Qızılgülün sahibi
Esse
Məşhur amerikan yazıçısı,
Nobel mükafatı laureatı
Uilyam Folkner bütün dövrlər
üçün yazan,
mövzuları ilə
ədəbi cameədə
maraqlı sayılan ədiblərdəndir. O, hadisə
yaratmaq bacarığı,
bədii priyomlar ustadı kimi bütün dünyada şöhrət qazanıb.
Bu səbəbdən Folknerin
yaradıcılığına müxtəlif vaxtlarda böyük diqqət göstərilib. Tərcüməçilər
Natiq Səfərovun, Əli Şirinovun, Mahir N.Qarayevin
dilimizə tərcüməsi
ilə Azərbaycan oxucusu da Uilyam Folknerin yaradıcılığı
ilə tanış olmaq fürsəti bulub. Romanlarındakı orijinal təhkiyəsi, əlvan və mürəkkəb üslubu
ilə hazırlıqlı
oxucuların, nəsr vurğunu olan təcrübəli romansevərlərin
bu gün də sevdiyi yazıçılardandır Uilyam
Folkner.
Amerika nasiri Uilyam Folkner
- dostlar, əgər daha dəqiq yazmağımı
tələb etsəniz
ədibə bu cür xitab edərəm: Uilyam Katbert Folkner.
O, Nyu-Albani, Missisipidə
Möri Folkner və Maud Batler Folkner ailəsinin ilk övladı, ilkgüzarı
kimi doğulanda təqvim 1897-ci ilə tuş gəlirdi. Dörd qardaşın ən böyüyü idi Uilyam.
Folknerin
özündən kiçiklərin
ağabəyi kimi necə birisi olduğunu deyə bilmərəm, çünki
anam məni 1900-cü
illərdə doğmamışdı
ki?! Lakin onun
böyük yazıçı
olmağının məsuliyyətini
hələ çağa
yaşlarından anladığına
əminəm. Üçüncü
sinifdə oxuyarkən
"babam kimi yazıçı olacağam"-
deyən Uilyamın təxmini əslində düz çıxmamışdı.
Doğrudur, o da yazıçı
oldu, ancaq babası kimi yox, babasından dəfələrlə şöhrətli
və izzətli bir nasir kimi.
Folkner yaradıcılığının
özəlliyi, gözəlliyi
odur ki, o, özündən
əvvəlki Amerika ədəbiyyatına
- Edqar Po, Mark Tven, Şervud Anderson yaradıcılığına
güzgü tutduğu
qədər, özündən
sonrakı ədiblərə
- Artur Miller, Vudi Allen, Stiven
Kinq, Den Braun şəxsiyyətinə
də işıq salır. Ona görə də bütöv Amerika ədəbiyyatına baxacağımıza
bir tək Folknerə baxmaq kifayətdir. Amma bundan ötrü Folkner pəncərisini geniş,
taybatay açmaq lazımdır.
Folkner ədəbiyyata gələn
gündən yaradıcılıq
toz-torpağının içində
itib-batmadı. On yeddi
yaşında ikən
vəkil Fil Stonla tanışlıq olmasaydı,
Uilyamı biz yazıçı
kimi yox, kim bilir, bəlkə,
elə hərbçi,
bəlkə, elə bədöy at həvəskarı,
bəlkə, elə kovboy kimi tanıyacaqdıq,
hələ tanıyacaqdıqsa.
Altıncı sinifdəykən
təhsilini yarımçıq
qoyan Uilyamın özünü axtarış
çabaları Kanada
Hava Qüvvələrinə
qoşulması ilə
nəticələnir. Burada
da özünə doğma
heç nə görməyən gələcək
yazıçı dülgərlik,
boyaçılıq, ocaqçılıq
edir, hətta yunan restoranında qab yumaq kimi
zəhlətökən işlərlə
məşğul olurdu.
Bir müddət poçt
xidmətlərində də
çalışan Folkner
tez-tez sərxoş olduğu üçün
məktubları itirər,
danlanmaq, tənbeh olunmaq, cəzalanmaq gündəlik
peşəsinə çevrilərdi.
