Göyərçin
Hekayə
Atamın ruhuna ithaf edirəm
Adamın
başına müsibət
müsibət dalınca
gələndə onda
faciəyə qarşı
qəribə bir immunitet yaranır. Hansısa bir fəlakət başın
üstə qasırğa
kimi əsəndə heç tükün də tərpənmir, tövrünü pozmursan.
Dərd, qüssə adam üçün adiləşir. Elə zənn edirsən ki, həyat əvvəlki kimi öz axarıyla
davam edir. Düşdüyün bataqlıq
gözünə gülüstan
kimi görünür.
O bataqlığın iyi,
qoxusu iliklərinəcən
hopur, sən o üfunət qoxusunu hiss eləmirsən.
Müsibət ilk dəfə atamın
əzablı simasında
təzahür elədi.
Qəfildən hiss elədim
ki, kişinin əvvəlki
gücü-taqəti qalmayıb,
əməllicə zəifləyib,
ayaqlarını güclə
sürüyür. Ona qədər
mən atamı işdə-gücdə görməyə
adət etmişdim. Sübh tezdən qalxıb göyərçinləri
yemləyir, həyəti
sulayır, sonra da quşxananın böyründəki
taburetdə oturub siqaretini tüstülədirdi.
Quyunun üstündən
göyərçinlər göyə
pərvaz edəndə
atamın üzü gülürdü. Bəzən
külək quşları
axıdıb aparanda dilxor olurdu. Quşu quşla tutmağın ustasıydı.
Əsəblərini quşlarla
sakitləşdirirdi. Bir də
görürdün ki, ən
çox güvəndiyi
quş uçmur, belə olanda kişi özünə yer tapa bilmirdi, siqareti siqaretə calayırdı. Quşun nazıyla körpə uşaq kimi oynayırdı. Deyirdi hər adam bunların
dilini bilməz. Ondan nəsə soruşanda deyirdi quş sənlik deyil, get yazı-pozunla məşğul ol. Quşlara dən səpməyin də qaydası, vaxtı-vədəsi
var. Atam bütün bunları bilirdi. Quşlar gəlib atamın əlinə qonur, ovcundan dən yeyirdilər.
Mən bəzəkli quşları
xoşlayırdım, bir
dəfə atam dedi ki, yadında saxla, quşu bəzəyinə görə
yox, uçuşuna görə seçirlər.
Yaxşı göyərçin
fasiləsiz on-on iki saat uça bilən göyərçindir.
Bir dəfə atamın
ən yaxın dostu xoşladığı
göyərçin üçün
xahişə gəlmişdi,
atam quşu ona vermədi:
- İncimə, qərdeşoğlu,
o quşu verə bilmərəm. Dostuq, can-ciyərik, öz yerində, gəl sənə bir cins qoyun verim,
amma o quşu məndən istəmə,
- dedi.
Ondan sonra araları sərinlədi. Yolda məni görəndə giley-güzar elədi. Mən də dedim ki, xasiyyətini bilirsən də, o, yaxşı quşu heç atasına verməz.
Atam Neft daşlarında işləyirdi, orda da quşxanası vardı. İşə gedəndə
quşlardan birini özüylə aparmışdı.
On gündən sonra gördüm ki, quş həyətdədir. Quşun
vəfasına bax!
Beləcə, atam hər gün həyət-bacada özü üçün
məşğuliyyət tapırdı.
Anam onu nahara səsləyəndə
də ağacları budayırdı ya da tövlədə qoyun-quzunun
axurunu təmizləyir,
sahmana salırdı. Günorta nahar vaxtı yüz əlli qram araq içirdi, məhəlləyə çıxıb
gurlarıyla biədəb
zarafatlar edir, kefi durulurdu.
Bax, bu məqamda hiss elədim ki, o boz, rəngsiz, fərəhsiz günləri heç xatırlamaq istəmirəm.
Depressiya xirtdəyimdən
yapışıb məni
keçmişə sürükləyir.
