XX yüzilin
ədəbi genezisi, inkişaf
meyilləri və mərhələlərinə
yeni baxış
Elmi araşdırma
Tarix mövcud olanı
- təbiət və cəmiyyətin həqiqi görüşünü, həqiqi mahiyyətini tədqiq edərək obyektiv münasibəti
- təqdir,
yaxud tənqid edir. Əslində gerçəklik
tarix yaradanlar tarixi yazanlar tərəfindən zaman-zaman müəyyən
dövrlərin sosial-iqtisadi
münasibətləri, siyasi,
ideoloji və məfkurəvi, sosioloji tələblərinə uyğunlaşdırılmış
ifadəsindən ibarətdir.
Müasir dövrün
tarixşünaslığı da bu faktla barışmaqdadır.
Sosialist ideologiyası,
sovetlərin siyasi və sosial diktəsinin XX əsr Azərbaycanını, onun
milli istiqlal hərəkatını,
Cümhuriyyət dəyərlərini,
lap elə tarixi milli kimlik şüurunu necə saxtalaşdırması
artıq hər birimizə gün kimi aydındır. Həmin təsisatların
saxta, zorakı təsiri tarixi yazanların da sosial həyatında görünüb,
mədhiyyəçiliyin yeni forma və üsulları yaranıb. Ədəbiyyatımızı
yaradan və onu tarixləşdirənlər
də belə bir aksioma ilə
çox üzləşiblər.
Sosialist realizm metodologiyasının tələbləri
bu sahənin adamlarını da məddaha,
yaxud repressiyalara məruz qoydu. Bütün bunlar müstəqillik qazandıqdan
sonra yeni araşdırmalarda
yeni rakursda təhlilə
cəlb olundu, yüzlərlə tarixi, ədəbi əsərlər
yazıldı, dərsliklər
təzələndi. Hətta
o dərəcədə təzələndi
ki, həmin təzələrin
yenidən yazılması
tövsiyə olundu. Özünə güvənc
və cəsarətdən
qeyrət libası geyənlər saxta yox, həqiqi tarix yazmağa rəvac verdilər. Ədəbiyyat tarixini yaradan və yazanlar da hərəkətə
gəldi; bu düşüncədən doğulan
iki tədqiqatçının
adını vurğulamaq
istəyirəm: akademik
İsa Həbibbəyli və
professor Bədirxan Əhmədli.
İsa Həbibbəyli ədəbiyyat
tariximizin dövrlər
üzrə konsepsiyasını
hazırladı, Bədirxan
Əhmədli isə
"XX yüzil Azərbaycan
ədəbiyyatı; mərhələlər,
istiqamətlər, problemlər)"
monoqrafiyasını və
üç cilddə
"XX əsr Azərbaycan
ədəbiyyatı tarixi"
dərslik-monoqrafiyalarını yazdı. Bu qeydlərimiz də adı çəkilən monoqrafiyasına
giriş kimi düşünülmüşdür. Müəllif XX əsr ədəbiyyatımızın mənzərəsi fonunda
yeni problemlər qoyur və onun həllinə
çalışır; ədəbiyyatın
sosial məzmunu, yeni yaradıcılıq konsepsiyaları,
metodoloji yanaşmalar,
yeni forma və janr axtarışları, ədəbi
proses üçün qeyri
məqbul hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif "izm"lərin
təşəkkülü və s. problemlər dövrün ədəbi genezisini dərk etmək üçün açar rolunu oynayır. Bu məsələlərin
məzmun arenası bir yana, elə
başlıqların özü
dövrün, zamanın
siyasi, ideoloji, sosioloji təsisatlarının
möhürünü çiyinlərində
daşımaqdadır. B.Əhmədli tarixə
xidmət və sədaqətini məhz həmin təsisatları mərhələ, istiqamət
və problemlər kontekstində təhlil edir. Tədqiqatçı
ədəbi hadisə
və prosesin məzmunu, təşəkkülü
və şərhini tarix üçün açaraq böyük zəhmət hesabına, elmi təfəkkürün
dərininə və eninə enir, hüdudlarının miqyasını
bəlirləyir və
bunun öhdəsindən
şərəflə gəlir.
Ədəbiyyatın inkişaf
mərhələsini araşdırarkən
belə bir qənaətə gəlir
ki: "Ötən yüzilliyin
adı çəkilən
ilk mərhələsi milli müstəqillik uğrunda
ictimai, ədəbi mübarizəni şərtləndirirsə,
ikinci mərhələsi
fərqli yalançı
müstəqilliyin imitasiyası
fonunda baş verir. Bugünkü ədəbiyyatşünaslıqda da ədəbi nümunələr
içərisində ən
çox tənqidə
məruz qalan da məhz bu dövrün
ədəbi məhsulları
olur". Təbii, burada söhbət sosializm donuna bürünmüş ədəbiyyatdan
gedir, o ədəbiyyat
ki, sosialist realizminin ədəbi tənqidində
öz dəyərini almaq məcburiyyətində
idi. Müəllifin yüzilliyin ədəbi nümunələrini mərhələlər
üzrə araşdırması
məhz həmin dəyərdən yaxa qurtarmaq üçün ayrı-ayrı şərhini
işləməklə məqsədli
olaraq düşünülüb.
