Poetikanın poeziyası
Mühazirə
zamanı, duyğusal halımda müəyyən haşiyələr
çıxırdım, nəzəri ricətlər edirdim və
bu zaman böyük Azərbaycan alimi Azad Mirzəcanzadənin məşhur
deyimini də işlədirdim: "Deyə bildimmi?" Həmin
ritorik haşiyələrin və sualların bir qismini oxuculara
təqdim edirəm.
Bir dəfə A.P.Çexov
deyib: "Nə qədər ki, Tolstoy
sağdır, rus ədəbiyyatı nəzarət
altındadır, ləyaqətini alçaltmadan özünə
fikir verir. Tolstoy ölən kimi çobansız sürü
kimi qalacaq". Buna bəzər fikri Mir Cəlal da Mehdi
Hüseyn öləndə demişdi: "Azərbaycan ədəbiyyatı
yetim qaldı". Şükür, hələ bir neçə
ad var ki, bu gün onların sadəcə varlığı
(Anar, N.Həsənzadə, M.İsmayıl, S.Rüstəmxanlı,
R.Rövşən, M.Süleymanlı...) milli ədəbiyyatımıza
göz-qulaq olur.
Bilmirəm, deyə bildimmi?
***
XX əsrin
əvvəllərində şairlərin həyatına həsr
olunmuş əsərlərin əksəriyyəti
"Şairin ölümü" adlanır. Səməd
Vurğunun "Vaqif" pyesinin ilk variantı da "Şairin
ölümü" adlanırdı. Ondan əvvəl isə
"Şairin ölümü" şeirini
yazmışdı. Mikayıl Müşfiqin Cəfər
Cabbarlıya həsr etdiyi şeir də "Şairin
ölümü" adlanır. Lermontovun "Şairin
ölümü"nü tərcümə etmişdi. Özləri
də bilmədən sovet patetikası içində
Ölüm ruhunu (Ölüm mələyini)
çağırırmışlar...
Bilmirəm, deyə bildimmi?
***
M.Prust
deyirdi ki, Bethovenin sonataları öz dinləyicisini
yetişdirdi. Sonralar həmin dinləyicilər də Bethoven
kimi düşünməyə başladılar. Üzeyir bəyin
musiqisini eşidənlər Cümhuriyyəti qurdular. Bu
günün dinləyicisini meyxana musiqisi
formalaşdırır...
Bilmirəm, deyə bildimmi?
***
Bəxtiyar və Şəhriyar
adlarını Araz çayı həmqafiyə
etdi. "Bəxtiyar-Şəhriyar" qafiyəsi milli dərdin
əks-sədası kimi - B.Vahabzadə
"Gülüstan" poemasının sonuna Şəhriyarın
"Heydər babaya salam"ından iki bəndi əlavə
edir...
Bilmirəm, deyə bildimmi?
***
Klassik poeziyada görünən nəsnələr gərəksiz və mənasız,
amma görünməyənlər isə (Allah, ruh, mələklər,
mənalar...) daha önəmli idi. XX əsrin poeziyası
"görünənlər"in arxasınca getdi...
Bilmirəm, deyə bildimmi?
***
Baxırsan,
30 ildir yazır-pozur, çap olunur, amma hələ də
öz janrını tapmayıb. Janr müəllifin tempramenti
ilə, səs tembri ilə və dünyaya baxışı
ilə "qafiyələnməlidir".
Bilmirəm, deyə bildimmi?
***
Bir
şairin adamlığını gündəlikləri rahatca
faş edə bilər. Məsələn, Puşkinin gündəliyini
(əsərləri, VI cild) oxuyursan - nə qədər mənasız
adam olub!
Bilmirəm, deyə bildimmi?
***
Pandemiya
dövrünün ən populyar ifadəsi "məsafə
saxla" idi. Bu, ədəbiyyat üçün də
keçərlidir: Yazıçı öz qəhrəmanı
ilə mütləq "məsafə" saxlamalıdır.
Hətta avtobioqrafik əsərlərdə belə!
Bilmirəm,
deyə bildimmi?
***
Dilimizə
istənilən poetik tərcümə milli musiqinin
"köynəyindən keçməlidir". Xavər
xanım xatirələrində yazır ki, Səməd
Vurğun "Yevgeni Onegin"i tərcümə edərkən
aşıq musiqisini dinləyirmiş...
Bilmirəm, deyə bildimmi?
***
Rəng
duyumu, rəng zənginliyi, görəsən, irsidirmi? Bu
baxımdan Rəsul Rzanı "Rənglər"i ilə Anarın
"Ağ liman"ında "yuxu mətni"ndəki rənglərin
müqayisəsini aparmaq maraqlı olardı: "Yuxu
gördü.
Sahil sapsarıdır. Sarı qumlar. Dəniz
gömgöydür. Ləpəsiz. Ancaq birdən gördü
ki, dənizin lap uzağında nə isə ağ bir şey
görünür: ağ liman.
Ağ...
Ağ...
Ağappaq... Və bu ağ limanda qırmızı gəmilər
dayanıb" ("Ağ liman").
Bilmirəm, deyə bildimmi?
***
Azərbaycan
ədəbiyyatının ən və ən yeni tarixi 44
günlük Vətən savaşından sonra
başlamalıdır.
Bilmirəm, deyə bildimmi?
***
44 gün
qanlı Vətən savaşı aparmış, əfsanəvi
qəhrəmanlıqlar göstərib Şuşanı azad
etmiş bir ölkənin (xalqın) lirikaya bu qədər tələbatı
hardandır?
Bilmirəm, deyə bildimmi?
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.22.