Hə, onu deyirdim axı,
atam sürətlə
arıqlayırdı və
mən hiss elədim
ki, bu, heç də yaxşı əlamət deyil. Nəsə azarı var.
Amma ciddiyə almadıq,
müsəlman belədi
də. İş işdən keçəndən
sonra ayılırıq,
onda da heç ayılmasaq yaxşıdır.
Atamın hərəkətlərində
ləngimələr əmələ
gəldi, əvvəlki
çevikliyi itdi. Mən onda qəzetdə
müxbir kimi çalışırdım. Atama
həyət-baca işlərində
kömək etməyə
vaxtım olmurdu. Amma anam qıvraq qadın idi, evimizi tikəndə atama palçıq daşımışdı. Mən
onda əsgərlikdə
idim, gəlib gördüm ki, atam əməlli-başlı imarət
ucaldıb.
İndi kişi canıyla əlləşirdi, amma özünü sındırmır,
xəstəliyini büruzə
vermək istəmirdi.
Amma biz görürdük axı...
Görürdük ki, kişi
sınıxıb, iştahadan
düşüb. Adəti
xilafına gündüzlər
yatırdı, anamın
da gizlincə xiffət
çəkdiyini görürdüm.
Bütün bunları
görürdüm və
içimə şübhə
toxumları düşürdü.
İşdə də
fikrim atamın yanında qalırdı, sınıxmış sir-sifəti
gözlərimin önündən
getmirdi. Redaksiyada fikirli gəzib-dolandığımı
görən makinaçı
Zərifə xala bir dəfə soruşdu ki, bala, sənə nə olub, niyə dərdli-dərdli gəzib
dolanırsan? Zarafata salıb onu da dedi ki, bəlkə, bir qıza vurulmusan?
Elədisə, fikir eləmə, Zərifə
xalan ölməyib ki.
Zorla gülümsəməyə
çalışdım:
- Təki sən deyən olaydı, Zərifə xala...
Vəziyyəti ona danışdım.
Təsəlli verdi, başqa əlindən nə gələ bilərdi ki... Anlayırdım
ki, atamın ömür
möhləti azalır.
Amma bu haqda fikirləşməyi özümə
rəva görmürdüm.
Bunu ağlıma sığışdıra bilmirdim.
İşə elektrik qatarında
gedib-gəlirdim. Çantamda
həmişə oxumağa
kitab olurdu. Beşinci vaqonda sağdan ikinci sırada, pəncərə tərəfdə
otururdum. Mütaliədən
yorulanda pəncərədən
ötüb keçən
mənzərələri seyr
edirdim. Elə də ürəkaçan
görüntülər deyildi.
Bakı bağları,
qumsallıq, kənd evləri, asfalt yol, göz işlədikcə
uzanıb gedən badam, zeytun bağları...
Arada vaqonlar boyu o baş-bu başa gedən xırdavat satanların cır səsi diqqətimi kitabdan yayındırırdı. Uşaq
vaxtı şənbə-bazar
günlərində atamla
Bakı - Buzovna qatarına minib Sabunçu bazarına gedərdik. Atam bu bazarda tanışları
çox idi. Sövdələşib seçmə
göyərçinlər, quş yemi alırdı.
Toyuq-cücəmiz bol
idi, xatırlayıram,
yeniyetmə vaxtlarımda
bu bazara yumurta gətirib satırdım. Burda o qədər davalara düşmüşəm ki...
Dəmiryolunun o tərəfində gecəqondular vardı, o səmtə adlamaq üçün neft gölməçələrinin böyründən keçib
getməli idin. Daxmalar karton arakəsmələrlə bir-birindən
ayrılırdı, burda
xuliqanlar, cibgirlər,
əyyaşlar, fahişələr
- tüfeyli həyat tərzi keçirən adamlar meydan sulayırdı. Bu yerlərin
nəsibi səfalət
idi. Aradan illər keçib, hələ də pırpız saçlı
bir qızın məni necə tovlayıb daxmanın küncünə sarı çəkib apardığını
xatırlayıram. Təcrübəsiz
yeniyetmə idim. Alverdə də həmin gün əlim yaxşı gətirmişdi. İfritə
elə bil iy bilirdi, hansısa
hərəkətimdən anlamışdı
ki, cibim qalındır.
