Emin Alpər: "Sadəcə, yaxşı
filmlər çəkmək istəyirəm"
Türkiyəli rejissor, ssenarist,
prodüser, eyni zamanda İstanbul Texniki Universitetində akademik olaraq çalışan Emin Alpər 13 avqust 1974-cü ildə Qaraman vilayətinin Ermenek mahalında doğulub. Ankara Elm Liseyini
bitirdikdən sonra Boğaziçi Universitetinin
inşaat mühəndisliyi
fakültəsinə daxil
olub, lakin özünü xoşbəxt
hiss etmədiyi bölümünü
iki ildən sonra yenidən imtahan verərək həmin Universitetin iqtisadiyyat fakültəsinə
dəyişib. Boğaziçi
Universitetində iqtisadiyyat
və tarix üzrə oxuyub, ardınca Müasir Türk Tarixi üzrə doktorluq dərəcəsi alıb.
18 yaşında baxdığı
dünya şöhrətli
rejissor E.Kusturiçanın
"Qaraçılar zamanı"
filmindən çox təsirlənib və bu təsir onun
sonrakı həyat və fəaliyyətinə
böyük təsir göstərib. Universitet vaxtı özünü sınamaq üçün
müxtəlif ssenarilər
yazan E.Alpər
həmin illərdə
universitetin kino klubuna
da üzv olub. Vaxtının çoxunu
kino sənayesində işləyən
dostları ilə keçirib. Bu müddətdə
ssenarilər, resenziyalar
yazıb, daim qeydlər aparıb. Bu müddətdə o, dostları
ilə birlikdə
"Görüntü" adlı jurnalını nəşr etdirib. Birlikdə müxtəlif tədbirlər keçirib,
filmləri müzakirə
ediblər, dövrün
parlaq rejissorlarını
(Nuri Bilgə Ceylan, Zəki Dəmirkubuz) çıxış etmək
üçün tədbirlərinə
dəvət ediblər.
Nəhayət, TRT-nin
"Gənc Kinematoqraflar"
proqramı sayəsində
"Məktub" (2005) adlı
ilk qısa filmi çəkilib.
Ardınca "Rıfat"
(2006) adlı ikinci qısametrajlı filmi ekranlara
çıxıb. Daha
sonra ssenarisi və montajını uzun müddətdir planladığı ilk bədii
filmi "Təpənin arxasında"nı
(2012) çəkərək geniş tamaşaçı
kütləsinə özünü
tanıdıb. Bu film Karlovı
Varı Beynəlxalq Film
Festivalının "Yeni İstedad
Müsabiqəsi"ndə əsas mükafat başda olmaqla, elə çəkildiyi il
yerli və beynəlxalq mükafatlar daxil 16 mükafat qazanıb.
Bir neçə il sonra çəkdiyi ikinci filmi
"Blokada"nın (2015) premyerası 72-ci Venesiya
Film Festivalında olub.
Həmin festivalda əsas müsabiqə mükafatlarından biri olan Münsiflər Heyətinin Xüsusi Mükafatını qazanıb.
Rejissor bu filmə görə Türkiyədə Sinema Yazarlar
Dərnəyi (SİYAD) tərəfindən
"Ən yaxşı
rejissor" mükafatına
layiq görülüb.
Rejissorun
üçüncü uzun
metrajlı bədii
filmi olan "Bacılar"ın
premyerası 69-cu Berlin Beynəlxalq
Film Festivalının "Əsas
müsabiqə" bölməsində
olub. Film Sinema Yazarlar Dərnəyindən (SİYAD) 10 kateqoriya üzrə 11 nominasiyada mükafat qazanıb.
Sonuncu
filmi olan "Quraqlıq
günlər"in (2022) dünya
premyerası 75-ci Kann
Film festivalında, Türkiyə
premyerası isə
59-cu Antalya "Qızıl Portağal" Film Festivalında
baş tutub. Film
Antalya "Qızıl Portağal"
Film Festivalında "Ən
yaxşı rejissor"
daxil olmaqla 9 mükafat qazanıb.
