Sevgilim Vətən

 

Radiopovest

 

İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə

 

Bacı şəfqəti

 

Ön söz yerinə

 

"Qarabağ savaşı xalq müharibəsinə çevrilməyincə torpaqlarımız işğaldan qurtulmayacaq" - gündəlikfason dəftərçəmdə on beş il əvvəlki qeydimdir. Vətən müharibəsi başlayan gün insanların coşqusunu, sevincini görəndə anladım ki, bu - odur! Gənci, yaşlısı, qadını, hətta uşağı da müharibəyə hazır idi - belə xalq məğlub ola bilməz. Olmadı da. Çünki bu savaşda əsgərin arxasında ata hökmü, ana nəfəsi bacı şəfqəti vardı. Bu əsər, məhz bacı şəfqəti barədədir. Müharibənin ilk günlərinnən əsgərlərimizin yarasını sarıyan, yaralıları güllə yağışı altınnan çıxardan, lazım gələndə avtomatını da düşmənə tuşlayan, 3000 minə yaxın şəhid qardaşın yeganə şəhid bacısı Arəstə Baxışova...

 

Qalı əsərin janrına, mən uzun illər radioda işləmişəm orada radio tearı üçün çoxlu radio-hekayələr (əslində nağıllar), radio-pyeslər yazmışam onlar səhnələşdirilərək radio teatrında aktyorlar tərəfinnən səsləndirilib. Radio dili çevik, yığcam sürətli olur. Lap müharibədəki kimi. Döyüş o qədər sürətlə baş verər ki, yazıçı ona yetmək üçün "nağıl dili yüyrək olar" tezisinə riayət etməli olar. Son vaxtlar Vətən müharibəsi mövzusunda yazdığım hekayələri radio-hekayə, "Sevgilim vətən" adlı uzun hekayəni isə radio-povest adlandırdım. Bəlkə, haçansa radioda, televiziyada da səsləndirildi.

 

A.Qaradərəli

 

16.01.2021

 

Proloq

 

Hər yan od tutub yanır. Odlu güllələr göyü yandırır, orda durmur, düşdüyü yeri qana çalxayır, torpağı xəndəyə, ağacı oduna, insanı ətə çevirir. Yanıq iyi, qan qoxusu, insan iniltisi, kəsilmiş qollar, qopmuş ayaqlar, para-pırtıq olmuş insan bədənləri, bağırsağı çölə tökülən, əli ilə onu içinə yığıb irəli yerimək istəyən gənc əsgər bunların fonunda ilahi bir səs: "Qardaş, sağsan?"

Kor olduğunu zənn edən əsgərin gözləri bu zərif səsdən açılar kimi olur onu görüb zarıyır:"Bacı... köməy elə..."

Səslər artır, çoxalır. Biri son kərə "bacı" zarıyıb ölür, biri qanlı əlini dərsini bilən məktəbli kimi göyə qaldırıb özünü nişan verir: "Bacıııııııı... yaram..."

Biri yaralı olsa da, daha ağır yaralanmış əsgər yoldaşını o səsə tərəf sürüyür:"Bacıııııı... bura gəl!.. Ağır yaralı var... Qan aparır!.."

O, imdad diləyən bu səslərə sarı atır özünü. Birinin qopub sallanan çənəsinə ilk yardım edir, başqa birisinin dirsəyinin altınnan fışqıran qanı kəsmək üçün bir şey tapmır, boynundakı şərfi açıb burur, ip kimi qanlı qola dolayıb bərk-bərk sıxaraq düyünləyir, birinin qəlpə dağıtmış çiyninə sarıq qoyur, birinin çölə tökülmüş bağırsaqlarını içəri yığıb üstdən enli tənziflə bağlayır, birinin son dəfə baxan gözlərini əlləri ilə qapayıb hönkürür...

İxtisasca ingilis dili müəllimi idi. İstəsəydi, rahat, sakit müəllim ömrü yaşayar, Vətəninə bu cür xidmət edərdi. Amma o, hərbini seçdi. Əvvəl hərbi hissədə statist kimi çalışdı. Vətən müharibəsi başlayanda isə tibbi kurs keçib, döyüş bölgəsinə yollandı. Neçə-neçə yaralı əsgəri güllə yağışı altınnan çıxarıb xilas etdi.

O, yaralı əsgərlərin yarasına ilk tibbi yardım göstərər, sarğı qoyar, qanının axmasına qıymazdı. Deyilənə görə, onun özünə dəyən güllənin yerini sarımaq, qanını dayandırmaq imkanı olmayıb. O yaradan axan qan hələ anasının qəlbində qövr edir, övladlarının gözlərində yaşa dönür, dostlarının könlünü incidir. Mən, Arəstəni həyatda görmədim. Amma mənim ürəyimdə bir ağır iz qoydu Arəstə yarası. Anam kimi, bacım kimi, qızım kimi... bu yazını onun hələ qanı qurumayan yarasına sarğı kimi yazdım. Bəlkə o yaraya məlhəm olar, ən azı qaysaq bağlamağa kömək edər deyə...

 

Birinci sarğı

 

Müəllif

 

Qadın qəhrəman doğa bilər, amma onun özünün qəhrəman olması hər dəfə rast gəlinən məsələ deyil... Bu, məsələnin görünən tərəfidir. Amma qadın demək, elə qəhrəman demək. Zaman-zaman bütün cəmiyyətlərin acıq çıxmaq yeri qadınlar olmadımı? Qonşusu ilə dalaşan, çəpəri bastalanan, tikəsi əlinnən alınan, güclü tərəfinnən sındırılan kişilər evə gələn kimi bütün bunların acığını qadınlarınnan çıxdılar. Şərqdə qadın doğulmusansa, hələ ayaq üstəsənsə, elə qəhrəmansan...

