Cənubi Azərbaycanda ədəbi proses 

 

Ədəbi proses-2022

 

İranda türk dili məhkum sayıldığına görə çağdaş ədəbiyyatda eşq və zəriflik yerini nifrət, etiraza verməli olub. Bəlkə də ədəbiyyatda romantik sevgi və aşiqanə şeirlərin sayca azlığı bu durumla bağlıdır. Özəlliklə də çağdaş şeirdə lirik hisslərin, aşiqanə ifadələrin yerinə mahiyyətcə fərqli anlayışlar işlədilir; hətta aşiqanə şeirlərdəki ritm və intonasiya da dəyişir. Bunu Hadi Qaraçay, Nadir İlahi, Heydər Bayat, Məhəmməd Çalğın Səid Muğanlı və digərlərinin şeirlərində görmək çətin deyildir.

İsmayıl Hadinin, Məhəmməd Rza Ləvayinin, Nasir Mənzurinin, Rüqəyya Kəbirinin, Toğrul Atabayın, Saleh Ətayinin və başqa müəlliflərin yazdıqları nümunələrin çoxunda toxunduqları mövzulardan asılı olmayaraq ağrılı bir məkan var. Ötən ilin çap məhsulları sırasında Rza Hüseyni Bəqanamın "Bax, gözlərimdə Xəzər var", "Vay gecədən", Abdullah Fərci İncıyin "Şeirimdə ruhum gizələnib", Bahadır Metehürün "Ana", Aşıq Gövhərin "Sabahın səhər vaxtında" (Tərtib edən Səid Qasimi), Səriyə Bəxşi Ayların "Sənə xatir eşq əlifbası yazıram", Yanar Qaradağlının (Teyyub Qatranpur) "Təbrizə bənzəyir gözlərin" Səmirə Nemətinin "Özgələr mənim", Cavad Kərimi Zənganlının "Dənizsiz şəhər", Pərviz Suadi Dalğanın "Biri qırmızı, biri kal", Aşıq Məhbub Xəlilinin (Ozan baba) "İlahidən gələn səsim" və başqa şeir toplularının adını çəkə bilərik.

Leyli Kəraməti "Yanaqdan öpmək zamanı sovuşdu", Əli Məhəmməd Bəyanı "Su satanlar", Seyid Mehdəvi "Qızıl ala", "Güney Azərbaycan çağdaş yazıçı qadınlarının hekayə toplusu" hekayə topluları, Səid Füyuzat "Qanlı günlər" (roman) 2022-ci ilin ədəbi nümunələrindəndir.

Güney Azərbaycanda yazılan bədii və tarixi əsərlərin çoxu 1945-1946-cı illərdə qurulmuş Milli Hökümətə, Pişəvəri hərəkatına həsr olunub, bu gün də beləcə davam edir. Yaşlı nəsillə bərabər o illərdən çox-çox sonra dünyaya gələn yeni yaradıcı nəsil üçün də bu mövzu həmişəyaşardır:

 

Bir ildə

min ömür yaşadıq.

Ərkin, unutmayacağı

Göy məçidin görmədiyi

dərin bir ömür.

Ana südündən doğma,

Qız dodağından şirin.

 

Yeri gəlmişkən, Hadi Qaraçayın şeirləri Azərbaycan poeziyasının keçmişi və sabahı olan bədii mətnlərdir, bunu onun "Sonsuzluq" şeirində aydın görürük. Hadi Qaraçayın poeziyasını təhlilə cəlb edən tanınmış tənqidçi Hümmət Şahbazi "Sonsuzluq" şeirini etnoqrafik şeir adlandıraraq yazır ki, mən bu şeiri tariximizin, taleyimizin, zaman-zaman uğraşıb, uğraşa bilmədiyimiz arzularımız adlandırıram.

