Altmışıncılar və müstəqillik
dövrünün yazıçısı
Mən o xoşbəxt insanlardanam ki, mənə bir çox görkəmli və tanınmış qələm
sahiblərinin yaradıcılığını
sənət aləminə
gəldiyi ilk gündən
bu günə kimi yarım əsrdən artıq zaman
kəsiyində izləmək,
uğurlarının şahidi
olmaq qismət olub. Onların arasında ölkəmizin
hüdudları kənarında
da yaxşı tanınan,
yaradıcılıqları yüksək qiymətləndirilən
Anar və Elçin xüsusilə fərqlənirlər. Anarın
85 illik yubileyində qeyd etdiyim kimi,
hər iki yazıçı Altmışıncılar
və Müstəqillik
dövrü nəsrimizin
zirvəsində dayanan,
ədəbiyyat kəhkəşanının
hər səmtindən
görünən ədəbi
simalardır.
Bir neçə gün bundan əvvəl xoşbəxt anlar yaşadıq. Milli Elmlər
Akademiyamızın Ədəbiyyat
İnstitutunda Elçinin
80 illik yubileyini qeyd etdik.
Akademiyanın prezidenti, akademik
İsa Həbibbəylinin təşəbbüsü
və iştirakı ilə təntənəli
şəkildə keçirilən
yubileydə "Altmışıncılar
və Müstəqillik
dövrünün yazıçısı"
adlı məruzə ilə çıxış
etdim. Böyük məmnuniyyətlə məruzənin
mətnini oxuculara təqdim edirəm.
Ədəbi mühitdə nasir,
publisist və dramaturq kimi tanınan ədib, eyni zamanda tənqidçi
alimdir, filologiya elmləri doktoru, professordur, tanınmış
ziyalı və ictimai xadimdir. Ədəbi prosesə ciddi müdaxilə edən ədəbiyyatşünasdır.
Elçinin bədii əsərlərindəki
(xüsusən, hekayələrində)
gözlənilməzlik, qeyri-adilik
bəzən mənə
qəribə görünüb.
Düzü, bu qəribəlik həmişə
marağıma səbəb
olub. Bu maraq get-gedə dərinləşib
və Elçin mənim üçün ən mötəbər və istəkli yazıçılardan birinə
çevrilib.
Mənim
Elçin yaradıcılığına
marağıma səbəb
onun səhnə əsərlərinin də
rolu az olmayıb.
O əsərlərin hamısına
Milli Dram Teatrımızda və
Səməd Vurğun
adına Rus Dram Teatrında
baxmışam. "Poçt
şöbəsində xəyal",
"Ax, Paris, Paris!", "Dəlixanadan
dəli qaçıb",
"Mənim ərim dəlidir", "Şekspir",
"Teleskop" və
s.
Mənə yazıçının sonuncu - "Cəhənnəm
sakinləri" əsərinin
Milli Dram Teatrında tamaşa
öncəsi "Elçin
haqqında söz"
demək də qismət olub.
"Teleskop" tamaşasının
təsiri altında mətbuatda "Teleskopdan görünən dünyamız"
adlı rəy yazmışam.
Elçinin ssenarisi əsasında
görkəmli rejissorların
çəkdiyi "Baladadaşın
ilk məhəbbəti", "Arxadan vurulan zərbə", "Gözlə
məni", "Gümüşü
furqon", "Bağ
mövsümü", "Milli bomba", eləcə də Azərbaycan və Türkiyə kinematoqraflarının birgə
layihəsi əsasında
çəkilmiş "Mahmud və Məryəm" filmləri də, mənə yazıçının
bədii əsərləri
ilə bərabər dərin təsir edib.
Yazıçı-alimin "Tənqid və nəsr", "Ədəbiyyatda tarix və müasirlik problemi", "Şəxsiyyət
və istedad",
"Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər
və müasirlər",
"Ədəbi düşüncələr"
və s. əsərlərini
oxuyaraq tənqid sahəsində nüfuzlu söz sahibi olduğunu dərk etmişəm. Elçini ədəbi prosesə daim müdaxilə edən, onu istiqamətləndirən görkəmli
ədəbiyyatşünas alim kimi qiymətləndirmişəm,
çoxşaxəli yaradıcılığını
bütün istiqamətlərdə
araşdırmışam.
