Ayrılıq valsı
"Real həyat yoxdur,
biz dünyada deyilik"
Artur Rembo
"Başqaları
yaşayarkən
yaşamaq mümkündürmü?"
Yohan Volfqanq Höte
"Ölüm
ölkəsinə çatmaq üçün insanın
qısa bir müddət də olsa,
öz mövcudluğunun xaricinə
çıxması bəsdir. Və ədalət
humanist deyil,
kor və rəhmsiz qanunların ədalətidir"
Milan Kundera
Sıcaq,
sımsıcaq bir günün tən ortasında "Taksim Sənət
Mərkəzi"ndə "An və yaddaş" adlı rəsm
sərgisini izləyirəm. Sərginin "Yaddaş və
an", "Meqapolis" və "Sürü"
tabloları heyran edir adamı. "Sürü" tablosunun
qarşısında xəyala dalıram. Gündəlik həyatın
sıxıcılığı, fərdi və ictimai
qovğalar, "xərçəng addımlarla yeriyən
mediatik populizm", siyasi fırıldaqlar və onların
arxasını, ayağını gücləndirən
yaltaqlıq savaşları, axmaqlıq sürüləri.
Hamısı sanki eyni filmin şəridləri, fraqmentləri
kimi axır gözlərimdən. Əziz Nesinin "Padşaha
girən paya" hekayəsinin kinematoqrafik səhnələri
canlanır yaddaşımda. Tablolara baxdıqca Kunderanın
anla, yaddaşla bağlı iki romanı düşür
yadıma. "Gülməyin və unudulmağın
kitabı" və "Astagəllik".
"Sürü" tablosuna gülürəm və ustad
Kunderanın var olmağın ağırlıq bürcünə
qarşı ən yaxşı yolun gülmək və unutmaq
formulları barədə baş sındırıram.
Sürünün əsarətindən də xilas
olmağın ən yaxşı yolu gülmək və
unutmaqdır. Sənət mərkəzindən çıxanda
telefonu cibimdən çıxarıram və votsapın 12
oxunmamış mesajı boylanır mənə. Daxil oluram.
Mesajlardan 8-i Milan Kunderanın vəfatıyla bağlı
başsağlığıdır. Bəziləri kədərli,
bəziləri isə ələ salarcasına yumorlu. Əvvəlcə
sarsılıram, heç kimə cavab vermirəm, sonra kədərim
qəribə bir təbəssümlə əvəzlənir.
İçində yaşamağa məhkum olduğun yumorsuz
dünyadan xilas oldun, Kundera. Necə deyirdin? "İnsan
düşünür, Tanrı gülür". Tanrı
düşünəndə isə Kundera yazıb, yazır və
yazacaq. Onu hər dəfə oxuduqca yenidən yazacaq, yeni
oxucunun duyğuları, düşüncələri və
gözləri ilə. Orxan Pamuk demişkən, bu işi, yəni
ölümü böyütmədən, səssizcə getmək
lazım idi, elə də getdin. Yazmaq istədiyin bütün
romanları yazdınmı? Bütün külliyatını dəfələrlə
oxuyan biri kimi deyirəm ki, bəli, səninlə doyunca
söhbət edə biləcəyim qədər, mənimcə,
yazdın.
İstiqlal caddəsində qələbəliyin
içinə qarışıram. Beynimdə
min bir sual dolanır. 94 il bəs etdimi Kunderaya? Gedənlərin
gəlmədiyi dünyada həyatla barışa bildimi? O
öz romanları ilə yazıda, roman sənətində
ölümsüzdürmü? Yoxsa bu ölümsüzlük
sevdası yazı adamlarının quruca təsəllisidirmi?
Özümü ixtiyarsız şəkildə
Nişantaşının dar, dolambaclı küçələrində,
oradan da Pamukun "Məsumiyyət muzeyi"ndə tapıram.
Həmişə qarış-qarış gəzdiyim muzeyin
eksponatları nədənsə mənə çox cansız,
fani təsir bağışlayır. İçimi qəribə
bir astagəllik bürüyür, darıxıram, şairləri,
yazıçıları sevərək, həm həyatdan, həm
ölümdən qorxaraq...
