Ulu Öndər
ruhuna ərməğan
Qədim
köklərə malik olan Azərbaycan tarixində bir sıra
tarixi şəxsiyyətlər olmuşdur ki, onların adı
millətimiz durduqca şərəf simvolu kimi
yaşayacaqdır. Bütün dünyada, o cümlədən
Azərbaycanda xeyli ədəbi-bədii yaradıcı şəxslər
olub və indi də vardır; onlar xalqın fəxri,
xalqını dünyaya tanıdan böyük sənətkarlardır.
Lakin millətin, xalqın, toplumun bütövlüyü, hər
şeydən əvvəl, milli dövlətin
varlığı ilə bağlıdır. Bu mənada milli
dövlətin yaranması və onun möhkəmlənməsi
yolunda həyatını qoymuş şəxsiyyətlər
adlarını Azərbaycan tarixi səhifələrində
qızıl hərflərlə nəqş etmişlər. Belə
tarixi şəxsiyyətlərdən biri Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevdir.
Müasir
Azərbaycanın qurucusu olan Heydər Əliyev hakimiyyətdə
olduğu 34 il müddətində, o cümlədən Moskvada
yüksək vəzifədə çalışarkən
qarşısına qoyduğu əsas vəzifə məhz
xalqına, Vətəninə xidmət olmuşdur. Bu vəzifələr
içərisində dilimizin kənar, yad təsirlərdən
qorunması və inkişafı, dövlət dili kimi möhkəmlənməsi
xüsusi önəm kəsb etmişdir. Ulu öndərin fəaliyyəti
ilə, o cümlədən dil siyasəti ilə bağlı
çoxlu sayda əsərlər yazılmışdır və
bundan sonra da yazılacaqdır. Çünki onun bu sahədəki
fəaliyyəti o qədər geniş və dərin, əhatəlidir
ki, hər dəfə bir tərəfdən araşdırma
obyektinə çevrilir. Belə dəyərli əsərlərdən
biri də dörd tanınmış dilçi-alim tərəfindən
yazılmış "Heydər Əliyev: Azərbaycan dili və
azərbaycanşünaslıq" (Bakı: "Elm və təhsil",
2023) kitabıdır. Dörd fəsildən ibarət olan
kitabın "Heydər Əliyev və Azərbaycanda dil
quruculuğu" adlanan birinci fəslini Akademik Ağamusa
Axundov, "Heydər Əliyev və nitq mədəniyyəti"
adlanan ikinci fəslini professor Müseyib Məmmədov,
"Heydər Əliyevin çıxış və nitqlərinin
dilinin üslubi-qrammatik xüsusiyyətləri" adlanan
üçüncü fəslini professor Məsud Mahmudov,
"Heydər Əliyevin vətən konsepti - azərbaycançılıq
məfkurəsi" adlanan dördüncü fəslini isə
professor Nadir Məmmədli yazmışlar. Bu məsələlərin
hər birini qeyd edilən elm sahəsində
tanınmış dilçi alimlər qələmə
almışlar və bu yazılar yüksək elmi-nəzəri
səviyyəsi ilə səciyyələnir.
Hər
şeydən əvvəl deyək ki, ayrı-ayrı müəlliflər
tərəfindən yazılmasına baxmayaraq, fəsillər
struktur və məzmun cəhətdən bir vahid təşkil
edərək, bir-birini tamamlayır. Əsərin
"Giriş" hissəsində Heydər Əliyevin dil siyasəti
sahəsində atdığı əsas addımlardan: ölkə
başçısı kimi tədbirlərin ana dilində
keçirməsindən, konstitusiyaya dövlət dili kimi məhz
Azərbaycan dilinin salınması üçün
apardığı mücadilədən bəhs olunur. Xüsusən
1978-ci il Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili
kimi daxil edilməsinin xarici sovetoloqlar tərəfindən
"zorakı ruslaşdırmaya və rus dilinin zorla qəbul
edilməsinə müqavimət" kimi qiymətləndirilməsi
o dövr üçün çox ciddi məsələ idi.
Oxuyuruq: "Heydər Əliyevin ana dili sahəsində
tutduğu qəti mövqe dilinin xalqın, millətin
varlığında və həyatında tutduğu həlledici
yerlə əlaqədar olması ilə bərabər, dövlət
başçısının ana dilinə, onun zənginliyinə
olan sonsuz məhəbbəti ilə bağlıdır" (səh.11).