Amma yazıçıların gerçək peşəsi
yazmaq olur, danışmaq yox! Bu səbəbdən Uilyam saatlarla hədyan danışıb orda-burda
laqqırtı vurmağı
sevməz, əksinə
qaraqabaq, qaradinməz,
adamayovuşmaz təsiri
bağışlayıb günlərlə
özünə qapanardı.
İyirmi üç yaşında ikən şeir yazmağın daşını atıb, nəsrə qoşulması
ilə sərhədləri
ciddi şəkildə
pozmadığını dilə
gətirər, sonucda
"nəsr də elə şeirdir"- deyibən ustadı Şervud Andersonun təkidi ilə yeni səmtlərə yön alardı. O səmtlərdə
Amerika çöllərinin uzun-uzadı təsvirləri,
bər-bəzəkli sözlərlə
dialoqlardan qaçma meyilləri görünmürdü.
Folkner orijinal təhkiyəsi ilə kiçik
hekayələrində belə
insan xarakteri, insan taleyi yaratmaqda mahir idi. Bəli,
onun üslubu qarışıq ola bilərdi,
zira Folkner mürəkkəb insan idi. Bəli, əsərlərini anlamaq
üçün bəzən
üç-dörd dəfə
oxumağa ehtiyac yarana bilər, amma sonda ideyalarını
başa düşüb
bu nümunələrdən
zövq almaq gözləyir oxucunu. Obrazlı deyəcəm: Folkner qırxıncı qapıya kimi açarları asanlıqla
bizə vermir, o açarları qapıya salana kimi oxucusunun
- necə deyərlər,
əməlli-başlı canını
boğazına yığır,
hövsələsini sınağa
çəkir, bəzən
insan bu vəziyyətdən usanır,
mütaliəyə "tövbə"
deyir. Zatən bütün bunları gözə almışdı
ədib, lakin bir gerçək var ki, oxucu kimi bu
səhnələrin birinci
qapıdan ta qırxıncı
qapıya qədər
müşahidəçisi deyil, iştirakçısı
oluruq. Bəzən bu lövhələrdən
insan təntiyir, karıxır açarı
qapıya sala bilmir, ancaq sonda
öyrənə bildiyi
şifrələrlə əsərdəki
o mübhəm sükutu
pozur, sirli qapıları taybatay açmağa nail olur. Xoşbəxtlikdən bu sehrli sözlər bizi "min bir gecə" nağılındakı
kimi "Açıl
susam, açıl"
deyib, yarıyolda qoymur, çapovulçuların, həramilərin
öhdəsinə buraxmır.
Baxın, Folkner nəsrinin möcüzəsi
bundadır. İnsanı
yorur, fəqət onunla top-tüfənglə
rəftar eləmir, əksinə yazıçının
özü oxucunun pişvazına çıxıb,
mükafatını şəxsən
bizə əlbəəl
verir. İş ki, gəlib çıxdı
əllərə, burada
bir hovur gözləməyin yeri
var, dostlar. Çünki əllərin
sıcaqlığı qəlblərin hərarətinə
uzanan ən sağlam körpüdür. O körpü indi
Folknerin çağalığına qədər uzanacaq, onun
uşaqlıq sevgisi Estel Oldemə "mən də
varam!"- deyib hayqıracaq. Biz isə onun səsinə təxminən
bu sayaq səs verəcəyik: Folkner uşaqlıq sevgisinə
- Estel Oldemə qovuşanda 32 yaşı vardı. Tale ondan bu
müddət ərzində çox şeyləri
almış, bədəlində Esteli bəxş etmişdi. Gənclər
hüzursuzluğu da, firavanlığı da müştərək
dadmağa macal bulmuşdular. "Səs və qəzəb"
əsərini 1931-ci ildə nəşr edərkən ABŞ cəmiyyətinin
ictimai çöküşünü mükəmməl dillə
ifadə edə bilib Folkner. Kim bilir?! Bəlkə də, bu
sanballı əsəri Folkner tək yox, 1929-cu ilin dünya
iqtisadi böhranı ilə birgə, əl-ələ verib
yazıblar?
- Bəlkə də!
İndi isə, yazıçının
xülyaları, arzuları qapıda bizi
gözləyir, keçsinlər içəri və bu
monoloqumuz dialoqa çevrilsin.
