
yaradılması kimi tələbimiz yoxdur. Əksinə istəyimiz
var ki, dramlar Lev Tolstoyun
söylədiyi kimi
"yazmadan yaşaya bilməyən" anda yaransın. Əks halda yaratmaq isə sadəcə söz israfıdır, israf isə həmişə, hər yerdə pisdir, sənətdə isə nəinki pis, hətta dözülməzdir,
amma nə yazıq ki, israfin ən bol olduğu
yer də elə sənətdir, burda məsrəf etmədən materialdan geninə-boluna istifadə edə bilərsən, onsuz da heç nə itirməyəcəksən.
"Bəs nə qazancaqsan?" sualı üzərində düşünərkən
isə yada Milli Kitabxanada
ilin nəşrlərini
əhatə edən hesabat kitablarından son illərin dramlarını
ararkən şeir və roman bumu ilə müşahidə etdiyimiz mənzərə düşür. Bu axın
içərisində dram materialları
Firuz Mustafanın 12 cildlik pyeslər seriyasını nəzərə
almasaq, təkəm-seyrək
gözə dəyirdi.
Amma bizi narahat edən bu deyil,
bizi narahat edən dram adına yazılan əsərlər
içərisində dramın
seyrək görünməsi
və yaxud da heç görünməməsidir.
Nazim Məmmədbəyovun 2013-cü ildən 2021-ci ilədək
az qala hər
il çap etdirdiyi
"Komediyalar" kitabına
toplanmış və
müəllif tərəfindən
birpərdəli komediya
adlandırılmış əsərlər
əslində şeir,
daha konkret desək isə həcvlərdir. Abid Tahirlinin
"Generalın qayıdışı"
(2019) kitabıbından eyniadlı
pyes İsmayıl bəy Qutqaşınlının
həytına, Asif Azərinin
2019-cu ildə ədəbi
ictimaiyyətə təqdim
etdiyi "Əbədi
yaşa haqqı yaşadan!!!" (2019) pyesi
isə Bəxtiyar Vahabzadəyə tərənnüm-təhkiyədir.
Onu da qeyd edək ki, tərənnüm-təntənəyə
bu gün yalnız bədii materiallarda deyil, rejissor traktovkasında, aktyor ifasında, tənqidçi şərhlərində
də çox sıx-sıx rast gələ bilirik.
Mədəniyyət yazarı Şahanə Müşfiq
yazır: "Bütün
hallarda teatr sənətin ən uca zirvəsi, xalqın mədəniyyətinin
ən yaxşı nümunəsidir"
və yaxud "Teatr mənəvi aləmin saflaşdığı,
ruhun yeniləndiyi, dünyaya, həyata, insanlara kənardan baxmaq şansı əldə etdiyimiz möcüzəvi məkandır".
Teatrın min bir rəngdə tərif-təfsirindən
ayılıb, burda söylənilənlərin nə
dərəcədə faktiki
əsaslara malik olması
üzərində düşünməyə
macal tapmamış, müəllif özü elə bu yazıdaca
"möcüzəvi məkan"ın,
"zirvə"nin tənəzzülündən
danışır, teatr
ictimaiyyətini onun inkişafı üçün
səfərbərliyə çağırır.
Yaxud da "4.4 Qısa
Tamaşalar Festivalı"
çərçivəsində təşkil olunmuş
panel müzakirədə teatrın
yaşam çabalarını
müzakirə edərkən
İsrafil İsrafilov
"əgər insan
Marsa köç edəcəksə,
orda da teatr yaranacaq" fikrini əminliklə səsləndirir.
Yerdə teatrın
"olum, yaxud ölüm" məsələsi
üzərində düşünmək
zorunda qaldığımız
bir halda Göylərdə belə
teatrın qurulacağı
fikri nə dərəcədə inandırıcıdır?!
Tamam da, tənqid
"sübut et" tələbinin
dışında olan,
subyektiv yanaşmalar üzərində qurulan humanitar sahədir. "Burda riyazi hesablamalar
aparılmır və
heç kəs bizi yanlışlıqda suçlaya bilməz" düşüncəsinə sığınıb
məntiqin süzgəcindən
keçirmədiyimiz, könlümüzə
yatan, qulağımıza
xoş gələn bir mətn qalağı
yaratdıqca humanitar təfəkkürün, o cümlədən
də teatrın özünün varlığı
müzakirələrin mövzusuna
çevrilir.
Teatrımız müzakirə olunmağı
sevmədiyi kimi müzakirə etməyi də sevmir. Bəs teatr-dram sənətinin istəyi nədir? Az qala sosial şəbəkələr
qədər gündəm
arxasınca qoşmaq.