Birinci
fəsil elmi-praktik səciyyə daşıyaraq, Heydər
Əliyevin Azərbaycandakı dil quruculuğu ilə
bağlı fəaliyyətinə həsr olunmuşdur. Müəllif
(akademik Ağamusa Axundov) dil siyasətinin mahiyyəti, onun
tarixi haqqında nəzəri məlumatlar verməklə
yanaşı, maraqlı faktlara müraciət edir. Diqqəti
çəkən və tarixi əhəmiyyətini heç
vaxt itirməyən bir faktı göstərmək yerinə
düşər; Qədim Roma tarixçisi və
yazıçısı Qay Qrankvill Svetoni qeyd edirdi ki, imperator
Klavdi nüfuzlu bir yunanlını latın dilini bilmədiyi
üçün hakimlikdən kənarlaşdırmış,
onu hətta vətəndaşlıq hüququndan məhrum
etmişdi. Bu fakt ən qədim zamanlardan dilə siyasi amil kimi
yanaşmanın ən gözəl nümunəsidir və
müəllifin belə bir fakta müraciət etməsi
mövzu üçün, bir növ, giriş xarakteri
daşıyır.
Dil
siyasəti bütün dövrlərdə mütərəqqi
şəxsiyyətləri məşğul etmiş, müstəqil,
azad dövlətin diqqət mərkəzində olan daimi
problemdir. Bu baxımdan Azərbaycan Respublikasının
böyük bir zamanında ölkəyə rəhbərlik
etmiş Heydər Əliyevin dil siyasəti bir məktəb
kimi qiymətləndirilə bilər. Əsərdə ilk
növbədə Heydər Əliyevin dil siyasətinin əsasında
duran özünəməxsus prinsiplər sadalanıb təhlil
süzgəcindən keçirilir. Bu prinsiplər demokratiklik,
dəqiqlik, uzaqgörənlik, obyektivlikdir.
Heydər
Əliyevin əsas gücü onun xalqla bir olmasında,
taleyüklü məsələlərin həllində
xalqın rəyini almasında idi. Bunun ən bariz nümunəsini
dövlət dilinin adının qəbulu zamanı, bir tərəfdən,
qətiyyətli hərəkət etməsində, digər tərəfdən,
demokratiyaya meydan verilməsində görürük. Əsərdə
uzaqgörənlik dil siyasətinin mühüm prinsipi kimi
tarixi faktlarla əsaslandırılır. Belə ki, 1956-cı
ildə Respublika rəhbərliyinin uzaqgörənliyinin
olmaması nəticəsində konstitusiyaya dövlət dili
olaraq Azərbaycan dilinin daxil edilməsinin vaxtsız
olduğunun, yaxud 90-cı illərin əvvəllərində
dövlət dilinin adının dəyişdirilməsinin və
digər vaxtsız qərarların yaratdığı fəsadların,
qarışıqlıqların ümumi inkişafa xeyli mənfi
təsir göstərdiyi məntiqi şəkildə diqqətə
çatdırılır.
Əsərdə
Heydər Əliyevin dil siyasətinin istiqamətləri də
müəyyənləşdirilir; burada iki istiqamət vəhdətdə
təqdim olunur: 1) milli dil siyasəti, 2) başqa dillərə
münasibətdə dil siyasəti. Heydər Əliyevin dil sahəsindəki
fəaliyyəti diqqətlə izlənilmiş, belə bir cəhət
ilk növbədə diqqətə çatdırılır
ki, Ulu Öndər ilk vaxtlardan dilimizin funksional (işlənmə)
dairəsinin genişlənməsinə xüsusi diqqət
yetirmişdir. Bu sahədə şəxsi nümunəsi
bütün xalqımıza, xüsusən də
ziyalılarımıza örnəkdir. Ölkə rəhbərinin
ana dilində səlis, dəqiq, sərrast
danışığı bu dilin zəngin olduğunu göstərməklə,
bir növ, dövlət dili olması üçün zəmin
yaratdı ki, nəhayətdə bu, 1978-ci il Konstitusiyasında
əksini tapdı.
Heydər
Əliyev dilə hörməti və onu daha da zənginləşdirməyi,
habelə təbliğ etməyi hamının
qarşısında bir məqsəd kimi qoyaraq,
imzaladığı sərəncam və fərmanlarda,
müxtəlif ali məclislərdə
çıxışlarında həm bir ölkə rəhbəri,
həm bir ağsaqqal kimi tövsiyələrini verir,
dilçilik tədqiqatlarının genişlənməsi
üçün konkret addımlar atır: dilimizin tədqiqi
sahəsində xüsusi xidmətləri olan
tanınmış dilçilərə yüksək adlar
verir, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün əməli
işlər görür və s. Bütün bu məsələlər
kitabda təfsilatı ilə şərhini tapır.