Bitmədi ki. Qadın hər ana olanda qəhrəmanlıq edir. Doğum prosesinin özü qəhrəmanlıqdır...

Sizə söhbət açacağım qadın da qəhrəmandır. . Sadəcə, qəhrəmandır. Bir dəfə doğulanda qəhrəman olub. Bir dəfə ərinə yox deməyi bacaranda, sonra da uşaqlarını dünyaya gətirdikcə... Yox, bitmədi...

 

Arəstə

 

Bu boyda, ucsuz-bucaqsız çölləri olan, suyu, torpağı, adamları, heyvanları, quşları, həşəratları, böcəkləri olan ölkə adamdan imdad diləyə bilərmiş. , . Səni dünyaya gətirən, sənə dad-tam verən, səni oxudan, böyüdən, yetişdirən Vətən, birdəncə köməksiz, məsum bir uşağa dönə bilər yalvarar, çağırar səni:"Bax, dardayam, yağılar neçə illərdir sinəmdə at oynadır, döşlərimnən süd əvəzinə qan fışqırır, dağlarımın beli bükülüb, otlarım yaşıllaşmamış saralır, çiçəklərim açmadan vağanıyır, sularım zəhər dadır, torpağım... oy anam oy! Torpağım qan ağlayır, qan!.. Harda qalmısız? Niyə gəlmirsiniz? Qadınsan?! olsun, mənim ki heç qadınlığım, kişiliyim bəlli deyil. Lazım olanda qadın kimi doğuzdurur - bolluca taxılımı, mer-meyvəmi bətnimnən çıxarıb yeyirsiniz, misimi, qızılımı, kömürümü, sodamı bətnimnən söküb alırsınız... hələ neftimi, onu qan damarımnan dünyanının hər bucağına axıdıb ciblərinizi doldurursunuz... onda demirsiniz qadınsan, kişisən; lazım olanda dalınızı dağıma söykəyib düşmənnən qorunursunuz, atılan toplardan köksüm param-parça olur, təki sizə bir şey olmasın deyə, kişi kimi sinəmi qabağa verirəm?!. İndi qadınam deyirsən?.. Eeeee, ay bala, neynək, gəlməyin, amma bir məni itirib-axtarmayın. Daha son nəfəsimdir..."

Çağırırdı. Vallah çağırırdı, tallah çağırırdı. Ağlayırdı, qışqırırdı, zarıyırdı Vətən... Mən onun səsini eşitdim! Eşitdim e, eşitdim...

Ona görə getdim. Getdim ki, onu qoruyan igidləri xilas edim.

Bir burası da var axı: məni Ora çağırırdı. , Ora çağırırdı məni. Ora axtarırdı məni. Ora qiymətləndirirdi məni... İnsan həmişə belə olub: harada lazımdır, ora üz tutub. Harada sevilib, ora könül verib. Ora - ordudur. Vətənə sipər ordu. Məni qoynuna alan, ana, bacı çağıran ordu. O mənim yaramı sarıdığı kimi, mən onun yarasına məlhəm oldum...

Məni doğan anamın yanı rahatdır. Bir zaman məni isidən o məkana indi övladlarımı etibar etdim. Ana, balalarım sənə əmanət dedim. Anam götürümlüdür. Anam güclüdür. Atam ölənnən sonra bizi təkbaşına saxlamadımı? Daha keçib. Balalarıma da baxsın. Elə bilirəm, bağışlayar məni...

Siz isə, məni qınamağa hazırlaşanlar, özünüzü bihudə yerə yormayın: "aslanın erkəyi dişisi olmaz" deyimini siz yaratmadınızmı? Mən bu vaxtacan ata sözünə, ana nəsihətinə xor baxmadım. İndi imkan verin, əkdiyiniz ağacın dibinə su töküm ki, göyərsin.

 

Ana

 

Getmə, dedim. Yazıqsan, heyifsən. Cavansan. Hələ həyatın dad-tamınnan, naz-nemətinnən doyuncan dadmamısan, dünya tamına tamarzısan, həyatın qabaqdadı. Balaların körpədi. Ata yoxdu bir, ana da olmasa, neyniyərlər? Sən onları qora yetim qoyub hara gedirsən?

Yaxşı, balalarına da yazığın gəlmir, mənə gəlsin barı. Bəs məni heç fikirləşməmisən? Mənə bala dağı çəkdirmə. Ora qadın yeri deyil axı. Sən bir cuvanəzənsən, sevib-sevilən vaxtındı. Birinci tutmadı, tutmadı, olsun, bəlkə bir allah bəndəsinin quşu qondu sənə, ailə qurdun, yenə ana oldun, qabaqkınnan olanları da qatdın təzələrə saxladın. Olub e belə şeylər. Görə-görə gəlmişik. İndi sən birincisən, axırıncı...

Eşitmədi. Qanın qoydu qaşığa ki, gedirəm, vəssalam. Vətən çağırır məni...

vətən, ay başına dönüm? Onun dili-ağzımı var? Varsa da var. Elə bunların hamısı mənim başımamı qaldı?..

Eh... Bunları yandım dedim. Elə qızın anasına belə söz yaraşmaz...

