Şəhidlərə vəfa borcu
Təranə Məhəmmədqızının "Göyçayın Qarabağ
sevdalıları" kitabı
haqqında
"İkimiz də öldük,
sadəcə,
onu dəfn etdilər..."
Şəhid
bacısının dilindən
İnsanın ən böyük imtahanı eşqdir. "Vətən eşqi məktəbində can verməyi öyrənmişik..." deyir ustad Şəhriyar. Tarixən də, elə yaxın dönəmdəki ədalətli savaşlarımız da Azərbaycan övladının ana torpağa sevgisinin ən ali dəyər olduğunun bariz nümunəsidir. İllərdir torpağımız qana doysa da, qulağımız şəhid xəbərlərinə alışa bilmir. Cəbhə bölgəsindən gələn hər qara xəbərin sönən ocaq, məhv olan neçə arzu, neçə ümid olduğunu bilə-bilə bu faciəyə necə alışmaq olar?!.
Hər şəhid
xəbərini alanda özünü valideynin yerinə qoyub kədərini hiss edə bilmirsənsə, necə insansan?!. Valideyn üçün
övlad itkisi ömür boyu ağrı, sızıltı
deməkdir. Şəkil
çəkdirəndə bir
də heç vaxt onunla bir
kadrda olmayacağın,
evdən yola salanda "jaketini geyin, soyuqdur", "yoldan keçəndə ehtiyatlı ol" deməyəcəyin, çayını
onun sevdiyi ədviyyatlarla dəmləməyəcəyin,
ən çox sevdiyi yeməyi bişirməyə, yeməyə
ürək etməyəcəyin...
kimi "kiçik-kiçik",
"damcı-damcı" ağrılardır.
Övlad itkisi - vanna otağında əskilən diş fırçasının, süfrədə
qoyulmayan yemək dəstinin dolabda boş qalan yerinə baxıb köks ötürərək
ürəyini tutmaq, nalə çəkməkdi.
Övlad itkisi onun boş yatağına
qısılıb yastığına
göz yaşı axıdanda, şarfını
boynuna dolayıb ətrini alanda, əlini yandıran əşyalarına toxunanda...
daha çox ağrıdır. İllər
keçir, dost-tanış
səni düşünərək
təsəlli verir,
"zaman bütün
yaralara məlhəmdir"
şablonu səslənir,
sənsə hələ
də onun küçədə yad səslərə qarışmış
cingiltili gülüşünü
eşidirsən, ətrini
havada hiss edib o qoxunun dalınca düşürsən.
Yad üzlərdə övladının cizgilərini
tapıb onlara doğmalaşırsan. Uzun
illər sonra da evə girəndə
divarlar üstünə
gəlir. Bütün
gün işdə, küçədə, görüşlərdə
güldüklərin təkliyində
hönkürtü olub
ciyərlərindən qopur.
Ürəyini növbəti
dəfə yenə bir əl sıxıb
əzir, sevinirsən
"bu dəfə son olar, ölərəm,
canım qurtarar" deyə. Amma son gəlmir. Sən yenə itirdiyin övladından sonra hələ də yaşadığının
ağrısı ilə
dərin bir ah çəkib rutininə qayıdırsan...
Şəhid övladların
ruhu əzizlərinin köksündən qopan ahlara, saçlarının
ağına, alınlarının
qırışlarına köçər.
Hər şəhid
bir itki deyil, ataların insultu, anaların ağaran telidir...
"Bir nəfərin ölümü
faciə, min nəfərin
ölümü isə
statistikadır" aforizmi
müharibə dönəmlərində
və sonra təəssüf ki, təsdiqini
tapır. Düzdür,
ah-vay etmək çıxış yolu deyil, qalibə yaraşmır, qələbəyə
də apara bilməz. Amma nə olursa olsun, bu
torpağın şəhid
qanları, onların sönən ocaqları, vaxtsız qocalan valideynlərinin ağaran saçları hesabına
geri döndüyünü
də unutmamalıyıq.
Bir ilə yaxındır ki, iş stolumun üstündəki kitab haqqında
yazmağa çalışıram.
Götürüb bir neçə səhifə
oxuyuram, yenə gözlərim yaşarır,
az sonra dilimin altına bir validol tabletkası
qoyub hava almaq üçün eyvana çıxıram,
"bu gün qalsın" deyə sabah mütləq yaza biləcəyim ümidi ilə günlər bir-birinə calanır. Yazmaq isə borcum(uz)dur. İnsan unutqandır. Xatırlayanları
da xatırla(t)maq lazımdır ki, minnətdarlıq
hissi epidemiya kimi yayılsın, hamımız şəhidlərlə
qürur duyduğumuz kimi, onlara minnətdar
olduğumuzu da unutmayaq.
Ədəbiyyatşünas, şair Təranə Məhəmmədqızının
"Göyçayın Qarabağ
sevdalıları" (2021) kitabından danışıram.