Və məhz akademik İsa Həbibbəyli
haqlı olaraq müəllifin bu bölgüsünü qanunauyğun,
düzgün yön, seçim kimi qiymətləndirir. Qeyd edək ki, monoqrafiyanın
doğuluşunu müəllif
dövrə yeni yanaşma
metodu ilə çəpərləmir, həm
də dövrün ədəbi prosesini və "həmin mərhələdə yaranmış,
indiyədək tədqiqata
cəlb edilməyən
əsərlərin, tədqiqatların
fundamental səciyyələndirilməsi"ni
elan edib tədqiqata cəlb etməsiylə də çəpərləri
dağıdır, gerçək
ədəbi prosesin mərhələlərini obyektivlik
taxtında əyləşdirir.
Bu isə siyasi müstəqilliyimizin yeni iqtisadi
inkişaf kursunun davamlılığı dövründə
ədəbi-bədii düşüncənin
inkişaf problemlərinin
yenidən işlənməsini
zərurətə çevirir.
Monoqrafiya
"Azərbaycan ədəbiyyatının
milli hərəkat dövrü,
"Cümhuriyyət ədəbiyyatı;
milli istiqlal ideyalarının
təşəkkülü", "Postcümhuriyyət ədəbi
prosesi və onun xarakteri", "Siyasi-ictimai repressiyalar dövrü ədəbi prosesi və onun xarakteri", "Sosializmin təşəkkülü
və yeni meyllərin
təzahürü", "Altmışıncı illər
ədəbi prosesi və onun genezisi"
başlıqlarını əhatə
edir. Fəsillər ayrı-ayrı bölmədə
işlənməklə bütövlüklərini
bərpa edərək
mərhələləri, istiqamətləri
və problemləri öz bətnlərinə
ustalıqla hopdurmuşdur.
Monoqrafiya üçün
əsas daşıyıcı
amilə çevrilən
cəhət konkret ədəbi-bədii nümunələrin
yürüdülən düşüncələrin
təsdiqinə xidmət
missiyasından ibarətdir.
Cəsarətlə deyə
bilərik ki, həmin
missiya dəqiqliklə,
professional ustalıqla, fundamental elmi təfəkkürə
söykənməklə yerinə
yetirilir. Araşdırma
boyu bu missiya
səni özünə
həmsöhbət kimi
qəbul edir, başqa cür desək, düşünən,
düşündürən canlı orqanizm təsiri bağışlamaqla
oxunaqlıq gücünü
artırır. Bəs
bu cür missiyaçılığa dəyər
verən müəllif
şərhləri, analitik
təhlilləri və
onların fərdi üslubi cəhətləri?
B.Əhmədlinin elmi təfəkküründən
süzülüb gələn
düşüncələr də ədəbi-bədii
və elmi nümunələr kimi çəkilidir. Bax, bu iki cəhət
vəhdətdə monoqrafiyaya
klassik mükəmməllik,
fundamentallıq bəxş
edir. Budur o, milli hərəkatın mənbə
və qaynaqlarını
sərgiləyərkən nə
az, nə çox 24 ədəbi şəxsiyyətin, dövlət
və ictimai xadimin adlarını sıralayır və qeyd edir ki, Azərbaycan
xalqı tarixin heç bir zaman kəsiyində bu mərhələdə olduğu
qədər fikir və milli hərəkat adamlarına, ziyalılara şair və yazıçılara, publisistlərə
malik olmamışdı. Və
mənbə və qaynaq kimi ilkin
olaraq M.F.Axundzadəyə,
H.Zərdabinin "Əkinçi"sinə
daha çox istinad edir. Nəticə
isə belədir:
"M.F.Axundzadə
milli kulturoloji oyanışın
əsasını qoymaqla
problemi ədəbi, ictimai, siyasi fikir arenasına daxil edir, maarifçi
və realist düçüncədən
çıxış edərək
avropasayağı formalardan
istifadə etməklə
milli mədəniyyətin təşəkkülünü
Qərb mədəniyyəti
ilə qovuşuğunu
təmin edir". Burada gözümüz önünə F.Qasımzadə,
M.C.Paşayev və F.Hüseynovun ötən əsrdə yazılmış
ali məktəb dərslikləri və digərlərinin öndə
Y.Qarayev olmaqla, onlarla nəşr olunmuş monoqrafiyaları
gəlir. Vaxtilə bizlər bu ədəbi-elmi şəxsiyyətləri
özümüzə ustad
bilmişik, onların
mühazirələrini dinləmişik.
Məmməd Məmmədovu,
Xeyrulla Məmmədovu
XX yüzilin canlı ensiklopediyaları kimi qəbul etmişik. Hələ M.Cəfər
müəllim... Buradan
yola çıxaraq, deyə bilərəm ki, B.Əhmədlinin araşdırmalarından
onların hər birinin elmi qənaətlərinin
iyi gəlir və unutmayaq, o, monoqrafiyanı ərsəyə
gətirmək üçün
550-dən artıq ədəbiyyata
mənbə kimi yanaşıb. Təkcə
M.F.Axundzadəyə istinad etdiyi fikir öz təzəliyi
və mükəmməlliyi
ilə bənzərsizliyini
gerçəkləşdirib. Monoqrafiyaya bir də bu cəhətdən
dəyər vermək
lazımdır. Budur,
milli hərəkat dövrünün
proyeksiyasını belə
cızır: "Lakin milli hərəkatın bu qədər qısa zaman kəsiyində formalaşması
və Cümhuriyyətin
yaranması ilə başa çatması heç də milli hərəkat və milli kimlik ideyalarının da bu zamandan doğulması
anlamına gəlməməlidir.
