İynə ucu və
quyu
Ədəbi tənqid
Şüuraltı
məlumatların oyanması, təxəyyülümüzün
metafizik qatları, məntiqimizin İQ səviyyəsi və
sairlər. Yazı nə qədər həyatdan gəlməlidir?
Nə qədər yaşadıqlarımızın içindən
olmalıdır? Hər kəs öz taleyinin mətnini
yazır. Bu dövr üçün ən çox söylənmiş
fikir olsa da, yazının tarixinə baxanda, əslində,
başqa bir mənzərə ilə
qarşılaşırıq.
Bütün mətnlərin dayandığı
ilk nöqtə, ilk mərkəz mifologiyadır. Mifologiya deyəndə,
istəyərdim ki, hətta Şərqin dastanlarını da
o siyahıya əlavə edəsiniz. Niyəsi başqa bir
yazının mövzusudur. Mifoloji struktur metafizik situasiya ilə
bağlıdır. İrrasionaldır. Bu mətnlərin həyatdan
gəlməsi nə qədər ağlasığmaz olsa da,
sonrakı dövrlərdə daha rasional inancların - dinlərin
məhz miflər üzərində qurulduğunu, təməl
kitab dediyimiz dini mətnlərin də bu və ya başqa səbəbdən
yenə özündən uzaq coğrafiyanın miflərinə
əsaslandığının şahidi olacaqdıq. Xülasə,
ilk mətnlər həyatın içindən olmasa da,
onların bütün fellərinə insanların
yaşantılarında rast gəlirdik. Bu günün unikal mətnləri
kimi. Bu cür nüansların səbəbi həm də tarixlə
bağlıdır. İnsan nə yaşamışdı ki, nə
yazsın, hə? Qətiyyən ritorik sual deyil. Bir az tarixi
ştrixlərlə baxsaq mövzuya, görərik ki, qəbilələrin
formalaşdığı, dillərin ilkin detallarının
yarandığı, savaşların başladığı
dövrlərdən etibarən mətnlər daha real faktlara,
daha inandırıcı rənglərə büründü.
Cəngavərlik hekayələrindən tutmuş, qızıl
balıq tutmaq arzusunda olan məişət
nağıllarına, sevgi dastanlarına qədər
hamısı. Yazı sistemi reallıqla harmoniya qurduqca dəyərlər
sistemi də formalaşırdı. Bu dəyərlər sistemi
yenidən mətnlərə xüsusi atmosfer qazandırsa da, hər
halda öz əvvəlki nağılvari təhkiyəsindən
uzaq idi. Sonra bu dəyərlər sistemi dediyimiz konturlar özləri
də cərəyanları və bədii düşüncənin
situativ şəklini yaratdı.
Belə
olan halda yazının həm də texniki tərəfləri
ortaya çıxdı və günümüzdə təsadüfi
deyil ki, ədəbiyyat həm də qurğu məsələsinə
çevrilib. Eksperimental ədəbiyyat yazının məhz
bu yönünə xidmət edir. Ədəbiyyatın əsas
meyar daşıyıcısı olan dil faktı da bu halda geridə
qalır. Şillerin şeir, Orhan Pamukun roman haqqında işlətdiyi
ifadənin məğzindən danışaq. Saf və
düşüncəli olmaq nədir?
Müasir
dövrün sənət
estetikasının tərifini Borxes verib:
"Sənət, bu günün reallıqlarını
simvolikləşdirib, kodlaşdırıb gələcəyə
ötürməkdir, yeni nəslə
çatdırmaqdır".
Bu ifadə çox düşünməyimizə imkan vermir ki,
cavabı tapırıq. Deməli, yazdıqlarımız bu
günün reallıqlarıdır. Yəni həyatımızdan,
şəhərin qələbəliyindən, kitabxana rəflərindən,
pablardan, restoranlardan, siyasətdən, mədəni hadisələrdən,
ölkə gündəmindən, tarixindən gəlməlidir.
