“Quran”dakı dəvə və iynə bənzətməsinin
müəmmaları
yaxud FÜZULİNİN GÖZLƏNİLMƏZ ALDANIŞI
Quranın Əraf surəsinin
40-cı ayəsində belə
bir cümləyə rast gəlirik:
"...dəvə
iynənin gözündən
keçməyənə qədər
onlar da Cənnətə
daxil ola bilməzlər".
Azərbaycan dilinə edilmiş
bütün tərcümələrdə
eyni mənanı və demək olar ki, eyni cümləni
görürük. Və
bu bizə qətiyyən təəccüblü,
yaxud qüsurlu da görsənmir.
Çünki azdan-çoxdan Füzuli
mütaliəsi olanlar
hətta ömrü boyu Quran oxumamış olsalar da, yaxud əksər qələm adamları kimi həyatın və ölümün ciddiyyətindən
xəbərsiz şəkildə
Qurana barmaqarası yanaşaraq sadəcə inkar etmək üçün oxusalar
da, nə vaxtsa Füzulinin "Oynar" rədifli qəzəlində
bu beytə rast gələrkən istər-istəməz Quranın
da o ayəsiylə tanış
olublar.
Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən,
gülər əhli-əzab,
oynar.
Bir çoxumuz bu beytin mənasını bilsək də, bilməyənlər üçün
qısaca qeyd edək:
"Bəir" ərəbcədə
"dəvə" mənasına
gəlir və Füzuli Əraf surəsinin 40-cı ayəsindəki
bənzətmədən istifadə
edərək öz poetik mübaliğələrindən
növbəti nümunəni
sərgiləyir. Yəni
deyir ki, qəmlərim
o qədər çoxdur,
dəvə onun altında qalsa, iynənin dəliyindən
keçəcək qədər
əzilər, nazilər
və beləcə kafirlər cəhənnəmdən
çıxaraq xilas olar, sevinərək şadyanalıq edərlər.
Bu beyti ilk dəfə oxuyarkən Füzulinin gözəl bənzətməsinə
heyrət etsəm də, indi məni
heyrətləndirən yeganə
şey ayəni doğru anlamaqda Füzulinin də bir çox tərcüməçilər kimi
səhvə yol verməyi, dəvə və iynə bənzətməsindəki uyğunsuzluğu
hiss edə bilməməyidir.
Oxucu marağını cəlb
etməkdən yana bu cür təkəbbürlü
və qələmindən
yekə danışdığını
düşündüyünüz müəllif, sizi daha artıq qıcıqlandırmasın deyə,
bəri başdan bunları demək məcburiyyətindəyəm ki, məqalə müəllifinin
haqsız olmadığını
görməniz üçün
acazıq səbr etməlisiniz və bilməlisiniz ki, bu gənc müəllif əgər həmin ayənin fərqli bir tərcüməsinə
rast gəlməsəydi,
heç özü də o bənzətmədəki
uyğunsuzluqdan duyuq düşməyəcəkdi. Lakin indi qınayıcı nəzərlərlə baxdığınız
gənc yazarı bir şeydə bağışlamaq olar
ki, Füzulidən fərqli
olaraq o, ərəb dili dərsində ümumən cahildir və bu dildən
sərapa bixəbərdir.
Elə təəccüb
doğuran məqam da odur ki, axı Füzuli ərəb dilini bilə-bilə bu səhvə yol verməməliydi...
Türkiyə və Azərbaycan
türkcələrindəki bir neçə tərcümə versiyasını
oxuduqdan sonra Quranın ingilis dilindəki tərcüməsinə
başlayıb Əraf
surəsinin 40-cı ayəsinə
çatanda həmin
"dəvə" sözünün
yoxa çıxdığını
görmək olur. Çünki milliyyətcə
yəhudi olub sonradan İslam dinini qəbul edən və Quranı olduqca gözəl və təsirli şəkildə ingilis dilinə çevirən;
o səbəbdən, hal-hazırda
bu sətirləri yazarkən də səmimi minnətdarlığımı
necəsə bildirmək
istədiyim Məhəmməd
Əsəd həmin ayədəki "dəvə"
sözünün uyğun
olmadığını hiss edərək o sözün
əvəzinə orijinaldakı
mənaya uyğun olaraq başqa bir söz işlədir.
Ayənin qeyd edilən tərcüməsi
bu şəkildədir:
"...they
shall not enter paradise any more than a twisted rope can pass through a
needle's eye".
Tərcüməçi "dəvə"
sözünün əvəzinə
"rope" sözünü işlədir ki, ana dilimizdə
bu sözün mənası "kəndir"
deməkdir.