Yazılan tarixi romanların əksəriyyətinin baş qəhrəmanı vahid vətən uğrunda vuruşan siyasi və ədəbi şəxsiyyət kimi diqqəti çəkir. İbrahim Darabinin "Savalanın göz yaşı" tarixi romanı da bu mövzu üzərində qurulub. Müəllif əsərində 1945-ci ildə Cənubi Azərbaycandakı Pişəvəri hərəkatından, milli hökumətin fəaliyyətindən, bu hökumətin bir il sonra - 1946-cı ildəki süqutundan, sağ qalan mübarizlərin və onların ailələrinin həyatından bəhs edir. Əsərdə müəllif Ərdəbil şəhərindən başlayaraq paytaxt Tehrana qədər baş verən bütün prosesləri, bu dönəmdəki dövlət siyasətini, partizan mübarizəsini, silahlı münaqişələri və kütləvi etirazları, bir sözlə, 33 il ərzində ölkədə baş verən iqtisadi, ictimai və siyasi prosesləri sadə dildə və faktlarla dünyaya çatdırmaq istəyib. İbrahim Darabinin "Savalanın göz yaşı" romanını fars dilindən Azərbaycan türkcəsinə Məsumə Şükrüzadə Yekan çevirib. Əsəri oxuyarkən tərcüməçi Məsumə xanımın hər iki dilin xüsusiyyətlərini dərindən bilməsinə heyran olmamaq mümkün deyil.

Kitabın cildində olan qanlı şəkillər, dar ağacına çəkilmiş insanlar, ağaclara kəndirlə bağlı halda olan cansız bədənlər, qırıcı təyyarələr xarabalığa atılmış boş beşik sanki öz bədbəxtliyini yırğalayırdı. Düşünürsən ki, insanlar necə bu qədər qəddar ola bilər.

Müəllifin əsərin adını bir dağdan alması da təsadüfi deyil. O, Savalan deyərkən, 33 il boyunca həyatlarının hər gününü qələmə almış, onların mübarizə eşqini həyat eşqi ilə bir tutub vuruşduqları insanların çəkdiyi ağrı-acıya baxmayaraq, bir dağ kimi, Savalan kimi dik, mətin olduğunu göstərmək istəyib. Əsərdə Bayram adlı bir qəhrəman obrazı var, o, meydanda camaat qarşısında güllələnməyə aparılarkən belə onu görüb ah-nalə çəkən xanımı Nigara gülümsəyirdi, ölümə getsə belə gülümsəyirdi! Hətta son istəyi öz atəş əmrini özünün verməsi idi. İlk atəşdən sonra da yıxılmamışdı o, ayaq üstə, düşmənin önündə əyilmədən ölmək istəyirdi.

Əsərdə o dövr üçün aktual məsələ olan təhsil problemi əks olunub ki, bu da vacib məsələlərdən biridir. Tamara təhsilini fərdi davam etdirmək üçün kitab aldığını, lakin oxuya bilmədiyinə, dərk etmədiyinə görə şikayətlənir. Yəni dövrün əsas problemi ana dilində kitabların çap olunmaması idi ki, bu da ölkənin və xalqın birliyinə xəyanət idi, uşaqların təhsildən geri qalmasına səbəb olurdu. Lakin əsərin gedişində Tamaranın Yaşarın, Babəkin müəllimi olduğunu görürük. O dövrünün çətinliklərinə qalib gəlmişdi, öz qadın gücünü sübut etmişdi.

Əsərdə ən təsirli mövzu müharibə dönəmindəki qadın zorakılığı mövzusudur. İnsanlar o vəziyyətdədirlər ki, hakimiyyətin zülmünə qarşı çıxdıqlarına görə, tutulan yaxınları edam olunmayıb sürgünə göndərilir deyə sevinirlər. Çünki edam deyildi, sürgün idi, həmin insanların hardasa bir yerlərdə sağ olduğuna inanacaqdılar (Sovet Azərbaycanında qanlı 30-cu illərdəki repressiyaya məruz qalanlarları xatırladır sanki...)

Əsərin sonundakı xalqı uğrunda dünyasını dəyişmiş ölməz qəhrəmanların: İlyas, Ayaz, Səid, Ramin, Əfşin, Fəxri, Nərgiz, Gülzar, Nəsyərən, Klara, Tamara, Solmazın günəşi dığırlayaraq şəhərə gətirdiyi əks olunur. Bu Solmazın arzuladığı mənzərə idi... Bunun hər şeyini itirmiş Yaşarın gözündə görünməsi isə qürurverici idi. Yaşar üçün bu anda xoşbəxtlik ölənlərin arasında qəfildən bir nəfərin sağ qalması olardı. Belə məqamda Svetlana Alikseyeviçin çox yayılmış bir ifadəsi yada düşür: "Müharibədən sonra onlar yerin üstündən çox yerin altındadırlar".

