Rilke Eliot - XX əsr

bir ovuc külün içində...  

 

Yaşadığımız həyatın, dünyanın boşluğunu, lüt-üryan qaldığını kim duymasa da şair qəlbi duyar, bilər "Qışqırsam indi, kim eşidər məni mələklərin qatında" deyən şair şeirdən xəbəri yoxmuş kimi danışar, şair olduğunu unudar həyatının son anını yaşayırmış kimi mələklərin çəkilib getdiyi bu dünyada nəfəs almağın mümkünsüzlüyünü elə bir yanğıyla ifadə edər ki (Duino ağıları...), sən doğrudan-doğruya bu göy qübbəsinin altında ömrünün heç olduğunu anlarsan. Yəni: zaman keçir, sən yoxsan. Mən yoxam. Kimsə yoxdur. Çünki klassik poeziyada qızıl hərflərlə yazılmış həqiqətlərin qapısına qıfıl vurulub. Zaman bir çay kimi şüurumuza toxunmadan səsiz-səmirsiz ötüb keçmiş, dünya boşalmış...

Aydın olar ki, modern insanın (bizim hamımızın-!) dünyanı anlamağımızda saysız-hesabsız komplekslər var (bizə "böyüksən" deyildikdə çaşmağımız, bunu az qala bayram etməyimiz, "heç nəsəniz" deyildiyində cavabı həqarətə döndərməyimizdə...).

Rayner Maria Rilke dühasının gücünə heç kəsin duymadığı, kimsənin eşitymədiyi həqiqətləri sinəsindən şeir kimi vərəqlərə (yaxud elə üfüqlərin qaşına) tökmüş, hər şeyi - yer üzünü bürümüş bozluğu, həyatdan, dünya gerçəklikdən insanı var edən mənaların yox olmasını, Eliotun dediyi kimi dünyanın səhraya, "bəhrəsiz torpağa" döndüyünü şeir dilində, həm yüzdə yüz ağı şəklində insanlara çatdırmışdır. Tomas Sternz Eliotun "Bəhrəsiz torpaq" "Gerantion" şeirindəki həqiqətlər əslində həm Rilkenin kəşf etdiyi mənaların davamıdır. Rilke deyirdi? Deyirdi ki, almanın içindəki çəyirdəklər misalı ölüm bizimlədir, hər an, hər dəqiqə. Rilke başqa şairlər kimi klassik ədəbiyyatda şırım kimi, yaxud üfüq kimi açılmış mənalar vahəsində gəzmirdi, ondan vaz keçib yeni bir cəbhə açmış, həyata vida etdiyi əlli bir yaşınadək indiyə qədər dünyada hər bir şairin heca-heca yazdığı həqiqətləri üzə çıxarmışdı.

 

Qəlbləri hüdudsuz, aydın parlaq,

Dilləri yorğundur pıçıldamaqdan.

Sanki bir günaha həsrət qalaraq

Titrəyirlər hərdən yuxulayanda...

 

Bunu deyək ki, Rilke XX əsrin ən böyük lirikidir. Lirikada belə bir keyfiyyət halı da var: oxuyarsan, hər şey qəlbinə, duyğularına toxunar səni ovudar, ancaq bu toxunmanın içində bir ürkəklik, daha doğrusu mübhəmlik var, bütün qəlbinlə duyarsan ki, məsələ heç sənin duyduğun qədər deyildir. Bəs nədir? Qapıların, o alaqapının o tayında çox acı, çox dəhşətli nəsnələr var onları yaşadıqda dilin tutula bilər, lal olarsan. Dünyada "Lal" adında ədər şeir yazıləıb? Bunların hansı  Rilkenin yazdığı qədər mənalı dürüstdür? Deyə bilmərik... Rilke deyirdi? Hansı insana tanrı verildiyində dağılmamış, zədələnməmiş halda geri verilir... Yaxud Eliotun dilində: hanı o həyat ki onu yaşamaqla itirdik?!

T.S.Eliot onun "Gerantion" parçası... Michael E.O'Reilly-nin fikrincə, "Gerontion" Bəhrəsiz Torpaq (1922) İçi boş adamlar (1925) silsiləsinə daxil olan mətnlərdəndir. Digər əsərləri kimi, "Gerontion" müasir dövrün boşluğunu (puçluğunu), ehtiras iman yoxluğundan müasir tarixin düçar olduğu çıxılmazlıqları göstərir".

Şeirin başlığı (Geroniton) yunan sözü geron-dan törəməklə "balacaboy qoca kişi" anlamına gəlir. Qoca illər keçdikcə öz içinə yığılıb, o qədər yığılıb ki, bir topa sapa dönüb. Modernist ədəbiyyatda (yaxud təhkiyədə) daha mükəmməl vizullağıa nail olmaq üçün böyük həcmli şeylər məhz "bir top sapa" çevrilirdi bu an məsələsi idi.

Bütün bunlardan sonra nəyi unudasan? Özün düşün -

Tarix gör neçə belə hiylə çığırın bilir,

Buğum-buğum dəhlizlər,

Gizli çıxışlar dal qapıdan, bizi o pıçıltıyla satır...

İgidliyimiz

Alçaqlıq günah doğurur. Bizim utanc gətirən

əməllərimiz

bizi səxavətə sürükləyir, işə bax.

Rilkenin Nitşedən aldığı dərsi (elm texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə boşluğun, puçluğun, imansızlığın) Eliot davam etdirir (... igidliyimiz alçaqlıq günah doğrurur...). Eliot da bütün bu sürəkliliyə, sürətin süni şəkildə artmasına rəğmən hər şeyin get-gedə pozulduğunu, qaralıb boz rəngin içində itdiyini, mənaların itik düşdüyü belə bir düyada yaşamağın mənasız olduğunu deyir.

 

Sənə elə bir şey göstərim ki,

Səhərlər ardınca sürünən gölgənə bənzəməsin

Ya da qürub vaxtı qarşında dayanan,

Dəhşətə gələcəksən - bir ovuc külün içində...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 29 iyul.- S.22.