Rejissorun "Hacettəpə Universiteti
İctimai Əlaqələr
Fakültəsi Mədəniyyət
Araşdırmaları" jurnalında yayımlanan müsahibəsini təqdim
edirik.
- Dünya kinosunda, ya da Türkiyə kinosunda izlədiyiniz, təsirləndiyiniz rejissorlar
var?
- Türkiyədə bütün
məndən öncəki
nəsil rejissorların
filmlərini izləyirəm.
Bizim nəslin də filmlərini izləyirəm, təbii
ki. Dünya kinosunun bütün mühüm rejissorlarını izləməyə
çalışıram. Açığı,
sadalayacağım adlar
çox da təəccüblü
deyil. Hanekedən Ulrix Zaydla, Andrey Zvyaginsevdən Fərhadiyə
dünya kinosunun məşhurlarının işlərini
maraqla gözləyirəm
və ilk fürsətdə
izləyirəm. Söhbət
təsir etməyə
gələndə isə
rejissorlardan çox, ayrı-ayrı filmlər gəlir ağlıma. Rejissor olaraq tərəddüd etmədən
deyəcəyim ad, şübhəsiz
ki, Hanekedir. Amma yenə
də təsirlənmədən
söhbət gedirsə,
həmişə düşünürəm
ki, mən kinodan daha çox ədəbiyyatdan təsirlənirəm.
Xüsusilə, rus ədəbiyyatının bütün
dahilərindən, Cozef
Konrad, Uilyam Folkner və başqa yazarlardan.
- Üçüncü kino və
ya inqilabi kino kimi müəyyən siyasi xətti qəbul etmiş hərəkatlar haqqında
nə düşünürsünüz?
Öz filmlərinizlə
bu filmlər arasında, xüsusən sistemi tənqidi baxımından hər hansı paralellik / yaxınlıq görürsünüz?
- Açığı, bunlar
mənim xüsusi maraq göstərdiyim mövzular deyil. Qarşıma belə missiyalar qoymaq çox çətin gəlir. Bu çox ağır yükdür. Növbəti filmimin siyasi və ya inqilabi olmayan
romantik film olması ehtimalını əngəlləmək
istəmirəm. Sadəcə,
yaxşı filmlər
çəkmək istəyirəm.
Yaxşı film onsuz
da tənqidi, sorğulayıcı
və bəzən narahatedici filmlərdir. Bunlardan başqa, mənim daha iddialı kino məqsədim
və ya manifest kino mövqeyini inkişaf etdirmək niyyətim yoxdur.
Yaşadığımız dövrün
buna çox uyğun olduğunu düşünmürəm.
Biz elə bir dövrdə yaşayırıq
ki, düşünürəm ki, siyasi baxımdan çox iddialı çıxışlar anaxronizm
olar. Özümü heç vaxt bu sahə ilə
məhdudlaşdırmasam da, təbii ki, siyasi kino ənənəsindən təsirlənirəm.
Kosta-Qavras, Cillo Pontekorvo, Fernando Solanas kimi rejissorların şah əsərlərindən
çox şey öyrəndiyimi bilirəm.
- Filmlərinizdə Türkiyənin
ictimai-siyasi həyatının
izlərini tapa bilərik.
Türkiyənin keçmiş
və yeni tarixi filmlərinizi çəkərkən
sizin üçün
nə dərəcədə
önəmli olur?
- Əlbəttə ki, önəmlidir.
Əvvəla, bu, həlledici əhəmiyyət
kəsb edir, çünki yaxın tarix mənim təxəyyülümdə iz
buraxıb və demək olar ki, bütün xəyallar aləmimi müəyyənləşdirib.