Amma bu gündəm yalnız bu günümüz demək
deyil, həm də dünənimizdir, bu günün maraqlarını pərçim
etdiyimiz dünənimiz.
Firuz Mustafanın
"Savaş fəsli
yaxud Ənvər Paşa" pyesində türkçülük, Asif Azərinin
"Əbədi yaşa
haqqı yaşadan!!!"
dramında milli mənlik
ideologiyalarının intonasiyalarında
qurulmuş bir dünən var, Abid Tahirlinin
"Generalın qayıdışı"
pyesində isə mövzu ictimai rəyi ən razı salacaq bir mətləbin - erməni bəlasının
üzərinə gəlib
çıxır.
Teatr-dram
sənətimiz həm
də ildönümü
gündəmini çox
diqqətlə təqib
edir. Sumqayıtın 50 illiyində
Sumqayıt Dövlət
Dtam Teatrı Əli Əmirlinin "Sevgilim Sumqayıt", Nəsimi ilində Yuğ teatrı İqar Fəhminin "Yeddinci"
("Mənəm, mən..."),
"20 Yanvar" faciəsinın
30 illiyində Gənc
Tamaşaçılar Teatrı
Anarın "Şəhərin
qış günləri"
pyesi, Nizami ilində Akademik Milli Dram Teatrı "Qətibə
İnanc", İlqar
Fəhminin "İsgəndərə
yeni namə", Sumqayıt
Dövlət Dram Teatrı
"Xəzinə", Şuşa
ilində Akademik Milli
Dram Teatrı İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan"
pyesi ilə ildönümü tədbirlərinə
qatılarkən istər-istəməz
belə bir sual yaranır "dram yoxsa mərasim?" "Mərasim mətn" lərinin kifayət etmədiyi təqdirdə
"Xəzinə" tamaşasında
olduğu kimi teatr özü mətn hazırlığına
girişir və
yaxud da "Qətibə
İnanc", "Xurşidbanu
Natəvan" tamaşaslarında
olduğu kimi nəinki zamanca, hətta məzmunca da çox köhnə əsərləri bu günün tamaşaçısına
təklif edir və səhnəsində
sovet şəkilləndirmələrində
görünən tarix,
zalında isə müstəqillik dövrünün
tamaşaçısı olan
bir teatr mənzərəsi yaradır.
Bu qədər tədbir-təbliğ,
plan-proqramlaşdırma işlərinin
bir hissəsinə çevrilmiş mətnlər
içərisində ötən
il Elşad Abdullanın
"Əzilmişlər-büzülmüşlər"
dramı gündəmi
yeniləyir və Füzuli Dövlət Dram
Teatrının bu əsər əsasında
səhnələşdirdiyi "Tənhalığın evi"
tamaşası isə
ən azından təkrar və oxşar mövzu-məzmunların
gətirdiyi yorğunluqdan
tamaşaçını dinləndirir.
Firuz Mustafa Yazıçılar
Birliyinin son qurultayında
etdiyi məruzədə
bu mövzu-məzmun yeknəsəqliyinə qarşı
sarı vərəqə
təklif edirsə də, teatrlarımız həmişə olduğu
kimi ötən ildə də onlara yaşıl işıq yandırmaqda davam etdi. Yaxın
illərdə Elçinin
"Cəhənnəm sakinləri"
əsərinin Akademik
Milli Dram Teatrının səhnəsində
yaratdığı repressiya
xofu çəkilməmiş,
Əli Əmirlinin
"Ah, bu uzun sevda yolu" pyesində təkrar səhnəyə çıxdı,
paytaxt tamaşaçısı
hələ Akademik
Milli Dram Teatrında Mikayıl
Müşfiqin taleyinin
fonunda bu mövzunu izləməyə
davam edərkən ötən ildə Gənc Tamaşaçılar Teatrı
rejissor Mehriban Ələkbərzadənin
təkmüəllifli təqdimatında
"Kod adı:
V.X.A" tamaşası ilə
yenə onu represiya lövhələrinə
baxmağa dəvət
etdi. Hələ gələn il də bu mövzunun yeni premyerada yenə səhnəyə çıxacağı
ilə bağlı xəbərlər var.