Aradüzəldən qadının
sallaq döşləri,
iyrənc təbəssümü
hələ də gözlərimin önündədir.
O səhnəni təsvir etmək istəmirəm. Özünüz təsəvvür
edin, yeniyetmə oğlan və fahişə qadın. Orda nələr baş verə bilər? Elə təsəvvürünüzə gətirdiyiniz anlar yaşandı. Gələndə
qəzet köşkündən
aldığım "Monte Karlo" siqaretinin də həmin pırpız saçlı qız axırına çıxdı.
Heç düz-əməlli
siqaret çəkə
də bilmirdim. O fahişə mənim siqaret çəkməyimə
baxıb hırıldayırdı.
Təbii, mən o cür yerləri tanıya bilməzdim, məni bura qonşuluğumuzda yaşayan
Hacıəmi kişinin
oğlu, məndən
beş yaş böyük olan Zahid gətirmişdi. O, bu sahədə məndən
qat-qat təcrübəli idi,
burada onu hamı tanıyırdı.
Mənim qadın bədəni ilə ilk dəfə yaxından tanışlığım həmin
gündən başladı.
Həmin
gün qızla içdiyim çaxır məni sərxoş eləmişdi. Bu vəziyyətdə
elektrik qatarına minə biməzdim. Kəndə taksi ilə qayıtdıq. Atam məni sərxoş vəziyyətdə
görüb heç nə demədi. Amma anama dedi ki, kopoyoğlu deyəsən ayılıb.
Anam əllərini dizlərinə
çırpıb qışqırdı:
- Adə, görmürsən
nə gündə gəlib? Bunun ayılmağı
səhərə çəkər.
- Ay arvad, mən başqa ayılmaqdan danışıram. Sənin
də savadın qıcqırıb deyəsən.
Elə ayılmaq üçün belə sərxoş olmaq lazım gəlir.
Çox
hoqqalardan çıxmışam,
atam heç vaxt xətrimə dəyməyib. Amma gərək
vaxtında məni döyəydi, danlayaydı.
Ərköyünlüyüm mənə sonralar çox baha başa gəldi.
Son vaxtlar atam gecələr
yuxuda anlaşılmaz
sözlər deyirdi, heç nə başa düşmürdük.
Bir gün səhər
yuxudan oyananda dedim, ata, gecə
nə yuxu görürdün, səsin
gəlirdi.
- Eh, ay oğul, indi desəm ki, səhərəcən
cavanlığımla söhbət
eləmişəm, inamıyceysən,
- dedi və dərindən ah çəkdi.
Sinəsi xışıldadı.
- Sən heç vaxt bizə cavanlığından danışmadın,
- dedim.
- İşdən-gücdən başım
ayıldı ki, bala? Mən ömrümün yarıdan çoxunu dənizdə keçirdim,
evi anan dolandırdı. Heç vaxt ata-oğul kimi ikilikdə oturub söhbət eləmədik, düz deyirsən.
Araya uzun sükut çökdü, nə o
dindi, nə mən. Handan-hana danışmağa başladı:
- Həə, bütün gecəni cavanlığımla
dərdləşmişik. Belə
kefin istəyən. İkimiz də ürəyimizi boşaltdıq.
Dedim day vaxt çatıb, gəl halallaşaq. Vaxtında heç sənin qədrini bilməmişəm,
ay cavanlıq. Gördüm
gülür, dedim nəyə gülürsən?