Mən bir hekayə danışmağa
başlayanda ictimai-siyasi
həyatımızın travmaları,
bəlaları bu hekayələrdə kortəbii
şəkildə üzə
çıxır. Bəzən
çox incidən bir məsələ məni yeni hekayə qaralamasını beynimdə
başlatmağa sövq
edir. Amma çox vaxt mənim istədiyim birbaşa siyasi və ya sosial hekayə
anlatmaq deyil, hekayə özü inkişaf etdikcə, personajların xarakterləri,
həyatı yazılıb
doldurulduqca yaxın keçmişin və siyasətin kölgələri
öz-özünə gəlib
hekayənin üzərinə
düşür. Tamamilə
qeyri-siyasi mövzu məndən asılı olmayan səbəblərdən
siyasi çalar alır, sadəcə ailə münasibətləri
metaforik kimliyə bürünür. Bunlar ilkin mərhələdəki
niyyətlərlə deyil,
yazı prosesi zamanı formalaşır.
- Filmlərinizdə sosial problemlərin həlli yollarını təklif etməkdən konkret olaraq bilərəkdən qaçdığınızı deyə bilərik? Sizcə, siyasi kino sosial problemlərə həll yolları təklif etməlidirmi?
- Bundan qaçdığımı
dəqiq deyə bilərik. Nə siyasi, nə də qeyri-siyasi kino həll yolu təklif etməməlidir.
Həll təklif edən sənət əsərinin didaktiklikdən
xilas olmaq şansı yoxdur. Didaktizm də sənəti öldürür.
Təkcə sənəti
deyil, bütün dərin intellektual layihələri öldürür,
məncə. Rejissor /
yaradıcı müəyyən
personajları daha perspektivli xüsusiyyətlərlə
təchiz edə bilər, amma bu qədər. Həll yolları təklif etməkdən qaçmağa, Tolstoyun
"Dirilmə" və
müxtəlif həll
yolları təklif etdiyi səthi əsərləri ilə həyatı bütün amansızlıqları, mürəkkəbliyi
ilə göstərdiyi
möhtəşəm əsərlərini
müqayisə etmək
kifayətdir, məncə.
- 1990-cı
illərdən sonra Türkiyədə realist üsluba
sahib minimalist filmlər geniş
yayıldı. "Təpənin
arxasında" filminin
"Blokada"ya görə
o cür filmlərlə
daha çox ortaq cəhətləri
var. "Blokada" filmində
kinematoqrafik baxımdan
fərqli bir yol izlədiyinizi deyə bilərik?
- Bəli, "Blokada"nın
estetik dili tamam başqa idi və mənimçün
də çox həyəcanlı idi. Üslub baxımından rejissorların müəyyən
dəsti-xəttinin olması
təbiidir. Amma hekayənin
tələb etdiyi dil də var. Bu filmin dilini həmişə
ekspressionist dil hesab etmişəm. Alman ekspressionist filmləri və film nuarlar (nuar - "qara film" - tərc.) bəsləndiyim
qaynaqlardır.
- Filmlərinizdə vestern,
qara film kimi bütün dünyada istifadə edilən janrlardan istifadə etsəniz də, klassik qəliblərin xaricinə çıxdığınızı
görürük. Ümumi
kodlardan istifadə etmək şüurlu seçiminizdir?
- Mənim janr kinosuna qarşı heç bir iradım yoxdur. Hətta deyə bilərəm ki, yaxşı
janrlı filmlər məni art-haus filmlərdən daha çox həyəcanlandırır.
Ümumi kodlardan istifadəm "Təpənin
arxasında" filmimdə
çox kortəbii şəkildə baş verdi. Filmin vestern
janrı ilə "qohumluğunu" anlayandan
sonra çəkiliş
zamanı vestern ikonoqrafiyasından istifadə
etməyə üstünlük
verdim. "Blokada"da
isə artıq ssenari mərhələsində
qara film detalları əlavə etməyə başlamışdım. Filmin
üslub dilini inkişaf etdirərkən
bu janrdan şüurlu şəkildə
istifadə etdik. Düşünürəm ki, bu
filmləri, son olaraq,
art-haus kateqoriyasına
daxil olan filmləri klassik üslub ilə əlaqələndirib çəkmək
filmə həm estetik, həm də semiotik qatlar qatır. Nəzərə alsaq ki, həm vestern, həm qara filmlər
obrazlar və simvollarla doludur, bu baxımdan mənim hər iki filmimdə bunların izlərini görmək mümkündür.