Kitabda
Heydər Əliyevin başqa dillərə münasibəti də
şərh edilmiş və bu münasibətin məntiqi
arqumental şəkildə izah olunmuşdur. Qeyd edək ki, Heydər
Əliyev, hər şeydən əvvəl, milli adam olmaqla
yanaşı, həm də bəşəri xarakterə malik
şəxsiyyət idi; bunu onun dil siyasətində də
görmək olar. Gənclərimizi xaricə təhsil
almağa göndərən Ulu Öndər həm də
tövsiyə edirdi ki, milli dilə sahib olub, onu qorumaq və
inkişaf etdirməklə yanaşı,
insanlarımızın bir neçə dili bilməsi də
onların yüksək səviyyəsindən xəbər
verir. Ona görə də deyirdi: "Bilirsiniz, hər bir azərbaycanlı
gənc çalışmalıdır ki, dünyanın
çox dillərini - rus dilini də, ingilis dilini də,
fransız dilini, ərəb, fars dillərini də mənimsəsin,
öyrənsin. Bu lazımdır, çünki müasir
dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi
bu gün və gələcəkdə insanlardan bir çox
dili bilməsini tələb edir" (səh.28). Daha sonra davam
edir: "Mən arzu edirəm ki, Azərbaycan gənci
Şekspiri ingilis dilində oxusun, Nizamini, Füzulini, Nəsimini
isə Azərbaycan dilində oxusun" (yenə orada). Ulu
Öndər bunu Azərbaycanın dünyaya qovuşmasını
daha da sürətləndirən vasitə kimi də qiymətləndirirdi.
Bütün bunlar uzaqgörən və bilavasitə xalqın,
dövlətin inkişafına, möhkəmlənməsinə
yönəlik göstəriş və tövsiyələr
idi.
Ümumiyyətlə,
kitabda Heydər Əliyevin dil siyasəti nəzəri
ümumiləşdirmələr şəklində geniş təhlil
olunur. Burada dil və millət konsepsiyası da müəllif tərəfindən
üç istiqamətdə nəzərdən keçirilir:
1) dil və millət, 2) dil və milli mənlik, 3) dil və
milli ərazi. Müəllif birinci istiqamət
üçün Heydər Əliyevin belə bir tezisini əsas
tutur: "Xalqı xalq edən, milləti millət edən onun
dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə
bilməyən, ana dilindən bəhrələnə bilməyən
xalq, millət ola bilməz" (səh. 29). Uzun əsrlər
boyu ərəblər, farslar, ruslar dilimizi
yadlaşdırmağa, məhv eyməyə
çalışsalar da, Ulu Öndərin dediyi kimi, dilimizin
enerjisi, mükəmməl qrammatik quruluşu, zəngin
lüğət tərkibi təslim olmadı; xalq dilimizi,
dilimiz də xalqımızı qorudu.
Milli
mənlik hissiyyatı da milli dil ilə vəhdətdə
yaşayıb formalaşır, inkişaf edir. Milli mənliyi
yüksək qiymətləndirən Heydər Əliyev
qürurla deyirdi ki, bizim "milli mənliyimiz də var və
biz onunla fəxr edirik" (səh.31). Azərbaycan dilinin Azərbaycan
ərazisində yaşayan müxtəlif xalqların ünsiyyət
vasitəsi olması isə milli dil və ərazi məsələsini
mühüm məsələ kimi qarşıya qoyur.
Kitabda
gedən hər başlıq barədə dəfələrlə
onun özündən çox bəhs açmaq olar.
Xüsusilə dil və dövlət, dil və tarix, dil və
ədəbiyyat, dil və əlifba və s. məsələlər
geniş və inandırıcı faktlarla öz şərhini
tapır.
