Kamal Abdullanın şeirlərində gəlməyən
adam
Müzakirə müsahibə
Kamal
Abdulla poeziyası bəzən
çox sadə dildə, bəzən də o qədər mürəkkəb olur ki, oxucu qatlar arasında
itib-batır. Şair düşüncəsinin fəth
edə biləcəyi
sonuncu sərhədlərdən
gələn poetik işıq hərdən göz qamaşdırır,
hərdən də silah kimi adamın
alnına dirənir.
Bu poeziyanın alt qatında
həmişə xəyali
bir obraz dayanır ki, biz ona "unudulmayan adam" və ya bir
az dərinə gedib "gəlməyən
adam" deyə bilərik. Həmin gəlməyən adam müəllifin bütün
şeirlərini işğal
etməyi bacarıb. Və məncə, bütün şeirlərdə
gözlənilir ki, gəlməyən
adam gəlsin.
Kamal Abdullanın "Nar çiçəkləri"
adlı şeirlər
kitabının elə
ilk səhifəsini açırıq.
"Alın yazısı
hədər yazılmır"
şeirində gəlməyən
adamın yolunu gözləyə-gözləyə xəzəlsiz bitən payızdan gileylənən
müəllif sonunda alın yazısı ilə razılaşır
və gəlməyən
adama "sənin allahın daha gözəlmiş" deyib
öz allahından şikayətlənir. Digər
tərəfdən də
"öz allahının"
varlığını təsdiqləyə
bilməyəcək qədər
gücsüz və köməksiz olduğunu göstərir. "Unutmağa
kimsə yox" şeirinin ilk bəndində
müəllif yenə
də alın yazısıyla razılaşmaqdan
başqa yol olmadığını qəbul
edib yazır:
Mənə deyən gərək
nə olub axı,
Nə çabalayırsan, söylə,
nə xəbər?
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.
Son iki misrada müəllifin
alın yazısına
acığı tutur.
İnsanın axtardığının
niyə alın yazısında olmadığına
görə yüngülcə
üsyan hissi keçirir.
Növbəti üç bənddə
müəllif ömrünü
yuxu kimi yaşadığını, hardasa
tələsdiyini düşünür
və ömrünü
oynanılıb bitmiş
oyun adlandırır.
Son bənddə isə
hisslərini daha çılpaq göstərir:
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə
yox xatırlamağa,
Unutmağa da kimsə yox.
"Kim dedi ki, simurq quşu var imiş" şeirində müəllif
çəkilib bir kənarda dayanıb. Artıq ürəyinin əzab yerini bilir. Gəlməyən adamın nə vaxtsa gəlib qaranəfəs çatacağına
və mat qalacağına
əmindir. Nədənsə,
ikinci bənddə müəllifin gəlməyən
adama da "acığı
tutur". "Hirslənir"
ki, ümidlər göydən
durna lələyi kimi nə vaxtsa
başımıza yağıb,
ancaq biz bunun qədrini bilməmişik.
Həmin şeirin son iki misrası belədir:
Olacağın olmağına nə
var ki,
Bircə
dənə "olmayacaq"
ver bizə.
"Gəldiyim yolla" şeirində müəllif
"ulduz tozu kimi" qonduğu üzlərin və "nakam ümidlərin acığına" özü
gəlməyən adama
getmək istəyir.
Son bənddə isə
hər kəsin bir gəlməyən adamı olduğunu və hər kəsin gəlməyən
adamına özünün
getdiyini təsəlli
bilir. Nə qədər ki, sağdır
elə gəldiyi yolla da gəlməyən adamına doğru iti addımlarla addımlamaq fikrindədir.
Gəldiyim yolla da qayıdacağam,
Yolun başlanğıcı - yolun
sonucu,
Mən qayıtmalıyam, nə qədər sağam,
Mən nə birinciyəm, nə də sonuncu.
"Yaşa bu dünyada",
"Nar çiçəkləri",
"Divar önünə"
və başqa bir neçə şeirlərini müəllif
sanki gəlməyən
adamın yanında yazır. Ona məsləhətlər
verir, xatirələr danışır, birlikdə
arzular qururlar.
Yenidən dünyaya gəlmək
istəyib,
Səhvsiz yaşamağı arzulayarıq.
Son dəfə sakitcə ölmək istəyib.
Ölərik - ayrılıb görrük
ki, varıq.
"Büllur qab" şeirində müəllif
gəlməyən adamı
gəlmədiyinə görə
danlayır, ona uşaq kimi aldanıldığını, süni
olduğunu irad tutur. "Səninki yenə də səndə qalacaq" şeirində də gəlməyən adama iradlar bitib tükənmir.
