Qarağac  

 

Hekayə

 

Nikbin insan olmağına nikbinəm. Həyat kredom budur. Ən xoşagəlməz uğursuzluqda iynənin ucu qədər işıq görürəmsə bu boyda çarəsizliyi bir iynənin ucu qədər işığa bağışlayıram. Bir həyət gətirin gözünüzün qarşısına. Doqquzmərtəbəli binaların çevrəsində yerləşən bir həyət. Bu hekayəsini danışacağım həyətdə, onun düz ortasında bir qarağac ağacı var. Küləklərə, qara-çovğuna, çisginə sinə gərmiş, əyilmiş, amma yıxılmamış, qurumamış, ölməmiş bir qarağac. Küləklərin əydiyi gövdəsindən yeni pöhrələr vermiş, böyümüş budaqlar tarazlıq verərək onu aşmağa qoymamış. Hər il bu pöhrələrin yanına yeniləri qoşulur, əvvəlkilər şah budaqlara çevrilərək ağaca qol-budaq olur.

Qocaman bir arxeoloqdan qarağac haqqında eşitmişdim. Hər yay arxeoloqun bağına qonaq gedərdik. Eynilə bizim həyətdəki kimi onların bağ meydançalarında da qarağac ucalırdı. Bağda ağac, gül çox idi. Amma arxeoloq bu qoca qarağaca xüsusi sevgi ilə yanaşırdı. Ağacın əksər budaqları qurumuşdu. Quru budaqlar isə yaxınlıqdakı hovuzun içinə düşür, istidə sərinlənmək üçün hovuzda çimən ailə üzvlərini narahat edirdi. "- Ağacı kəs!" - deyənlərə arxeoloq qəti etiraz edirdi. Hər bağa qonaq gələndə yorulmadan, usanmadan bağ bitkiləri barədə məlumat verən arxeoloq qarağaca yaxınlaşanda ona xüsusi mərhəmət diqqət göstərirdi: - Bu ağac neçə dəfə quruyub, amma küllərindən yenə doğulub. O qurumuş budaqlarını gövdəsindən atır. Onların yerini yeni əmələ gəlmiş, bitmiş yaşıl budaqlar əvəz edir. Beləliklə, ağac özü öz yaralarını müalicə edir, sağaldır. Qarağac dağdağan kimi möcüzəli ağacdır deyir. Mən bağı təmizləyib, su verəndən sonra onun kölgəsində dincəlirəm. O mənə can verir, məni dirildir. Bu qarağac mənim bağımın gözmuncuğudur.

Təbiət haqqında, onun insan həyatındakı yeri, insan xarakterinə təbiətin təsiri haqqında atamdan da dəyərli fikirlər eşitmişdim. Atam da yabanı ağacları çox sevərdi. Yəqin bu bir insanın uşaqlıqdan təbiətlə qoyun-qoyuna olmasından, onun yetişməsində bitkilərin, ağacların, təbiətin ilin müxtəlif çağlarında düşdüyü vəziyyətlərdən asılı olaraq, önəmli yeri olmasından asılıdır. Ağac canlıdır. Yabanı ağaclar heç bir qayğı, xidmət görmədən yaşayırlar. Onlar da digər bitkilər canlılar kimi təbiətin övladlarıdırlar. Yağış yağanda su içir, külək onların toxumlarını ətrafa yayır, onları artırır, günəşdən qüvvət alırlar. Necə deyərlər özləri özlərini saxlayırlar. Ona görə dözümlü olurlar. Qarağac, dağdağan, qoz ağacı, çinar, amma qovaq? Qovağın kökü torpağın tərkinə, dərinliyinə getmir. Bir gördün balaca bir külək əsdi, görkəmindən hündür, əzəmətli, qollu-budaqlı qovaqları yerə aşırdı.