Səhnədən düşməyən bu mövzu son bir neçə ildə yeni səhnə mətnləri doğurdu. 2020-ci ildə Elçinin "Stalin", 2021-ci ildə Cavid Zeynallının "Şükriyyə",
2022-ci ildə Azər
Turanın "Atam, anam, qardaşım və mən" pyesləri repressiya mövzusunda yeni yox, yenə deyə biləcəyimiz məzmun-mətləb
ortaya qoydu. Mövzunun qatil və quban qütblərində
yolçuluğunu o qədər
eşidib görmüşük
ki, hətta "Kod adı: V.X.A." tamaşasının hind filmlərindən
daha uzun - 4 saatlıq stalinizm dəhşətlərini rəsm
edən lövhələrində
səhnənin hay-küyündən
bəzən ifaçıların
nə söylədiklərini
eşitməsək də,
nə dediklərini təxmin edə bilirik.
Bu gün tamaşçıya
onun bildiklərindən,
sezdiklərindən artıq
nəsə deməyən
teatr zallarında tamaşaçı düşüncəsi
mürgü döyür.
İctimai fikri dabanbasma izləyən, onun önünə keçə bilməyən,
sadəcə kölgəsinə
dönüşən bu
əsərlər blincimizi
yeniləmir. Nəinki yeniləmir, bəzən daha da köhnələşdirir, İlqar Fəhminin "Bazar günü"
pyesində olduğu kimi. Əgər məzmununda II Qarabağ müharibəsi yer almazsa idi, ağların
və qaraların toqquşmasından doğan
problematikası, təqdir
və tənqid olunan qəhrəmanları,
tamada intonasiyasalı replikaları ilə bu əsərin sovet dramaturgiyası nümunəsi olduğunu zənn edərdik.
Hadisələrin bu gündə,
yanaşmaların isə
ötən əsrdə
qaldığı bu cür mətnlərlə
hər şeyin çox sürətlə
köhnəldiyi bugünkü
dünyanın hərəkətinə
çatmaq olmasa da, II
Qarabağ savaşının
"Bazar günü" (İlqar
Fəhmi) əsərində
Zöhrədə, "Bircə
addım" (Əli Əmirli) pyesində isə Hümbət kişidə yaratdığı
ovqatın yüksək
intonasiyası ilə bu savaşdan yeni çıxmış Azərbaycan
insanının duyğularını
doyurmaq olar. Duyğuya yönəlik mətni ilə bu əsərlər şeirin drama dağılmış
misralarını xatırladır.
"Bircə addım" əsərində müəllif
(Əli Əmirli) II Qarabag müharibəsinin iştirakçısı oğula
dayanaraq ananın övlad sevgisi ilə atanın vətən məhəbbəti
arasında mübahisə-müzakirə
qurmağa çalışsa
da, atanın (Hümbət)
vətənpərvərlik hissinin gurultusu və parıltısı
o qədərdir ki, onu
mübahisələndiirməyə çalışan ananın
(Gülüstan) səsini
eşidilməz, özünü
isə görünməz
edir. Maraq doğura bilməyən bu müzakirənin sonrakı məcrasında
- şəhidlik zirvəsindən
əsirlik "damğa"sına
enən oğlun ailəyə gətirdiyi pəjmürdəlik səhnəsində
sanki müəllifin özü də kələfin ucunu itirir, oxucuya müharibədə sağ
qalmağın və yaxud zədə almağın niyə suç olduğu ilə bağlı heç bir aydın, inandırıcı
söz söyləyə
bilmir, əslində bu sözü söyləmək heç
məqsəd də deyil, məqsəd gündəmin ən qaynar, ən populyar mövzusu olan Qarabağ müharibəsindən nəsə
deməkdir. Nəsə
demək borcu və yaxud da vəzifəsi son illərdə
dramaturgiyamızda az qala iki əsərdən
birini bu mövzuda yaratdı. Amma bu, yaradıcılıqdan
çox, quruculuq işi oldu: Qarabağ problemi ilə bağlı hazır təsəvvür
və baxışlardan
qurulmuş mətnlər.
Və bu mətnlər Qarabağ savaşı üzərindən
bəşəriyyətin yaradılışından
bu günə ən eybəcər kəşfi olan müharibəni deyil, elə Dağlıq Qarabağ münaqişəsinin
özünü mövzuya
çevirir, özü
də siyasi baxışlarla.
Məsələyə siyasi baxış olunca isə məlumdur ki, bu münaqişənin bizə
yaratdığı və
yaşatdığı haqsızlıqlar,
ağrı-acılar, itkilər
sözə cevrilir və təbii ki, bunlardan da söz edincə düşünmək
yox, döyüşmək
istəyi yaranır.
Ona görə də müharibə mövzulu pyeslərdə səhnə
düşüncə yox,
döyüş meydanını
xatırladır və
bu meydanda düşmən nə qədər linç edilirsə, əsərdən
məmnunluğumuz da bir
o qədər də çox olur. Vətənə məhəbbəti
düşmənə nifrətlə
arşına çəkən
zehniyyəti məmnun
etmək üçün
uğraşarkən bir
şeyi unuduruq ki, içimizdə
nifrət toxumları əkdikcə gələcək
nəsillərə yeni müharibələr
miras qoyuruq.