Bütün bunlar və ədibin şəxsiyyətinə
dərin ehtiram "Elçin haqqında düşüncələrim" kitabımın meydana gəlməsinə münbit
şərait yaratdı.
Ölkəmizdə (2013) və İranda
(2014) çap olunan kitaba "Elçinin sənət dünyası",
"Elçin və peyğəmbərcəsinə deyilmiş sözlər",
"Elçinin "Sosializm
realizmi bizə nə verdi?" əsəri barədə iki məqalə, "Teleskopdan görünən
dünyamız", "Elçinin
folklor dünyası",
"İkiyə bölünmüş
ürəyin həsrət
nəğmələri", "Ədəbi abidəmiz, müdriklik məktəbimiz",
"Yazılı və
şifahi ədəbiyyatımız
haqqında düşüncələr",
"Elçinin nağıl
dünyası", "Aşıq
poeziyamızın açılmamış
qatı" və s. məqalələr daxildir.
Elçini bir yazıçı
kimi, insan kimi, şəxsiyyət kimi, ictimai xadim
kimi dərk etmək üçün onun 10 cildliyini oxumaq kifayətdir.
Elçinin bədii nəsrini
hər şeydən əvvəl oxunaqlı edən, sevdirən onun dilidir. Onun
məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşağında
bərqərar olmuşdur.
Yazıçının dili
bulaq kimi axan, qəlbə yatan, insana rahatlıq
gətirən, saf, duzlu, şirin, zəngin bədii dildir.
Təsadüfi deyildir ki, Ulu öndərimiz
dilimizə qeyri-adi qayğı və diqqətlə yanaşırdı:
"Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və
bu dili sevməlidir.
Öz ana dilini bilməyən şəxs
şikəstdir. Xalqın
milli kimliyinin göstəricisi
dili, ədəbiyyatı,
musiqisi, tarixi, ənənəsidir. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, musiqimiz,
tariximiz, ənənələrimizdir"
- deyirdi. Yazıçı
və şairləri ədəbi dil normalarının, nitq mədəniyyətinin qanunvericiləri,
qurucuları adlandırırdı.
Elçinin əsərinə bu
müstəvidən baxanda,
onların böyük
dəyər kəsb etdiyi göz önünə gəlir.
Elçinin bədii əsərlərini,
xüsusən də
"Mahmud və Məryəm"
romanını oxumağa
başlayanda ayrıla
bilmirsən. Yeri gəlmişkən, Elçin
"Mahmud və Məryəm"
əsəri ilə ədəbiyyatımıza yeni janr
- "dastan-roman" janrını gətirmişdir. Təsadüfi
deyil ki, yazıçının
yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri Nərgiz Paşayeva doktorluq dissertasiyasında yazmışdır:
"Folklorda dastan janrı
hansı məqamdadırsa,
hansı yeri tutursa, bədii əsərdə də
roman o yeri tutur".
Həqiqətən də "Mahmud və
Məryəm" romanında
folklor qatı lap dərinliklərdən boylanır.
Yeri gəlmişkən, Elçinin
göstərdiyi kimi bədii ədəbiyyata
dastan janrını isə "Aşıq
Hüseyn Saraçlı
dastanı" ilə
Zəlimxan Yaqub gətirmişdir.
Bir çox dünya dillərinə tərcümə
edilən, Xəlil Rza Ulutürkün təbirincə desək, çağdaş nəsrimizin
qızıl fonduna daxil olan "Mahmud və Məryəm" XX
əsrin sonlarında Türkiyədə ən çox çap olunan, oxunan və sevilən əsərlərdən biri
olub. Üç nəşriyyat tərəfindən
dönə-dönə nəşr
olunub.
"Əsli və Kərəm" dastanının
İraqda yaşayan soydaşlarımız arasında
geniş yayıldığını
və sevildiyini (Telafər bölgəsində
sazla, çalınıb-oxunur)
nəzərə alaraq,
dastanla ilgili olan "Mahmud və Məryəm"in də seviləcəyini düşünərək
Əbdüllətif Bəndəroğlu
ilə 2007-ci ildə mənim "Elçinin sənət dünyası"
adlı ön sözümlə Kərkükdə
çap etdirdik (Elə həmin ildə Kərkükdə
Bəndəroğlu ilə
Rəsul Rzanın
"Ağlayan çox,
gülən hanı?"
kitabını da buraxdıq).