Heydər
Əliyev həm də güclü natiq idi; Azərbaycan və
rus dillərində çıxışları onu XX əsrin
mahir natiqi kimi tanıtmışdır. İqtisadi, siyasi,
elmi-mədəni sahədə mükəmməl biliyə, zəngin
həyat təcrübəsinə, dərin müşahidə
qabiliyyətinə malik olan Ulu Öndərin nitqi mükəmməlliyi,
səlisliyi, təsiredici, nüfuzedici mahiyyəti ilə diqqəti
cəlb edir. Heydər Əliyev, bir növ, Azərbaycan dilinin
nəyə qadir olduğunu nümayiş etdirdi. Onun
danışıqları dilimizin fonetik quruluşunun, leksik tərkibinin,
qrammatik strukturunun, habelə üslubi imkanlarının
geniş və mükəmməl olduğunu göstərdi.
Kitabda Heydər Əliyevin nitqindən, dil-üslub xüsusiyyətlərindən
bəhs edən bir sıra əsərlərə də
müraciət olunur (Müəllif professor Müseyib Məmmədovdur).
Bu cərgədə həm Azərbaycanın, həm
bütünlükdə türk dünyasının və
bütünlükdə dünyanın tanınmış
şəxsiyyətlərinin Heydər Əliyev barədə
fikirləri yer alır.
Bu
yazıda Heydər Əliyevin nitq mədəniyyəti
haqqında, habelə onun nitq mədəniyyətini inkişaf
etdirmək haqqındakı fikirləri ümumiləşdirilir.
Müəllif bu fikirdədir ki, xalqımızın mənəvi
varlığı kimi ana dilini - Azərbaycan dilini sevmək və
onu dərindən öyrənmək, ana dilinin tədrisini
yüksəltmək və intensivləşdirmək, dilimizin zəngin
lüğət tərkibindən bacarıqla istifadə etmək,
dilin qayğısına qalmaq, dilimizin - nitqimizin gözəlliyini
duyub mənimsəmək və hər yerdə onu təbliğ
etmək, ondan düzgün istifadə etməklə hamıya
nümunə olmaq Heydər Əliyevin nitq mədəniyyəti
ilə bağlı əsas müddəalarıdır.
Heydər
Əliyevin nitqi, hər şeydən əvvəl, kamil nitqdir;
onun dəqiqliyi, aydınlığı, məntiqiliyi, təmizliyi,
ifadəliliyi və zənginliyi bu kamilliyi şərtləndirən
xüsusiyyətlərdir. Bu xüsusiyyətlər ən qədim
dövrlərdən nitq mədəniyyətinin əsas tələbləridir.
Müəllif bu xüsusiyyətlərin Heydər Əliyev
nitqində sistem halında mövcudluğunu konkret, real faktlar əsasında
şərh edir, hər birinin linqvistik və ekstralinqvistik
şərtlərini göstərir. Məsələ
burasındadır ki, Heydər Əliyevin nitqini şərtləndirən
bu xüsusiyyətlər digər ölkələrin siyasətçilərini,
tədqiqatçılarını da cəlb etmiş, onlar bu
böyük şəxsiyyətin nitqi, nitqindəki yüksək
keyfiyyətlər barədə dəyərli fikirlər
söyləmişlər. Kitabda bu fikirlərə də yeri gəldikcə
müraciət edilir.
Kitabda
Heydər Əliyevin çıxış və nitqlərinin
üslubi-qrammatik xüsusiyyətlərinin şərhinə də
müəyyən yer ayrılmışdır (Müəllif
professor Məsud Mahmudovdur). Məlumdur ki, dil leksik cəhətdən
nə qədər zəngin olsa da, fonetik sistemi nə qədər
mükəmməl olsa da, bunların hamısı sonda qrammatik
quruluşla bir məcraya sığır və fikrin ifadəsinə
xidmət edir. Dilin leksik tərkibinin zənginliyi hələ
onun mükəmməl dil olduğu demək deyil; bu sırada
qrammatik quruluşun mükəmməlliyi ciddi önəm
daşıyır. Təsadüfi deyil ki, leksik tərkib yad
ünsürlərlə "zibilləndiyi" zamanda da onun
milliliyini qoruyub saxlayan məhz qrammatik quruluşunun milli səciyyəsi,
möhkəmliyi, sarsılmazlığıdır. Dilin
qrammatik quruluşunun mükəmməlliyi fikrin ifadəsində,
ünsiyyət prosesində əhəmiyyətli rola malikdir. Bu
cəhətdən Ulu Öndərin dilinin qrammatik-üslubi
xüsusiyyətlərinin araşdırılması əhəmiyyət
daşıyır.
