Vaqif Səmədoğlunu yaşamaq
"Teleqram" sözündə
həm nigaranlıq
var, həm xatircəmlik.
Qəfil və gözlənilən anlamı
ilə kommunikasiyanın
iki ovqatı ifadə edən bu forması gedənlə qalanlar, keçmişlə bu gün arasındakı körpüdən soraq verir həm də; gedibsə, əvvəl burdaydı, tanış deyilsə də maraqlıdır, həm - nişanı ilə gözlədiyimizi xatırladacaqmı görən?
Vaqif Səmədoğlunun Xəbəri
də teleqram effektində oldu; qəfil və gözlənilən. İlk şeir
kitabı "Yoldan teleqram"ın rezonansı
kimi.
"Yoldan teleqram" gələndə ideoloji ştampda millilik anlayışını ən
ümumi halda əyalət koloriti kimi qavrama güclü
idi. Səməd Vurğunun gedişindən
12 il sonra gələn
bu "teleqram" və ədəbiyyatın
"astronomik tsikli"nin
tamamlanması zamanın
həqiqətləri ilə
bağlı konseptual baxışı fərqli
olan bir şairi təqdim etdi. "Vaqif seçməkdən daha çox mənalandırmağa
səy edir. Aləmə özünə
məxsus görüş
bucağı altından
baxmağa, yeni xüsusiyyətlər,
yeni cəhətlər kəşf
etməyə çalışır.
Bax, elə bu bucaq altında
da onun öz fərdi üslubu yaranır" (İntiqam Qasımzadə. "Yoldan
teleqram" 1968). Ənənə
və müasirlik adı altında fikir qütbləşməsinə
meyilli düşüncə
daşıyıcılarının arşını da hazır
idi: görəsən,
bu "teleqram" Səməd Vurğunun Yolundan vurulubmu? Əlbəttə, qınanılası
da deyildi; günü bu gün də
Səməd Vurğun
şeiri azərbaycançılıq
ruhunun ifadəsi kimi qəbul edilir, bu gün
də onun bostanına atılan daşlar xalqın heysiyyət damarına toxunur. Və kimsə düşünürsə
ki, Səməd Vurğunun
yaradıcılığı məhəlli düşüncənin
ifadəçisidir, şübhəsiz,
yanılır. Çünki
Səməd Vurğunun
böyüklüyü, bütün
böyük fikir adamları kimi, öz xalqının milli xarakterini, mənəviyyatını
ifadə etməklə,
onu bütövlükdə
bəşər mədəniyyətinin
ayrılmaz hissəsinə
çevirə bilməsindədir.
Bu mənada Səməd
Vurğunu qapanmış
səhifə kimi təqdim etmək cəhdlərinə ən
yaxşı cavab Vaqif Səmədoğlu yaradıcılığıdır. İntellekt, təcrübi
bilik və fitri istedadın zəki və zərif zövqlə uzlaşması ilə bir mədəniyyət hadisəsi olan Vaqif Səmədoğlu yaradıcılığı, birmənalı
şəkildə ehkamçılığa
yad idi.
Yaradıcılıq dediyin keyfiyyətcə yeni sərvət
yaratma deyilmi və burada təxəyyül, təcrübə,
bacarıqdan başqa,
ictimai münasibətlər
amilinin fərqli biçimi necə unudula bilər?! .
Bu gecə bir də
oxudum məktublarını,
Dünyanı, İnsanları, Vətənini
sənin
qədər sevən bir adamın məktublarını
Qələmin möhkəm,
dilin duzlu,
ürəyin nigarançılıqla dolu...
Səndən qalan nə varsa:
ümidlər,
insanlara inam, dosta sədaqət,
Hər vergülünün, nöqtəsinin
keşiyində dayandığın
ana dilimiz,
Bu var-dövlət
çatar bizə də,
nəvələrinə də,
onlardan sonra gələnlərə
də,
Arxayın ol hər şeydən!..
V.Səmədoğlu. "Atamın məktublarına cavab"
İdeya, İradə, Xeyir, Hərəkət, İşıq
və Harmoniya. Və bütün bunların cəmi - Həqiqət. Bu metaforik zəmində onların üçü də - ata və oğullar
- birlikdə genetik varisliyin sadə, aydın təcəssümüdür.
Ümumən bu üçlüyün yaradıcı
ömrü parlaq polifonizmi ilə bədii və estetik fəaliyyətin fəlsəfəsini ifadə
etmək nümunəsidir.