Gəncliyində - eh, elə gəncliyində deyirəm ki, guya balam gəncliyin doyunca yaşadı, yaşa doldu - sinif yoldaşları qızlar kimi o da xatirə dəftəri tutmuşdu. Camaatın qızları dəftərlərinə hind artistlərinin, bizim artistlərdən Fuad Poladovun, Həsən Məmmədovun-zadın şəkilin vuranda, mənim qızım dəftərinə Salatının, Gültəkinin şəkillərini yapışdırardı. Dəftərinin üstündə xarı bülbül şəkli. Deyirdim, a bala, başına gülmü qəhətdi? Bir gülün ki, adı xarı bülbül ola, onnan xeyir gələr? Xar olub da o gül... Deyirdi, ana, bu gül Şuşanın, Qarabağın rəmzidir...

Niyətin hara, mənzilin ora. Xarı bülbülə vuruldu, özü xar oldu...

 

Arəstə

 

Xəstəxanada yox, qardaş, xəstəxanası? Mən elə xəstəxanada çalışırdım , qalardım orada. Düzdür e, orda da lazım olaram, amma mən ön cəbhəyə, orda güllə yağışının altında qan aparan igidlərə ilk yardım etməyə tələsirəm. Burda işləməyə var ki? Yox, mən ön cəbhəyə gedəcəyəm. Qərarım qətidir. Dünən bilirsiniz oldu? Zəng gəldi ki, bir batareyada uşaqlar minamyot atəşinə düşüblər, yarıdan çoxu yaralıdır. Bizim maşın ora çatanda beş-altı döyüşçü adi qanaxmadan keçinmişdi. İnanın ki, səngərdə qanı süzülə-süzülə döyüşürdülər. Birinin qıçını güllə paralayıb, o para qıçını qoltuğuna vurub irəli sürünür, atəş açırdı. Güclə tutub yıxmışıq yerə, iynə vurub sarımışıq, sürümüşük maşına tərəf. On bir yaralını xilas etdik ordan. Biri yolda şəhid olsa da, o biriləri xilas edə bildik, şükür allaha...

Bunları sizə niyə danışıram? Yəni ki, burda qalsam, orda, ön cəbhədəki yaralılara ilk tibbi yardımı kim göstərəcək?.. İnanırsınız, onlar vuruşa-vuruşa gözləri məni axtarır. Məni görəndə arxayın döyüşürlər. Hətta o günləri mən döyüşdüm. Baxdım ki, uşaqlar yaralı olsalar da, sarıq qoymağa, ilk tibbi yardıma imkan vermirlər. Avtomatımı çiynimdən endirib mən atəş açmağa başladım. Bir saatdan sonra düşmən geri çəkildi. Fasilədə yaralılarıın yarasını sarıdım, ağır olanları əsgərlərlə köməkləşib maşınımıza tərəf sürüdük. Avtomatımı çiynimə salıb geri qayıtmağa hazırlaşırdım ki, həmişə qaşqabaqlı olan gənc baş leytenant gülə-gülə dedi: "Uşaqlar, bilirsiniz niyə bu dəfə düşməni tez geri oturtduq? Ona görə ki, Arəstə xanım da onlara atəş açırdı!"

Səngər gülüş səslərinnən uğuldadı.

İlk dəfə idi ki, mənə "bacı" yox, "xanım" deyirdilər. Bədənimdə hansısa unutduğum əzalarım gizildədi. Özümü qadın kimi hiss etdim. Məni gülmək tutdu...

Bu igidlərin yanında olmaq, onların müqəddəs yaralarını sarımaq, dərdlərini çəkmək varmış qismətimdə...

Məni burada heç bir qüvvə saxlaya bilməz. Mən ora, əsgər qardaşlarımın yanına tələsirəm...

Onlar məni gözləyirlər.

 

Mayor

 

Dedim ki, bacı, sən yuxarı çıxma, orada şiddətli atışma gedir. Mən uşaqlara tapşıraram, yaralıları çəkib gətirərlər sənin yanına, elə buradaca ilk tibbi yardım göstərərsən.

Qəti etiraz elədi bildirdi ki, ordan bura gətirincən yaralıları qan aparar, ilk tibbi yardım da mənasız olar. Ona görə mən elə orada, səngərdəcə yaralılara ilk tibbi yardım göstərəcəyəm, sonra da onları bura - tibbi çadıra gətirəcəyəm. Siz mənnən nigaram qalmayın. Mən bura qədər gələ bilmişəmsə, ora da gedərəm...

Belə baxanda onu heç qınamıram da. Düz deyir. Dünən bir əsgərimizi arxaya, tibb bacısının çadırına gətirənə qədər yolda keçindi. Özü necə bir oğlan idi?! Əlini qulağının dibinə qoyub oxuyanda tüklərimiz biz-biz olardı. Döyüş başlayanda isə şirə dönərdi. Saymışdı, on yeddi düşmən əsgərini məhv etmişdi... Axırda qanaxmadan getdi əlimizdən... Elə bunnan sonra Bacı ayağını dirədi ki, mən sizinlə ön cəbhəyə gedəcəm. Hətta mənnən avtomat da istədi. "Ağırdır, dedim, o gözəl sinənizin üstünə bu ağır silahın qayışını çəkmə, heyifdir, sən mənim anam, bacım..."