Kitabda
Heydər Əliyevin nitqinin üslub xüsusiyyətinin şərhinə
ilk olaraq yer ayrılır. Müəllif doğru olaraq göstərir
ki, "Heydər Əliyevin nitqində nəzərə
çarpan başlıca cəhət onun özünəməxsus,
təkrarsız üslubudur. Bu, sözün əsil mənasında,
H.Əliyev üslubudur" (səh.145). Təbii ki, bu
üslubun özünəməxsusluğu təhlil
materialı kimi geniş şərh olunur. Göstərilir ki,
Heydər Əliyevin nitqinə təkcə rəsmi üslub
nümunəsi kimi baxmaq olmaz. Belə ki, müxtəlif
yığıncaqlarda müxtəlif mövzularda
çıxışları onu nitqlərində manevr etməyə
vadar edirdi; öz nitqini siyasi məclislərdə rəsmi, bədii
yaradıcı şəxslərlə görüşündə
elmi-bədii, adi xalq kütləsi ilə məişət
üslubunda və s. qururdu ki, bu da məqsədinə
çatmaq yolunda əsas vasitələrdəndir.
Kitabın
ən maraqlı bölmələrindən biri IV fəsil -
"Heydər Əliyevin Vətən konsepti - azərbaycançılıq
məfkurəsidir (Müəllif professor Nadir Məmmədlidir).
Sırf elmi səciyyəli girişlə başlayan bu fəsildə
"vətən" konsepti, onun spesifik xüsusiyyətləri
təhlil edilir. Konsept anlayışı barədə nisbətən
ətraflı verilən məlumat müəyyən mənada
sırf elmi səciyyə daşısa da, bu cür yanaşma
Ulu Öndərin Vətən anlayışına münasibətini
lakonik şəkildə daha ətraflı, bütün səciyyəsi
ilə təqdim edilməsi üçün imkan yaradır.
Müəllif yazır: "Vətən konsepti spesifikliyi ilə
seçilən, bu və ya digər şəkildə müəyyən
etnomədəniyyət daşıyıcılarını
xarakterizə edən semantik törəmə, sözün
lüğəvi mənası ilə həmin mədəniyyətə
mənsub insanların şəxsi təcrübəsinin
qovuşmasıdır". (səh. 193)
Vətən
hamı üçün əzizdir; əqli və hissi
duyğuları birləşdirən, tarixi, müasir və
sabaha boylanan baxışların cəmləşdiyi,
xalqı, milləti bütövləşdirən bir fenomendir.
Bu baxımdan:
Vətənin
sevməyən insan olmaz,
Olsa,
ol şəxsdə vicdan olmaz.
Abbas Səhhət
Müəllif
doğru olaraq bu fikrə söykənir ki, "Vətən mədəni
konsepti ona görə diqqəti cəlb edir ki, həm etnik
özünüdərklə, həm də dövlət
ideologiyası ilə çox sıx bağlıdır" (səh.195).
Belə ki, vətən cəmiyyətin sosial portreti, ölkənin
siyasi tarixinin bütün yükünü özündə
daşıyan maddi varlıq, ictimai-siyasi, milli-mənəvi mənsubluqdur.
Heydər Əliyev üçün Vətən milli
varlığın ifadə üsuludur, ölkənin siyasi
tarixinin yükünü özündə daşıyaraq, onun
milli obrazını yaradır; o, kulturoloji, tarixi, etnopsixoloji, sosiopsixoloji,
fəlsəfi baxışları özündə birləşdirir.
Vətən
Ulu Öndər təqdimatında, bir tərəfdən,
xalqı, milləti birləşdirən, onun tarixi, sosial-siyasi
birliyini təmin edən müqəddəs yerdir. Digər tərəfdən,
Vətən mənəvi dirilik, etnokulturoloji mahiyyəti ilə
dünya çapında öz yeri olan ideoloji məfhumdur.
İçində Vətən məhəbbəti
bütün milli, siyasi, ideoloji, etnokulturoloji parametrləri ilə
birləşən Ulu Öndər bu hissin daimi
yaşarlığı, daha da möhkəmlənməsi
üçün bütün ömrünü sərf
etmişdir. Fəaliyyətinin bütün sferalarında Vətən
sevgisi əsas olan bu böyük şəxsiyyət yalnız
sözdə deyil, bütün əməllərində bunu həyata
keçirmişdir. Onun milli dilə - Azərbaycan dilinə
verdiyi önəm, onun zənginləşməsi,
inkişafı üçün çabalarının da əsasında
məhz Vətən sevgisi durur. Ulu Öndərin tez-tez
S.Vurğunun "Azərbaycan" şeirini böyük məhəbbətlə,
zövqlə söyləməsi daxilindəki Vətən
sevgisinin dərində olduğunu, ona silinməz duyğularla
bağlı olduğunu göstərir.