Poeziyadan,
ədəbiyyatdan, uğurlu
bənzətmələrin, mübaliğələrin nə
olduğundan xəbərdar
olan hər bir kəs bu
"kəndir" sözünə
diqqətlə nəzər
yetirdikdə, yerinə
oturmayan bütün parçaların bir-biriylə
doğru şəkildə
birləşdiyini hiss edib
bənzətmənin həqiqiliyini
dərhal görə bilər.
Çünki müqəddəs kitabın
müəllifi olan Tanrı o ayədə həmin bənzətmədən
bir şeyin nə qədər çətin olduğunu izah etmək üçün istifadə
edir. Lakin bu məqamda "dəvə"nin
iynə dəliyindən
keçməsi, əslində,
o çətinliyi lazımınca
hiss etdirə bilmir, çünki dəvəylə
iynə arasında heç bir əlaqə yoxdur, dəvəni iynə dəliyindən keçirmək
kiminsə ağlına
gələn, yaxud kiməsə lazım olan bir şey
deyil, indiyəcən heç kəs hətta xəyalında da
belə bir şeyə cəhd etməyib, buna nə zamansa cəhd də edilməyəcək.
Yəni dəvəylə
iynənin heç bir əlaqəsi yoxdur və bu bənzətmə bir qədər absurd görsənir. Amma kəndir
deyilən şey sapın daha qalın bir şəklidir. Yəni kəndiri iynə dəliyindən keçirmək
aktı təsəvvür
ediləsi bir şeydir və bunu tam diqqətlə təsəvvüründə canlandıran
hər bir şəxs belə bir şeyin necə mümkünsüz
olduğunu dərindən
hiss edə bilər. Bəzən nazik bir sapı da iynədən keçirmək
çox çətin
olur, indisə düşünün ki, bir
əlinizdə qalın
bir kəndir, bir əlinizdə isə balaca bir iynə tutub
o kəndiri, həddən
artıq kiçik olan dəlikdən keçirməyə çalışırsınız.
Tərcüməçi Məhəmməd
Əsədöz Quran tərcüməsinin
292-ci səhifəsində həmin
kəlmənin izahına
eynən bu cümləylə başlayır:
"...As
for the word jamal occurring in this sentence, there
is hardly any doubt that its translation, in this context, as "camel"
is erroneous".
Tərcüməsi.
"Cümlədəki "cəməl"
sözünə gəldikdə
isə bu kontekst daxilində həmin sözün "dəvə" kimi tərcümə edilməsinin
yanlış olduğuna,
demək olar ki, heç bir şübhə yoxdur".
Bunun ardınca Məhəmməd
Əsəd yazır
ki, ayədə "dəvə"
şəklində tərcümə
edilən ərəbcədəki
"cəməl" sözü,
"cümməl" şəklində
də oxunur və bu "cümməl" sözü
də "kəndir",
"gəmi kəndiri",
"qalın ip" mənasına gəlir. Məhəmməd Əsədin
yazdığına görə,
bundan əlavə, Zəməxşəri və
Razi kimi məşhur müfəssirlər də
öz təfsirlərində
İbn-Abbasın həmin
ayəni məhz "cümməl" yazılışıyla
oxuduğunu qeyd etmişlər.Tərcüməçi,
eyni zamanda, misirli müfəssir Cevhərinin yazdıqlarına
istinadən bunu da qeyd edir: Bu sözün
bütün başqa dialektlərdəki yazılışları
olan "cüməl",
"cüml", "cümül"
və "cəməl"
(Qurandakı versiya) sözlərinin hamısı
"qalın kəndir"
mənasını verir.
Zəməxşərinin təfsirinə
əsasən, peyğəmbərin
əmisi oğlu olan və təfsir
qaynaqlarında da ən
çox istinad edilən səhabələrdən
biri İbn-Abbas hətta
bu ayə ilə bağlı fikir bildirərkən Allahın bu cür uyğunsuz metaforadan istifadə etməyinin mümkünsüz
olduğunu, dəvəylə
iynə arasında heç bir əlaqənin olmadığını
demişdir. (Muhammad Asad,
"The Message of the Quran". Səh. 292)
Məhəmməd Əsədin yazdıqlarıyla
kifayətlənməyib, digər
qaynaqlara nəzər saldıqda isə İbn-Kəsirin öz təfsirində bunu yazdığını görmək
olur:
"Əli b. Əbu Talha və Əl Üfi adlı alimlərin İbn-Abbasdan,
eləcə də Mücahid və İqrimənin yenə
İbn-Abbasdan rəvayət
etdiklərinə görə
İbn-Abbas ayədəki "əl-cəməl" kəlməsini
"qalın kəndir"
mənasına gələn
"əl-cümməl" şəklində oxumuşdur.