Əlbəttə, başqa
cür düşünənlər
də var, nə etməli?! "Dünyanın
gərdişi elə bundan ibarətdir: inanan inanır, inanmayan inanmır!" (Yusif Səmədoğlu). Və bu üçlük
"gərdişi-dövranın" hər dönəmində
"ömür elə
qısadır ki..." təəssüfünü
o qədər tez-tez,
o qədər çeşidli
halətlərdə xatırladır
ki, ömrün yetmişbeşinə
az qala qəhrəmanlıq,
möcüzə kimi baxmaqdan başqa əlacın qalmır.
Hara çıxıb
gedə billəm
Bu sürətlə, bu cürətlə?
İzin
ver, yalan danışım,
Sıxılmışam həqiqətlə...
Onun yetmişbeşi "şükürlük"
deyildi, heç deyildi... amma həm də o qədər şükürlüydü
ki... Onu şükürlük
eləyən 63 yaşın
Əcəldən möhlət istədim,
Möhlətini əsirgədi - (Yusif
Səmədoğlu, "Qətl
günü") yaxıcı
təəssüfüydü, onu şükürlük eləyən 50 yaşın
Heç
yana, heç yerə mən tələsmirəm - (Səməd
Vurğun)
- deyən həyat eşqinə məhəl qoymamış əcəlin
amansız laqeydliyidi...
və Vaqif Səmədoğlu:
Anladı
belə
nəhəng şeylər
içində
Ümidin
necə gərək
olduğunu...
Vaqif Səmədoğlu Yetmişə
yetməmiş ömürlərin
əvəzinə də
Azərbaycan səhnəsində
ümidin, sevginin son monoloqunu söyləyirdi.
Dalamır indi məni
Artıq
illərin
Başyuxarı axarı,
Və ömrün üzüqoylu
axırı!
Bilirəm,
Yer üzündə bütün
izlər
Ömürdən gedir...
Mənsə gah həyata,
Gah ölümə səbəb
gəzirəm.
Yaşayıram, dözürəm...
Hələ də başa düşə bilmirəm
ki, Vaqif Səmədoğlunun
75 illik yubileyində Şuşaya gələn yolları, Şuşadan gedən yolları niyə düşünürdüm?.. Şuşaya möhtəşəm dönüşümüzün
zəfər yollarını
niyə düşünürdüm.
Yolların zamanını
dəyişəcək İnsanları
niyə düşünürdüm?.. Niyə Şuşa
yolunun Məkkə yolu kimi ağırlığını
və müqəddəsliyini
azərbaycanlılar üçün
iki dünya sınağı kimi düşünürdüm?.. Səhnədə həyata, qadına, insana sevgisini paylaşan şairi dinləyə-dinləyə onu
da düşünürdüm ki, Vaqif Səmədoğlu - atası Səməd Vurğun kimi, qardaşı Yusif Səmədoğlu kimi - Azərbaycan mədəniyyətinin
canlı klassiki ola bilmiş bu nadir istedad da, seçilmiş Şuşamız kimi, Seçilmiş Tale yaşayır.
Və onda mən bu dördlüyü
bir də heç vaxt ayrılıqda düşünə
bilməyəcəyimi başa
düşdüm.
Səməd Vurğun:
Şuşa bir Günəşdi,
Şuşa bir Aydı,
Parisə
bənzərdi dağılmasaydı
- misraları ilə, Vaqif Səmədoğlu:
Hansı
rənglə çəkəcəklər
xəritələrdə ölkəmi? - sualı ilə
"Kassandra sindromu" anlayışını
mənfi çalardan xilasının böyük
istedadın sayəsində
mümkünlüyünü təsdiq edir.
Sual təkcə inamsızlıqdan,
şübhədən doğmur,
təxəyyül üfüqlərinin
ölçüsü də
deyil, sual, həm də dəyişmək zərurətinin
bəlirtisidir, nə isə fərqli, bir az başqa...
Vərdiş etdiyin, adətkərdə olduğun
düşüncənin alt-üst edilməsilə
"gördüyümüzdən artıq görmək istəyi"nə (Rəsul
Rza) yoluxdurmaqdır. Bədii suallar bəzən patetika, pafos, şablon, stereotip yozum tələskənliyinə tuş
gəlsə də, əslində, köməksiz
zamanın, qapıdan,
özündən, yaddan
çıxıb gedən
dostların qoyub getdiyi məğlub kədərin qorxuqarışıq
ümidsizliyini həyatın
gözəlliyi ilə
ovutmaqdır. Səməd
Vurğunun "Qalib gələcəkmi cahanda kamal?" sualından yola çıxan Yusif Səmədoğlu
"Görəsən bu
dünyada çörəyi
halal adamların diyarı
hardadır?" labirintinə
saldı yaddaşı.