Teatr-dram
sənətimiz nəinki
günümüzdəki, hətta
dünənimizdəki düşmən
obrazını da diri tutmağa çalışır,
odur ki "Səhnə"
teatrı Xaqani Əliyevin yağı düşmən motivləri
əsasında qurulmuş
"Qurd əfsanəsi"
əsərini səhnəyə
çıxarır, münsiflər
heyəti də bu tamaşanı "4.4 qısa tamaşalar" festivalının qaliblərindən
edir. Yağı düşmən obrazının
yarandığı vaxtdan
zaman bizi çox irəli götürsə
də, müharibə
mövzusu zehniyyətimizdə
min ilin gerisində qalır, bizim üçün müharibə
hələ də düşmən deməkdir,
qəhrəman deməkdir,
vətənpərvəlik deməkdir.
Odur ki, teatr-dram sənətimizdə səhnə
səngərə, söz
silaha çevrilib düşmənə qarşı
vuruşur.
Sənət müharibədə qalib
gəlmək yox, (bunun üçün kifayət qədər digər platformalar var) müharibəyə qalib gəlmək üzərində
düşünməlidir. Müharibələrə
nə dünyanın ən böyük gücləri, nə ən sözükeçən
tədbir-təşkilatları, nə də ən müasir silahlar son qoymaq iqtidarında deyil, çünki insanın qəlbində nifrət varsa, o, sapand daşı ilə də olsa, atom bombasına qarşı vurusacaq, həm də bu insan
böyük bir kütlənin idealina çevriləcək, o vaxta
qədər ki, bilinci
deyil, inancı üzərindən hərəkət
edən bu kütləni daha gözəl ideallara inandırmayıblar. Dünyanı
irəli daşıyan
ideyalar isə həmişə sənətin,
fəslsəfənin bağrından
qopur. Ancaq bizim teatr-dram sənətimiz elə toplumun inandıqlarına inanır, elə onun düşündüklərini
düşünür, elə
onun kimi vətən deyincə ilk olaraq ağlına düşmən obrazı,
"uğrunda ölmək"
idealı gəlir. Halbuki orta əsrlərin
cəngavərlik romanları
qədər əski olan "uğrunda ölmək" idealını
tarixin arxivinə göndərmək, "uğrunda
yaşamaq" zehniyyətində
bir nəsil yetişdirmək zamanı
çoxdan gəlib.
Bizim dramturgiyamızda isə yaşayan müharibədir,
ölənsə insanlardır.
Qəşəm Nəcəfzadənin
"Ölüm o dünyada
qaldı" pyesində
müharibə nəinki
bu dünyada, hətta o dünyada da o qədər canlıdır,
o qədər diridir
ki, əsərin azərbaycanlı
və erməni personajları axirət yolçuıuğuna Qarabag
müharibəsi üzərindən
davam edirlər. İıqar Fəhminin
"Bazar günü" pyesinin
personajları isə müharibənin başlanmasını
elə bir cosqu ilə qarşılayırlar ki, əsərin
sonu səhnə mətnindən daha çox hərbi marşı xatıladır.
Doğrudur ki, bu, zamanın əhvali-ruhiyyəsidir.
Anacq dram əhvali-ruhiyyənin
axarına düşəndə
deyil, axına qarşı gedəndə
yaranır. Axına qarşı getmək isə müşkül məsələdir, amma bu da bir həqiqətdir
ki, dramaturji konfliktlər
elə müşküllüklərdən
doğur. Firuz Mustafanın "Payız meşəsində vals"
pyesində olduğu kimi azərbaycanlı və erməni əsgərinin qarşıdurmasından
konflikt yaratmaq isə işin ən asan tərəfidir,
ondan da asan olan isə özümüzün
möhtəşəm, düşmənin
isə miskin obrazı
üzərində mövzu-məzmun
qurub müsabiqənin
qalibi olmaqdır (Əsər 2019-cu ildə
Respublika Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə 1-ci yeri
tutmuşdur).
Müharibələr həmişə
qəhrəmanlar doğurur,
qəhrəmanlar isə
heyranlıq. Antik yunan ədəbiyyatından
bu yana heyran
olduğumuz bu qəhrəmanlar lirik, epik əsərlərin mövzusu olmuşlar, dramatik əsərlərin
deyil. Çünki dramda personaja qəhrəman olmaq şansı verməyən,
onu sürəkli ələştirən qarşı
tərəf var. Qəşəm
Nəcəfzadənin "Ölüm
o dünyada qaldı"
pyesində I Qarabağ
savaşının qəhrəmanı
Albert isə o qədər
mükəmməldir ki, özünü
müzakirə üçün
heç bir şans tanımır, onu ələştirməyə
qalxışan tərəfləri
ya hərəkətsiz,
ya da bivec vəziyyətə salır.