Eşitmədi ki. O biri əsgərlərə, tabeliyimdə olanlara qışqırıram, əmr edirəm, lap özümü saxalaya bilməyəndə, söyürəm ... Amma bu xanıma ağır sözmü demək olar? Adamın dili quruyar. Hələ onun yanında, içi mən qarışıq, özümüzü yığışdırır, artıq-əskik danışmırıq. Vallah, o bura gələnə qədər vəhşiləşmişdik. Hamımız dəliyə dönmüşdük. özümüzə baxırdıq, səliqə-sahman vardı. Söyən, bağıran, qışqıran, ara sakitləşəndə latayır zarafat edən, biyabırçı aneqdot danışan... Tam bir vəhşi yığnağı. Elə bircə şey bilirdik: olannan yemək, silah-sursatı belimizə yükləyib düşmənin dalınca şığımaq...

O buralara gələnnən sonra hamını dəyişdi. Birinci ağzımıza fikir verməyə başladıq. Söyüş, latayır, biyabırçı aneqdotlar yığışdırıldı. İkincisi, əyin-başımıza fikir verməyə başladıq. Bir əsgər var, görürəm, telefonnan güzgü kimi istifadə edib telini darayır. Bu iki daşın arasında darağı hardan tapmışdı?!.

O bura mədəniyyət gətirdi. Əxlaq, tərbiyə gətirdi. Bizi vəhşilikdən qurtardı. Bir uzaq düşdüyümüz ana-bacı şəfqətini üstümüzə dağıtdı. Tabordakı yüzlərlə oğlanın, kişinin anası, bacısı oldu... bilim, hələ bəlkə gizlicə, ürəyində sevən vardı onu. Elə o telini darayan oğlan... Bəlkə ona vurulmuşdu...

 

Əsgər Mirələmli

 

O yanımızda olanda qorxmuruq güllədən...

yalan deyim, ilk günlərdə mən çox qorxurdum. bilim e? Onuncunu qurtaranacan kitablarla əlləş, gün axşamacan top qov, orda-burda meyxana de, çiləmə oyna, sonra da əsgər yaşın çatsın, gəl düş bu od-alovun içinə. Yanımda ilk dəfə əsgər öləndə əsməcə tutdu məni. Özümü necə itirdimsə, durub geri qaçmaq əvəzinə, düşmən postuna tərəf yüyürdüm. Bir gizirimiz vardı, sağ olsun, tutub məni yıxdı yerə, qucaqladı. "Qorxma" dedi. Çətini elə buydu. Öyrəşəcəksən. Sonra Bacı gəldi məsələni biləndə məni öz yanınnan buraxmadı. Birlikdə yaralı əsgərlərə ilk tibbi yardım elədik, onları gah kürəyimizdə, gah xərəkdə geri daşıdıq, gah da güllələr imkan vermədiyi üçün sürüyüb apardıq. Bacı mənə qannan qorxmamağı, ölümün haqq olduğunu, insanın bütün yaranmışlar kimi bir gün bu dünyadan köçəcəyini söylədi. Bilmədiyim, anlamadığım şeyləri anlatdı. Sonra sarıq qoymağı, iynə vurmağı, qanı şırhaşır axan yaralının qolunu, qıçını lazimi yerdən sıxıb bağlayaraq qanı dayandırmağı öyrətdi. Hətta bir dəfə qoluma güllə dəyəndə özüm öz yaramı sarımışdım. Bunların hamısı Bacının sayəsində oldu. O məni xilas elədi. Sonra mən qədər insanı - yaralını xilas elədim.

O bizim qoruyucu mələyimiz, göyərçinimizdi. Onun gəldiyi yerdən ölüm qaçaq düşür...

 

Ana

 

Ata erkən öldü. Uşağıydı o, bəlkə heç yadına gəlməz. Çernobl bəlası deyilən bir xata gəlmişdi başımıza. Gərək elə o Çernobl mirət mənim ərimi vuraydı? Vurdu, qızımın üç yaşı olanda getdi atası. Mən onu yenginən böyütmüşəm, bir allah bilir. Sovet hökümətinin dağılhadağıl vaxtı, sonra da yiyəsizlik zamanı, sonra təzə hökümət, tərslikdən onu da yıxdılar... bilim axı, çörəksizlik, işsizlik, yiyəsizlik zamanları... Uşaq nədi, baş saxlamaq olmurdu onda. Mən onu böyütməkçün zülüm çəkdim, od ayaqladım, gecələr ağladım xısın-xısın, gündüzələr çalışdım, uşaqlarıma çörək tapdım... Bu yenginən uşaq böyüt, axırda Vətən gəlsin, əlinnən alsın ki, mənimdi...

Demirəm ki, getmə, get, yaxşı, amma qabağa getmə. Sən axı qadınsan... qadın e, qadınlığınla qızlığın bilinməz bədəbəddə! Bizdə sənin kimisinə bir üzü qız, bir üzü gəlin deyərlər... yatdın ki, görəsən? Can balam, anan ölsün. Getmə qabağa. Demirsən tibb bacısısan, ol dayna, arxada, qospitalda otur həkimlər kimi, yaralıları gətirsinlər, sən sarıq qoy, iynə vur...

Kimə deyirsən? Ode ha, gedib lap qabaq cəbhəyə ki, gərək yaralıları güllənin altınnan çıxardam... Uşaq saytdı, nədi ordan oxuyub... Jurnalist danışdırıbmış... Bir yannan baxanda çıxartmasan da, gəncəcik uşaqlar qanaxmadan öləcəklər... Ha istəyirəm qızımı danlayam, günahkar çıxardam, olmur... Axırda yenə ona haqq qazandırıram... Vallah, billah hərdən onu qınasam da, sonra deyirəm balam elin balası oldu... Torpaq elindi, kasıbındı. Vətən nədi ki? Sənsən, mənəm, odu... Biz elə Vətənik ... Əslində qızım ora bizi qorumağa gedib...

