Burağan
İşıq tut ağacının altında oturmuşdu. Kürəyini də ağacın gövdəsinə
söykəmişdi. Başının
üstündəki yarpaqlar
yelpik olub onu sərinlədirdilər.
Üçrəng pişik
də böyründə
qıvrılıb xumarlanırdı.
İşıq bu gün həmişəkindən
sevincli idi. Anası onu çox tərifləmişdi.
O, anasına irçəl
bişirməyə yaxşıca
kömək etmişdi.
Birlikdə şipşirin
bir gün keçirmişdilər. İndi o, yorulub lap əldən düşmüşdü.
İşıq tut çətirinin altında
yenicə mürgü
döyməyə başlamışdı
ki, yarpaqların qəfil
xışıltısına oyandı. Gözlərini açıb yerindən tərpənmədən diqqətlə
ətrafı müşahidə
etməyə başladı.
Düz qabağında
yaranan burağanın
özüylə birgə
iki dənə qurumuş yarpağı süpürüb göyə
sovurduğunu gördü.
İşığın bundan
çox xoşu gəldi. O istədi ki, yenə belə bir səhnə olsun. Ancaq pişiyin
gözləri qorxudan böyümüşdü. Ana təbiət
elə bil İşığın ürəyini
oxudu. Bir az ara verən sakitlikdən sonra sürətli külək
daha güclü burağan yaratdı. Pişik caynaqlarını
ağacın cadar gövdəsinə keçirib
onu qucaqladı. Elə bil göy
üzündən xortuma
bənzər bir qara bulud ağzını
yer üzünə dirədi və ağaclardakı bütün
yarpaqları göyə
sovurdu. Külək elə sürətlə və hay-küylə əsirdi ki, ağaclar acıqlarından başlarını
yelləyirdilər. Tutun
budaqlarındakı meyvələr
tappıltı ilə
yerə tökülürdü.
İşıq bilmirdi
ki, hansı birini tutub saxlasın, qırmızı ətəyini
açıb ora-bura qaçırdı. Tutlar onun başına, üzünə, kürəyinə
hər yerinə tökülürdü. Küləyin
sürətinə gücü
çatmayan İşığın
qanı qaraldı. Həm də artıq onun ayaqları sözə baxmırdı. Küləyə
qoşulub qaçırdılar.
İşıq iki əlini ən yaxın budaqdan tutub müvazinətini saxlamaq istədi, ancaq burağan altdan yuxarı hər şeyi necə sovurdusa, uşağın pəncələri
torpaqdan ayrıldı,
o sağa-sola yelləndi.
Qasırğa bir az da hirsləndi, uşağın yapışdığı
budağı möhkəm-möhkəm
silkələməyə başladı.
İşıq isə acıqla
qışqırdı:
- Qorxmuram səndən, nə qədər istəyirsən coş, burul, mənim tutduğum budaq səndən güclüdür.
Bunu eşidən qasırğa
kükrəyib ağacı
kökündən tərpətdi.
Ancaq ağac təmkinini pozmadı. O, İşığın qulağına
əyilib pıçıldadı:
- Pəncəni köklərimin
üstündən ayırma.
Onda qasırğanın
bizə gücü çatmaz. Balaca qızarmış barmaqlarıyla
budaqdan yapışan İşıq var gücüylə
ayaqlarını yerə
toxundurdu, ağacın
kökünə qüvvət
gəldi. Külək
hər şeyi anlamışdı, o sürətini
azaltdı. Qasırğa
isə yalnız özüylə yığdığı
çör-çöpü apara bildi. Pişik
yerə endi, yenə ağacın dibində xumarlanmağa başladı.
Ağac
İşığa dedi:
- Sağ ol ki, məni qoyub getmədin, köklərimi
balaca pəncələrinlə
qorudun.
Çinarın suyu
Dünyanın düz olmayan, suların buz olmayan vaxtı idi. Bizim Yer
kürəsinin qabarıq
köksündə şahid
dağlar lal-dinməz
dayanmışdılar. Sanki uzaqdan gəlib çıxmaq bilməyən
qonaqlarını gözləyirdilər.
Bu dağlar onlara söykənib dincələn
yolçulara gördüklərini
nağıl edirdilər.
Bu əhvalatlardan birini
onların dilindən mən də eşitmişəm:
Böyük Qafqaz dağlarından
süd əmən ulu
çinar enli yarpaqlarını kəndə
çətir tutmuşdu.