Belə ki, başlanğıcını
XIX yüzildən götürərək
bir mərhələ kimi, əlli ildən çox gizli şəkildə yol gələn milli ideya məhz XX yüzilin əvvəllərində
reallaşır. A.Bakıxanov, M.F.Axundzadə
və H.Zərdabinin davam və inkişaf etdirdiyi milli ideya daha çox ədəbi, bir qədərsə publisistik,
siyasi müstəvidə,
lakin başa düşüldüyü qədər
açıq şəkildə
olmadan uzun bir yol keçib
gəlmişdir".
Bu yolun karvanını çəkib aparan sarvanlardan bizə öncədən məlum
olanlardan başqa Əli bəy Hüseynzadə, Əhnəd
bəy Ağaoğlu,
Məmməd Əmin Rəsulzadə, Ömər
Faiq Nemanzadə,
Abdulla Sur, Haşim bəy
Vəzirov, Əhməd
Cavad və başqalarının irsinə
müraciətin nəticəsidir
ki, otuz illik epoxa təkcə ədəbi düşüncənin
deyil, "ictimai-siyasi
təfəkkürün, bütövlükdə
milli şüurun və
dövlətçilik fəlsəfəsinin
formalaşması, yaranması
kimi yadda qalır".
Fərdi düşüncənin
məhsulu kimi bu son qənaət ilk dəfədir ki, elmdə özünə yer qazanıb, müəllifinə
uğur gətirib. Əslində monoqrafiya boyunca bu cür
tezislərə tez-tez
rast gəlinir. Və bu da onun
yeni məzmunlu tədqiqat
əsəri olduğunu
bəyan edir, ədəbiyyatşünaslıq elminin tərəqqisinə
ünvanlanır. "Mətbuat
və publisistikanın
təşəkkülü" bölməsində 80-ə yaxın
Azərbaycan və rus dillərində fəaliyyət göstərən
qəzet və jurnalların istiqamətləri,
həyat yolu müəyyənləşdirilir. Əks qütblərdə
dayanan mətbuat orqanlarının məslək
birliyi və ayrılıqları, eləcə
də senzura nəzarəti şəraitində
dövrün ədəbi-milli
aydınlarının fəaliyyəti
ön plana çəkilir.
Həmin aydınlar arasında kimlər yoxdur... Bizə məlum olan və olmayanlar. "Əks qütblər",
"məslək ayrılıqları"
ifadələri bizə
sovet ədəbiyyatşünaslığının
sırıdığı varlıqlardır.
Bu "qarşıdurmalar"ı müəllif həqiqi mənada qəbul etsə də, bir çoxunun ayrı-ayrı yazarların
şəxsi fakt qarşısında qoyur. Bununla belə etiraf edir ki, həmin münaqişələrin
ümumiləşdirilib nəticəyə
gəlməsinə ehtiyac
var. "Molla Nəsrəddin"in
fəaliyyətinə daha
çox diqqət ayıran müəllif özündən sonra satirik ədəbi məktəb yaradan jurnala belə qiymət verir: "C.Məmmədquluzadə elə bir satirik
zirvəni (şeirdə,
dramaturgiyada, nəsrdə
və publisistikada) fəth etdi ki, "sələflərinin heç
birinin əli o zirvəyə çatmadı".
Məhz bu fonda "Füyuzat" və onun konsepsiyası,
proletar mətbuatında
ictimai fikrin formalaşması, eləcə
də satirik mətbuat və milli özünü dərk problemləri fakt və nümunələr əsasında şərh
olunur və yekun nəticələr qara şriflərlə təqdim edilir.
Mövcud
tədqiqatlardan məlum
idi ki, ədəbiyyatımızın
romantizm mərhələsi
iki konseptual mövqedən-mütərəqqi və mürtəce anlayışlarla şərh
olunub. Zaman keçdikcə
romantiklərin məslək
və əqidələrində
bərabərləşməyə meyl uyarlığı və maarifçilik zəminində azadlıq və müstəqillik carçılığı birliyi,
onların qəhrəmanlarının
işıqlı gələnəkçilik
ümidləri, ideal həqiqət
axtarışları üzə
çıxarıldıqca bu mövqe tarixin
arxivinə çəkildi.