Vaqif bu labirintdə çaşbaş
qalıb qəribsədi:
Qağayı, axtar məni,
Bu yerdən apar məni...
İçim qara gecədir,
səkisiz dar küçədir.
qağayı, dəniz üstdə,
Söylə, saat neçədir?
Vaqif Səmədoğlu Cavabı
çox gözləməli
(və gözlətməli!)
oldu... Uzun bir ayrılıqdan sonra bu cavabsızlığın
sükutunu silkələdi:
Eşidirsənmi?.. Mən burdayam...
Sözlərin Allaha, bir də Qadına deyilməkçün yarandığını
pıçıldayan heykələ
dönmüş Gözləri
oxuyanacan Vaqif az qala bütün
sualları verdi; əyri yoldan, yetim dalandan, tək vələsdən,
uzaq səsdən, yaxın kölgədən
soruşdu, ötən
atlıdan, ağacdan,
küləkdən, birlikdən
və təklikdən,
ruhdan, Allahdan... soruşdu. Bu tərs sualların cavabını
gözləyə-gözləyə mehriban ayrılıqların,
yanan yağışların,
yerdən göyə yağan qarın altında əriyən tənhalığın şəklini
- dadını qorxuların
yaddaşına yazdı.
Yaddaşda susuzluq yatıran bir şey görməyəndə
Səsini xatırladı:
Milyon insan səhrasında
Yalqızlıqdan dona-dona
Günəşlə aram soyuyur
Səsim
hardadır, ay ana?
Təkcə naqolay sualları
deyildi onu "yad"
göstərən. Vaqif
Səmədoğlu şeirinin
intonasiyası epiqon - birtipli ənənənin
"ekzotik milliliyin"
intonasiyasını diksindirdi.
Çörək pulu tutdu
Ayın-günün qabağını.
Qara gün gəldi.
Vaqif heç bir halda ənənəni qovmurdu, keçilmiş yolu rədd etmirdi, ənənə ilə köhnənin fərqini - eyniliyini kəsən nöqtəni
görə bilirdi:
Keçmişə
əlvida demək olmaz,
gələcəklə
vidalaşa bilər insan ancaq.
Onun keçmişə və gələcəyə baxışı
o qədər aydın,
rahat idi ki, Rəsul Rza demiş, "nadan yüz yol oxusa,
anlamazdı".
Bizdən
qorxmayın, yox,
Qorxun bizdən sonra gələnlərdən...
Bir kəs bilmir niyə, nəylə,
Hansı
niyyətlə gəlir
onlar.
Bir kəsin də ağlına gələ bilməz
Haradan çıxacaqlar
Bizdən
sonra gələnlər...
Nəğmələri necə, nəğmələrinin sözü
necə,
Nədən olacaq?
Öldürməyəmi gələcəklər
ancaq,
Yoxsa
Nəsə deyəcəklər sizə
Başınız üstə
Qılınc qaldırmaqdan qabaq?
Qorxun,
Qorxun bizdən sonra gələnlərdən...
Vaqif Səmədoğlu bütün
gerçək və böyük istedadlar kimi, şair obrazı yaratmaq haqqında düşünmədi,
Vaqif Səmədoğlu
Obraz oldu. Vaqif Mustafazadə muğamla cazın təfsirində yeni bir səhifə açdığı
kimi, Vaqif Səmədoğlu şeirin
"caz və saz" təfsirini yaratmaqla milliliyin mahiyyətinə endi -
milli-mənəvi varlığın
ümumbəşəri ifadəsini
verməklə yanaşı,
milliliyin həm də ciddi sosioloji
problemlərin daşıyıcısı
olduğunu bir daha təsdiq etdi.
Sən
ki neçə dildə
eşitmişdin
Azadlıq sözünü.
Sən
ki seçə bilirdin
Dünyanın əyrisini, düzünü.
Sən
ki oxumuşdun,
ümidin
göz yaşını,
Dəsmal
kimi silməkçün
yazılmış şeirləri.
Sən
ki
Dünyanın neçə pəncərəsindən
görmüşdün səhəri...