Səid b. Cübeyr də bu oxunuşu
seçmişdir." (İbn-i Kesir, Tefsirül
Kuranı-Azim (türkçə))
Montqomeri
Vatt "Dəvə və iynənin gözü" adlı kitabının 156-cı səhifəsində
qeyd edir ki, Səid b. Cübeyr həmin sözü "cüməl" şəklində
də oxumuşdur və bu söz
bir yerə toplanmış iplərin əmələ gətirdiyi
"kəndir" mənasını
verir.
Deməli,
ayədəki sözün,
əslində, "dəvə"
yox, "kəndir"
olması üçün
tərcüməçinin qarşısını kəsən
heç bir maneə yoxdur və sırf bənzətmənin daha tutarlı olmasından ötrü "kəndir"
sözü daha doğru seçim kimi görsənir.
Amma ortaya böyük və çox ciddi bir sual
çıxır:
Təkcə Türkiyə və
Azərbaycan türkcələrinə
yox, eləcə də ingilis və başqa dillərə tərcümələrdə
nəyə görə
tərcüməçilərin çoxu məhz "dəvə" sözünü
seçirlər?
Bəli,
bu seçim heç də səbəbsiz deyil.
Bu seçimin ən vacib səbəbi məhz odur ki, iynə və dəvə bənzətməsi
təkcə Quranda keçmir, Qurandan əvvəlki müqəddəs
kitab olan İncildə
də eynən bu dəvə və iynə bənzətməsinə rast
gəlirik.
"Təkrar edirəm, dəvənin iynə dəliyindən keçməsi,
varlı bir insanın Tanrının mülkünə daxil olmağından daha asandır. (Matta İncili
19;24)
İlk baxışda bu fakt Quranın o ayəsindəki sözün
də, əslində,
"kəndir" yox,
elə "dəvə"
olduğunu isbat edir və bütün
əks iddiaları susdurur.
Lakin elə ən maraqı məqam da məhz burda ortaya çıxır.
Çünki Bibliya ilə məşğul olan bir sıra əcnəbi
alimlər İncildəki
o sözün "dəvə"
yox, "kəndir"
olduğunu bildirmiş
və bu iddiaların kifayət qədər tutarlı əsaslardan qaynaqlandığını
göstərmişlər.
Bir neçə nümunəyə
baxaq:
Bu nümunələrin ən
qədimindən başlasaq,
İskəndəriyyəli Krillin (376-444) öz "Fraqmentlər"ində bu
məsələyə toxunub
İncildəki o kəlmənin
"dəvə" mənası
yox, qayıqları və gəmiləri bağlamaq üçün
istifadə edilən
"kəndir" mənası
verdiyini qeyd etdiyini görürük.
(Cyril of Alexandria, Fragment on Mt 19:24 (səh
72: 429)
Bu izahın tərəfdarı
olan alimlər həm də belə bir arqument
irəli sürürlər
ki, İsa peyğəmbərin öz təlimini yaydığı ərazilərdə
insanlar balıqçılıqla
məşğul olurdular,
qayıqlardan və gəmilərdən, eləcə
də onları bağlamaq üçün
kəndirlərdən istifadə
edirdilər və kəndir-iynə bənzətməsi
də o ərazilərin
sakinləri üçün
daha əyani, inandırıcı və
təsiredici ola bilərdi.
Qədim əlyazmalarda
da İsanın təsviri
bəzən məhz qayıqlarla birlikdə verilmişdir, nəinki dəvə.
İncilin ilk versiyasının yunanca yox, arami
dilində olduğunu iddia edən və İncili arami dilindən ingiliscəyə çevirib
1933-cü ildə çap
etdirən Corc Lamsa da öz tərcüməsində bu
sözü "kəndir"
kimi qeyd edir.
Əslində, ən təəccüblü
məqam da ondan ibarətdir ki, ərəb
dilində olduğu kimi "dəvə" və "kəndir" mənasını verən
sözlər həm arami, həm də yunan dillərində
bir-biriylə, demək
olar ki, eynilik təşkil edir. Stant Litore "Lives of
unforgetting" kitabında Bibliya
tərcüməsindəki səhvlərdən danışarkən
bu eyniliyi qeyd edərək bildirir ki, arami dilindəki "gamlo" sözü "dəvə",
"gamla" sözü
isə "kəndir"
mənasını verir,
eləcə də yunan dilindəki "kamilon" sözü
"dəvə" mənasını,
"kamelos" sözü
isə "kəndir"
mənasını verir.