Bir neçə il əvvəl
İngiltərənin Mançester Yunayted futbol klubunun əfsanəvi
baş məşqçisi Ser Aleksandr Çempen Ferqyuson
ağır insult keçirir. Həkimlər Aleks Ferqyusonu beyin
əməliyyatı edirlər. 78 yaşlı Ferqyusonun
ayılanda ilk sözü "Xatırlayıram?" olur.
Çünki insan xatırladığı müddətdə
yaşayır. Bir də xatırlanması var insanların.
Sıravi adamlar nə qədər yaxşı olsalar da,
ölümlərindən sonra qısa, limitli yaşayırlar.
Onları görən adamlar sağ olduğu müddətcə
var olurlar. Sənət adamları isə əsərləri ilə
daima mövcuddurlar, var olmağın dözülməz
yüngüllüyündə də, yaşamağın
ağırlıq bürcündə də əsərləri
ilə həyatları davam edir. Milan Kundera "Zarafat",
"Gülməyin və unudulmağın kitabı",
"Var olmağın dözülməz yüngüllüyü",
"Ölümsüzlük", "Ayrılıq
valsı", "Gülünc eşqlər", "Astagəllik",
"Bilməmək" ("Cəhalət"), "Mənasızlığın
təntənəsi" romanları ilə intellektual-psixoloji ədəbiyyatın
fərqli nümunələrini yaratdı. Var olmağın
ekzistensiyası ekzistensializmin sonuncu və nəhəng
imzası ilə məna və dəyər qazandı. Sanki
Milan Kundera hər gün yumor hissi azalan dünyanın
gülüşünü, yumorunu apardı özüylə.
Onu ekzistensializm ədəbi cərəyanının yaşayan klassiki, ən
son nümayəndəsi adlandırırdılar. Heç vaxt
birmənalı qarşılanmadı. Vətən xainliyi ilə
damğalandı. "Zarafat" və "Var olmağın
dözülməz yüngüllüyü" romanlarından
başqa ciddi bir əsər ortaya qoymadığını deyənlər
də oldu. Əsərlərinin yalnız müəyyən bir
dövrə aid olduğunu da söylədilər. Bəzilərinə
"Roman sənəti", "Pərdə", "Bir
görüş", "Təhrif edilmiş vəsiyyətlər"
kitabları bədii əsərlərindən daha maraqlı gəldi.
Son romanı "Mənasızlığın təntənəsi"
Avropada bədii-estetik məzə, zarafat kimi qiymətləndirildi.
Guya Kunderanın digər romanları həmin məzə və
zarafatdan uzaqıymış. Halbuki Kundera ədəbi-estetik
görüşləri və yaratdığı sənətiylə
bütün izmlərin zirvəsindədir. O, insanın daxilindəki
"məni", fərdi düşüncə və
duyğuları axtardı, bədii kəşflərə
çıxdı. Özünün deyimi ilə desək,
"məni" axtarması paradoksal bir narazılıqla nəticələndi.
Daha doğrusu, davam etməkdədir. Şüurlu və ya
şüursuz şəkildə məni dərketmə prosesi
yaşayan insan Kunderanın romanlarında tamamilə gözlənilməzdir.
Kafkadan belə fərqlənir. Əgər Kafkada situasiyalar fərqlidirsə,
Kunderada psixoloji, intellektual yozum, gündəlik həyatın sənətdə
yeni əks olunma formaları yenidir. Bu yenilik klassik romanların
tərif və təsvirlərindən kəskin şəkildə
fərqlənir. Tutaq ki, Floberin romanlarında xarici mühit və
aləm birbaşa insanın daxili ilə bağlıydı.
Digər klassik romanların qəhrəmanlarına da baxsaq, vəziyyət
belədir. Ancaq Kundera həqiqətsonrası dövrün təhkiyəçisidir.
Ətraf mühit insanın daxilini elə bir şəkildə
məngənəyə salıb ki, mənəvi dəyərlərin
heç bir mənası qalmayıb. Dözülməz
yüngüllükdə can verir. İnsanın gələcəyi
ilə bağlı ehtimalların sərhədlərini
keçib Kunderanın romanları. Bu baxımdan ustadı
Kafkanın estetik görüşlərindən sonrakı mərhələni
təmsil edir o.