Tərəflərin bərabər
gücə, hırsa,
səsə malik olmadığı
səhnədə isə
dram yasana bilməz.
Ona görə də bu gün teatr-dram
sənətimizdə səhnə
varsa da, dram yoxdur.
"Bəs bu səhnədə dram yoxdursa,
nə var?" sualını
başqa müzakirə-müstəvilərə
tərk edərək cavabı "dramatik səhnə və yaxud da dram nədir?" sualı üzərindən
axtarsaq, deyə bilərik ki, dram hərəkətdir.
Həm də bu hadisənin hərəkəti deyil, hərəkətin bu tipi epik əsərlərdə
də baş verir, dram fikrin hərəkətidir. Əgər
dramda bu hərəkət yoxdursa,
o seyr etdiyimiz əhvalatdan, yaxud səhnə görüntülərindən
başqa bir şey ola bilmir. Amma bu görüntülərdə
gündəm görünərsə,
"Mələk" (Pərviz
Seyidli) kimi zəif bir əsər
də respublikanın iki nüfuzli dramatik teatrından birinin səhnəsinə qalxa (əsər 2021-ci ildə Gənc Tamaşaçılar Teatrında
səhnələşdirilmişdir), hətta "İnanıram"
(Ülviyyə Heydərova)
və "Qurd əfsanəsi" (Xaqani Əliyev) kimi şeirin misraları tək əvvəldən sona kimi eyni
ritorkida davam edən əsərlər də festivalın qalibləri siyahısında
yer ala bilər (bu əsərlər
"4.4 qısa tamaşalar"
festivalında ikinci və uçuncu yerləri tutmuşlar). Bu əsərlərdəki emosiya
axınının yaratdığı
patetik səhnə müasir teatrımızın
zövqüdürmü? Əgər
bunu teatrın zövqünün ayağına
yazsaq, onda niyə xarici dramaturgiyaya müraciətdə
kifayət qədər
dramarik səhnə ortaya qoyulur. Biz elə bu teatrlardaca
Əlif Cahangirlinin
"Qəribə, çox
qəribə əhvalat"
(M.Qavra), Bəhram Osmanovun "Mən gəldim, qızlar" (Lars Nuren), Cənnət Səlimovanın
"Don Raffael Trombonçu"
(Pepino de Flippo) tamaşalarında
tamamilə fərqli səhnə görmuşuk.
Və bu səhnədə bizə məişət mövzuları
müstəvisində dərin
dramatik məna-məzmun
təqdim edilibsə,
milli mövzulara müraciət
edən teatr səhnəsində isə
tarixi-ictimai miqyaslı
problemlər məişət
zehniyyəti ilə mövzuya çevrilir. Hətta oxucunu zamanın və kainatın ona heç tanış olmayan qatlarına: gələcəyə və
Marsa aparan Oktay Şamilin "İnsan qiyafəli uzay köpəkləri" (2020) əsərində
belə düşüncə
hər kəsin ağlında və ağzında olan "insan kainatın ən qorxulu məxluqudur" mətləbindən
uzağa gedə bilmir. Düşüncənin
bu qədər yerində saydığı,
hətta bəzən geriyə doğru yönəldiyi dram bu gün sürətlə dəyişən-dönüşən, yeni baxış acılarına
keçən, yeni zehniyyət
doğuran dünyadan çox geridə qalır. Halbuki hərəkət gücü
bütün janrlardan daha çox olan dramın bu dəyişim-dönüşümün,
yenilənmənin önündə
getmək potensialı
var. Amma dram nəinki bu
öndərliyi edir, hətta son otuz ilin mənzərəsi onun özünün dəyişim-dönüşüm, yenilənmə çabasının
sovet qəliblərindən
müstəqillik qəliblərinə
doğru hərəkətdən
başqa bir şey olmadığını
göstərir. Halbuki
dram qəlibləri dəyişmək
deyil, onları parçalamaq, ideologiyaların
ruporu deyil, müəllifi olmaq gücünə sahibdir.
Amma bugünkü dram səhnə
mətnlərinə müəllif
olmaqdan o yana gedə, yeni yanaşmalar ortaya qoya, yeni düşüncə müstəvisinə
çıxa bilmir.
Aynurə İbadullah
Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.29-30.