Eluca Atalının "İran hizbullah zindanında" adlı bədii-tarixi romanı İslam inqilabının bəşəriyyətə və İrana gətirdiyi fəlakətdən bəhs edir. Adı ilə daxilindəki ideyanı açan bir kitab - "İran hizbullah zindanında"!.. Əsər "İnqilabın travması", "Üç vəd, üç tələb", "Qanlı orkestr", "Həyatı tabutda axtaranlar" adlı dörd kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam inqilabının təsadüf, yoxsa zərurət olması suallarını cavablandırır. İnqilab və insan anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı məhvə doğru apardığını isbatlayır. 1978-1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş verir.

Kitabda dini dövlət yaratmaq fikrinin Ayətullah Xomeyniyə yox, sosioloq Əli Şəriətiyə məxsus olduğu, lakin bu ideyadan Ağ Evin bəhrələnərək Xomeynini inqilabın müəllifi kimi dünyaya tanıtmasından söhbət gedir. Xomeynidən fərqli olaraq Əli Şəriəti Qərb və Amerika ilə işbirliyinin əleyhinə idi. O, Fransada təhsil almışdı. Qərbi yaxşı tanıyırdı və İranı kapitalist dünyasının caynağına keçirməyin tərəfdarı deyildi. Bunlar barədə kitabda ətraflı bilgi almaq mümkündür.

Əsərdə azad düşüncəsinə görə şərlənib zindana atılmış yüzlərlə insanın taleyi ilə tanış oluruq. Eyni zamanda, digər maraqlı nüanslarla da qarşılaşırıq. Məsələn, İmam Xomeyninin Bakı planı, "Azadlıq" meydanında Leninlə qarşılaşması, hər iki liderin Quzey Azərbaycanda mövqeyi və s.

Yazıçı kitabda Güney Azərbaycanda baş verən proseslərə toxunduğunu və günlərlə ciddi araşdırma apardığını vurğulayıb yazır: "Bu məsələ bizim üçün taleyüklü və milli məsələdir. Odur ki, əsərdə Güney Azərbaycan tarixinə və milli mücadiləmizə mütləq şəkildə yer verilməliydi. "İran hizbullah zindanında" kitabını qələmə alarkən, uzun müddət məhbus həyatı yaşamış insanlarla görüşdüm. Yüzdən artıq güneyli qadın və kişi ilə həmsöhbət oldum, müsahibələr aldım". Qeyd edək ki, kitab "Qanun" nəşriyyatında çapdan çıxıb. Əsər 4 cilddən ibarətdir: "İnqilabın travması", "Üç vəd, üç tələb", "Qanlı orkestr" və "Həyatı tabutda axtaranlar".

Tanınmış güneyli jurnalist və yazıçı Eyvaz Taha yazır: "Açıq rejimli ölkədə nəsr, qapalı ölkədə ancaq şeir hökm sürər. Nəsrdən dialoq səsi, şeirdən yalnız monoloq səsi gəlir". O bu çatışmazlığı qaldırmaq üçün belə bir nəticəyə gəlir: "Nəsrimizi canlandırmaq üçün tək səsi çeşidli səslərə çevirməliyik". Həqiqətən də Cənubda nəsr üzərində çalışanların sayı hələ çox azdır, bunun da səbəbləri məlumdur. Amma son zamanlar nəsr yazanların uğuru göz qabağındadır.

Güntay Cavanşir əvvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp, Bayındır Erenol, son vaxtlarsa Ülgen Tölge adı ilə əsərlər yazıb, tərcümələr və dövri mətbuatda, müntəzəm çıxışlar edir. Onun "Yüksəl Birol" əsərinin üzərində geniş dayanmq istərdik.

Roman Azərbaycan türklərinin İrandakı həyatını hər cəhətdən əhatə edir. Həm hərbi, həm dini, həm kültürəl-ədəbi həm də ailə-məişət baxımından kitabın adı çox şeyi ifadə edir: yüksəlmək və birləşmək. Həmrəyliyə çağıran bu əsərin ilk cümlələrdən mövzudan agah olmaq mümkündür: "İran-İraq savaşının ən qızğın vaxtı idi. Hər iki tərəf sadəcə, sınırlarda gəncləri qırğına vermir, həm də şəhərləri uçaqlarla bombalayırdılar.Əsgərliyə getməmək, ölkədən qaçmaq üçün bəzi yolları sınadım, ancaq müvəffəq ola bilmədim".