Bu kəndin adamları
çox mehriban idilər: tanımadıqları
adamları yolda görsələr, - xoş
gəlmisiniz, bir loxma çörəyimizdən
kəsin, - deyərdilər,
yolda uşaq yıxılsa, onu evə aparar, könlünü alana qədər buraxmazdılar,
kim təndirə çörək yapsa, qonşusunu unutmazdı... Kəndin camaatı ulu çinarı
da çox sevirdi. O qədər çox ki,
and içəndə - "Çinar haqqı" - deyirdilər, söz verib, əhd-peyman bağlayanda ağacın altına gedirdilər.
Bu yurdun cavanları tez-tez dağa oduna gedərdilər. Onların arasında ən güclüsü Fərman adlı enlikürək bir pəhləvan idi. Onun yaraşığı,
qədd-qaməti dillərə
dastan idi. Üstəlik,
bu cavan yaxşılığını da bir kimsədən əsirgəməzdi, vəfada,
sədaqətdə tayı-bərabəri
yox idi. Anası həmişə onu əzizləyəndə
"Dağçiyinlim" deyərdi.
Bir dəfə cavanlar səhər tezdən Fərmanı da götürüb
oduna gedirlər. Yaraqları çiyinlərindən
aşırıb, zirvəyə
sarı qalxırlar. Dağın sıx meşəliyinə çatanda
yorulan cavanlar çinarın kölgəliyində
otururlar, altından qaynayan soyuq suyundan içib, sərinləyirlər. Bir az
zarafatlaşandan sonra dostları Fərmana deyirlər ki, bu ağacın ən yoğun budağını
kəsə bilsə, pəhləvan ləqəbi
ona halaldır. Oğlan başını qaldırıb, qonur gözlərini qıyıb
əzəmətli ağacın
asimanı dəlib keçən ən uca budağına baxır. Ağacın zəhmi onu tutur, birdən qolları boşalır. Baltanı yerə qoyub fikrə gedir. - Onun güclü
budaqlarına sənin
tərifli qollarının
gücü çatmaz,
ay pəhləvan! - deyib
dostları gülüşürlər.
Oğlan onun pəhləvanlığına söz
deyən dostlarına dərs vermək istəyir. O, baltanı əlinə alıb bir zərbədə ağacın köksündəki
ən yoğun qolunu gövdəsindən
ayırır. Bu zaman meşəni
qəribə bir səs bürüyür, quşlar səmada qiyyə çəkirlər.
Hər yer yarpaq selinə bürünür. Pəhləvanın
cansız bədənini
görən dostlar heyrətlə və təlaşla qaçırlar.
Gün qızarır, saralır, yenidən qızarır, amma dağçiyinli oğul evə qayıtmır. Ana balasının
dalınca başyuxarı
qalxır. Fəhmi onu çinarın yanına gətirir. Qara yoğun budağın altında oğlunun yana düşmüş ağ
boynunu görən ananın bəyaz kələğayısı süzülüb
qara torpağa düşür, yaxınlaşıb
diz çökür,
balasının alnına
tökülmüş qumral
tellərini oxşayır,
elə bir dil deyir ki, bu
hadisəyə şahid
olan dağlar yerindəcə quruyur. Bütün kənd dağdan gələn aha qulaq verir: "Bu Fərmanın anasının
səsidir, hə, odur, qalxın dağa... dağa sarı, ay camaat...
Ana başını qaldırıb
diqqətlə dövrəsində
yaranan qələbəliyə
baxır, sonra üzünü çinara
tutur: "Ulu Çinar,
anam Çinar, bu mismarı sənə çaxıram,
sənə və balama bais olanları
cəzasız, qoyma!"
Çinar bu hadisədən
o qədər qəmlənir
ki, altından qaynayan soyuq bulaq da quruyur. Nəsillər düşmən olur. Kənddə hamı bir-birindən küsür,
ağaclar çətirlərini
yığır, daha kölgə salmırlar. Yoldan keçən yolçulara heç kim salam vermir,
yıxılanı qaldırmırlar.
Günlərin bir günü,
saçlarının sonuncu
teli ağaranda ana ağacın yanına gəlir, onun cadar gövdəsinə qabar olmuş əlləriylə sığal
çəkir, mismarı
tapıb çıxarır
və alqış edir: "Hər kəsi bağışlayıram,
sən də bağışla, çətirini
yenə aç kəndin üstünə,
bulağın gözünü
qaynat, ulu çinar..."