Yadımdadır, uşaq olanda pəncərəmizin qarşısında qovaqlar ucalmışdı. O qədər uca idilər ki, beşinci mərtəbəyə qədər qalxmışdılar. Qışda budaqlarına qara çilli sığırçınlar qonardılar. Atam o qovaqlarla qürrələnərdi. Bir dəfə atam mənzil-istismar idarəsinə zəng vurdu rəisə: - Sənin o idarəndə bağban var? Qarşı tərəf təsdiqlədi. - Bəs elə isə niyə bu ağaclar yayın istisində susuzluqdan yanırlar?  Bizim həyətdəki qovaqların artıq budaqları quruyur. Rəis xəttin o başında özünə bəraət qazandırmaq üçün: - Sizin həyətə yeni pöhrələr əkəcəyik, deyib söhbəti bağlamaq istəyəndə atam: - O pöhrələr böyüyüb bu ağaclar boyda olanacan elə hazır bunları sulayın, qurumağa qoymayın, deyib telefonun dəstəyini yerinə qoydu. Yadımdadır, heç yarım saat keçməmiş idarənin işçiləri həyətimizə tökülüşdülər. Başda rəis olmaqla. Ağaclar su içməyə başladılar.

Hər eyvanımıza çıxanda həyətimizdəki qarağaca baxıram. Onun  əyilmiş gövdəsini  məğrur budaqlarının onu yerdən çox göylərə ucaltdığını görürəm. Əvvəllər qarağacın kölgəsində qonşunun bir meyvə-tərəvəz köşkü var idi. Köşkü işlədən qonşu qadın idi. Səhər tezdən açırdı köşkü gecə yarıya qədər. Digər qonşu qadınlar da onun başına yığışardılar. Bu köşk adi köşk olmaqla qalmırdı, həm mini fabrik, konserv zavodu, mürəbbə dükanı idi. Qadınlar burdan evlərinə bazarlıq edir, ordaca balaca krant bulaqda aldıqlarını yuyur, elektrik sobanın üstündə qış ehtiyatlarını bişirib aparırdılar evlərinə. Bir görürdün manqalın alovunun hündürlüyü qalxırdı göyə. Bu həm köşkü işlədən ailənin üzüyumşaqlığından bir gedən alqı-satqıdan irəli gəlirdi. Köşkün yanında balaca kətillərdə oturan xanımlar bütün həyətin söhbətini, evlilik-boşanma, sağlamlıq, dieta, repetitor axtarışı, bağçaya,  məktəbə düzəlmə s. s. söhbətlər, məsələləri burda həll edirdilər.Yalan olmasın, bir kəndin qadını gün ərzində Qarağacın altındakı köşkə gəlirdi.

Qarağacın qənşərində isə rənglə çərçivələr, cərgələr çizilmişdi. Burda da bina sakinləri şəxsi avtomobillərini saxlayırdılar. Hərənin öz cərgəsi var idi. Hansı cərgənin kimin olduğunu da öz aralarında qərarlaşdırmışdılar. Bir görürdün bir mənzilə qonaq gələn  "mersedes"ini boş cərgələrin birində saxladı. Onda görürdün yerin "sahibi" siqnalı siqnal dalınca verir. Ta maşının sahibi, yazıq gəldiyinə peşman olurdu, aşağı düşənəcən səs susmurdu.

Günlərin bir günündə şəhər rəhbərliyi həyətləri abadlaşdırmaq barədə qərar verdi. Növbə Qarağacın həyətinə çatdı. onun budaqlarının kölgəsindəki meyvə-tərəvəz, mini-zavod köşkü sökdülər yerinə iki böyük skamya bərkitdilər. Qarağacın canı qeybət-söhbətdən, tüstü-dumandan qurtarmışdı, çünki arvadlar da yığışmışdılar evlərinə. Elə bil Qarağaca can gəlmişdi. Eyvandan baxanda gözlərimə inanmadım. Qarağac bu yaz elə qol-budaq açmışdı ki, az qala bütün meydançanı ağuşuna alacaqdı. Çox sevinir, fərəhlənirdim. Yaz gəlmişdi. Havalar istiləşdikcə, quşlar oxuduqca bina sakinləri evlərindən çıxırdılar həyətə. Bir az orda-burda salamlaşır, söhbətləşir, axırı yorulanda Qarağacın kölgəsindəki skamyalarda dinclik tapırdılar. Bu dəfəki qonaqlar həyətin kişi sakinləriydi. Söhbət başlayırdı başlayırdı. TV kanallarında, instaqramda, Tik-tokda gördüklərinin, eşitdiklərinin icmalını verirdilər. Mübahisə qızışır, böyük dünyanın məsələlərinə Qarağacın altında şərhlər verirdilər. Oyunu quran, onu oynayan eşitsəydi məəttəl qalardı.

