Zənginliyin
mənbəyi
Təsəvvür edin, bir dəyəri təmsil edən heç nə olmasa da, o, insanlar üçün var və eyni əhəmiyyətə malikdir. Aristotel "Metafizika" əsərinə "Bütün insanlar öz təbiətinə görə bilmək istəyər" deyə başlayır. Mən bu cümləni bir az dəyişib "Bütün insanlar təbiətlərinə görə yaxşı yaşamaq istəyər" kimi deyərdim.
Yaxşı yaşamaq ilk olaraq yaxşı maddiyyat tələb edir. Tarix boyu insanlar bu yaxşı yaşamı əldə etmək üçün fərqli həyat təcrübələrindən keçiblər. Keçmişə nisbətdə indi varlı ilə kasıb arasında uçurum hər keçən gün böyüyür. Bu qopma sadəcə maddi tərəfdən deyil, mədəniyyət, dünyagörüşü tərəfdən də özünü büruzə verir. Modernizmin bütün uğurlarına rəğmən, həyatını boşa keçirdiyini düşünən insanların sayı həmişəkindən çox görsənir. Gündəlik həyatın təzyiqləri zehni o qədər məşğul edir ki, təsadüfi söhbətlərdə yaşamaq sənətinin daha fundamental problemləri nəzərdən qaçırılır. Daha vacib olan çox vaxt daha az müzakirə olunan olur.
Zənginlik, var-dövlət dedikdə bilirəm, çoxunuzun ağlına maddiyyat gəlir, lakin məsələyə baxış bucağım bununla kifayətlənmir. Hər kəs bir axtarış içindədir, bəziləri nə axtardığının fərqində belə deyil. Maddiyyat önəmlidi, çünkü əksər hallarda yaxşı yerlərə gəlmək üçün sevilib, sayılan hörmət edilən bir şəxs olmağın yolu bundan keçir. Bu dövrə kimi yoxsul olmaq bir çox mədəniyyətdə ailəsi olmayan biri olmaq mənasına gəlirdi. İnsanlar yaşam xüsusiyyətləri olaraq digər canlılar kimi ortaq funksiyalara sahibdirlər, qəribədir ki, bu insanların tək-tək fərd olaraq heç birinin iç dünyası bütünüylə eyni deyil. İnsanın ürəyi qəribə arzularla dolub daşır, bunlar dayanmadan yenilənir, insan bir arzudan digərinə keçməyə vaxt tapmadan ikisinin arasında sıxışıb qalır. Pul kəşf olunandan bəri heç vaxt insan övladının gözünü doyuracaq qədər olmadı.
İnsanların xeyirxah, bir-birlərinə faydalı olması üçün nə lazımdır? Adam Smit burada dindarlığın böyük rolunun olacağını, insanların Tanrının xeyirxah olduğunu dərk edib onu özlərinə modeli qəbul etmələrini ümid edirdi. Yaşadığımız bu günlərə diqqətlə nəzər salsaq varlı insanların yaxşı həyat yaşadıqları illüziyasına düşən xeyli insanla qarşılaşarıq. Onlara görə maddi üstünlükləri olan insanlar doğru həyatı, fəziləti tapıblar. Bir çox insan bu həyatı qazanmaq üçün yaşamında ən dəyərli olanı itirir, bəziləri buna nail olmur, bəziləri olur, olanlar zamanla zənginliyin bu olmadığının acı həqiqətiylə öz varoluşunda hesablaşır. Həyat bu qədər bəsit ola bilərmi? Bahalı həyat - lüks əşyalar, avtomobillər, bahalı məkanlar, əylənmək, gün gəlir, həzzini itirir. Əgər bununla kifayətlənəcək qədər həyatdan qopmamış bir fərdsənsə, eynilik zamanla can sıxıntısına səbəb olur. Bundan xilas olmaq üçün dünyəvi həzzlərdə çarə axtarmaq səni təkrar-təkrar eyni yerə gətirib çıxaracaq, bir növ paradoks halını alacaq bu döngə. Tarixdə ilk ekonomiya kitabının müəllifi Ksenefon "İnsana yaxşı həyat vermədikcə pul dəyərsizdir" deyirdi. Varlı olmaq demək pul ilə olduğu qədər, həyatla da nə edəcəyini bilmək deməkdir, yalnız pul qazanmaq deyil. Bunun tarixdə ən məşhur misallarından Haimabati Seni (1866-1933) və Andrey Karnegini (1835-1919) göstərə bilərəm.
Biri aclığın astanasında ikən, digəri bütün dövrlərin ən zəngin insanlarından biri idi. Hansının zənginliyin mənbəyini tapdığını soruşsanız qətiyyən Andrey Karnegi deməzdim. Zəngin cəmiyyət olmağın yazılmamış təməl qanunları olduğuna inanıram. Burada yenə bütünün parça ilə əlaqəsinin önəmini dilə gətirməliyəm. Zənginlik miras şəklində insana qalmır. Mədəniyyəti istənilən səviyyədə olmayan toplumlarda fərdlər zənginliyin nə olduğunu heç vaxt anlamır, nəinki zənginliyin mənbəyini. Zənginlik, məclislərdə varlının daim haqlı olmamasıdır. Zənginlik, insanları görünüşü və ya maddiyyatına görə dəyərləndirməməkdir. Zənginlik, bizlərə verilən dəyər yox, özümüzün-özümüzə verdiyimiz dəyərdir, çünkü başqalarının verdiyi şey daim geri alına bilər.
Zənginlik bir az da mədəniyyətdir. Mədəniyyət varlı təbəqənin yaratdığı bir şey deyil qətiyyən. Düşüncə qabiliyyətini inkişaf etdirmək üçün dəyərli insanları oxumaq, oxuduqdan sonra onları doğrusu-yanlışı ilə dəyərləndirə bilmə qabiliyyətidir zənginlik. Zənginlik mübarizə əzmidir. Güclü insanlar da əksər hallarda kasıblar qədər acdır: təqdir olunmağa, alqışlanmağa və inandırıcı bir heyranlığa; pulun yoxluğu qədər böyük problem yaradan aclıqdır bu. Ucuz və keyfiyyətsiz şəxsi inkişaf kitablarındakı "özünü sev" şablonları vermir bu mənbəni sizə. Zindanda olan Boetsiyə qadın cismində görünən fəlsəfənin dedikləri tam da buna bənzəyirdi. O dövrün insanı xoşbəxtliyin mənbəyini axtarırdısa, yaşadığımız dövrün insanı bununla kifayətlənmir.
İbrahim AZİZ
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 12.