Heydər
Əliyev üçün Vətən yalnız coğrafi məkan
deyil; "Vətən, ölkə, millət" məfhumlarını
birləşdirən Heydər Əliyev müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar üçün içlərində
bir Azərbaycan yaşatdıqlarını da deyir. Bu mənada
Azərbaycan bir coğrafi məkan anlamından
çıxıb, daha böyük mənəvi-ideoloji məkan
qazanmış olur. Burada biz Heydər Əliyevin uzaqgörən
siyasətinin bir təzahürünü görürük; hər
bir azərbaycanlı Azərbaycan varlığını
özü ilə yaşadığı yerə, bütün
dünyaya daşıyır, orada da bir Azərbaycan yaradır.
Bax, bu, Heydər Əliyevin Vətən haqqında
düşüncə və fəaliyyətinin mahiyyətidir.
Elə
buna görə də professor Nadir Məmmədli
yazısında "vətən" sözünün
-konseptinin metaforik strukturunu açıqlayaraq, Heydər
Əliyev prizmasından bu məsələyə geniş bir
baxışı təqdim edir. "Metaforik düşüncə
sahibi Ulu Öndər istənilən hadisəni nəinki
başqalarından yaxşı görür, eləcə də
onu heç kəsin ağlına gəlməyən şəkildə
təqdim etməyi bacarır" (səh.211). "Vətən
- ana yurd - doğma torpaq, vətən - xalq - respublika".
Buraya bir "doğma" sözünün əlavəsi
emosional çaları gücləndirir: doğma ocaq -
doğma torpaq - doğma ana yurd - Vətən. Bu anlamlarda Vətən
yalnız coğrafi və ya administrativ siyasi vahidin adı
deyil, daha mürəkkəb məna kəsb edir. Burada Vətən
anlayışı vətəndaş və dövlət,
şəxsiyyət və mərkəzləşmiş ideoloji
sistem arasındakı münasibətlər modelini
konseptuallaşdırır.
Bu fəsildə
"Heydər Əliyevin vətən konseptinin dil
kodları"nın açılışı da ciddi maraq kəsb
edir. Bunun üçün müəllif bəzi nominal sahələri
subkonsept komponentlərinə ayıraraq təhlillər verir. Vətən
- sevgi, vətən - torpaq, vətən - torpağa
bağlılıq, Vətən - Azərbaycan torpağı, vətən
- ölkə, vətən - vətən hissiyyatı, vətən
- millət, vətən - xalq, vətən - soydaş, vətən
- müstəqil dövlət, vətən - vətənpərvərlik,
vətən - qayğı, vətən - borc, vətən - məkan,
vətən - şəhidlik, vətən - ana dili, vətən
- milli kök və s. onlarla bu cür
qarşılaşdırma göstərir ki, Heydər
Əliyev nitqlərində, danışığında Vətənin
böyük dəyər kəsb etməsi daha böyük
semantik arealda təqdim olunur.
Vətən
konseptinin aforistik-semantik, paremioloji strukturu, habelə bu konseptin
azərbaycançılıq nümunəsi olması barədə
verilən məlumatlar da Heydər Əliyevin Vətən barədə
düşündükləri və fəaliyyətinin
açılması yolunda uğurlu addımdır.
Kitabın
məziyyətləri barədə daha çox
danışmaq, analizlər aparmaq olar: bu isə kitab
haqqında yeni kitab yazmaq olardı. Ona görə də
çalışdıq ki, əsas məsələləri
tezisvari işıqlandıraq. Nəticə olaraq demək
lazımdır ki, Heydər Əliyev haqqında yazılan
cild-cild əsərlər içərisində kollektiv müəlliflər
tərəfindən qələmə alınmış
"Heydər Əliyev: Azərbaycan dili və azərbaycançılıq"
kitabı öz siqləti, Ulu Öndərə bəslənən
böyük məhəbbətin təcəssümü və
obyektiv qiyməti baxımdan ən dəyərli mənbə
kimi qarşılanacaq və qəbul ediləcəkdir.
Tofiq Müzəffəroğlu
Nərgiz Hacıyeva
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S.6-7.