Elçinin bədii əsərləri,
həmçinin keçmiş
Sovetlər Birliyində
yaşayan xalqların,
eləcə də ingilis, fransız, ispan, ərəb, fars, çin, macar, alman, çex, bolqar, slovak, isveç və digər dillərə tərcümə edilmiş,
kitabları çıxmışdır.
Elçinin yaradıcılıq yoluna nəzər saldıqda göz önünə onun maraqla oxunan hekayələri, povestləri,
romanları, bir-birindən
sanballı monoqrafiyaları,
ssenariləri əsasında
çəkilmiş maraqlı
filmləri, səhnə
təcəssümü tapmış
əsərləri, pyesləri
gəlir və yazıçıya qibtə
etməyə bilmirsən.
SSRİ dağılandan sonra Azərbaycanın ictimai-siyasi
həyatında, ədəbi-mədəni
mühitdə müstəqillik
dövrü adlanan yeniləşmə mərhələsi
başladı. Elçin
"Altmışıncılar" dövrü yaradıcılığına
son vuraraq yazdı ki, epoxalar dəyişdi, ictimai-siyasi münasibətlər
dəyişdi və mən daxili bir qürur hissi keçirirəm ki, bədii əsərlərimdə
bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət
çəkəcəyim, unutmağa
çalışacağım bircə söz, bircə cümlə də yoxdur.
Elçin yeni dövrün yeniləşmə
mərhələsini dərindən
duyan və yaradıcılığında Müstəqillik dövrünün
tələblərinə cavab
verən əsərlər
yazmağa başladı.
Sessiyada
Elçinin hekayələrindən,
əsərlərinin səhnə
təcəssümündən, tənqidçilik fəaliyyətindən,
folklor yaradıcılığından,
"Baş" romanından
məruzələrin olduğunu
nəzərə alaraq,
onlardan söhbət açmağa lüzum görmədim.
Ancaq
real həyatın, bədiiliyin,
tarix və fəlsəfənin qovşağında
bərqərar olan
"Baş" romanında
adamı heyrətləndirən,
keşməkeşli dünyanın
iki qeyri-adi hadisəsindən bəhs etməyi münasib bildim. Birinci hadisə Bakı xanı Hüseynqulu xanla bağlıdır. Milliyyətcə gürcü
olan, qəddarlığı
ilə ad-san qazanan Pavel Sisianov Bakını sudan və qurudan mühasirəyə alır
və tələb edir ki, şəhərin açarını şəxsən
Hüseynqulu xan özü təslim etsin. Hüseynqulu xan xanlığın əldən getdiyini dərk edir və təsəllini qisas almaqda tapır.
O, şəhərin açarlarını
general Sisianova təqdim
edəndə gözlənilmədən
qılıncını çıxarıb
generalın başını
kəsir.
Bu anda Hüseynqulu xan öz taleyi
barədə düşünmürdü.
Bu, xalqa və vətənə məhəbbətdən
irəli gələn
milli qeyrət idi.
Romanda ibrətamiz və örnək ola biləcək
ikinci hadisə çariça Mariya ilə bağlıdır.
Ruslar Gürcüstanı
işğal etdikdən
sonra da knyazlar yenidən hakimiyyətə
gəlmək üçün
ölkədə iğtişaşlar
salırdılar.
Belə
olan halda Sisianov gürcü knyazlarını, onların
ailələrini, ümumiyyətlə,
çar nəsillərinə
mənsub olanların hamısını Rusiyaya sürgün etmək qərarına gəlir.
Lakin yaxın qohumu çariça Mariya inadkarlıq göstərir.
Hətta oğlunun Kaxetiya çarı olmasını təmənna
edir. Sisianov general Lazarevə əmr edir ki, çariça və uşaqlarını
Peterburqa göndərsin.
Çariça qüruruna sığışdıra
bilmir ki, onu öz vətənindən
didərgin salırlar.
Gözlənilmədən xəncəri
general Lazarevin sinəsinə
soxur.
Bu da milli
qeyrət nişanəsi
idi.
