Ağrı
Nə
vaxtdır ağrılar didir qəlbimi,
onsuz da sağalmır yaralı
canım.
O dərdli Urmunun suları kimi
quruyur mənim də damarda qanım...
İllərdi
Borçalım gözü yaşlıdı,
Dərbənd həsrətində bəndə
düşmüşəm.
İllərdi elə bil başım daşlıdı,
elə bil çarəsiz dərdə düşmüşəm...
Torpaqtək
doğrayın elə məni də,
elə paramparça yaşayım
mən də.
Ağrıyla, acıyla sürünüm
bir az,
yaralı
canımı daşıyım
mən də.
Göyçəyə,
Vediyə çata bilməyən
ayağımı kəsin, əlimi
kəsin.
Ərdəbil, Xoy deyib haray salmayan,
illərdi o susan dilimi kəsin.
Bir az
ovutmaqçün həsrət torpağı,
Bir əlimi atın Dərəçiçəyə.
Bəlkə o dərədə dinə
ağrısı
Bir gün o yerlərdə
dönər çiçəyə
O
taylı-bu taylı Vətən sözləri
varlığımı çəkir çarmıxa hələ.
Babək
qalasına həsrət
gözlərim
ovulub tökülsün Araza elə.
Səpilsin
torpağın yaralarına
dözüm heykəlinə dönən
ürəyim.
Atın
dörd bir yana paralarımı.
bəlkə bir azacıq toxdaya bilim.
Məktəb
illəri
Geyimimiz,
hüququmuz bir idi,
Şagird
idi hamımızın
adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah,
nə xoşbəxtdik
biz onda!
Bir müəllim
töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için
yanardıq.
Hələ onda bilmirdik ki,
bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Bu
dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi
elə bil,
Al-əlvandı ötən günlər, saatlar,
Yamyaşıldı ömrümüzə
gələn il.
Yazılanı
bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı
yazan pozulmayan yazıdan.
Hərdən
dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı
dərsi danışsaydıq
o saat,
Bilərdik ki, qiymətimiz neçədir.
Bu
dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək
də hər səhər,
Bu yollardan, sanki sevinc yağırdı.
Bir məktəbin
binasıydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan
doğma, üstün
bilərdik
Hələ
onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox
idi.
Hələ onda kədərimiz
bir damcı
Hələ onda sevincimiz çox idi.
Hələ
dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq,
yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.
Geyimimiz,
hüququmuz bir idi,
Şagird
idi hamımızın
adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah,
nə xoşbəxtdik
biz onda.
Məktəb
illəri
Ömrümün ən şirin,
ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə
bərabər
Qayğısız günlərim.
Bilirsənmi
Kim
ağrıdar yerim kimi...
Bəhruz
Niftəliyev
Bilirsənmi
mənim kimi
sevmək necə olur, necə?..
İçin-için sevirsən.
Sakitcə. Ölüncə.
Kimsəni şərik edə
bilmirsən.
Qula dönürsən.
Gedə
bilmədiyin yer olursan.
Gedə
bilsəm... Getsəm...
boşalacaq yerim. Boş qalacaq.
Yerimə
kimi qoysan olmayacaq...
Bilirsənmi, Ruhum ağrıyır,
gecəyə qarışır,
qaranlığa dolaşır...
aydan imdad diləyir, cismimi də sürükləyir,
darıxır əllərim, gözlərim.
Darıxır deyə bilmədiyim
eşitmək istəmədiyin sözlərim.
çırpır özünü ürəyimin
divarlarına.
əks sədası dolur qulaqlarıma.
Uğuldayır kafam,
elə bil minaya düşmüşəm
kontuziyalıyam.
Adımı da, kimliyimi də
unuduram.
Bilirsənmi, bu necə əzabdı, necə ağırdır?
Yaralı
ruhum necə ağrıyır,
bilirsənmi yaralar necə ağlayır...
Sevməkdən...
Ötəsimi var? Hə, bir də ayrılıq var.
Bilirsənmi, necə olur
geri dönüşü
olmayan ayrılıqlar?
Onsuz gedəsiyəm mən geri dönmədən,
Amma sən məni itirmədən,
mən səni itirmədən...
Heyf.. bilməyəcəm kim oxşayacaq
sevgimi sənin kimi.
Kimi oxşayacaqsan mənim kimi...
Bir də... bir də blirsənmi
"kim
ağrıdar yerim kimi"...
Tanrım,
məni xatırla
Məni
xatırla hərdən, Tanrım, bir sor necəsən,
Ürək bu sözə acdı... həyatımsa möhtacdı...
Sevginin günahı var, sevməyinsə
cəzası
Bilmədim...
Nə qədər sevdim olmadı,
bir azca sevincə yetmədi.
Məhv
oldum dəyərsizliyində.
Qurbana döndüm
özümü qurban verdiyimin sevgisizliyində.
Doğradı uf demədən...
Məni
xatırla hərdən,
Tanrım,
məni xatırla.
Bəlkə mən ən xoş bəxtəm,
bəlkə də ən bəd
bəxtəm.
Bəlkə fəsil kimiyəm,
Qışam, yayam, ya yazam bəlkə elə payızam?
Tanrım,
Bir bax necəyəm? Kiməm
nəyəm nəçiyəm?
Bəlkə bir kimsəsizəm,
ya ay-ulduzsuz gecə?
Bəlkə izsiz bir küçə? Ya qapısı bağlı
bir ev...