B.Əhmədli romantizmin mərhələsi
və onun ədəbi-estetik prinsiplərini
müəyyənləşdirərəkən
romantizmin mütərəqqi
və mürtəce nümayəndələrini xatırladaraq,
bu sahədə tədqiqatlar aparmış
Məmməd Cəfər,
Məsud Əlioğlu,
Yaşar Qarayev, Vəli Osmanlı, Kamran Əliyev, İsa Həbibbəylinin
elmi düşüncələrindən
fikrinə söykək
kimi istifadə etmişdir. Azərbaycan romantizminindəki milliliyi dünya romantizmindəki mədəniyyət tipindən
ayırmağın yalnız
milli hadisə kimi şərh etməyin doğru olmadığını
əsaslandırır. Onun
fikrincə, Qərb romantiklərinin yaradıcılığında
ağılın təntənəsi
və azad cəmiyyət ideyası əsas yer tuturdusa,
milli romantiklərin yaradıcılığında
maarifçilik ideyalarına
üstünlük verilirdi.
Klassik Azərbaycan və Şərq ədəbi fikrilə Avropa ədəbiyyatı və rus romantizmilə
bağlılıqda təsnif
olunması düzgün
olsa da, onu özünəməxsusluqdan qətiyyən
ayıra bilməz. Tədqiqatını bunu nəzərə alaraq dərinləşdirən müəllif
bu nöqteyi-nəzərdən
fikrini israrlı olaraq elan edir: "Milli şüur, ictimai və milli azadlıqlar, türkçülük, dil,
vətəndaşlıq kimi
problemlər romantizmin
əsas qayəsini təşkil edir. Bir sözlə romantizmin Azərbaycan intibahının
bir tərkib hissəsi olaraq meydana çıxdığı
qətiyyətlə söyləyə
bilərik". Dünyəvilik
baxışlarından güc
alan, eyni zamanda, həm də turançılıq,
müasirlik ideyaları,
mədəniyyətlərin sintezi problemlərin
bətnində oturaqlaşdığı
aydın olur. Azərbaycan romantizminin ədəbi, estetik prinsiplərini onun poetikası fonunda açıqlayan müəllif
bu poetikanın bətnində folklor poetikası və süjetləri, gözəlliyə
münasibət, insanın
daxilindəki real və
irreal aləmin təsviri,
azadlıq və mübarizə, eləcə
də ilblislik, platokin məhəbbət,
vətən məhəbbəti,
Şərq-Qərb qarşıdurması
və s. komponentlərin
olduğunu qeyd edir. Onun romantiklərin
düşüncələrindən, bədii əsərlərindən
kifayət qədər
nümunələr gətirməsi
yetərincə əsaslıdır
və yeganə dəqiq tədqiqat yönüdür. Və əlavə olaraq bildirir ki, bu poetizmin çeşidli üslubu və yarı ədaları fərqliliyi nəzər alınmalı və bu romantizmin nümayəndələrinin ədəbi
prosesdəki mövqeyini
bərabərləşdirmək doğru olmazdı.
Bədirxan Əhmədlinin araşdırmalarında
tənqidi realizmin genezisi və inkişaf meylləri, maarifçilik hərəkatı
və maarifçi
realist ədəbiyyat məsələlərinə müasir
baxış bucağından
münasibət göstərilmiş,
məlum fikirlər daha da dolğunlaşdırılaraq
dərinləşdirilir. Onun
düçüncələri özünə qədərki
tədqiqatların aparıcı
istiqamətləri üzərində
dayanaraq fundamentallıq
qazanır, bütöv
bir ədəbi epoxanın ictimai-siyasi və sosial problemlərinin maarifçilik
zəminində tənqidi
realizmin genezis və inkişaf mərhələlərini, maarifçilik
hərəkatını milli və dünya ədəbi müstəvisində
təhlil edir. Tədqiqatçı problemlərin
inkişaf meyllərinin
mənzərəsinə işıq
salaraq elmi-tədqiqat yönəmində müstəqil
mühakimələri ön
planda oturaqlaşmışdır.
Və doğru olaraq o, qeyd edir ki, "tipik şəraitdə tipik xarakterlərin yaranması
və tipik hadisələrin təsviri
məhz bu dövrün realizmin əvvəlki realizm mərhələlərindən fərqləndirən ən
mühüm faktorlardan
bir idi". Məlum olur ki, müasirlik, xalq, vətən dərdləri,
onlara çarə qılmaq bu realizmin episentri ilə kifayətlənmir,
sənətin poetikasındakı
yeni düşüncəni də təmsil etməklə öz tarixi missiyasını böyüdür; janrların
inkişafı, dil, üslub, forma sənətkarlığının
inkişafı, nəsr
və dramaturgiyanın
poeziyaya nisbətən
dominantlıq qazanması,
satiranın bütün
janrlarda yeni situasiyalar
doğurması, ən
əsası ədəbiyyatda
həyat nəbzinin döyüntüləri, səmimilik,
sadəlik və kütləvilik, xüsusən
də bədii düşüncədə mücərrədlikdən
uzaqlaşma əsrin tənqidi realizmini şərtləndirən amillərə
çevrildi. Maarifçilik
hərəkatından danışanda
isə bədii yaradıcılıq metodu
baxımından onun digər ədəbi konsepsiyalardan geri qalmasını vurqulamaqla onu da əlavə edir ki, ancaq funksionallıq baxımından
onların hərəkatı
cəmiyyətə daha
çox nüfuz edib və bununla
da maarifçiliyin əbədi
və əzəli missiyasını daha da inkişaf etdirmiş, bu inkişafa Hacı Zeynalabdinlərin,
Musa Nağıyevlərin dəstəyi,
hərəkatda iştirakları
da aparıcı faktor
kimi müəllif tərəfindən əsaslandırılır.