Adından da göründüyü
kimi, kitabda 1-ci və 2-ci Qarabağ müharibələri zamanı
şəhid olmuş göyçaylılar haqqında
oçerklər yer alır. İşğal altında olduğu 30 ildə Qarabağ hamımız üçün
vətən demək oldu, ən böyük
amalımıza, arzumuza
çevrildi. Kitabın
ərsəyə gəlməsi
üçün Təranə
xanım həm şəhid ailələri,
yaxınları ilə
söhbətlər aparıb
yazıya alıb, həm də internet resurslarından itfadə edib. Xronoloji ardıcıllıq üzrə
yerləşdirilən oçerklərdə
həcm bərabərliyi
əsasən gözlənilsə
də, bəzən məlumatların az-çoxluğu
məzmuna təsirsiz ötüşməyib. Hüzn
ritminə köklənmiş
bu kitabın hər səhifəsindən
bir ağrılı-acılı
tale boylanır. "Müəllifdən"
bölməsində Təranə
Məhəmmədqızı onu hazırlayarkən qarşılaşdığı və materialların dəqiqləşdirilməsinin bəzən planlaşdırıldığından
xeyli zaman alması və s. kimi çətinliklərdən də
bəhs edir. Kitab necə müəllifin bir əli ürəyinin
üstündə yazılıbsa,
eləcə də əlin ürəyinin üstündə oxunur.
Təranə xanım bu həyatda tanıdığım
ən həssas qəlbli insandır. Şəhidlər haqqındakı
kitabı gözünün
yaşı, ürəyinin
qanı ilə yazdığı hər səhifəsindən bəllidir. "Göyçayın
Qarabağ sevdalıları"
çılpaq statistikadan
ibarət deyil, bu işi idarələr
də görürlər.
Müəllif şəhidlər
haqda məlumatla yanaşı, bəzən
özünün, bəzən
də başqa müəllifin şeirlərindən
nümunələr verərək
sözünü qüvvətləndirir
- şəhid ağrılarını
ədəbiyyatlaşdırır, bəzən onların da dilindən şeirlər yazır. Nəticə etibarilə, Göyçay
şəhidləri adına
"dastan bağlayır". Bəzən dost-tanışların
yaddaşından süzülüb
gələnlərə Təranə
xanımın öz xatirələri də qarışır, çünki
bu rayonun şəhidlərindən kimisi
ilə əqrəbalığı,
kimisi ilə yaxın tanışlığı
var, yaxud sonradan ailələrinə baş
çəkmək, dəstək
olmaq üçün
get-gəl edib.
"Göyçayın Qarabağ
sevdalıları" şəhidlərin
tale kitabıdır - hərəsi
haqqında bir neçə səhifəyə
cəm olmuş yığcam, məlumat xarakterli mətnlərin arxasında hər birinin roman ola biləcək
həyatı gizlənir.
Doğulduğu kənd,
ailə, təhsil aldığı məktəb,
xidmət çəkdiyi
hərbi hissə, şəhid olduğu torpaq bir insanın
haqqında nə qədər məlumat verə bilirsə, o qədərini oxuyuruq və yazılmayanların
arxasında hər şəhidin çiçəklənməyən
arzularına, nakam sevgisinə, çin olmayan xəyallarına üzülüb ağlayırıq.
Kitabda bir neçə şeiri də verilən şəhid Xəyyam Hüseynovun:
Adıma
şeirlər, nəğmə
yazmayın,
Ruhumu ovutmaz beş-altı kəlmə.
Qırın zəncirləri, keçin
sərhədi,
Ən böyük rəhmət də bu olar,
məncə!
- misraları bütün şəhidlərin dilindən
verilən şəhadət
himni kimi səslənir. Onlar can qoydular ki, bu torpaq azad olsun,
vətəndaşımız beyinlərdəki buxovlardan,
zəncirlərdən qurtulsun.
Əslində mövzu, kitabdakı
ağrının miqyası
elədir ki, çox söz demək olmur. Bu kitabı ərsəyə gətirməklə
Təranə xanım
həm də özünün bir Qarabağ - Vətən sevdalısı olduğunu
nümayiş etdirir. Şəhidlər canı,
qanıyla vətənə
qurban gedərkən, əlbəttə, bütün
yazılanlar da, görülən
işlər də, sadəcə, dəryada damladır. Bu kitabın nümunəsində
şəhidlərimizin əziz
xatirəsinə həsr
olunmuş istənilən
başqa əsər kimi, "Göyçayın
Qarabağ sevdalıları"
- yaddaş kitabıdır,
unutmağa qoymayan; şəhidlərin hər
oxuda yenidən doğuluşu, yaddaşlarda
əbədi diriliyidir.
"Göyçayın Qarabağ
sevdalıları" - fidanlar
cücərsin deyə
torpağımızı qanı
ilə suvaran şəhidlərin ruhu qarşısında təzim
aktıdır, vəfa
borcudur, "unutmuruq, unutdurmuruq" çağırışıdır.
Bir az da təsəllidir.
İnsan dəyişə
bilməyəcəyi nəsnələrin
dərdini çəkdikcə
həyat cəhənnəm
əzabına çevrilir.
Şəhidlər üçün,
əslində isə özümüzü ovundurmaq
üçün yeganə
edə biləcəyimiz
onları, qəhrəmanlıqlarını
unutmadan xatırlamaq, sözlə, sənətlə
onlara heç olmasa yaddaşlarda heykəl qura bilməkdir.
13 iyul
Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.7.