Ancaq bu kodlar şəklində, bir növ, başqa qabıq
altında yazılmalıdır. Həmin o başqa qabıq təxəyyülümüzün
imkanlarıdır. Mətni nə qədər qura bilirik, ona
hansı atmosferi verə bilirik, nələri ifadə edə
bilir və sair kimi bütün şeylər sonsuz təxəyyül
gücünün hesabına olur.
Əslində, diqqətlə analiz
edəndə görürük ki, cərəyan
dediyimiz müxtəlif qəliblər elə təxəyyülün
ifadə vasitələrinə görə yaranıb. Məsələn,
absurd situasiyada düşünən beyin absurd hadisələr
yazacaq. Sürreal ab-havada olan təxəyyül Dali kimi
düşünəcək. Bütün cərəyanlar
situasiya hadisəsidir, ancaq bütün situasiyalar cərəyan
deyil (məsələn, postmodernizm). Bu da başqa bir
mövzudur. Qayıdaq yazdıqlarımızın içində
nə qədər biz varıq, nə qədər yoxuq, onu
danışaq. Bütün gördüyümüz hadisələri
yazmaq, bizə təsir edən sentimental zaman fasilələrindən
yola çıxıb onu bədii mətn kontekstinə gətirmək
bu gün (və mənə elə gəlir həmişə)
yersizdir. Bu yazıçılıq yox, hekayəçilik yox,
əhvalatçılıq olar. Yazıçı
bütün baş verənlərə tanrı kimi -
üçüncü gözlə baxsa da, hətta bəzən
özünü belə obraza çevirsə də, yəni
öz yaşanmışlıqlarını yazsa da, bu hadisələrin
klassik qəliblərini qırmalı, texniki tərəfi
düşünməli, zamanın nəbzini tuta biləcək,
həm də zamanın nəbzi ola biləcək əsərə
çevirməlidir. Əks halda gecikmiş müəllif kimi ədəbiyyatın
rəflərinə yol tapa, yol tapsa da, yer tapa bilməyəcək.
Bütün böyük əsərlərə diqqət edəndə
görürük ki, müəllif öz keçmişinə
qayıdıb, özünün aid olduğu yeri tapıb,
xatırlayıb, şüuraltı bütün
informasiyaları mumiya bədənindən çıxarıb
və onu bu gün yaşayırmış kimi sehrli (bədii
mətn kimi) əhvalata çevirib. Məlum - məşhur məsələlərdi
hamısı. Yazıçı həmişə mətnin
içində olur. O, haradasa oralardadı. Oxuduğunuz
hansısa hadisəni o yaşayıb. Bəzilərini təhrif
edəcək, bəziləri, ümumiyyətlə, olmayıb,
bəziləri də necə varsa elədir. Roman oxuyanda bu romanın
mütləq real hadisələrə söykənməsini
düşünmək sənət anlayışını tam
qavramamaqdan irəli gəlir. Sənət xilas etmək
üçün var. Sizin gözlərinizi qırpmadan gözlədiyiniz
o reallıqdan xilas yoludur sənət. Obyektivliyimi pozub digər
"izm"lərdən daha çox absurdizmi bu missiyanın ən
fərqli və ən maraqlı missioneri seçmək istəyirəm,
ən azı bu yazılıq.
Bizə
doğma olan kədər, bizim olan xoşbəxtliklər
haqqında nə qədər dolğun
danışırıqsa, o qədər də təmiz yaza bilərik.
Hekayəni kənarda axtarmaq lazım olmur. Hər şey, hər
kəs, bütün obrazlar, hadisələr sistemi
yanınızdadır. Mütləq bu olanları bir qəlibə
yığıb, muncuqdan təsbeh düzəldən kimi səliqə
ilə işləmək şərtdir. Səliqəsiz və
monoton mətn oxucunu yorur. Eyni zamanda, sizin olmayan hekayəni də
oxucu duyur. İçinizdəki sünilik tez gözə
çarpır. Ənənəvi mətnlə sizin olmayan
avanqard üslub eyni dərəcədə yorucudur.