Qarağac bütün qışı dincəlmişdi. Yazda qəşəng yarpaqlamışdı. O sakinlərin xətrinə dəymirdi. Yavaşca budağını əyib mübahisə edənlərdən ən çılğınının başının üstündə yelləyir, onu sakitləşdirir, başqası məvacibdən, dolanışıqdan gileylənəndə təzə cücərmiş yarpaqları ilə onun seyrək təpəsinin üstündə əsir, onların hovunu alırdı.

Hərdən görürdün, bu adətən tezdən olurdu, bir dəstə şagird əllərində dəftər-kitab əyləşiblər Qarağacın altında üzbəüz binadakı mənzil-sinifdə keçəcəkləri repetitor dərslərində öz növbələrini gözləyirlər. Bu əsnada yaşlarına uyğun söhbətlər edir, təhsil qayğılarından danışır, pleysteyşn oyunlarında kimin güclü olduğunun mübahisəsini edir, zarafatlaşırdılar, səndə-məndə oynayırdılar. Onlar da tədrisin qayğılarının stresini belə atırdılar. Onların içində canlı, qollu-qanadlı bir gənc akrobat sayağı oturduğu skamyadan atlanıb sallaşdı Qarağacın budağından, yellənməyə başladı. Qarağac onu yellədi-yellədi birdən budaq onun əlindən çıxdı amma o tarazlığını saxlayaraq səndirləsə ayaqda qaldı. Qarağac gəncə qıymadı.

Onu da deyim ki, həyətin sakinləri bir ucdan "aradan çıxırdılar". Keçən yay gördüklərimin bəzilərini bu yay  görə bilmirdim. Ondan əvvəlki illər bir qadın var idi. Vaxtilə vəzifədə olubmuş. İndi özünü yaxşı saxlayırdı. Ədəbli-ərkanlı, zabitəli, saçları biçimdə-düzümdə, əl-ayağı manikürdə, pedikürdə. Lap əvvəl qonşu qadın köşk işlədəndə onun daimi qonağı idi. Bax, o, görsənmirdi. Sonra bir təcili yardım həkimi var idi. Qaçqın gəldiyi rayonun şəhərdə yerləşən xəstəxanasında həkim işləyirdi. Arada yaman sınıxmışdı. Onun da avtomobili var idi. Elə yer üstündə höcətləşənlərdən biri o idi. Qoyub gəldiyi rayonda nələri qalmamışdı, şəhərdə həyətdə bir maşın yeri üstündə dördör döyüşürdü. O da yox idi. İndi həmin yerdə kürəkəni maşın saxlayırdı. Bir kişi xeylağı da var idi, həkimlər ona demişdilər ki, səhər-axşam gəz. O da həyətin başına dolanırdı, axırda gəlib Qarağacın kölgəsində otururdu. Sayırdı gündə neçə addım gəzir. Bax o da yox idi... Gözümə çox adam dəymirdi...

Eyvandan həyətə baxırdım. Körpələr həyətdə idilər, top oynayırdılar, velosiped sürürdülər. Kişilər yenə skamyalarda əyləşib domino çırpır, nərd atırdılar. Böyürdəki binada yaşayan gənc qız pişikləri yemləyirdi, plastik qablara su tökürdü, amma nədənsə onların yem qablarını öz blokunun yox, bizim blokun qarşısına yığmışdı. Yayın bu istisində hərdən əsən meh qocaman Qarağacın budaqlarını yelləyir həyətə sərinlik gətirirdi. Mən bu  dinc mənzərəni seyr edirdim. Otaqda körpə qız nəvəm anasıyla öz dilində danışır, qığıldayırdı.

 

30 iyun 2023

 

Yaqut Sabirqızı

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.19.