Vaqif Səmədoğlu həmişə
ürəyini Səməd
Vurğunun - azadlığı
boğulan zəncinin qəzəbindən dümağ
olmasını görüb-yaşamış
atasının - xatirəsinə
söykəyib üşüyən
azadlığı sığalladı:
Yad ellərin qarı yağır,
Nə vaxtdır elimizə.
Vaqif Səmədoğlunun sualları
passiv romantik şair düşüncəsində
ilişib qalmırdı,
60-cı illərin sonunda
ittiham ladında Birləşmiş Millətlər
Təşkilatına tuşlanırdı,
Vyetnam dərdinə diqqət çəkməklə,
ikiyə bölünmüş
vətən ağrısının
tanış qəmli ağrısına resept yazırdı.
Vətən şirin şeydir,
şirindir, talan olsa da...
Amma ikiqat şirindir
İkiyə bölünmüş Vətən!
...Onda ikiqat cəsarətdən,
vaxtında silaha dönə
biləcək qeyrətdən
asılıdır onun taleyi.
Vaqif Səmədoğlu Vətən
dərdini İnsan ümidinin özü bilirdi. Vaqif Səmədoğlu heç
vaxt Vətənə tribunalardan, rəyasətdən
sevgi söyləmədi.
Vaqif Səmədoğlu
Vətəni yaşadı
- sevgi kimi yaşadı, bütöv
yaşadı. Vaqif Səmədoğlu ölümə,
həyata, cəmiyyətə,
hakimiyyətə... müxalifət
mədəniyyəti - birlik
nümunəsi yaşamağa
və yaşamağı
öyrətməyə gəlmişdi...
Məndən uzaq gəzməyin,
bir-birinizdən də.
Tək qoymayın məni
bir-birinizi də.
Vaqif Səmədoğlu hansı
janrda, nə yazdısa, insanları sevgiyə öyrətməkçün
yazdı. Yazdıqları
ilə Janr ola bildi. O, şeiri kimsədən öyrənmədi;
o, Sözdən doğulmuşdu.
Mənə şeir yazmaq öyrət,
öyrət, canavar izi...
Bilinsin
ki, hardan gəlib,
Hara gedir sözlərim.
Yaşamağa,
Torpaqda sənin kimi qalmağa
Haqqı
olsun şeirlərimin,
Olsun, canavar izi.
Vaqif Səmədoğlu insanı
rəng kimi, səs kimi, söz kimi görə
bilməyə öyrədirdi
oxucusunu. Onun yaradıcılığının rəngi qarışıq
rəng olan bənövşəyiyə daha
yaxındır. Bu rəngdə
üç xalis rəngdən ikisi - qırmızı və göy iştirak etsə də, qırmızı kimi isti deyil, onun
kimi imtinaya meyillidir, daxili enerjinin sərbəstliyini
ifadə edir, göy rəng kimi, qaranlıq üzərində işığın
qələbəsini təmsil
edir. Bənövşəyidə
həm də sarı rəng var - göylə qırmızının
arasında mövqe; bir az bədbin,
bir az yorğun...
Vaqif Səmədoğlu
yaradıcılığı bənzədiyi bənövşəyi
rəng kimi - sintezdir. Dövr, tərz, mədəniyyətlərin
müqayisəsinə səsləyən
əlahiddə təqdimat
nümunəsidir. Hansısa
bir zamandan, hansısa bir düşüncə mədəniyyətindən
gəlmiş, yaxud qopub ayrılmış bir meteoru xatırladır.
Poetik sintaksisi son dərəcə dramaturji,
son dərəcə kübar,
son dərəcə bəşəri...
Həmişə maraqlı
olacaq, ünsiyyətə
səsləyəcək.
Vaqif Səmədoğlunu yad etmək
sözü artıq görünür.
Vaqif Səmədoğlunu oxumaq
da gərək deyil,
Vaqif Səmədoğlunu öyrənmək
gərək deyil,
Vaqif Səmədoğluya heyran
olmaq da yetmir.
Vaqif Səmədoğlunu sadəcə,
yaşamaq gərək.
Başqa
yol qoymur axı...
Birdən
çaşıb
Məktub
yazmaq istəsən mənə
Belə
yaz
Üstünü məktubun:
"Moskva
K9
Do vestrebovaniya.
Samomu nesçastnomu"
Dar teleqraf pəncərəsindən
Neçə insan əli
Uzanacaq məktubuna.
İtəcək əlimin tənhalığı
əllər içində...
Südabə Ağabalayeva
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 14-15.