Modern
roman Prust, Kafka və Coys triosuna aiddir.
Kundera bu fikirlə razılaşmırdı. Haqlıydı
da. Çünki modern roman üçün uzun bir siyahı
hazırlamaq olar. Və özündən əvvəlki və
sonrakı yazıçılara da Franz Kafka
başçılıq edir. Mən kiçicik siyahımda əsas
fiqurları belə düzərdim: Kafka, Prust, Coys, Brox,
Müzil, Qombroviç, Friş, Rob Qriye, Qaddis... və
Kundera...
Onun romanlarını belə xatırlamaq olar: İlk romanı
"Zarafat" gündəlik, ötəri rejimlərin qulu,
köləsi olan adamların bir gün həmin sistemdən necə
zərbə ala biləcəklərini ədəbiyyatın
dili ilə ifadə edir. Fransız şair Lui Araqon əsəri
XX əsrin ən böyük romanlarından biri
adlandırır. Ön söz yazır kitaba. Kundera Araqonun
ön sözünü kitabdan çıxarır,
çünki əsər getdikcə siyasiləşir. Halbuki
Kundera siyasi roman yazmamışdı. Sadəcə, siyasətin,
Kommunist partiyanın oyuncağına çevrilən, yaltaq bir
gəncin ironik, tragikomik hadisə ilə üzləşməsini
göstərir. Sevgilisi Marketaya məktub yazan Lüdviq zarafatla
Trotskinin adını çəkir və bütün
"karyerası", çabaları, "zəhməti"
puç olur. Partiyadan azad olunur, həbs edilir və ondan sonra
nifrət dolu bir insana çevrilir Lüdviq.
Milan
Kundera "Kimlik" romanı
ilə artıq bir dəyər ifadə etməyən insan bədəninin
görünməyən, gizli tərəflərini kəşf
edir. Əsərin qəhrəmanı Şantal özündən
yaşca xeyli kiçik sevgilisi Jan-Markla təsəlli tapmaq istəyir.
Lakin onu heç kim və heç nə ovutmur. Kimliyimiz nədən
ibarətdir? Köhnələn bədənimizdən? Heç
bir haqq, səlahiyyət verilmədən bu dünyaya, bu bədənə
və ruha məhkum edilmişik!
"Ölümsüzlük" romanında
özünün, Heminqueyin
və Hötenin obrazını yaradır.
Ölümsüzlüyü iki yerə bölür. Birincisi,
qadın bədənindəki zərifliyin, estetikanın,
qocalmaq istəməməyin ölümsüzlük
çabasıdır. Digəri isə Heminquey, Höte kimi sənətkarların
yazıda var olmaları, ölümsüzlüyüdür.
Kundera
"Gülünc eşqlər"
romanında həkim Havelin Don
Juanlığını yazır. Dəyişən, yenilənən
dünyada mümkün olmayan Don Juanlıqdır bu. Saxta,
erotik eşqbazlığa tragikomik bir yanaşmadır. Havel
öz spermasını uşağı olmayan qadınlara
ötürməklə bir müalicə üsulu seçir.
Bir gün romanı oxuyan praqalı bir həkim Kunderanın
qarşısını kəsir və deyir: Sizi tənqid edəcəm,
həkimləri pis göstərmisiz. Necə də Mehdi
Hüseynlə İsa Hüseynovun o məşhur dialoqunu
xatırladır. "Çap olunmağa
başladığım ildən bir fakt. Mehdi Hüseyn: "Səni
tənbeh eliyəcəm". Oçerkdə niyə öz
atandan yazmısan?" Həkim yalnız öz peşəsinin
təəssübünü çəkir. Normaldır. Amma
romanı anlamayıb. Yazıçının məqsədi həkimləri
pisləmək və ya hər hansı saxtakarlığı
göstərmək deyil, tragikomik həyat situasiyasını sənətin
dili ilə ifadə etməkdir. İnsanın mövcudluq
problemi "Gülünc eşqlər" romanının digər
qəhrəmanları Eduardla Alisin eşqində sorğuya
çəkilir. Burada Eduard və Alisin fonunda insanın fikirlərinin
və bədəninin taleyin bir yamağından ibarət
olması çözülməyə
çalışılır. Çözülürmü?
