Sən rus arağını, ispan nəğmələrini,

Lorkanın şeirlərini Çe Gevaranı sevərdin...

 

Elçin İsgəndərzadənin şeirlərini oxuyarkən...

 

Elçin İsgəndərzadənin yaradıcılığını təhlil edərkən bir çox maraqlı məqamlarla qarşılaşmaq mümkündür. Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi, texnika filologiya elmləri doktoru... Görüldüyü kimi, həm dəqiq, həm humanitar elmlərin paralel şəkildə təsir etdiyi, bu iki elmin vəhdətindən yaranan həyat yolu. Texnoloji sahənin tələb etdiyi dəqiqlik Şuşa dağlarından gələn səmimilik Elçin İsgəndərzadənin ömür yolunda inkişaf edir, böyüyür, nəhəngləşir. Elçin İsgəndərzadənin haqqında çox sözlər söyləmək olar. Onun yaradıcılığı qədər, şəxsiyyəti maraqlıdır. Bu məqalədə isə biz Elçin İsgəndərzadənin şeirlərindən söhbət açacağıq. Bu minvalla biz həm , bir növü Elçin İsgəndərzadənin mənəvi dünyasına səyahət edəcəyik. Onun rəngli, bəzən rəngsiz dünyasında yaşadığı hisslər, keçdiyi ömür yolunda qazandıqları, məğlubiyyətləri s. kimi məsələlərin əks olunduğu misralar, fikrimizcə, bizə onun barəsində ən dolğun informasiyanı verəcəkdir.

Şairin misralarından aydın olur ki, o, bu həyat yolunu heç rahat, sakit, sükunətlə keçməyib. Onun həyat yolu mübarizələrlə dolu olub. Azərbaycan təbiətinin ən möhtəşəm mənzərələrinin cövlan etdiyi, İsa bulağının zümzüməsi ilə dillənən xarıbülbüllərin öz rahiyələrini saçdığı Şuşadan, dünya memarlığının ən ümdə, ehtişamlı memarlığını, çoxmədəniyyətliliyini özündə ehtiva edən modern Bakıya doğru uzanan bir yol... başlayan yol...

Şuşa. Bəli Şuşa, Elçin İsgəndərzadənin kədəri idi, bu gün isə sevinci, fəxri, qüruru, bəlkə bu yazının ən gözəl tərəfi məhz bu gün, Şuşanın artıq azad olduğu zaman dilimində yazılmasıdır. Gəlin başlayaq elə şeirlərindən...

Şairin əsərlərində bir çox fərqli mövzu olsa da, sadalayacağımız nümunələrin əksəriyyətində, əsasən, vətənçilik sevgi xətti aparıcı rol oynayır. Hələ gənc yaşlarında yazdığı, xüsusilə Qarabağ, Şuşa, vətən məzmunlu şeirlərindən, poetik nümunələrdən saf, səmimi duyğular süzülür. Burada şairin vətən həsrətini açıq şəkildə hiss etmək mümkündür:

 

Şuşanın dağları uca,

Laçının dağları haça.

Dəli könlüm havalanıb

Yenə ana yurda uça.

 

Azərbaycanlılar üçün vətən namus deməkdir. Vətən anlayışı türk milləti üçün müqəddəsdir. Millətimizin hər bir üzvü şəhidlik şərbətindən içərək vətən uğrunda canından keçməyə həmişə hazırdır. Elçin İsgəndərzadə bir məqaləsində bu aspektə diqqət çəkərək yazır ki, "28 illik Şuşasız günlərimin ən böyük faciəsi odur ki, mən bu dövrdə, az qala, hər gün təkcə ölkə yox, dünya miqyasında uğurlar qazanırdım, amma o uğurların heç birini Cıdır düzündəki o daşla bölüşə bilmirdim deyə, mənimçün bir anlamı qalmırdı. Buna görə o uğurlar mənə yad gəlirdi. Bəlkə kimsə Şuşasızlığa, vətənsizliyə mənim kimi bu aspektdən yanaşmayıb. Şuşayla birlikdə sevinclərim, uğurlarım da əsir idi sanki".