- Filmlərinizdə daha çox xor görmə, kasıblıq,
məhrumiyyətlər mövzusuna
diqqət edirsiniz. Filmlərinizin əsas mövzusunu mikro və makro səviyyədə
marjinallaşma məsələsi
təşkil edir?
- Xor görmə, özündən biri hesab etməmə, təcrid etmə vacib mövzulardır, bəli. Karl Şmittin təbirincə desəm,
"dost / düşmən" fərqi hər iki filmin ümumi
mövzusudur. "Təpənin
arxasında" dost və
düşmən arasında
fərqin tədricən
necə formalaşması
haqqında filmdir.
"Blokada"da isə
bu fərq artıq formalaşmış
vəziyyətdəydi. Burada
"düşmən"ə qarşı mübarizə
aparan iki qardaşın hekayəsini
görürük. Amma nə
olursa olur və iki qardaş
birdən-birə kimin
dost, kimin düşmən
olduğunu anlamamağa
başlayırlar. Sonra aləm
qarışır və
Qədir qardaşını
istəmədən (ya
da bəlkə, gizlincə
istəyərək) "düşmən"
sırasına atır.
Düşünürəm ki, məni daha çox müasir dünyaya və siyasətə damğasını
vuran bu fərqin dağıdıcı
potensialı maraqlandırır.
- Həm "Təpənin arxasında", həm də "Blokada" zorakılıq və mülkiyyət məsələləri
ətrafında yaşananlardan
bəhs edir. "Blokada"da hakim gücün
təzyiqinə məruz
qalan iki qardaşı önə çıxarır. "Təpənin
arxasında" mövzu
öz mülklərini
qorumaq istəyən kişilərdən ibarət
icmadır. Güc, militarizm və kişilik arasındakı
münasibətləri problemləşdirdiyinizi
deyə bilərik?
- Bəli, dəqiq belədir. Hər iki filmdə güc çox həlledicidir. "Təpənin
arxasında" gücü
təmsil edən baba
dost-düşmən fərqinin
sərhədlərini bütün qrup üçün müəyyən
edir. Karl Şmitt iddia edirdi ki, bu fərqi uğurla
həyata keçirən
qurum dövlətdir.
Baba bir tərəfdən
ümumi düşməni
göstərdiyi halda,
digər tərəfdən
bütün ailə üzvlərinin kişiliyini
test edir və onlara daha da kişiləşmələri üçün
yol göstərir.
"Blokada"da personajların
güc qarşısında
tutduqları mövqelər
az qala onların
taleyini formalaşdırır.
İki qardaşın
çılğınlaşma və paranoyaklaşmasında
güclə üz-üzə
gəldiyi səhnələr
dönüş nöqtələrini
təşkil edir. Əhmədə qarşı
bələdiyyə məmurunun
saxta ittihamlar irəli sürməsi və Qədirə polis işçiləri tərəfindən
maddi dəlil gətirməsi üçün
təzyiq edilməsi hər ikisinin də paranoyaklaşma prosesini tətikləyir.
- Filmlərinizdə kişi
subyektivliyinə və
təcrübələrinə əsaslandığınızı tez-tez görürük.
Bu vəziyyətin qadın
təmsilçiliyi baxımından
məhdudiyyət yaratdığını
düşünə bilərik?
- Təbii ki, düşünə
bilərsiniz. Hər iki filmim də
kişilər və kişi icmaları haqqındadır. Bu filmlərdə
qadınları ancaq kişi gözü ilə görür, bu prizmadan kişiliyə
dair tənqidi açıqlamalar vermişik.
Bir sözlə, qadınların
təmsil olunmasını
filmdə müzakirə
etdiyimiz və tənqid etdiyimiz kişi kimlikləri öz üzərinə götürüb. Bu filmlər
qadın kimliklərin
birbaşa təmsili iddiasını lap əvvəldən
öz üzərinə
götürməyib.
Emin
Alpər
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.29.