Mirabo körpüsü

 

 

Fransız poeziyasının "məhəbbət şairi" Pol Verlen hesab olunurdu. 1912-ci ilin fevralına qədər. Məhz bu tarixdə Qiyom Apolliner "Mirabo körpüsü"nü çap etdirdi Verlenin "adını" əlindən aldı. Bəlkə Apolliner hər dəfə Mirabo körpüsündən keçəndə məhz Verlenin şeirlərini xatırlayırdı?! Amma burası dəqiqdir ki, Apolliner şeirinin özündən daha məşhur olacağını təxmin etmirdi. Çünki bu gün "Mirabo körpüsü"nün adını eşitməyən ədəbiyyat sevdalısı az tapılar. Apollineri tanımasalar belə.

 

Bu tərcümə dünyanın ən məşhur məhəbbət şeirlərindən olan "Mirabo körpüsü"nü Anardan Cavanşir Yusiflidən sonra dilimizdə üçüncü dəfə səsləndirmək cəhdidir. yəqin ki, axırıncı deyil...

 

 

 

Mirabo körpüsü

Sena axar Mirabonun altından

Sevgimiz eləcə.

Mən bunu da bilirəm ki, hər zaman

Sevinc gəlir əzabların ardından.

 

 Gecə düşər, saatlar çalar həmən,

Zaman keçər, yerimdə qalaram mən.

 

 Nəzərlərim gözlərində dayanar,

Əllərin əllərimdə.

Qollarımız təbii körpü qurar,

Axıb gedər yorğun-arğın dalğalar.

 

Gecə düşər, saatlar çalar həmən,

Zaman keçər, yerimdə qalaram mən.

Sevgimiz axıb gedər bu çayla

Həyat kimi səssizcə.

Ümid mənim qabağımda olsa da,

Uzadaram əllərim çatmaz ona.

 

 Gecə düşər, saatlar çalar həmən,

Zaman keçər, yerimdə qalaram mən.

 

 Günlər həftələr keçər durmadan

İzsiz-tozsuz sovrular.

qayıdar sevgi, ötər zaman,

Sena axar Mirabonun altından.

 

 Gecə düşər, saatlar çalar həmən,

Zaman keçər, yerimdə qalaram mən.

 

 

Qiyom Apolliner

Tərcümə etdi: Həmid PİRİYEV

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 7.