Gündə yazırlar e, filankəsin xaricdə belə villası var, belə var-dövləti, bilim nəyi... A bala, onnan bizə ? Bizimki bu torpaqdı. Diriykən üstündə gəzirik, yaşayırıq, əkirik, biçirik; öləndə ölümüzə yenə torpaq sahib çıxır... Bax, Arəstəni bunnan sonra gəl qına, görüm təhər qınayırsan? Balam el yolunda gedib. Torpaq elindi axı...

 

Arəstə

 

Yadımdadı, ilk yaralını gətirdim, dedilər ki, təcili əməliyyat olunmalıdır. Tibb bacısı dəhlizdəcə büzüşüb yatmışdı. Cərrah dedi, üç gündür yatmırıq. Əməliyyata qalası oldum. Anestezieloqun müdaxiləsinə qədər əsgər elə hey qışqırırdı ki, yaramı sarıyın, döyüşə gedirəm. Halbuki bir qolu dibinnən yox idi...

İynədən sonra dedim yəqin, anasınnan, evlərinnən danışacaq. İnanırsınız, elə hey deyirdi:"Qarabağ Azərbaycandır!.. Qarabağ Azərbaycandır!.."

Sonra da başladı o məşhur romans var e, onu oxumağa...

 

Şiş ucları buludlarla döyüşən,

Dağlarında buzları var ölkəmin...

 

"Ceyran gözlü qızları var ölkəmin" deyəndə həkim soruşdu ki, sevgilin var? Qayıdasan ki, doktor, Bacıdan ayıbdır, sizə sonra söyləyərəm... Hamımızı ağlamaq tutmuşdu. Hətta həkim ağlayırdı. Dəqiqəbaşı eynəyini silirdik... məsələydisə, bu əsgərə sakitləşdirici təsir etmirdi. İkinci morfini vurmağa isə ürək eləmədik. Elə gözü açıq, danışa-danışa əməliyyat olundu...

Bir az sonra ikinci yaralını gətirdilər. O da iynədən sonra sayıqlayanda eyni sözü dedi:"Qarabağ Azərbaycandır!.."

Dalbadal yeddi yaralı gətirdilər Hamısı iynənin təsirinnən sayıqlayanda eyni şeyi söylədilər:"Qarabağ Azərbaycandır!"

Biri hətta güldürdü bizi sayıqlayanda: "Nooldu, Paşinyan?"

Gülüşsək sonda ağlamaq tutdu hamımızı. Elə əməliyyat masasındaca keçindi.

Düşündüm ki, ilahi, bu gənclərin heçmi ayrı dərdi-səri yoxdu?! İnsan qədər vətənsevər olar!?

Bax, qardaş, belə anda qospitalda oturmaq, arxada pambıqla, tamponla qurdalanmaq qeyri-mümkün idi. Mən, yeni tarix yazan, Azərbaycanı xəcalətdən qurtaran, dünyanın səmtini dəyişən, erməni mifini dağıdan qardaşlarımın yanına tələsirdim. Tələsirdim ki, onlar güllə yağışının altında qalıb adicə qanaxmadan ölməsinlər...

 

"Detdom uşağı"

 

Bura bir qadın gəlib. Ay allah, qadın nəfəsi necə isti olurmuş!? Mən heç beləsin görmədim ki... Ana, bacı belə olurmuş demək...

Bizim internatda bir aşpaz vardı. Allah, allah! Onun da nəfəsini lap yaxından hiss etmişdim. Bir dilim çörəyi cibimə soxanda kəfkirlə boynumun ardınnan necə vurmuşdusa, üç gün boynumu düz tuta bilmədim. Elə o an pencəyimin yaxalığınnan tutub özünə tərəf çəkdi düz gözümün içinə baxdı. Mən onda hiss eləmişdim onun nəfəsini. Ağzınnan zəhər kimi iyi (sonradan bildim ki, bu, sarımsaq iyi imiş) vurmuşdu məni...

Bizə gələn "medsestra" isə ayrı aləmdi. Hamımız "Bacı" deyirik. Heç adını da bilən yoxdur.

Top mərmisi məni götürüb yerə çırpanda alnımnan yaralanmışdım. Yüngül yara hesab etdiyimnən özüm alabaşına-külbaşına bir sarıq kimi qoymuşdum yapışdırıcıyla. Bir dəfə bacı yarama baxıb, qışqırdı:

"Əsgər, dayan görüm! Xəbərin var, yaranın qıraqları göyərib?!.. Mikrob-filan qapar birdən."

Etiraz eləsəm , yapışqanı qopardıb yaranı açdı dedi:

"Əsgər, sənin yaran dərinmiş ki. Özü mikrob dəyib. Dayan, sənə əməlli-başlı müalicə lazımdı."

Gülüb dedim ki, ay bacı, mənim bədənimdə yüzərlə elə yara yeri var. Mən detdom uşağıyam, bizim canımız bərk olur, narahat olma.

Olmadı. Yaramı yudu. Dərman qoydu. Sarığı dəyişdi komandirə dedi ki, bu əsgərə azı iki gün tibbi çadırda müalicə lazımdır... Sonra məni özü ilə bir qədər arxaya apardı, müalicəmlə məşqul oldu. Onda mən onun o isti nəfəsini təkrar-təkrar içimə çəkdim. Ağlamaq tutanda saçımı tumarladı. Dedi, mən sənin bacın, lazım olsa, çəkinmə...