Əlbəttə ki, xeyr. Roman çözmür, insan həyatının
qaranlıq bir tərəfini təqdim edir. Elmin və tarixin
görmədiyi yönləri.
"Ayrılıq valsı"
ən çox
"Gülünc eşqlər" romanına bənzəyir.
Əslində, Kundera hər bir romanında yeni, eksperimental
forma və məzmun yaratmağa çalışır.
"Yazı sənətinin həndəsəsi" hər dəfə
bir-birindən fərqlənir. "Ayrılıq valsı"nın
komponentlərindən olan ginekoloq Skreta da "sonsuz"
qadınları "sonlu", uşaqlı etməyə
çalışır. Həyatın mənası yemək,
seks və çoxalmaqdırmı? Roman bu sualı verir. Burada
hər şey ötəridir. Həyat kimi. Romanın digər
qəhrəmanı Klima və onun bircə gecəlik sevgilisi
olan Ruzena arasındakı eşq həyatın da necə təsadüfi
və istənilməyən bir məcburiyyət olduğunu
göstərir. Həyatımızı yaşamağa macal
yoxdur. İnsan faciəsini belə yaşamaq haqqından məhrum
bir tragikomediyanın və ayrılıq valsının
içindədir. Özündən, mahiyyətindən
ayrılmış bir şəkildə inorqanikdir. Halbuki
orqanik ola bilərdi...
"Cəhalət" romanında
İrena və Yozefin üstünə
Homerin Odisseyasının kölgəsi düşür.
Özlərindən, İthakalarından ayrılıblar. Xatirələr
hücum edib yaddaşlarına. Zaman və məkanın yenilənməsi,
dünyanın çöhrəsinin dəyişməsi
insanın cahilliyini dəyişdirə bilməyib. Praqa
baharında öz ölkəsindən didərgin düşən
İrena daha əvvəl özündən, sevdiyi adamdan hicrət
edib.
"Gülməyin
və unudulmağın kitabı"nda Kristine, Tamina, Karel və
Marketanın həyatından etüdlər verir. Kristine bir
maşından - plastik əməliyyatlardan çıxan
qadınlarla insanın, ananın doğduğu xanımlar
arasındakı incə ştrixdir, fərqdir. Orqanik və
inorqanik hərəkətləri ilə. Karel bir qadınla,
Marketayla kifayətlənməyən kişilərin ümumi
obrazıdır. Bir qadınla kifayətlənməyin əlçatmazlığı,
özəlliyi və gözəlliyi bir illüziya kimi gülmək
və unudulmağın yaddaşından keçib gedir. Tamina
ölmüş ərindən qalan xatirələri unutmamaq
üçün bədənini belə qurban verməyə
hazırdır. Həyatda humanist duyğular eşq və mərhəmətdir,
bəlkə də. "Gülməyin və unudulmağın
kitabı" iyrənməyin yaddaşının mərhəmət
və eşqin yaddaşını üstələyə biləcəyini
ifadə edən lənətli anların bədii kəşfidir.
"Astagəllik" Kundera və
xanımı Veranın dialoqu ilə
başlayır. Vera xanım soruşur ki, niyə küçədə
qoca bir qadını öldürsələr,
cınqırı çıxmayacaq, heç nə etməyəcək
bu adamlar heç ölməyəcəkmiş kimi sürətli
bir şəkildə avtomobil sürürlər? Kundera bu
romanında surətin unutmağı, astagəlliyin
yaddaşı, xatırlamağı ifadə etdiyini esseistik bir
üslubda çözməyə çalışır. Bənzərsiz
bir strukturu olan roman-essedir "Astagəllik".
"Var olmağın dözülməz
yüngüllüyü" nə deməkdir?
Pozitivist fəlsəfə insanı təbiətin ən şərəfli
varlığı adlandırır. İdealist fəlsəfəyə
görə də insan canlıların ən şərəflisidir
və ən gözəl şəkildə yaradılıb.