Hətta acıq verir ki, nə vaxtsa uzaqlardan sənin cildində gələn adam olacaq. Belə vəziyyətdə sanki gəlməyən adamın
göz yaşlarına
"dözməyib" müəllif
"hər şey təzədən" şeirini
yazır. İtirilmiş
və qazanılmış
nə varsa hamısını kənara
qoyub təzədən
başlamağı təklif
edir. Sonra da bütün
yollarda itirmək olduğunu, yalın ayağına batmaq istəyən tikanlar bitəcəyini qəbul edərək qəti qərara gəlir ki, bütün nağıllar
bitəcək. Diz-dizə,
çiyin-çiyinə olmağımız
itirdiklərimizə əvəz
olacaq. Bu, həyatdır
və belə də olmalıdır. Buna
görə də
"hər şey təzədən" - deyir.
Hələ nələri də
itirəcəyik.
Bu dərs olmayacaq yenə də bizə.
İtmişə əvəz də
gətirəcəyik -
Yenə
çiyin-çiyinə, yenə
diz-dizə...
Hər şey təzədən?
Hər şey təzədən!..
"Təkcə özüm özümlə" şeirinə
baxırıq. Müəllif
gəlməyən adamın
yanında yoxa çıxır. Allaha şikayətlənir ki, niyə
güzgülər üzünü
göstərmir.
Bir də görrəm tapammıram özümü,
Dönüb sənə, ona,
buna - itmişəm.
Güzgülər də göstərmirlər
üzümü,
Ay allahım, mən sənə nə etmişəm?
Sonra özü də gəlməyən adama çevrilib dünyanın
sirrinə mat qalır.
Dəmir məntiqiylə
nə baş verdiyini anlamır, olanları mif adlandırıb yenə də öz-özüylə
qaldığını şikayətcəsinə
gəlməyən adamın
qarasına deyir.
Kamal Abdullanın tək-tük
şeirləri var ki, onların
içində gəlməyən
adam yoxdur. Deyə bilərik ki, "Ağ atlı oğlan" şeirini gəlməyən adamsız
yazıb. Bu, kitabın
ilk süjetli şeiridir.
Bu şeiri bir neçə cür təhlil etmək olar. Mənim üçün ən doğrusu belədir ki, qalın kitab adlandırılan
güllü-çiçəkli gözəl bir kənddə ağ atlı oğlan yaşayır. Sonra universitetə
daxil olduğu üçün böyük
bir həvəslə şəhərə gəlir.
Şəhərdə onun
yoluna min kələk qururlar, ac qurd kimi ona hücum
edirlər. Ancaq o, öz ayaqları üzərində dayanmağı
bacarır. Ağ atı isə onun ayaqlarıdır. Bütün maneələri
dəf edəndən sonra üstünə çiçəklər yağır.
Oğlan fərəhdən
qəhərləndikcə çiçəklər
onun ayağının
altına yıxılır.
Yolunda
min kələk qurdular
onun,
Ağ
at olmasaydı, oğlan
batardı.
Canına
daraşdı ac qurdlar
onun,
Ağ
at qurtardı.
Sonra da üstünə yağdı
çiçəklər.
Bir çiçək yüz
çiçək, min çiçək
oldu.
Oğlanı fərəhdən boğanda
qəhər,
Ağ atın gözləri çiçəklə doldu.
Təzə həyatı bəyənən
oğlanın sinəsinə
alqışlar yağ
kimi yayılır. Kəndini unudub hansısa uğuruna sevinir və sonra bir qızla
ailə həyatı qurur. Vaxt keçdikcə
oğlanın ayaqları
qəribsəyir və
kəndinə qayıtmaq
istəyir. Nə qədər dartılırsa,
oğlanı apara bilmir. Sonra ayaqları təkcə qayıtmaq istəyir. Ancaq yollar geriyə dönmür.
Bir vaxt keçəcəkdi -
kiçik, qısa vaxt.
Nağıla qayıtmaq istəyəcəkdi.
Qəribsəyəcəkdi nağılçün
ağ at.
Kişnəyib oğlanı səsləyəcəkdi.
Səsi
eşitməmək asandan-asan.
Oğlan
ağ atına minməyəcəkdi.
Ağ
at istəyəcək təkcə
qayıtsın,
Yollar da
geriyə dönməyəcəkdi.