Və ilk tərcümələrdə
də tərcüməçilər
bir hərflə bağlı mexaniki səhvə yol verdikləri üçün
bu yanlış beləliklə bütün
tərcümələrə keçmişdir. Bu xətanın
ən dəqiq səbəbi kimi isə arami dilində sözlərin sadəcə samitlərlə
yazılması faktı
qeyd edilir. Yəni "gamlo" şəklində tələffüz
edilən "dəvə"
sözü ilə
"gamla" şəklində
tələffüz edilən
"kəndir" sözləri
arami dilində sadəcə "gml" samitləri ilə yazılırmış. İsa peyğəmbərin danışdığı
arami dilindən yunan dilinə tərcümə zamanı
da məhz bu söz xətaya səbəb olmuşdur. Diqqət etsəniz, aramicədəki bu "gml" samitlərinin ərəbcədəki dəvə
sözünün "cml" samitlərinə bənzədiyini
də görmək olar.
Həm yunan, həm arami, həm də ərəb dillərində "kəndir"
və "dəvə"
sözlərinin eyni olması, yaxud bir-birinə bənzəməsinin
səbəbini izah edərkən isə Corc Lamsa bildirir
ki, keçmiş zamanlarda
qalın kəndirlər
dəvənin tükündən
hazırlanırdı və
çox ehtimal ki, yaratdıqları yeni əşyaya
da insanlar məhz o əşyanın mənşəyinə
uyğun ad verirmişlər.
X əsrdə yaşamış
arami dili üzrə leksikoqraf Mar Bahlulun fikirləri də İncildəki mübahisəli sözün
"kəndir" olması
istiqamətindədir.
"Kəndir" seçimini
təsdiq edən başqa bir məqama nəzər salaq.
Yuxarıda İncildən verilən
o cümləni kontekstdən
çıxarmadan mətnin
əvvəlini də oxusaq, görərik ki, bir nəfər varlı insan İsanın yanına gələrək ondan əbədi həyatı necə qazana biləcəyini soruşur.
İsa isə ona bildirir ki, hər şeyini satıb kasıblara paylamalıdır.
Adam bu cavabdan çox məyus olur, məhz bu vaxt İsa öz tələbələrinə
sarı dönərək
var-dövlətli insanların cənnətə
girməyinin çətin
olduğunu bildirir və məlum iynə bənzətməsindən
istifadə edir. İsanın dediyi cümlənin "kəndirin
iynə dəliyindən
keçməsi, varlı
bir insanın Tanrının mülkünə
daxil olmağından daha asandır" şəklində olduğunu
iddia edənlər bildirirlər ki:
Kəndir
bütöv şəkildə
heç vaxt iynə dəliyindən keçə bilməz, amma kəndirin onu yaradan iplərə,
daha sonra isə saplara bölünərək iynə
dəliyindən keçməsi
mümkündür. İncildəki
bu bənzətmə də məhz o məqamı vurğulayır
ki, zəngin insan öz var-dövlətini məhz o kəndir kimi qatbaqat soyunmalıdır,
kəndir saplara qədər kiçildikdən
sonra iynədən keçdiyi kimi zənginlər də yalnız bu şəkildə cənnətə
daxil ola bilərlər.
Dəvə bənzətməsi varlı
insanlar üçün
heç bir qurtuluş yolu qoymur, çünki dəvənin iynə dəliyindən keçməsi
ümumiyyətlə, mümkün
deyil. Bu isə bir qədər ədalətsiz görsənə
bilər. Yəni
İsa peyğəmbərin heç bir çıxış yolu qoymadan varlı insanlarla bağlı "dəvənin iynə dəliyindən keçməsi,
varlı bir insanın Tanrının mülkünə daxil olmağından daha asandır" deməyi, bütün varlılarla bağlı bu cür qeyri-adi hökmü səsləndirməsi
sual doğurur: varlı olmaq məgər günahdırmı?
"Kəndir" variantı
isə onu demək istəyir ki, varlı olanlar cənnətə getmək
üçün daha ciddi sınaqla üz-üzədirlər və
bunun üçün
daha böyük səy göstərməlidirlər.
Çünki onların
qarşısında öz
var-dövlətlərini kasıblarla
paylaşmaq borcu dayanıb.
Qısası, təhlillər və
uzun araşdırmalardan
sonra bu qənaətə gəlmək
mümkündür ki, İlahi
mətndə nəzərdə
tutulan söz, əslində, məhz
"kəndir" sözüdür.
Və bu kəndir bənzətməsinin dəvə
bənzətməsindən daha həqiqi, inandırıcı, tutarlı
və təsirli olduğunu ərəb dilini bilən Füzulinin hiss etməməyi
xeyli təəccüblü
görünür. Tədqiq
etdiyimiz qədəriylə,
Füzuli beytindəki
"bəir" sözünün
başqa mənaları
arasında "kəndir"
mənası yoxdur. Bu
ehtimal da mümkündür
ki, Füzuli, o beytdə
istifadə etdiyi gözəl bənzətməni
bu incə məqama görə heyif etmək istəməyib və dəvəni öz dərdləriylə yükləməyə
razı olub.
19-20 iyul, 2023
Təvəkkül BOYSUNAR
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.26-27.