Dedi rəhmətliyin oğlu, guya kim vaxtında mənim qədrimi bilib ki? Hamının yadına qocalanda düşürəm. Yadımdan
çıxan çox
şeyləri yadıma
saldı. Dedi fikir eləmə, hamı sənin kimidir. Həyat belədi, səndə günah yoxdu. Mənim gücüm elə bundadı; dəlisovluğumda, çılğınlığımda.
Mən harda varamsa, orda sağlamlıq
var, güc var, enerji
var, gözəllik var. Amma mən
sənin yanında gücsüzəm, çünki
səndə olan ağıl məndə yoxdur, sən dünyanı məndən
yaxşı tanıyırsan,
ömür yaşamısan,
həyat səni müdrikləşdirib. Bax,
belə qəribə söhbətlər eləmişik.
Üzümə baxıb gülümsədi:
- Deyəsən ağlına
bir şey batmadı. Sən yazı-pozu adamısan e, gərək belə dərin söhbətlərdən
başın çıxsın.
- Darıxırsan cavanlığın
üçün? - deyə
soruşdum.
- Cavanlıq üçün
darıxmazlar, cavanlığı
xatırlayarlar. Mən
yaşında olan adamlar hər gecə özlərinə
hesabat verirlər. Yavaş-yavaş yır-yığış
vaxtı çatır.
Elə böyük günahım olmayıb, amma səhvlərim çox olub həyatda. Səhvsiz adam yoxdu ki. Amma sən cavansan, insan ən çox
cavanlıqda səhv edir. Çalış, səhvlərə yol vermə, sonra o səhvləri düzəltmək
olmur. Adam təpəsinə
döyə-döyə qalır.
O gün atamla çox şeylərdən
danışdıq. Müharibə
dövrünə düşən
yarıac-yarıtox uşaqlığından,
əsgərlik xatirələrindən,
anamla necə tanış olmağından...
Ondan sonra atamın yaddaşı tədricən
zəifləməyə başladı,
huşu gedib qayıdırdı. Rabitəsiz
sözlər danışırdı.
Onu həkimlərə
apardıq, müalicələr
aldı. Amma görürdüm...
Hər şeyi görürdüm... Atam misqal-misqal əriyib ruha çevrilməkdə
idi.
Soyuq qış gecələrindən
biri idi. Gecənin bir yarısı anam məni yuxudan oyatdı:
- Ay bala, dur, atan xırıldayır...
Səhərə qədər yatmadıq.
Sübhün sazağında
evdən çıxıb
əmimgilə yollandım.
- Əmi, gəl... - sözlər boğazımda
düyünləndi.
Əmim
yarıyuxulu halda əynini geyinib özünü çölə
atdı.
Qəbirqazanı da yuxudan oyatdım.
- Gəl...
Soyuqqanlı şəkildə: - Get, gəlirəm, - dedi.
Atam can verirdi. Quşxanada göyərçinlər təşviş
içində özlərini
ora-bura vururdu. Bilmirəm nə hiss eləmişdilər...
Əmim
və mən atamın başı üstündə dayanmışdıq.
- Ata, - onu çağırdım,
içimdə dəli
bir ümid var idi ki, səsimə hay verəcək.
Əmim
qolumdan tutdu:
- Canbəsər eləmə...
Sanki bütün hisslərim keyimişdi, içimdə
bir boşluq yaranmışdı. Başımı
qaldıranda pəncərəyə
qonmuş göyərçini
gördüm. Bu göyərçin
neçə vaxt idi ki, uçub getmişdi, atam günlərlə gözləsə
də qayıtmamışdı.
Atamın ən çox sevdiyi quş idi. Atam
son vaxtlar o göyərçinin
xiffətini çəkirdi.
İndi pəncərənin çərçivəsinə qonmuşdu və içəri boylanırdı.
Əmim
əyilib atamın gözlərini sığadı.
Özümü nə
qədər tox tutmağa
çalışsam da göz
yaşlarımı saxlaya
bilmədim...
28 iyun 2023
Kənan Hacı
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.4.