- "Xəyallarınız haqda
niyə bu qədər qarışıq
danışırsız" sualına Folknerin cavabı belə
idi:
- "Cahiləm" ona görə. Doğrudan da, məktəb bitirməyən,
universitet təhsili almayan yazıçı cavabında
bütün bu amilləri nəzərdə tuturdumu? Burada
bütün variantların fövqündə bir şey
dayanır: mütəvazilik.
Desənə, qədim kişilər
dünyanın hər yerində təvazökar
idi.
Desənə, özünə xam
deyən Memar Əcəmidən,
özünü çərənçi, boşboğaz
adlandıran Füzulidən tutmuş, özünü cahil
sayan Folknerə kimi - hər biri təvazö nümunəsi
olmuşlar.
Əzizimiz Uilyam, bu qədər sadə, bu qədər saya
olmayın! Sizin Nobel mükafatını Amerika ədəbiyyatında
bütün dövrlərdə fırtına kimi gurlayan -
Ernest Heminqueydən beş il öncə
aldığınız da sirr deyil. Doğrudur, bəlkə,
kimin üçünsə bu meyar sayıla bilməz, lakin
Folknerin Alber Kamyu, Qabriel Qarsia Markes şəxsiyyəti üzərindəki
təsiri bizə gün kimi bəllidir. Folknerin ədəbiyyat
dünyasını ağuşuna aldığını, səksən
min qoşun görüb səksənməyən yazarlar
ordusunu necə təşvişə saldığını
israrla söyləyə bilərik. Buna görə ədəbiyyat
üçün əbədi
dartışılan mövzunun adı Uilyam Folknerdir. Mərhum
şair və ədəbiyyatşünasımız Rəhman
Babaxanlının Folkneri dialoqlar, intriqalar ustadı kimi qələmə
verməsi, Folkner yaradıcılığını mərhum,
sayğıdəyər Natiq Səfərovun tərcümələrindən
sevməyimiz də bir gerçəklikdir.
Günəşin sarımtıl yanaqlarından
busə alan, onu öpüşə qərq
edən yazıçı hekayələrindən birini "Qırmızı
yarpaqlar" adlandırır. Olsun!
Etirazım yoxdur. Qoy belə olsun! Lakin qısqanclıq
hissimizin sərhədini əsərin personajlarından biri -
Antonio müəyyən etməsin. O gün şər
qarışan zaman, şər yox, xeyir qalib gəlsin. Bu
arzularım həm də Folkner hekayələrinin adlarına
ad edilsin.
Şübhəsiz, ədibin öz
dilindən sevib-seçdiyi ən fərqli
əsəri
"Emili
üçün qızılgül"
adlanır:
Burada söhbət bir qadın faciəsindən gedir, faciənin
qarşısını almaq, qadının taleyini dəyişmək
mümkünsüzdür. Kimdir xanım Emili?
Emili bir abidəyə bənzəyən qadındır. Bu abidənin
qarşısında qəsəbənin bütün kişiləri
necə də aciz görünürlər. Emilinin 10 ildən bəri
insan ayağı dəyməyən imarətinə
başını soxmaq istəyən, ehtirasdan korun-korun yanan
insanların sayı nə qədər olarmış, ilahi?!
Amma onun üçün göndərilən güllər Emilinin zifaf
gecəsinə yox, cənazəsinə nəsib olur. O
qızılgülləri nə xanım Emilinin əmisi
qızları, nə qəsəbə sakinləri göndərmişlər.
O qızılgüllərin yiyəsi Folkner idi. Folknerin
tapdığı bədii priyom, müəllifin
iştirakı ilə bu əsəri gerçək bir həyat
hekayəti edir. Belədirsə, onda yazıçıya iki
cüt lafım olacaq:
Uilyam Folkner, qızılgülün
sahibi sizsiniz, Emilini siz yaratmısız, o
qadının halına siz yanırsız, onun taleyinə siz
acıyırsız, hekayənizin adı ilə onu siz salamlayırsız, belə
hallarda kişinin şərəfinə badə qaldırarlar,
xanım üçünsə qızılgül hədiyyə
olunar. Uilyam Folkner, o zaman sizin sağlığınıza!
İndi deyəcəksiz ki, badəni
dirilər üçün qaldırıb,
sağlığı sağların şərəfinə deyərlər?!
Turan Uğur
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.21.