Yeriyən gözəllik
Səsin
rahatlıq,
sözün məlhəm,
sükutun oyanışdı
sənin.
Ətri
bihuş edən,
duruşu
zövq verən,
baxışı sövq edən
qızılgülsən.
Payızın
yazı andırır,
duyanı
odun, atəşin yandırır.
Sən
yeriyən gözəlliksən.
Görənin susan yeri,
tanıyanın səcdəgahısan.
Dənizsən,
dalğasan,
ləpəsən,
qayasan.
İnsan
adında yaradansan,
Qadın!!!
Yaşamağa
dəyərmi
Mehlər
döyüb üz-gözümü
telintək.
Ala gözlüm, tumar qalıb saçında?
Ayrılığın günü ayla ölçülür.
Əllərim də o illərin
acında.
O günlərin
hərəsi bir ömürdü.
Sənli
anı bircə-bircə
varaqla.
Sığalına həsrət qalan,
inciyən
Gizlinləri xatirəylə soraqla.
Ver əlini,
əl oxusun yaddaşı,
Barmaqların kodu heç vaxt dəyişmir.
Səp baxışı baxışımın
üstünə.
Pıçıltını özgə kimsə eşitmir.
Hər
şey sonda xatirəyə dönəcək.
Xoşu
çoxsa, yaşamağa
dəyərmiş.
Yuxular
Gecəmizə
səssiz gəlib danışan
Yuxuların söylədiyin görən
yox.
Səs-küyünə ayılıram
min kərə
Diksinməyin acısını bilən
yox.
Yuxularım
rahatlığın qənimi,
Göz yumulur, beyin yenə işində.
Bir gecədə neçə
doxsan saniyə
Gedib-gəlib, çələng hörür,
peşində.
Mən
gecələr yuxuların yolçusu.
Bilən
bilir, bu yolçuluq ağırdı.
Oyanıram daş daşımış
adamtək.
Kim deyir ki, yuxu rahat,
fağırdı.
Yuxuladın,
Qonaq gələn yuxular
Bildiklərin eyləsək sübhədək.
Hara qaçım yuxuların əlindən?
Onlar qoşun, mən gecədə təkəm, tək.
Ölüm
quyusu
Qardaş
Türkiyədə baş verən zəlzələdə
şəhid olanların xatirəsinə
Sükutun
danışan yeri,
nitqin tutulma məqamı
və qaranlıq...
Möcüzə gözləyənlər
anın
kadrını çəkirlər
kirpikləriylə.
Bir-birini buraxmır əllər.
Üstünə düşən dirək
səsindən diksinməsin deyə
içinə qışqırır körpələr.
Dağıntılar altından sağ çıxan,
yoxluğa boylanıb
şükür edə bilmir Allaha.
Xarabalıq
və sonu görünməyən
məzarlıq...
Bina bilmir, adam bilmir,
sorur hər şeyi ölüm quyusu.
Atasız-anasız uşaqlar qaldı,
uşaqlarsız ata-analar.
Yox oldu bağlar.
Uçqunlar altından axtarıb
çıxarırlar
torpağa basdırılacaq ailələri
insanlığın fəryadı altında.
Baxışlar donur dəhşətdən.
Dünənin xatirəsi boğulur
divarlar arasında.
Can verir xəyallar yerin altında.
Niyə
zəlzələlər gecələr
olur sualının cavabı
susqunluq.
Varlığın ən sürətli
yoxluğudu zəlzələ.
Təbiətin faciə mənzərəsi,
olanların yoxluq səhnəsi...
Yaradanın yaratdığına,
ya yaratmadığına qəzəbimi
zəlzələ?!
Nifrətin püskürməsimi?
Anın
faciəsidir zəlzələ,
ölümün kütləviliyi.
Sığortalanmayan həyatın yoxluğu,
müharibəsiz ölüm maşını,
dağıntının xəlvət anıdı zəlzələ.
Göz qırpımında...
Çatı minlərlə ürəkdən
keçən
torpağın infarktıdı zəlzələ.
Sən
indi hardasan,
hardasan, yavrum
Zəlzələdə
qazıntılar altından tapılmayan körpə qızına
atasının dilindən
De
görüm, hardasan, hardasan yavrum?
Söylə yer altında, ya göydəmisən?
Səsin
eşidilmir. Səndən xəbər yox,
Torpaqmı, səmamı apardı
səni?!
O gecə üzündən öpsəydim sənin...
Çəməni, çiçəyi öpərdim... İndi
Torpağı öpürəm, daşı
öpürəm.
İçimə süzülən yaşı
öpürəm.
Yorğanın hardadı, yatağın
harda?
O körpə qolların üşüyür indi.
Gözlərin yolumu gözləyir
indi.
Bəlkə də, baxırsan,
görürsən məni,
Özünə açdığın kiçik oyuqdan.
Qısılıb donursan, yəqin
soyuqdan.
Sənsizlik yükünü qaldırmaq
çətin,
Olanı
olmaza aldırmaq çətin.
Daha səsin gəlmir, sorağın da yox,
İndi haralarda axtarım səni?
Ölüm quyusundan, dərd
quyusundan?
Mənim
Günəşimsən yerin
altında.
Şimaldan, cənubdan doğa
bilərsən...
Təzadlı fikirlər gəzir
başımda.
Bəlkə də, Tanrının
öz yanındasan.
Mənim
gözlərimsə, dağıntı
altda.
Müharibə
haqqında
düşüncələr
Müharibə...
Sənin
süzgəcin o qədər
sıx ki
ordan ağrısız keçmək
çətin.