Ay allah, deyirəm, olaydı, mənim belə bir anam olaydı, alnımdakı yara nədi axı, ürəyimdəki yaramı açıb baxaydı, isti nəfəsilə məlhəm olaydı, "ana" deyəndə sız-sız sızıldaşan əzalarıma əlini çəkəydi, telimi sığallayaydı, gözümnən öpəydi... "Can, ay bala, deyəydi..."

 

Arəstə

 

Bir uşaq var taborda. Lap körpə kimidir. Hələ 17 yaşı var. Bura qaçıb gəlib ailədən xəbərsiz. Uşaqlar aparıb iki dəfə onu qoyublar arxa cəbhədə, yenə qaçıb gəlib. Axırı dedilər ki, qoy Bacıya kömək eləsin yaralıları atəş altınnan çıxartmaqda.

Bir gün özünə güllə dəydi. Lap böyrümdə snayper gülləsinə tuş gəldi. Əli ilə qıçının arasını tutub bağırırdı. Anladım ki, yuxa yerinə dəyib. İndi qədər eləyirəm, şalvarını aşağı çəkməyə qoymur, o vəziyyətdə belə utanır. Axırı uşaqlardan birini çağırdım ki, gəl bunun şalvarını çək, yarasına pambıq basım, sarıyım, yoxsa qan aparacaq...

Bax, burada uşaqlar mənə nəinki hörmət qoyurdular, hətta mənnən utanırdılar. Bu günlər ərzində onların ağzınnan bir kəlmə ədəbsiz söz eşitmədim...

 

Sirac

 

Müharibə başlayan günnən evdən çıxmışam. Ürəyim partlayırdı.

Evdə qala bilmədim. Qalıb neyləyəydim axı? Yol maşınlarıynan qaçıb gəlmişəm döyüş bölgəsinə. Mən gəlirəm, zabitlər tutub maşına qoyur, geri göndərirlər. Allah köməyi olsun, axırı Bacıya yalvardım, məni burda saxladı. Dedim, çay qoyaram, xörək bişirərəm, silah-sursat daşıyaram, odun doğrayaram, səngər qazaram... Yaşım düşənnən sonra da gedərəm döyüşə. Bacı mayorla danışdı, bir təhər onu razı sala bildi. Düzdür, lap qabağa getməyə qoymurlar, amma olsun? Güllələr qulağımın dibinnən vıyhavıyla uçuşurlar. Qəti qorxmuram. Əsgər Mirələmov hərdən avtomatını verir, söküb-yığıram. Hərdən boş olanda mənə nişana atmağa icazə verirlər. Düzdür e, yaxşı ata bilmirəm, amma nolsun, əsas odu ki, avtomatdan atıram... And olsun allaha, ön cəbhəyə getməyə qoysalar, düşmən öldürə bilərm. var e, avtomatı ki, aldın qucağına, atacaqsan axırı ki. Bir vurmazsan, beş vurmazsan, axırı vurassan. Əgər bir erməni öldürə bilsəm, dalısı gələcək...

Zəhrimar avtomata elə baxmayın e, çox ağırmış. Çooox. Özü zəhmli silahdı. Bir şeydi ki, bir dəfə tətiyi çəkdin, erməni leş olur...

Sağ olsun bacını. Mənə oğlu kimi baxır. Ona kömək eləyirəm. Yaralıları daşıyıram, tənzifi doğrayıram, tampon qoyuram... İynə vurmağı öyrənəcəm... Amma bunları on səkkiz yaşımacan eləyəcəm. Yaşım tamam olan kimi avtomatı salacam çiynimə, düz döyüşə! Söz vermişəm, ən azı on erməni öldürməliyəm!..

Boyuma olub e?! Zibil, çıxmır ki, çıxmır!.. Əh... Evdən pencəklə gəlmişəm, indi soyuqlar düşüb... Mənə qalın əsgər gödəkçəsi verdilər... Hanı ki?! Qolları uzun, ətəkləri yernən sürünür... Əsgərlər lağa qoyub gülüşdülər... (Ağlamsınır.) Genə Bacı sağ olun... Bıçaqla qollarını, ətəyini kəsdi, yorğan iynəsiynən kəsdiyi yerləri gözədi nənəm demişkən... Geymişəm, qutu kimidi... Bircə boyum çıxsaydı!..

Bir gün gördüm, Bacı mayora deyir ki, bu uşağın adını siyahıya yazın, sabah başına bir gəlsə, olacaq? O da deyir, necə yazım, yaşı düşmür axı? Mənə cinayət işi açarlar e. Qayda var, qanun var...

Adım hələ ki, siyahıda yoxdu. Əh! Yoxdu, yoxdu . Nolsun e... Əsas odu ki, mən burdayam. Düşmənə qarşı vuruşmasam da, vuruşanlara kömək eliyirəm... Bunlar müvəqqətidi. İnşallah, yaşım düşən kimi...

Bacı çağırır, gedim görüm deyir...

Oy, bu qadın kimdi? xalatda dağların başında dolanır... Ya gəlinlik libasındadı? Ya dumandı bəlkə? Mənə uzaqdan qadın kimi göründü... Eeeee... Vallah qadındı. Sinəsi üstündə fe... fenen... adını da yaxşı deyə bilmirəm, həkimlərdə olur e, bax onnan var boynunda. Vallah qadındı. Özüm ölüm qadındı... Bax, bax, hələ o gözəl gözləri, yumru döşləri...