Maarifçi realizmin nümayəndələri mövzu
və problematika baxımından yaxın olub oxucu şəbəkəsinin
daha geniş auditoriyası olan məktəbin gənclərdə
vətəndaşlıq hisslərinin,
ədəbi dünyagörüşünün
artırılmasındakı rolları böyük dəyər qazanıb. Məhz bu dəyər
hesabına bu ədəbiyyat mövzu, ideya, janr və
forma, obraz, xarakter baxımından xüsusi səciyyəvilik qazanmış,
ədəbi sərvətimizi
artımlı etmişdir.
B.Əhmədli öz təhlillərində
bu məsələlərin
XX yüzilə məxsus
maarifçilik hərəkatının
məzmun və ideyasında oturaqlaşdığını
zəngin nümunələr
əsasında uğurla
təsdiq etmişdir.
Bədirxan Əhmədlinin araşdırmalarında
ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti
dövrü tədqiqata
cəlb edilir. Ədəbi sahədə həmin dövrün siması onun təqdimatında əsaslı
sistematiklik, dərin və ciddi ümumilik
kəsb edir: milli istiqlal ideyalarının təşəkkülü, yaranan
ədəbi prosesi və onun xarakteri,
ədəbiyyatın proletar
mərhələsi fonunda
ictimai-siyasi proseslər
və poetik təfəkkürün formalaşması,
satirik poeziyanın inkişaf yolları, bədii nəsr və onun formalaşması,
dramaturji istiqamətlər
və bədii gerçəklik məsələləri
özünün elmi tədqiqi həllini tapır. Cümhuriyyətin
tarixi, siyasi, ideoloji gerçəkliyini
həmin illərin
milli siyasi, ədəbi
fəlsəfi düşüncənin
nəticəsi olaraq meydana gəlməsi ilə şərtləndirən
müəllif qeyd edir ki, "Milli dövlətçiliyi,
müstəqillik ideyalarını
şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri
məhz bədii düşüncəyə söykənir.
Yəni milli, etnik mənlik şüurunu, əvvəlcə bədii.
Sonra isə ictimai-siyasi
təfəkkürdə təşəkkül
tapır". Araşdırmanın
bir fəsli məhz bu kardinal
düşüncənin gerçəkliyi
şərhinə xidmət
edir, bu missiyanı inandırıcı
faktlarla sübuta yetirir. Və bu fonda poeziyaya
yeni ideya və istiqamətlər gələrək
mövzu və problematika zənginliyinə
səbəb olur:
"Ə.Hüseynzadənin,
Ə.Ağaoğlunun başlatdığı
ideoloji yönləndirmələr
ictimai fikirdə olduğu kimi, poetik düşüncədə
də yeni şərait
formalaşdırıb". Yazarların simasında olduqca arqumentli, bədii nümunələrin
mətndə özlərinə
yer alması qeyd olunan şəraitlə
vəhdətdə monumentallıq
kəsb edir. Bu monumentallıq müxtəlif
yorumunda iki istiqamətdə özünü
bəyan edir: "Bədii nəsrdə müəyyən inkişaf
yolu keçərək
görkəmli nasir kimi tanınan yazıçıların bədii
nəsri 2. Yaradıcılığa
yeni başlayaraq bədii
nəsr və publistikada siyasi, milli düşüncəni əsərlərində
ehtiva edən yazarların əsərləri".
Təhlillərdən aydın
olur ki, bu dövrün poeziyası öncüllük qazanmış,
nəsr və dramaturgiya ona nisbətdə zəif olsa da, dramaturgiya bəşəri mövzu və problematika, sənətkarlıq baxımından
özünəməxsusluq qazanaraq ədəbiyyatı
canlandırmış, onun
rövnəqliyini artırmışdır.
Çox keçmir
ki, postcümhuriyyət ədəbi
prosesi və onun fonunda proletar
ədəbiyyatının mərhələləri
sətirlərdə özünə
yer alır; satirik poeziyanın inkişaf yolları və meyilləri, bədii nəsrin formalaşması, dramaturji
istiqamətlər şərhə
cəlb olunaraq yekun dəyərlərin müəllif yozumunda dəqiqliklə qazanırlar:
"Azərbaycan", "Kommunist"lə, "Füyuzat",
"Füqəra-Füyuzat" ilə əvəzlənir,
yeni quruluşlu düşüncələrlə
milli istiqlaliyyət düşüncələri
arasında təpkilər,
ağır cəzalar
dövrü baş alıb gedir, "sosializm quruluşunun üstünlükləri? onun
böyük naliyyətləri?
mədhiyyəçiliyin olimp
zirvəsinə" qaldırılır.
Və bütün bunlar ədəbiyyatdan təbliğat vasitəsi kimi sosializm cəmiyyətinin qurulmasında
istifadə maşını
məqsədinə yönləndirilirdi.