Səni
arzulayanlar:
zalımlar,
müharibəni törədənlər,
silah satanlar,
ölümdən qazananlar -
insanlığın düşmənləridi.
Müharibə
dünyanın düzənini dəyişir,
sevincləri udur.
İnsanlara güllədi müharibə.
Kiminin başından dəyir,
kiminin ürəyindən,
kiminin qolundan,
qıçından...
Hamının həyatını güllələyir
müharibə.
Arzular, xəyallar, xatirələr
deşik-deşik.
Yaddaşlara qan damır,
gümanlara ağrılar.
Müharibənin hər hərfindən
ölüm sallanır
anbaan.
Yarıcanlıların geridə qalan
əza məzarlığıdı müharibə.
Yığıb adam düzəldirlər
torpaq muzeydə.
Körpə gülüşünün oğrusudu müharibə.
Sabahın abort həkimi.
Ümidlərin dəmir qayçısıdı
müharibə.
Yüz illərin qəbiristanlığını
bir ayda yapandı müharibə.
İnsanların qatili,
bəşərin faciəsidi müharibə.
Dostum
şəhid mayor
Vitali Salamova
Vətəndən
uzaqda, yurddan uzaqda
Dərdlərin içindən dərd
böyüyürdü.
Baxıb
bu yolların ağrılarına,
Arxanca gələnlər mərd
böyüyürdü.
Hamının
qəlbində torpaq sevgisi,
Hamının diləyi qovuşmaq
idi.
Bizim heyfimizi daşlardan çıxan
Düşməni torpaqdan tez qovmaq idi.
Səbrin
də tükənən, səbrin də dözən,
Bir dözüm həddi var...
Günün vədəsi.
Zaman bu zamandı, müqəddəs zaman:
Birliyin,
Zəfərin döyüş
hədəsi.
Vətən
sorağıyla gəzib dolaşan
Ruhunuz qovuşdu istəyə, kama.
Eşidib
Qələbə sədalarını
Bizdən
tez çatdınız
doğma Ağdama.
Uyu, Vətən
oğlu! Sən rahat uyu!
Sevinc özü gəlib nurlu Simaya.
Hər şey məcrasına düşür təzədən,
O ağ buludlar da
dönür səmaya.
Doğma
sədaları eşitdikcə sən
Üzünə təbəssüm qonacaq
yenə.
Fərrux,
Qaramandan duyulan səsin
Xaçın, Qabartıyla coşacaq
yenə.
2020-ci
ilin payızı
Sən
ayrı bir payızsan.
Mərmisi istilik gətirən,
addımı səngər bitirən,
bizi yurda yetirən...
Gecəsi
elan sevincli,
gündüzü Vətən səs-küylü...
ağrının yükün əridən,
günü addımtək yeridən,
dərdi
atəşlə kiridən
payız.
Sən
30 ilin həsrət
yazısan,
Qələbə sevdalısan.
İlin
zəfər fəslisən,
sən Şuşa nəfəslisən.
Dəhşət
adlı həsrət
Hər
daşdan bir həsrət boylanır,
hər yarı sökük divardan bir xatirə.
Hər mərmi çalasından
bir arzu.
Qırılmış ağacın yox kölgəsindən
uşaqlığım özünü
asıb.
Kimsəsizlik bayquş olub ulayır
sökük evlər boyu.
Üzünü sapsarı kol-kos
basmış
yolların halı yox
baş qaldırıb "Mən
də yoxam!" - deməyə.
Burda nə varsa, ya ölüdü,
ya da ona tərəf
sürünür...
Canlandırdıqlarım
od tutub gözümə tökülür.
Dərdin
üstündə
"Dəhşət!" yazısı.
***
Nə bir
vaxt elədik görüşə bilək,
Nə bir məqam oldu nələrsə deyək.
Sevinən,
sevilən güman uzandı,
Zamanla məqamın tən arasında.
Səkilər, küçələr, yollar uzandı,
Uzandı
səninlə mən arasında.
Çatası
nə varsa külək apardı,
Boşluğu doldurmaq ümidə
qaldı.
İçində diləklər yatan,
dolaşan,
Sözləri bilmədik harada
saldı.
Məkanlar
dəyişir əhvallar təki,
Qarışıq günlərlə ötür
ilimiz.
Xəbərlər gizlənir zaman içində
Boğulur arada qoşa sirrimiz.
İstəyin
yolları barışan olur.
Arzular təpəni dağ edər sabah.
Qaldır
qapaq adlı o pərdələri.
Baxışlar uzanır əllərdən
qabaq.
Bir
ömür dolaşır
içində sənin
Bir
ömür dolaşır içində sənin,
Arzular didərgin, xəyal yarımçıq.
Bir ömür dolaşır içində sənin
Olana qapalı, görənə
açıq.
Bu necə
taledi, bu necə həyat?
Üzdə təbəssüm var, gözlərdə kədər.
Səndə xoşbəxtliyə həsəd çəkənlər
Bilirmi deyirsən: çəkdiyim
hədər?
Düşmüsən
taleyin cığırına sən.
Bəs
bunun adını kimdi yol qoyan?
Kimlər
pıçıldadı təsəlli
deyib:
"Kimdir ki, ömründə
sevincdən doyan?!"
Bir
baxış süzülür gözündən sənin,
Bir baxış boylanır saf ürəyindən.
Kimə
misqal düşər,
kimə bir qucaq
Təbəssüm mələyin xoş
diləyindən.
Səni
özün təki varmı tanıyan?
Sözdən naxış düzən,
sözü anlayan?
Sən özün-özünə gül
alan qadın -
Sevincə həsrətli, sevinc
paylayan.
Rəfail Tağızadə
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.28.