Bu hadisədən sonra gecə vaxtı dağdan buzayaqlı bir adam enir
kəndə. O, iki dəfə ayağını
ağacın dibinə
vurur. Həmin yerdən bulaq qaynamağa başlayır.
Sonra o adam dağlara çəkilir, çinarın
suyu isə indi də buz
kimi soyuqdur, bütün azarlılara şəfadır.
Fillərin salamı
Bayram ərəfəsində Bakıya
xaricdən yeni sirk truppası gəlmişdi.
Ayçilin valideynləri
bu tamaşaya bilet almışdılar. Qız sevinirdi ki, vətənində olmayan heyvanları canlı görəcək. Reklamlarda
da eşitmişdi ki, bu
möhtəşəm səfərdə
hamı iştirak edəcək - ta xortumludan
tutmuş hörgüclüyə
qədər.
Sirkin qabağında şirin-şəkər
uşaqlar və onların həyəcanlı
valideynləri teatrın
qapısının açılmasını
gözləyirdilər. İnsanlar
bir az tez
gəlmişdilər ki, yolda
tıxaca düşüb
tamaşaya gecikməsinlər,
nəhayət, qırmızı-qara
formalı şəxs
çöhrəsində böyük
gülüşlə sirkin
qapılarını açdı.
Ayçilin valideynləri yuxarıya -
amfiteatr quruluşunda olan zala qalxıb
nömrələnmiş oturacaqlarını
tapdılar. İki min
dörd yüz oturacağı olan zal, demək olar ki, dolmuşdu. Sirk başladı. Burunlarına
qırmızı topcuqlar
taxmış klounlar adamları bir az əyləndirib getdilər və at oynadanlar gəldilər. Ağ donlu, şəvə saçlı
bir qız yəhərsiz atın üstündə ayaq üstə dayanmışdı.
Birdən o əzələləri
parıldayan köhlən
atın üzərində
sürətlə meydançanı
dövrə vurmağa
başladı. Artist hər
dəfə Ayçilin
qarşısından keçəndə
o, elə bilirdi ki, qız indi təpəsi
üstə aşacaq.
Həyəcanlanan Ayçil
sanki tikan üstdə oturmuşdu, ancaq bu artistin
üzündəki sakit
təbəssüm, həyəcansız
ifadəni görəndən
sonra o, bir az sakitləşdi. Qız isə cürbəcür akrobatik
hərəkətlər edərək
qıvraq atın yəhərsiz belində
gah atılıb-düşür, gah da əllərini açıb
dimdik dayanırdı.
Sonra o elə atın üstündəcə tamaşaçılara
əl edərək zalı tərk etdi. Və budur,
Ayçilin ən sevdiyi heyvanlar - fillər ağır-ağır
dairəvi meydana təşrif buyurdular. Qədim ərəb şeyxlərini xatırladan
başı çalmalı
artistlər Şərq
simfoniyasının sədaları
altında zalın çevrəsini fillərlə
birgə fırlanmağa
başladılar. Sonra boyunlarına
gül çələngləri
asılmış bu fillər oturanları salamlaladılar; onlar centlmenlər kimi bir dizlərini yerə qoyub baş əydilər və xortumlarını yuxarı qaldırdılar.
Bu hərəkəti artistlərin
göstərişilə fırlanaraq
bir neçə dəfə təkrarladılar.
Zaldan alqış səsləri qopdu. Ancaq anası Ayçilə tərəf
çevriləndə onun
baxışlarının donduğunu
gördü. Ana belə
baxışları həyatın
hansısa dərin bir epizodundan heyrətlənən böyük
insanlarda görmüşdü.
O, narahat oldu və
qızına dedi:
- Qızım, fillər səni salamlayır.
Ayçil fikrə getmişdi,
susurdu...
Tamaşa
bitdi, ana yolboyu qızının kədərli
üzünə baxırdı,
ancaq heç nə demirdi. Axşam Ayçilin otağına keçib, ondan niyə kefinin olmadığını
soruşdu:
- Ana, mən böyüyəndə
sirkləri qadağan edəcəyəm.
- Niyə, günəş qızım?
- Sən görmədin? Sahibləri fillərin ayaqlarından nazik kəndirlə vururdular ki,
onlar baş əyib bizi salamlasınlar. Dünyada kiməsə belə salamlaşmaq öyrətmək
olmaz, ana.
Ana incinmiş qızının
biləklərindən öpdü:
- Bu
dünyanı sənin kimi
uşaqlar xilas edəcəklər.
Nurlana İŞIQ
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 15.