Məni
xatırla, Tanrım, nolar bir azca da sev.
Məni
xatırla hərdən,
mən də bilim necəsən...
Şəhid
anası
Başını
köksümə qoymaq istərəm,
qorxuram,
incidəm, incidəm səni.
Duyub qəlbimdəki giley-güzarı
bağışlamayasan qorxuram məni.
Başımı
köksünə qoymaq istərəm,
qorxuram kiçilim, xırdalanım
mən.
Duyub qəlbindəki ağrılarını
özüm öz gözümdən
düşə bilərəm.
Təsəlli
etməyə söz də tapmıram,
dilimdən asılır sözüm
utanır.
Baxışım hər yanı dolansa belə
üzünə baxmağa gözüm
utanır.
Ayların, illərin, ömrün
paralı,
mən
o paraları tikə
bilmərəm.
Övlad
həsrətinə hörülmüsən
sən,
səni
bu həsrətdən
sökə bilmərəm.
Önündə
yalandan nə söyləyim ki?
bilirəm sağalmaz bala yarası.
Bircə
həqiqət var - məğrur duruşun
yaşadır bu yurdu şəhid anası.
Boynubükük
olsan bircə an əgər,
bu doğma torpaq da boynunu
bükər.
Gözündən bir damla yaş düşsə belə
Qarabağ özü də
göz yaşı tökər.
Ruhu rahat
olmaz igidlərimin
sızlasa ürəyin şəhid
anası.
Torpağa can verən şəhidlərimin
sızlayar yenə də vətən yarası.
Bu torpaq
hamıya ana deyil ki,
namərdin, qorxağın vətəni
olmur.
Hər qadın sənin tək igid böyütmür,
hər
ana bətnindən şəhid
doğulmur.
Ağlama
gözünün yaşını sil sən
Sənin
göz yaşında Vətən boğular.
Ay müqəddəs qadın
sənin bətnindən
oğul
doğulmayıb Vətən
doğulub.
İşıq
Sənin
küçəndən keçərdim, darıxardım,
pəncərənə baxardım.
İşığın yananda sevinərdim işığın
yanır deyə
həm də kədərlənərdim
mənsiz yanan işığa.
Sənin
küçəndən keçərdim,
darıxardım,
pəncərənə baxardım
İşığın yanmayanda sevinərdim -
mənsiz
yanmır deyə,
həm də kədərlənərdim
yanmayan işığa.
Unutmadın
Heç
bildinmi səndən sonra nələr oldu,
nəyin
vardısa unutdun məndə qaldı.
Bircə
unutmadın xoşbəxtliyimi,
təkcə onu özün ilə apardın...
Soruşmayın
Soruşmayın
halımı, soruşmayın necəyəm,
Daha bir az fərqliyəm
əvvəlkitək deyiləm.
bir az gecə kimiyəm,
bir az gündüz kimiyəm.
ömrümü tüstülədən sönməyən köz
kimiyəm.
Baxışları didərgin yurdsuz
bir göz kimiyəm.
Daha hər
şey fərqlidi, əvvəlkitək deyil ki...
Dəniz
də həmin deyil, dərdlidi elə bil ki.
Göylər də həmin deyil, buludlar da həminki
Mən də bir az
başqayam,
mən də bir az fərqliyəm.
Soruşmayın
halımı, soruşmayın necəyəm
Ürəyimə gömülən söz
kimiyəm bir az da.
Bəlkələr ovutmayan, təsəllisi
olmayan,
ümidi
tapılmayan döz kimiyəm bir az da.
Birdəfəlik
get
Niyə
birdəfəlik getmədin ki sən?
Gah gecəmə gəldin, gah
gündüzümə.
Hərdən saçlarıma toxundu
əlin,
hərdən gözlərimə, hərdən
üzümə.
Niyə
birdəfəlik getmədin ki, sən,
niyə
əl çəkmədin
yanaqlarımdan.
Mən imdad dilədim nə qədər sözdən
adın
ayrılmadı dodaqlarımdan...
Bir az
buludlara yığışıb qaldın,
Bir az küləklərə qarışıb qaldın.
Səni
nəfəs kimi çəkdim içimə,
elə ürəyimə sıxışıb
qaldın.
Ağrılı
günləri ovutmaq üçün
Hərdən ümid oldun, hərdən təsəlli.
Səni
birdəfəlik unutmaq
üçün
Hərdən ümid oldum, hərdən təsəlli.
Niyə
birdəfəlik getmədin ki, sən?
hər anın, saatın yolunu kəsdin.
Ən gözəl günləri
apardın, nədən,
qalan
günlərimə qənim kəsildin.
Niyə
birdəfəlik getmirsən ki, sən?
Səndən qalan nə var
daşımaq olmur.
Anladın sonunda gedə bilmirsən,
bilirsən yarıcan yaşamaq
olmur.
Kaş
Gecələr
cəsus kimi
Yuxumun dalınca gəzirəm.
Adlayıb ayları, illəri,
Oyadıb
uyuyan xatirələri
Kimlərlə görüşür, nələr bölüşür
bilirəm.
Hərdən ağlayıram, hərdən
gülürəm,
Gah xoşbəxt, gah da ki bədbəxt oluram...
səhərə kimi onunla dolanıram.
Hər səhər bir arzuyla ayrılıram ondan
kaş
bir azca mənə bənzəyəydi,
yuxum da məni izləyəydi...
Kəmalə ABİYEVA
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.20.