Homo sapiens dövründən homo deus olma çağına
addımlayır insan? İnanmıram. Yuval Noah Harrarinin
antropoloji araşdırmaları nəticəsiz qalmaqdadır.
İnsanlıq inadkarlıqla homo deus olma iddialarını rədd
etməkdədir. Təbiətin şərəflisi olmaq
üçün natura, orqaniklik lazımdır. Modern insan daha
çox homo nekansdır, yəni öldürəndir.
Öldürür, təbiəti və Tanrını. Təbiət
yoxkən, insan təbiətin ən şərəflisi necə
ola bilər? Yaradan, Tanrı
ölmüşkən, yaradılan
necə ola bilər ki,
ən gözəl təqvimdə yaradılsın,
mövcud olsun? Belə bir dünyada
insan var olmağın
dözülməz yüngüllüyü
altında əzilir.
Var olmağın dözülməz
yüngüllüyü yaranır.
Tomaş və Terezanın yaltaq bir mühit və meqapolisin xaosundan təbiətin qoynuna qaçmaları və orada ölmələri
idealist və pozitivist
görüşləri birləşdirir.
Tanrının və təbiətin varlığında,
ağırlığında qovuşmaqdır bu.
Kundera ən nihilist və
pessimist situasiyalarda da optimistdir.
Çünki güclü
bir gülüş və yumorla zəngindir. Milan Kunderanın
sənəti "içində
yaşamağa məhkum
olduğumuz" yumorsuz
dünyada gülməyin
dözülən yüngüllüyü,
xəfifliyi, astagəlliyidir.
Bu gülüş bizi
gələcəyə, gələcəklərə
doğru aparır. Bu anda bir yazımın
adı düşür
yadıma. Gələcək
gələcəkmi? Kunderaya
görə, avanqardistlər
və böyük sənət əsərləri
yaradanların əsas
təsəllisinin gələcəyin
onları haqlı çıxaracaqlarını düşünmələridir.
Daha sonra isə deyir: "Əvvəllər mən də gələcəyə
əsərlərimiz və
əməllərimizin yeganə
səlahiyyətli hakimi
kimi baxırdım. Gələcəklə aşna
olmağın dövrlə
ayaqlaşmağın ən
pis forması və daha güclü
və iqtidarda olana qorxaqca yaltaqlıq etmək olduğunu çox gec dərk etdim.
Çünki gələcək
indiki zamandan həmişə daha güclüdür. Nəticədə,
bizi ittiham edəcək əsas gerçəklik də odur. Və təbii
ki, heç bir səlahiyyəti olmadan edəcək bunu. Bəs gələcək gözümdə heç
bir dəyər ifadə etmirsə, mən kimə bağlanım, kimə aid
olum? Tanrıyamı? Vətənəmi? Xalqamı?
Fərdəmi? Cavabım
həm səmimi, həm də bir o qədər gülməlidir: Mən Servantesin rədd olunan, xor görülən
mirası olan roman sənəti xaricində heç bir şeyə bağlı deyiləm".
Və
"Həyat başqa
yerdədir" romanında
Praqada, kommunist bir cəmiyyətdə var
olmağın dözülməz
yüngüllüyünü yaşayan Yaromilin obrazı ilə bütün böyük Avropa, dünya şairlərinin ümumiləşmiş
obrazını yaradır.
Artur Rembo, Lermontov, Puşkin
kimi şairlərin həyatı ilə Yaromilin varlığı iç-içə keçir.
Zaman və məkan koordinatlarını dağıdır
Kundera. Eyni zaman və
məkanda baş verən hadisə kimi təqdim olunur şairlərin həyatı. "Həyat
başqa yerdədir"
romanı dünya ədəbiyyatının ilk ensiklopedik,
cəsarətli eksperimentlərlə
zəngin romanlarından
biridir. Şairin, şeirin, yazıçının,
romanın funksionallığını
itirdiyi dünyada həzin, məhzun bir ayrılıq valsı çalır var olmağın dözülməz
yüngüllüyündən yaxa qurtaran Milan Kundera...
Ülvi BABASOY
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.2-3.