Cənubi Azərcabaycan türkləri, hal-hazırda milli kimlik anlayışı cəhətdən çox irəlidədirlər. Roman bunun bir daha əyani sübutudur.

Əli Aslaninin tərtib etdiyi "Güney Azərbaycan çağdaş yazıçı qadınlarının hekayə toplusu" kitabı iyirmiyə yaxın - Nazxənd Sübhi, Rüqəyyə Kəbiri, Saray Məhəmmədrizayi,Səhər barani, Səhər Şükri, Zəkiyə Zülfiqari, Əzizə Nəcəfi, Tarla Sultanvənd və başqa qadın yazarların nəsr əsərləri toplanıb. Kitabda əsəri çap olunan Nazxənd Sübhinin yaradıcılığına geniş nəzər salmaq yerinə düşərdi. Nazxənd Sübhi 2000-ci illərdə nəsrə gəib. Öncələr uşaqlara həsr olunan "Gözəl uşaq", "Uşaqlar üçün şeirlər" adlı əsərlər yazmağa başlamışdı. Sonralar mövzusu İran-İraq müharibəsi ilə bağlı olan "İgidlər" və "Yaralı sərkərdə" romanları oxucuların rəğbətini qazanır. Nazxənd xanımın türkcə yazdığı əsərlərindən biri "Nazqeyd" hekayələr toplusu, özəlliklə "Qələbə günü" hekayəsi Güneylilərin 1946-cı ildə apardıqları azadlıq mübarizəsinə həsr olunub. Sadə və səmimi dillə yazılan "Dirək" əsərində Sara adlı bir yoxsul qızın yaşam çətinlikləri təsvir edilir. Hekayədə ana dilinin yasaq edilməsi nəticəsində meydana çıxan təhsil çətnliklərini üzərində geniş dayanılır. Yazıçının "Soyuq gecə" əsəri bir neçə qısa nağıldan ibarətdir. Kitab 1953-cü il doktor Müsəddiqin devrilməsindən sonra həbslər, basqınlar və sürgünlərindən bəhs edir. "Dustaqdakılar" romanı isə Pəhləvi dövrünün mübarizə yolunda həbsxanaya atılanların təcrümeyi-halı ilə bağlıdır.

Güney Azərbaycanda indiki bədii ədəbiyyat özünü fərqli formada göstərməkdədir. Bu gün şairlərin, yazıçıların çoxu toplumsal olayları əks etdirməkdədirlər və Güneydə hakim olan maliyyə sıxıntılarından tutmuş, siyasi basqılar, kültürəl yürüşlər, toplumsal təhqirlər və narazılıq duyğusu, milliyyətçi düşüncələrini şeirin dili ilə ifadə etməyə çaba göstərirlər. Bütün gənc yazıçılar, nə olursa olsun, tam türkcə yazmağa çaba göstərirlər. Halbuki bütün nəhv quruluşları farsca olmuş və bir sözlə, farsca düşünüb türkcə yazırdılar. Gənc yazarların ədəbi yaradıcılığında, eləcə də gənclərin sosial şəbəkədəki yazışmlarında xeyli qatmaqarışıqlıq da var idi. Özəlliklə Anadolu türkcəsindən təsirlənib, internet fəzasından yararlanmaqla bu qarışıqlıq daha da güclənmişdir. Yəni yazılı fəza öz təsdiqini tapmadan, onlar şifahi bir dünyanın ortasına atıldılar. Bu durum dayanmadan genişləndiyi, habelə qəzetlər və dərgilərin olmadığı üçün, kimsə bu olaya təpki göstərib, tənqid edə bilməyib. Amma bütün bunlara rəğmən buna anormal olaraq yanaşılmır. Çünki içində olduğumuz bu ortam maraqlı bir ortamdır və bu gediş inkişaf etdikcə, Güneydə böyük əsərlərin ortaya çıxmasına ümidlər də artır. Yeni nəsil dil, nəşr və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq Güneydə öz milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyillərinə qovuşmaq üçün ədəbi axtarışlarını davam etdirir.

 

Pərvanə MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti: xüsusi buraxlılış.- 2023.- 22 iyul.- S.31-32.