Əslində, "ağ atlı
oğlan" şeirində
də axtarıb gəlməyən adamın
zərrələrini tapmaq
olar. Gəlməyən
adam artıq gəlib, lakin onun gəldiyi yerlər üçün
o, əbədi olaraq gəlməyən adama çevrilib.
"Beyrəyin Kafir qızı
ilə vidalaşıb
əsirlikdən qaçması"
hadisəsini Kamal Abdulla bir
şeirlə möhtəşəmcəsinə
verə bilib. On altı illik gəlməyən adamı
həm gətirib, həm də kafir qızı üçün
gəlməyən adama
çevirib.
"Sənin yolun" şeiri Kamal Abdullanın gəlməyən adama yazdığı "açıq
məktub"a oxşayır. Sanki müəllifin
gəlməyən adamı
özünü ondan gizlədərək hər
gün yanından min dəfə ötüb keçir və müəllif onun hardan keçdiyini bilmək istəyir ki, gedib yolunda dayansın.
Sonunda gəlməyən
adama acı təbəssümlə belə
deyir:
Gözlərin qayıtdı ilkinliyinə
-
Sən özün qaldın.
Yəni,
hər yerdən sənin gözlərin baxır, onlar qayıdıb və səndən sədaqətlidir.
"Günahlarım" şeiri
özündə nəhəng
bir məna daşıyır. Müəllif
öncə xatirələri
sapa düzülmüş
mirvariyə bənzədir.
Sonra sap qırılır və
mirvarilər dağılır.
Yerə düşüb
diyirlənərək uzaqlaşan
mirvarilərin hər birini gəlməyən adama bənzədir, hələ də sapın üstündə,
yəni əlində qalmış bircə mirvaridən başqa. Onu da çevirib hər tərəfinə baxır və görür ki, gəlməyən
adama ən çox oxşayan elə bu mirvaridir.
Günahlarım ürəyimdə dağ
oldu.
Xatirələr mirvari tək düzüldü.
Sap qırıldı, mirvarilər
dağıldı.
Hamısı da təkcə sənə
oxşadı.
Birindən başqa.
Sonra gördüm, yox -
O da sənə oxşayır.
"İşıq qalıb arxada" şeirində müəllif gəlməyən
adama özünü öyür. Acıqcasına
ondan öndə olduğunu dilə gətirir. "Tənha fişəng" şeirində
isə gəlməyən
adamın gəlməməsinə
heyfsilənir.
Kamal
Abdulla bəzi şeirlərində
dünyanın sonunacan
gedib çıxır,
tənhalığın ən
dəhşətlisini yaşaya
bilir, ilahi eşqin kandarından əl eyləyir.
"Qəribədir, deyilmi"
şeiri gəlməyən
adama yazılmış
açıq məktub
kimidir. Bu dəfə müəllif öz məktubunu daha kövrək, daha yalvarışlı yazıb.
İlk bənddə gəlməyən
adamdan soruşur ki, sənə qəribə deyilmi, həyatımın
bir tərəfi yaz, o biri tərəfi
qışdır?
Evimin bir tərəfi,
Yazdır,
günəş çıxıbdır.
Bu birində şaxta, qış.
Qəribədir, deyilmi?
Şeirin
sonrakı bəndlərində
bir şair ürəyinin çırpıntısını
duyuruq və son bənddə yağış
səsinin evin içində yaratdığı
qəribə ab-havanı
aydın-açıq görmək
olur.
Yağış səsi güclənir,
Şiddət ilə döyünür,
Sanki ev də çırpınır,
Eynən
ürəyim kimi.
Kamal Abdullanın "Haralara gətirəcək bizi bu yol" şeirinin
adı elə bir şeirdir. Müəllif bu şeirdə özünü
gedən adamın yerinə qoyur və yollardan şikayətlənir.
Qorumadıq özümüzü, nəfsimizi,
İnanmıram saxlayacaq izimizi,
Nə
biz yolu tanıyırıq,
nə yol bizi.
Haralara gətirəcək bizi bu yol?
"Kitabi-Dədə Qorqud"dan
sirr içində
nəğmələr" "Nar çiçəkləri"nə xüsusi rəng, xüsusi şirinlik qatır. Həqiqətdir
ki, Dədə Qorqud dili Azərbaycan oxucusunun canına hopub. Hər bir müəllif oxucu qəlbinə yol tapmaq üçün
özünə hansısa
qaydalar müəyyənləşdirməlidir.
"Sirr içində
nəğmələr"dən oxucu qələminə gedən yol isə soy - ana dilimizdən,
yəni içimizin içindən keçir.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.6.