"Baş" romanına məndə başqalarına
qeyri-adi görünə
biləcək fikir formalaşıb. Bunu bəyan etməyə mənəvi haqqım olduğunu göstərmək
üçün özüm
haqqında bir neçə söz deməyi münasib bildim. İnanıram ki, özüm haqqında deyəcəklərimi oxucular
təvazökarlıqdan kənar
saymayacaqlar. Mən 40 ilə yaxın ingilis dili və
ədəbiyyatı, eləcə
də ABŞ ədəbiyyatı
ilə məşğul
olmuşam. 20 ilə yaxın Qərbi Avropa Dilləri kafedrasının müdiri
olmuşam. Bir neçə
il müəllimim İsmixan
Rəhimovun rəhbərlik
etdiyi tərcümə
kafedrasında müəllim
işləmişəm. Xarici
Dillər İnstitutunda
ilk olaraq ingiliscə Antropologiya fənnini təşkil və tədris etmişəm.
ABŞ-da iki aylıq,
Böyük Britaniyada
ay yarımlıq ixtisasartırma
kurslarını bitirmişəm.
Rəhbərliyimlə Müşfiq
Babayev Amerika yazıçısı, Nobel
mükafatı laureatı
Con Steynbekin əsərləri
əsasında "Con Steynbek
yaradıcılığı Azərbaycan ədəbiyyatı
ilə müqayisəli
kontekstdə" adlı
dissertasiya müdafiə
edib. İndi ABŞ-da Con Steynbek
mərkəzində çalışır.
Con Steynbekin "Seçilmiş
əsərləri" (Bakı,
"Şərq-Qərb", 2013, 888 səh.) adı altında çıxan
"Qəzəb salxımları"
(tərc. Ülfət
Kürçaylı) və
"Həyəcanlarımızın qışı" (tərc.
Müşfiq Babayev) romanlarına
Slavyan Universitetinin xahişi ilə "Dahilik mərtəbəsindən
vida nəğməsi"
adlı ön söz yazmışam.
Amerika yazıçıları Mark Tven, Teodor Drayzer,
Cek London və Nobel mükafatı
laureatları Ernest Heminqueyn
və Con Steynbekin yaradıcılığı ilə
yaxından tanışam.
Bütün bunları ona görə sadalayıram
ki, müqayisə etmək
imkanım var... "Baş"
romanı bütün
parametrləri ilə adı çəkilən
yazıçıların əsərlərindən
geri qalmır. Hətta xarici alimlərin xüsusi dəyər verdiyi fəlsəfi-psixoloji tutumuna
görə onları üstələyir.
"Baş" romanı hər zaman üçün
keçərlidir. Rusiya
idarə sistemi keçmişdə necə
idilərsə, eləcə
də qalıblar, dəyişməyiblər. Rusiyanın
imperiya xislətinin bugünkü qeyri-insani davranışları da deyilənlərə
dayaq olur.
Xalq yazıçısı Anarın
yaxşı bir kəlamı var: "Vaxt və bəxt bir olanda çox
şeyə nail olmaq olar".
Elçin müəllim, münasib
vaxtdır. Bəxtinizi
sınayın. Əsərinizi
peşəkar tərcüməçilər
ingilis dilinə tərcümə etsələr
və ABŞ, Britaniya,
İsrail və başqa ölkələrdə
yayılsa, "Baş"
romanı Nobel Mükafatı
Komitəsinə təqdim
edilər və hədəfə çatmaq
olar.
Onu da deyim ki, Altmışıncılar
dövründə də,
Müstəqillik dövründə
də Elçin qarşıya qoyduğu hədəfə artıqlaması
ilə çatıb.
O, istedadı sayəsində
bədii əsərlərində,
ələlxüsus romanlarında
həyatın hər yazıçıya qismət olmayan qatlarına enə bilib, başqalarının
görə bilmədiklərini
görüb, yeni yolla
gedə bilib, oxucuya bənzərsiz əsərlər bəxş
edə bilib.
Mövlanə Cəlaləddin Ruminin
kəlamı var: "Ya
olduğun kimi görün, ya göründüyün kimi
ol!"
Mövlanənin bu müdrik kəlamını Elçinə
ünvanlasaq görərik
ki, o, Azərbaycanın ədəbi-mədəni
mühitini müəyyənləşdirənlərdən
biri kimi, çoxşaxəli elmi-ədəbi,
ədəbi-bədii və
ictimai-siyasi fəaliyyəti
ilə onilliklərdir
ki, olduğu kimi görünən, göründüyü
kimi olan, ziyalılıq missiyasını
şərəflə yerinə
yetirən, xalq tərəfindən etiraf edilən, sənət dünyası ilə əməli üst-üstə
düşən xoşbəxt
taleli yazıçıdır.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 8.