Yazının saf tərəfi
haqqında hamı başqa cür
danışacaq, çünki hamı başqa cür
yaşayıb. Bütün final səhnələrinin iki həlli,
bütün hadisələrin dörd yozumu olmağına baxmayaraq
məşhur "hər kəsin danışmağa öz
hekayəsi var" ifadəsi bütün zamanlarda aktualdır.
Bəs düşüncəli tərəflərdə nələr
var? Ümumiyyətlə, mətni qurmaq, onu qəlibə salmaq
vacibdirmi?
Son dövrlərin məşhur
ədəbi hadisələrindən biri
yeni cərəyanın - metamodernizmin ortaya çıxması
bizim cameədə də ciddi müzakirələr yaradacaq və
bəlkə də yaradıb. Yeni bir konstruksiya qurulur. Mətnin
düşüncəli tərəfini "yığmaq"
üçün çeşidlər hər gün
çoxalır. Məsələn, modernizm nə qədər
həyəcanlı, nə qədər çılğın
bir atmosfer yaratmışdısa, postmodernizm daha böyük
düşüncə ilə, daha yetkin baxışlarla
seçilirdi. Hisslərdən arınmış, daha rasional,
intellektual, real detalların üslubçuluğa
çevrildiyi mükəmməl əsərlər ədəbiyyatçıları
sevindirirdi. Bu böyüklüyün arxasında isə
açıq-aşkar uşaq ərköyünlüyü də
vardı. Yeni mətnlərin yaranmayacağını proqnoz verənlər,
hər şeyin yazılıb bitdiyini gülə-gülə,
təntənəli şəkildə bəyan edənlər
postmodernizmi ədəbiyyatın qələbəsi kimi qiymətləndirirdilər.
Zamanla bu ərköyün hisslər böyüdü və
xaos yaradacaq qədər əldətutulmaz oldu. İroniya,
şübhə, absurd yaradıcılıq, dekonstruktiv mətnlər
- bütün xüsusiyyətləri ilə özündən
öncəki dəyərlər sisteminə gülən,
onları qeyri-ciddi hesab edən postmodern düşüncə
zaman keçdikcə yaratdığı xaosun içində məhv
olmağa başladı. Sirkə öz qabını
çatlatdı. Ekonun Pelevin haqqında dediyi "gecikmiş
postmodernistlər" ifadəsi bu cərəyanın kompyuter
erasına keçə bilmədiyinin etirafı idi. Niyə
bunları vurğuladım? Çünki hər cərəyanın
aktual olduğu dövrlər həmin zamanın baxış bucağına
uyğun hərəkətdədir. Bu gün metamodernizm niyə
aktualdır? Çünki süni yaddaşın ixtirası
bütün informasiyaları olduğu kimi
xatırlamağımıza, təhrifə yol verməyəcəyimizə
və ən əsası xaotik prosesdən
uzaqlaşacağımıza səbəb olacaq. Postmodernizmin dəyərlərdən
tufan yaratdığı bir dönəmin sonunda metamodernizm o dəyərləri
yenidən yerbəyer etməyin bayraqdarıdır. Bu
yazının özü qədər qarışıq bir
durumdan xilas yolu metamodernist mətnlərdədir. Qayıdaq
öz mövzumuza.
Mətnin
düşüncəli tərəfi
saf tərəfin tələbi ilə
formalaşır. Məzmun - forma mütənasibliyinin ortaya
çıxardığı ən yaxşı nümunə
elə budur. Əgər sizin saf tərəfiniz modern deyilsə,
şablon və klassik bir əhvalatdırsa, ona avanqard bir
şey düşünüb mətnin real atmosferini
dağıda bilirik. Bunun alınıb-alınmaması
yazıçının ustalığıdır.
Nəyi
yazmaq sualının ən yaxşı cavabı isə istədiyin
mətni yazmaqdır.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.27