- Sirac? Öz-özünə danışırsan?..

- Eeee... Bacı, bax, bir ora baxın... O dağın sinəsində bir paltarlı qadın gəzirdi indi...

- Sirac, o dumandı. Qadın gəzir burda, özü paltarda? Gəl, təcili getməliyik, PDM aşıb, yaralımız var... Cəld ol!..

And olsun Allaha ki, qadın idi... Ya mən dəli oluram, ya da...

Əsgərlər görsələr, yenə lağa qoyacaqlar ki, mama uşağı qadınla dumanı səhv salıb...

 

Oğul

 

Çox istədim ki, anam şəhid olmasın. Şəhid olmaması üçün gərək müharibəyə getməyəydi. Amma necə getməsin? Bəs onda o yaralı əsgərləri kim xilas edərdi? Telefonda danışanda deyirdi ki, şəhid olan əsgərlərin çoxu qan itirdiyinə görə şəhid olur... İlk yardım edilmədiyinə görə...

, . Orada yaralı əsgərləri xilas eləmək düşməni məğlub etməyə bərabərdir. Gərək yaralı əsgərlər sağalsın ki, şəhid olanların yeri boş qalmasın...

Anam bir dəfə ezamiyyətə gələndə bir bayraq alıb gətirmişdi. Dedi ki, bunu hərbi hissədən gətirmişəm balalarıma. Mən o vaxtdan o bayarağa anam kimi baxmışam. Onu anam bilmişəm. Ona görə evimizin içində divardan asmışdıq. Hər yatanda bacımla onu öpüb yatardıq, səhər oyananda da qalxıb o bayrağı öpürük. Anamızın qoxusunu onnan alardıq...

Dava başlayannan bir gün sonra nənəmnən izin alıb bayrağı divardan açdıq, sonra aparıb evimizin qarşısınnan asdıq. Biz axı əsgər ailəsi idik! Anamız orda döyüşürdü! Bu bayraq uğrunda döyüşürdü!..

 

Xüsusi təyinatlı

 

Bir məqsəd vardı: irəli, yalnız irəli! Son nəfəsimizəcən bu mənfurları qırmaq! Qırmaq ki, bir daha çücərib üstümüzə gəlməyə cəhd etməsinlər... Hədəf isə Şuşa idi. Oranı da ki, top-tüfəngsiz tutmaq əmri verilmişdi. Axı ora bizim şəhərdir. Şəhər deyil e, şəhərlər şəhəridir. "Qırmızı qoftalı, yaşıl tumanlı, başı dumanlı" şəhərimizdir. Biz - Xüsusi Təyinatlılar maşın kimi olsaq da, Şuşa adı gələndə hamımız gövrəlirdik... Amma geri addım qoymurduq. Düşməni qoyun kimi qabağımıza qatıb qovurduq...

Bu döyüşdə bir neçə dəfə yaralanmışam. Hamısında da uzağı iki gün "medpunk"da müalicə alıb, yenə döyüşə qatılmışam... Bu dəfə isə ayrı cür oldu. Top gülləsi qolumu apardı. Qırılıb yanımnan sallanırdı. Bacı özünü yetirib qolumu qaldırdı, yerinə qoyub sarıdı gördüm ağlaya-ağlaya göstəriş verir ki, bunu tez arxaya aparaq, təcili əməliyyat olunmalıdır...

Gözümü palatada açanda bacı da başımın üstündə durmuşdu. Axı o, adətən yaralıları həkimlərə təslim edib qayıdırdı. Mənə iynə vursalar da həkimlərin danışıqlarını eşidirdim. Gördüm, bizim Bacı ağlaya-ağlaya həkimə deyir:"Doktor, yolda gələndə ona məcbur qalıb morfi vurdum. Sayaqlayıb deyirdi ki, olar qolumu kəsməyin. Mən hələ üzümü görmədiyim körpəmi qucaqlamamışam..."

Palatanı hönkürtü səsi bürüdü.

Hətta yaşlı həkim ağladı bərkdən dedi: "Qorxma, oğlum! Mən qırılıb yerə düşmüş qolu, qıçı yerinə tikən həkiməm. Qolunu anadangəlmə edəcəyəm..."

On gündür burdayam. bacıdan, döyüş dostlarımnan xəbərim var. Görəsən, döyüş necə gedir? Bacı gəlsəydi, dəqiq məlumat öyrənərdim... Ürəyim partlayır. Əlimdə əlacım olsa, bu saat palatadan qaçıb gedərəm. Sadəcə, qolum uyşmayıb hələ. Söz var ki, məni Mingəçevirə, yaxud Bakıya qospitala göndərəcəklər. Gözüm qapıdadır. Bacı gəlsəydi, doğru-dürüst məlumat alardım bizim uşaqlar barədə... Ürəyim səksəkədədir...

 

Polkovnik

 

Burda bir qız var. Sağ olsun, o gələnnən onlarla yaralı əsgərimizi ölümnən xilas edib. Amma dünən baxıram ki, döyüşün ən ağır nöqtəsindədi. Yanına bir minamyot düşsə, yaxud düşmən snayperinə tuş gəlsə, biabır olacağıq. Deyəcəklər ki, azərbaycanlıların kişiləri qırılıb qurtarıb, indi qadınları vuruşur... Qadağan elədim ona çox irəli getməyi. Deyəsən, xətrinə dəydim. Amma edim? Düzü, zabit şərəfimə toxundu bir Azərbaycan qızının döyüşün ağır nöqtəsinə girməyi...