"Dilim qabar oldu VƏTƏN deməkdən", "Şəhid məzarlarına İsa bulağından bir ovuc su at" - deyən şairin poeziyasında sadəlik, vətənin daşına, mamırına, yosununa, dumanına, dağına sayğı hakimdir. Bütün bunlar Elçin İsgəndərzadəni Məmməd Arazla yaxınlaşdırır, bəlkə elə bu səbəbdən Məmməd Araz onunla bağlı yazırdı ki, "Elçinin şairliyində istilik, məhəbbət, torpağa, vətənə bağlılıq daha güclüdür. Onun poetik yaradıcılığının əsas motivini yurd sevgisi, Vətən yanğısı, əsl Vətəndaşlıq qayəsi, bir sözlə, Vətən - Vətəndaşlıq mövzusu təşkil edir". Görüldüyü kimi, yaradıcılığında əsas motiv Vətən olan Məmməd Araz, Elçin İsgəndərzadə yaradıcılığının əsas hissəsini, nüvəsini Vətən mövzusu, Azərbaycançılıq məfkurəsinin təşkil etdiyini təsdiq edir.

Türkiyə ədəbiyyatında Əbdülhəq Həmid, Tofiq Fikrət, Mehmet Emin Yurdakul, Süleyman Nazif, Mehmet Akif, Ziya Göyalp, Əhməd Hikmət Müftüoğlunu Namiq Kamalla başlayan vətən ədəbiyyatının önəmli nümayəndələrindən saymaq olar. Fikrimizcə, Azərbaycan ədəbiyyatında da "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı" - deyən Məmməd Araz vətən - Azərbaycan anlayışını tamamilə fərqli, intellektual, fəlsəfik cəhətdən, səmimi, ürəkdən təsvir edən nadir sənətkarlardandır. Elçin İsgəndərzadənin vətən mövzulu şeirləri onu Məmməd Arazın davamçılarından biri kimi önəmli mövqeyə daşıyır. Elçin İsgəndərzadə irsini Vətən mövzusunda yazan bir çox sənətkardan fərqləndirən əsas motiv sevgidir. O, vətəni sevir, onu nəhəng eşqlə, bəlağətlə, vurğunluqla təsvir edir. O, vətəndən küsmür, incimir, onu olduğu kimi qəbul edir. Müqəddəsləşdirir.

Elçin İsgəndərzadənin poeziyasında ifrat romantika yoxdur. Burada realizm, yaşananlar, tarix, intellektualizm ön plandadır. Səmimiyyət, hisslərin, emosiyaların, tarixi həqiqətlərin birnəfəsə hayqırtısı mövcuddur.

 

Teleekranda Afrika,

Fələstin, Anqola, İraq,

Əfqanıstan, Hindistan.

Bu dünyanın hər yerində

Qara çörək qan qoxuyur,

İsti qan...

 

- misralardan aydın olduğu kimi, şairin yaradıcılığında kədərin müxtəlif tonları yer alır. Burada bəşəri hisslər ön plandadır. Səmimi duyğularla qələmə alınan poetik nümunələrdə oxucu şairə inanır, onun sevgisinə hörmət duyur kədəri ilə kədərlənir. Fikrimizcə, bu, sənətkar üçün çox dəyərli gerçək bir zəfərdir.

Bütün bunlarla yanaşı, türkçülük motivləri, Turan ideologiyası şairin yaradıcılığında hakim mövqe tutur:

 

Tanrı Türkü qorusun!

Tanrı Qurdu qorusun!

 

Yaxud:

 

Göydə Allahını çağır, savaşda qeyrətini.

Hanı sənin Boz qurdun,

Hanı sənin Ana yurdun?..

 

- deyən şairin misraları bizə Məmməd Arazın hayqırtısını xatırladır:

 

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

 

Elçin İsgəndərzadənin ömür yoluna eyni zamanda yaradıcılığına nəzər saldıqda görürük ki, şairin bəhsini açdığı mövzular bu günün əsas məsələsi gündəm mövzusu olsa da, o, həmin məqamlardan illər öncə, ən çətin, ən keşməkeşli zamanda danışıb. Hansı ki, o vaxt belə mövzuları poeziyaya, ədəbiyyata daşımaq xüsusi cəsarət, istedad tələb edirdi. Bu da Elçin İsgəndərzadə yaradıcılığının uzaqgörənliyini, qorxmazlığını aktuallığını bir daha təsdiq edir. Onun şeirləri göndərmələr, replikalar, ironiya tapıntılarla zəngindir. Elçin İsgəndərzadənin yaradıcılığı çoxşaxəlidir. Burada vətənçilik, ictimai-siyasi məzmun, məhəbbət, bioqrafiya, realizm, humanizm kimi mövzulara geniş yer verilib.