Bolşevizmin istilasından
sonra "sənət
sənət üçündür"
yox, "sənət həyat üçündür"
formulu poeziyada iki tendinasiya qərarlaşdırır: poeziya
sənətinin yaradıcılıq
prinsiplərindən doğan
yeni poetik təfəkkürün
formalaşması və
cəmiyyətin, dəyişən
həyatın ictimai-siyasi,
iqtisadi proseslərini inkişaf etdirən ədəbi-poetik yol-proletar
poeziyasının yaranması
özünə yer alır: ruporçuluq, keçmiş ənənə
və təsvir üsullarından imtina,
"formaca milli, məzmunca
beynəlmiləl" (az
sonra sosialist!) ədəbi konsepsiya hakim ideologiyanın hakim təbliğat
maşınına çevrilir.
Milli istiqlalçıların yaradıcılığında isə qəm, kədər notları üstünlük təşkil
etməyə başlayır.
Nəticədə satirik
poeziya bir neçə ədəbi-poetik
ənənəli yol ayrıcında qalmalı olur, ən əsası
realist satirik poeziya ənənəsindən imtina
edilir. Onun fikrincə, 20-ci illərin
bədii nəsrini isə sırf yeni quruluşla bağlamaq düzgün olmazdı. O,
təkcə mövzu və problematika cəhətdən yox, janr, üslub zənginliyi və bədii forma müxtəlifliyi
ilə fərqlənirdi.
İki sistem - sosializm və kapitalizm arasında gedən mübarizə bədii nəsrdə də təsirsiz ötüşmürdü. Buna görə də ədəbi məhsullar
"sırf sənət
etibarilə deyil, faktoloji material baxımından"
əhəmiyyətli hesab
olunmağa başlayır.
"İnqilab" "inqilabdan doğan quruculuq eyforiyası" ədəbiyyat
və incəsənətin
bütün forma və
janrlarında rupora çevrilməyə başlayır.
"Hər bir dövrün öz teatrı olmalıdır!"
tezisi özünü
bir daha sosialist gerçəkliyində
sınayır. Bu illərin
teatr və dramaturgiyası əvvəlki
dövrlərdən yalnız
mövzu və problematikasına görə
deyil, estetik və teatral düşüncə tərzi,
üslubu ilə də fərqlənir. Bu fərq, şübhəsiz,
həm "inqilab"ın
xarakterindən, həm
də dövrün zamanın mahiyyətindən
irəli gəlirdi".
Həyat həqiqəti
və bədii gerçəkliyin inikası
və aktuallıqdan doğan müasirlik bu dövrün dramaturgiyasının əsas
istiqamətlərini təmsil
etməyə başlayır.
Ümimiyyətlə, bu
təhlillərdə faktoloji
özəlliklər elmi
məzmunla qovuşur.
Bir növ böyük
tədqiqatçı fenomenliyi
təhlillər və
faktoloji özəlliklər
üzərində köklənir.
Bədirxan Əhmədli ilk dəfə
olaraq siyasi-ictimai repressiyalar dövrünü
ayrıca fəsildə
təhlil edərək
müəyyən elmi
qənaətlərə gəlir.
Bu qənaətlərdən aydın olur ki, ədəbiyyatda, sənətdə
ideoloji təmayüllər
qalmaqda idi. Ədəbi həyatda müzakirə olunan mövzular, problemlər əksərən Mərkəzdən
ötürülür və
bir müddət ədəbi mühitdə
çəkişməyə səbəb olurdu. Mədəni irsə münasibət, formalizm və naturalizm əleyhinə, proletkutçuluq,
ədəbi mühacirlik,
bədii dəyər uğrunda kampanyalara da məhz mərkəzdən
rəvac verilirdi. Ədəbiyyatşünaslıq və ədəbi tənqidin qiymət verməsində "prokuror
ədası" aydınca
sezilirdi. Ədəbiyyata
şeirlə gələn
Əkrəm Cəfər
"Cavidə açıq
məktub" şeirində
"şeirlərim şeirlərinlə
vidalaşdı, gedib girdilər komsomola" deyərək onu ədəbi kredosundan uzaqlaşmağa çağırır
və özünü
Stalin qarşısında "süpürgəçi" libasında
təqdim edərək
deyir ki, "İnsanların
içində görməmək
üçün nə
burjuy, nə dilənçi, olacağam
o rəhbərin qapısında
süpürgəçi" - deyə məramını
elan edir. S.Vurğun
"Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənən,
onlara yadam" - deməklə düşmənçiliyini
yox, ədəbi-bədii
yollarının ayrılığını
önə çəkirdi.
MK-nın isə ideoloji, siyasi qərarı qəti idi: Proletar Yazıçılar
Cəmiyyətini "təsviyə
etməli" və
"sovet platformasına
yardım edərək
sosializm quruluşunda iştirak etməyə çalışan bütün
yazıçıların kommunist
fraksiyalı vahid sovet yazıçıları
ittifaqında birləşdirməli".
Tədqiqatçı 30-cu illərin poeziyasının inkişaf
meyillərini də təhlilə cəlb edir; bu fonda
onun fərdi təzahür formaları,
sərbəst şeirin
təşəkkülü və poema janrının
imkanları araşdırılır.