Əslində, qürurverici faktdır. Köhnə kitablarımızda, dastanlarımızda qadınlar öz ərləri, qardaşları ilə birlikdə döyüşdə iştirak ediblər. Bəlkə biz o dastanlarımıza yenidən qayıdırıq? İndi belə şeyləri düşünməyə mənim vaxtım yoxdur, amma ağlıma gələni dedim...

Vallah, bu xanıma halaldır!

Bunların hesabına yeni tarix yazırıq. İtmiş ənənələrimizi, hərb mədəniyyətimizi, döyüş estetikamızı bərpa edirik. , vallah. Harda qadın var, orada estetika var. Başımı tibbi çadıra saldım, hər yan gül kimi. Bu od-alovun içində təmizliyə baxın. Könlüm atlandı canımçün!

Biz hərbçilər bir az köntöy, nahamar oluruq axı. Sərtliyimiz, əslində qələbəmizin əsasıdır. Amma çox sərtlik insanı qabalaşdırır...

Qəflətən bu od-alovun, qan-qadanın içində bir xanım görmək, hər şeyi, o cümlədən səni dəyişdirir. Baxıram ki, əsgərlər, zabitlər onun yanında vid-fasonlarına diqqət edir, hərəkətlərinə çəki-düzən verirlər. Bu odun-alovun içində üzlərini qırxırlar, əyin-başlarına fikir verirlər. Elə mən özüm onu görəndə bir az danışığıma diqqət etməyə başlamışam. Qabalıq etmirəm. Döyüşçüləri acılamıram...

Bizim zamanımızda bir film vardı, özü heç, amma adı maraqlıydı: "Toz içində çiçək." Bu xanıma yaraşır o ad...

 

Arəstə

 

Təzə kambriq gəlib. Üstümə qışqırır ki, niyə döyüşün qızğın nöqtəsinə girmisən?!

Guya kefimnən girmişəm... Mən bir əsgərəm, vətəndaşam. Bu torpaq mənimdi axı. Onun üstündə qanını axıdan əsgərin qanaxmadan ölməsinə necə dözüm?!

Az qaldım mən qışqıram ki, siz heç bilirsiniz Gültəkin Əsgərova kimdir? Amma qışqırmadım təbii. Elə qızarıb ürəyimnən keçirdim dilimə gələnləri...

"Hardan biləsiniz? Hamının başı qarışmışdı pul yığmağa, rüşvət almağa, bir-birinizə böhtan atmağa, danos yazmağa, şərləməyə. Azərbaycan əsgəri hamısının üstünnən xətt çəkdi. Millətin itən yaddaşını bərpa etdi qəhrəman ordumuz. Dünənəcən toyda oynamaq üstündə dava salan uşaqlar bu gün torpaqlarımız uğrunda can verirlər. Bir əsgər vardı Elməddin adında, 53 kilo çəkisi... 53 kilo! Neynəsin, qarın doyunca çörək görməyib, əməlli əyin-baş yox... Hardan olsun çəki?.. Müftə yeyənlərin balaları kimi qarnı piy bağlamayıb. Götürməyiblər orduya ki, çəkin azdır, qayıt geri. Maşının banında, əsgərlərin arasında gizlənib, hardansa hərbi paltar tapıb (əyninə gələn paltar da yoxmuş), geyinib, dağda-daşda neçə gün gizlənib, taborun dalıncan sürünüb... Şəhid olan əsgərin silahını götürüb vuruşub... Axırda məsələnin üstü açılanda komandir bağışlayıb onu. Deyib qal, döyüş... O 53 kiloluq əsgər əlbəyaxa döyüşdə neçə ermənini gözümüzün önündə öldürdü...

, Gültəkin Əsgərova... O bizim Milli Qəhrəmanımız, ali təhsilli həkimimiz, fəxr yerimizdi. Anasının danışığınnan eşitmişəm. 20 Yanvarda xalatlarının ayağı cırıq-cırıq imiş - gecələr yaralıların yarasına basmağa tənzif çatmayanda xalatının ətəyini cırıb, yaraya basırmış ki, xəstəni qan aparmasın...

O yeganə həkim olub ki, xalatlarının cibi olmayıb! Bilirsiniz bu deməkdi?!

Müharibə başlayan kimi dinc həkimlik işini tərgitdi, bircə balasını anasına verərdi, 1992-ci ildə Qarabağa yollandı. Turşsuda, Şuşada neçə-neçə yaralını ölümnən xilas elədi. Şuşa işğal olunanda əldə silah vuruşdu, yaralıları təxliyə etdi, Şuşa türməsinin qapısını öz əlləri ilə açıb məhbusları buraxdı ki, düşmən əlinə keçməsinlər. Gültəkin xanım Şuşanı sonuncu tərk edənlərdən olub...

Gültəkin mənim kumirimdi. Həmişə düşünürdüm ki, əgər əlimə fürsət düşsə, mən onun həyat yolunu seçəcəyəm. seçdim ..."

Sizə bir sirr açım: o burdadı! ! Gültəkini deyirəm. Sirac adlı əsgərimizin gözünə görünmüşdü. Əlbəttə, o bilmədi kimdi, amma mən tanıdım! Odur, dayana bilməyib, bir buluda dönüb dağların başınnan izləyir bizi...

 

ardı var...

 

Azad QARADƏRƏLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.8-10.