"Dilənçi sabahımız" adlı şeirində Elçin İsgəndərzadə sayı gündən-günə çoxalan səfil dilənçi uşaqların halına acıyır. Bu şeirdə sadalanan məsələlər bir insanın kədərindən bir ölkənin kədərinə, bir körpənin bu günündən bir gəncin gələcəyinə doğru böyüyür, inkişaf edir. Bu kədər insanlığın, bəşəriyyətin hüznünə çevrilir:

 

Səfillik qorunda yanan sifəti,

Görən heç nəvaziş görübmü, Allah?

Ya ata, ya ana çəkib əlini,

Saçına bir sığal veribmi, Allah.

 

Şairin yaradıcılığında Şərq mövzusu aktualdır. Onun Şərq psixologiyasını özündə əks etdirən misraları, dövrü səciyyələndirmək kontekstindən son dərəcə əhəmiyyətlidir. Həmin misralarda "Qurani-Kərim"dən gələn ilahi kəlamlar, Allaha müraciət - "Allah, al bu yurdun dərdi-sərini, / Anlat bir-birinin sevmək sirrini"... əsas yer tutur. Gələcəyə daim ümidlə baxan şair Mövlanə Yunus Əmrəni xatırlayır:

 

Mövlanə, Yunus Əmrə biçarətək,

həqiqət mənimçün hava, su, çörək.

Dünya həqiqətlə fırlanır, ürək,

mənim bəxt ulduzum doğacaq bir gün.

 

Elçin İsgəndərzadənin poetik düşüncəsi xalqın keçmişinə söykənir, yəni, inanclara, folklora, adətə-ənənələrə... "Misri qılıncını çəkib sürt ürəyinin qızıl qanına"... Şair xalqın tarixindən ilhamlanır, bu günü ilə ayaqlaşır, gələcəyinə ümid bəsləyir.

 

Oyandım, sübhədək yata bilmədim,

Bu gecə taletək qarışıb yuxum.

İşığa danışdım, suya söylədim, -

yenə canımdan çıxmadı qorxum.

 

Yaxud:

 

Qorqudum, qopuzum, səni unutdum,

Şumerim, Oğuzum səni unutdum.

Tanrının qarğışı keçmişdi mənə

Kökümə kəc baxıb, əğyarı tutdum.

 

Elçin İsgəndərzadə Azərbaycan, türk şairidir. O sadə, səlis şəkildə öz dilində bir çox məsələləri işıqlandırır. Türkçülüyü, Azərbaycançılıq məfkurəsini daim bayraq misalı səmalarda dalğalandırır. Şairin istər heca, istərsə sərbəst vəzndə yazılan şeirləri son dərəcə məzmunlu, informativ, süjetli aktualdır. Hər bir şeir keçmişdən günümüzə uzanan, tarix adlanan zaman kəsiyində baş verən, gerçək hadisələri ustalıqla, dəqiqliklə poetik məcraya daşıyır. Unudulmamalı olan bir çox məsələni zərgər dəqiqliyi ilə zamanın köksünə nəqş edir, türk tarixini gələcəyə ötürür. "Bundan öncə, Təbrizi xalça naxışlarında, miniatürlərdə görmüşdük biz" cənub mövzusu, Təbriz həsrəti "Vaqif Səmədoğluna" şeirində əsas motivdir.

Şeirin hər misrası sanki bütöv tarix, keçmişə işarədir. "Təbriz torpağında bir çinar ağacı əkə bilmədik, üzü gündoğana bir ev tikə bilmədik" kimi, zamanın nəbzini tutan misralar turançılıq ideyaları ilə yanıb tutuşan şairin ağrılarıdır.

Elçin İsgəndərzadə çağdaş Azərbaycan ədəbiyyatında eyni zamanda intellektualizmin davamçılarındandır. Onun yaradıcılığında biz həm dünya ədəbiyyatının, dünya mədəniyyətinin, siyasətinin izlərini görürük. O, gah Con Lennonu, Çe Gevaranın mübarizəsini, Çarli Çaplini, Ave Mariyanı xatırlayır, gah da Lorkanın şeirlərindən bəhs edir.

Mikelancelo, Leonardo Da Vinçinin zamandan boylanan ustad duruşları, Van Qoq, Qogen, Pikasso kubizmi nəhayət, Pablo Pikassonun göyərçinləri şairin şeirlərindən ədəbiyyatımıza qanadlanır.

 

NARGİS

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.24-25.