Elə buradaca tutarlı arqumentlərə
söykənərək sərbəst
şeirin inkişaf yolunu, onun platformasını
daha öncə tarixə çəkir. Həmçinin, epik poeziyanı müasir baxış, "həyatı
təsdiq pafosu sosialist "gerçəkliyin
tərənnümü, kəmiyyət
və keyfiyyət dəyişmələrini", yeni forma-struktur qəliblərinin yaranması aspektləri epik şeirin təşəkkülü mərhələsini
şərtləndirdi. Yeniləşmə,
müasirləşmə, böyük
ictimai mətləbləri
ifadə etmək, yeni
yaradıcılıq prinsiplərindən
irəli gələn xüsusiyyət artıq bədii nəsrin görkəmini müəyyənləşdirməkdə
idi. Müəllif
roman janrının epik
və epoxal hadisələrin təsvirinə
xidmət işindən
danışarkən "Dövrün
epoxal hadisələrinə
yeni münasibət roman janrına
müraciəti şərtləndirdi
ki, bu da ümumittifaq miqyasında məhz 30-cu illərin əvvəllərindən
müşahidə olunur.
Yeni "sovet" varlığını
göstərmək "cəmiyyət
və insan" probleminin bədii həllini vermək roman janrının payına düşür" - deyə
yazır. Xalqımızın
tarixi keçmişi,
milli varlığının bədii təsviri, yaxın dövrün tarixi hadisələrinə
münasibət və
müasir, yeni ictimai varlığın ifadəsi
yeni yaranan roman janrının
mövzu və problematikasını əhatə
etməyə başladı.
Müəllif "xalqlar
dostluğu", "beynəlmiləlçilik"
ideyalarının təsviri
və təbliğində
müasir yanaşmanı
Azərbaycan nəsrinin
"Axilles dabanı"
kimi səciyyələndirir.
Fikrini əsaslandırmaq
üçün bunların
tərənnümünə həsr olunan əsərlərlə mərkəzdən
gələn inqilabçi
ya qeyri millətin münayəndəsi
olur, yaxud da əsərdə müsavat
dövrü kəskin
tənqid ediirdi.
"Bu tendensiya uzun müddət Azərbaycan nəsr əsərlərinin
içərisinə atılmış
desant rolunu oynayaraq həmin əsərlərin bədii
keyfiyyətinə xələl
gətirmişdir" - deyərək
konkret əsərlərin
adlarını sıralayır.
Artıq 30-cu illərin
dramaturgiyasında yeni təmayüllər
və istiqamətlər
boy göstərir; yeni metodoloji
prinsiplər, mövzu,
problematika, ideya mükəmməliyi, süjet
dolğunluğu, xarakter
yaradıcılığı etibarilə inkişafa doğru start götürür,
"sənətin ədəbiyyatın
siyasətdən uzaqlaşdırılmasına
tərəfdar olan formalistlərlə sənəti
məfkurələşdirənlər arasında münasibətlər
dərinləşir". Bir sözlə dramaturgiya sosialist quruluşunun ruporuna çevrilir. Müasir həyatdan uzaq keçmişə söykənən romantizm
və fəlsəfi ideyalarla təmsil olunan "Cavid teatrı", müəyyən
mənada sosialist məzmunlu "Cabbarlı
teatrı" və hər iki istiqaməti
özündə toplayan
yeni səhnə dili, estetik prinsipi olan teatr (S.Vurğun, M.İbrahimov
və S.Rəhman) kimi ədəbi-mədəni
düşüncədə, geniş tamaşaçı
auditoriyasında dəyər
meyarına çevrildilər.
Eyni zamanda bəzi dramaturji əsərlərdə sosialist
tendesiyası ön
plana çəkilir, tarixi
əsərlərdə təzadlar
reallıqla göstərilimir,
"hadisələr siyasi
və sinfi cəhətdən bədii
düşüncə orbitinə
daxil edilirdi". Bu aspektdə tədqiqatçı
yeni dövr Azərbaycan
satirik komediyasının
klassik zirvəsi olan S.Rəhmanın
"Toy" komediyasının mükəmməl izahını
verir, "kərəmovçuluq"
fəlsəfəsinin "komik
maska"sını açır
və qeyd edir ki, Kərəmov bu gün də
həyatda başqa bir pozada görünməkdədir.
Məlumdur ki, Sovetlər birliyində
ədəbi və mədəni fikir sahiblərinə qarşı
repressiyaların baş
alıb getməsi, onun genezisi, xarakteri və yanaşma meyilləri otuz ildən artıqdır ki, ədəbiyyatşünaslıq
elminin məşğul
olduğu predmetlərdən
biri kimi aktual mövzu olaraq gündəmdədir.
B.Əhmədli təxminən on səhifəlik
bir mətndə ədəbiyyat və represiyanın mükəmməl,
dərin ümumiləşdirmə,
klassik bir yarı manerası çərçivəsində mənzərəsinin ciddi
analizini təqdim edir. Və belə
bir dilemma ilə bizi qarşı-qarşıya
qoyur: "Repressiyaların
dəyərləndirilməsində hansı metodoloji meyarlar əsas götürülməlidir? "Kimsə kimisə satıb", "filankəsin
donosu əsasında güllələnməyə məhkum
edilib", "yeni qurluşu
qəbul etməyənlər
həbs olunub, qəbul edənlər sağ qalıb", "filankəsi satdığı
üçün sağ
qalıb..." O, əsərdə
13 bənddən ibarət
ciddi arqumentlər gətirərək repressiyanın
genezisini, yanaşma meyillərini "açaram
sandığı tökərəm
pambığı" aforizminin
ifadə etdiyi fikir yükü çəkisində elmi ictimaiyyətin rəyinə
təqdim edir. Tədqiqatçı ağır
ötən 30-cu illər
repressiyasını dövlət
səviyyəsində keçirilən
"analoqu olmayan son dərəcə mürəkkəb
siyasi aksiya" kimi inkarolunmaz bir gerçəkliklə əyaniləşdirir. Və
bu sahədəki araşdırmasını nikbin
sonluqla müasir dövrümüzün insanlarına
ünvanlayır və
bu materiallarda "əl izləri" axtarmağın doğru olmadığını bildirir.
Təəssüf ki, bu
"əl" izləri
N.Nərimanovun da ruhunu incitmək işinə xidmət etməkdədir. Dövrə,
zamana dərin elmi təfəkkürlə
yanaşan alimin bu cəhətdən N.Nərimanovun siyasi baxışlarını,
onun həyatını,
xalqına bağlılığını,
milli özünüdərkini obyektivliklə sərgiləməsi
ideoloji fikir mübarizənin davamlılığına
tutarlı müxtəlif
münasibəti ifadə
edir.
Bədirxan Əhmədlinin araşdırmalarında
ilk dəfə olaraq mühacirət ədəbi-bədii
düşüncəsinin formalaşması
və legion ədəbiyyatına
da yer verilir. Qurban Səid-Məhəmməd
Əsəd bəy və onun "Əli və Nino" romanı altmışıncılar
nəsrinin yaradıcılıq
axtarışları, bədii
nəsrdə tarixi hadisələr və şəsxiyyətlərin təsviri,
poeziyanın iknişaf
yolları və mərhələləri, assosiativ
poeziya və onun imkanları, dramaturgiyada yeni təmayüllər;
lirik-psixoloji üslub,
komediyada konflikt və xarakter problemi və dramaturgiyada sosial psixologizmin təzahürü
kimi məsələlərin
elmi həllinə diqqət yetirilmiş və əvvəlki fəsillərə uyğun
olaraq rəngin ədəbi nümunələr
əsasında dolğunlaşdırılmışdır.
Bu son qeydlərin müəllif
şərhinə münasibət
açıqlaması vermədən
düşüncələrimizə elə buradaca son vermək istərdik, ona görə ki, bu məsələlər öz yaşam dövrümüzə aid ədəbi
prosesləri əks etdirir və bu məsələlər bizim cari maraq
və biliklərimizin
daha çox təzahürü kimi gerçəkləşir. Və
nəzərə alsaq
ki, bizim ədəbi tənqidi düşüncəmizin
obyekti məhz bu mərhələlərin
ədəbi və elmi təsərrüfatı
olmuşdur, yəqin
ki, bir o qədər
da qınamazlar. Bilgimiz
sayəsində yekun olaraq deyə bilərik ki, Bədirxan Əhmədli sosrealizm ədəbiyyatı dövrünü
və bu dövrün bağrından
qopan məşhur altmışıncılar nəslinin
ədəbi yeniliyini və bununla da XX yüzilin ədəbiyyatını
tutarlı arqumentlərlə
təhlilini vermiş,
fundamental ucalıq və
zənginliklə, klassik
bir səpgidə
monumental abidəsini yarada
bilmişdir. B.Əhmədli
bu araşdırmalar kontekstində özünün
konseptual mövqeyini obyektlivlik və sənətkarlıqla sərgiləmiş,
bütöv bir dövrün ədəbiyyat
tarixini yaratmışdır.
Bu tarix neçə-neçə
araşdırmalara sığan
əhatəli və məzmunlu, olduqca konfliktli, təzad, rəzalət və şərəflə müşaiyət
olunan ədəbiyyatımızın
milli mənlik zirvəsindədir,
ictimai şüur və siyasi mübarizədə ədəbi
silah abidəsidir. B.Əhmədli bu abidənin monumental layihəsini, məzmun və formasını bir neçə doktorluq dissertasiyalarına
bərabər ölçüdə
vermiş və yaratmışdır. Tarixsə
yenə də siyasi- ideoloji təsisatlarla müşaiyət
olunmaqdadır. Vicdana söykənən, ədalətlə
dirəklənən ədəbi
tarixin Bədirxan Əhmədli yanaşması
ideoloji prinsiplərə
sinə gərərək
tarixin əbədi prizmasında boy artımlığı
ilə görünəcəyinə
əminik. Ona da əminik
ki, bu monumental araşdırmalar
tədqiqatçı alimin böyük
zəhmətinin tükənməzliyinin
bir faktıdır. Bu inamla da ömrünün böyük bir hissəsini elmə həsr edən alim qardaşım, məslək
yoldaşıma müqəddəs
işində və missiyasında uğurlar diləyirəm...
Əkbər Əlioğlu
Ədəbiyyat qəzeti.- 2023.- 29 iyul.- S.30-32.