Ağrıya elegiya
“İlğımda
çimən atlar”
"Öz eli, öz
xaqanı olan xalq idim, elim
hanı, xaqanım hanı?"
Orxon yazılarından
Min illərdi hissləri vəsf edirik. Sevinc, kədər, sevgi, nifrət, qəzəb... Elə bil ağrı
hissini unutmuşuq. O hissi ki, itirəndə yerdə daha heç nə qalmır.
...Mən dünyadan qopub Miroqrad adlı qapalı bir şəhərə düşmüşdüm. Səssizliyin
qulaq batırdığı,
sarı rəngin at oynatdığı, xatirələrin
unudulduğu bu müəmmalı şəhərdə
sanki nə vaxsa yaşamışdım.
Uçurumun kənarında
dayanıb ölümə
pənah aparan insan selini gördükcə
yaddaşımın sahilləri,
ruhumun qanadları ağrıyırdı. Boş
baxışlarını gələcəyə
- sarı ilğım
dənizinə dikən
bu adamlarsa arabir davul səsindən diksinir, "ruhunu oyat" hayqırtısını
eşitdikcə öləzimiş
ruhları baramadan çıxmağa can atan
kəpənəklər kimi
uçunurdu...
Vüsal
Nurunun "İlğımda
çimən atlar"
romanı məni ilğımın ta içinə
aparmışdı. Mən
ilğımı əlimlə
kənara itələyib
həqiqəti axtarırdım,
amma Miroqrad adlı şəhər Tanrını, Günəşi,
Həqiqəti çoxdan
unutmuşdu. Parıltısıyla
göz qamaşdıran
"sülh" şəhərinə
elə bir ucdan elmdə, səhiyyədə inqilab edə
biləcək alimləri,
həkimləri, mütəxəssisləri
dəvət edir, sonra bu müəmmalı
şəhər zəkasıqarışıq
seçilmişləri udurdu.
***
Gəmidən düşüb şəhərə
gətirilənlər arasında
müxtəlif millətlərin
nümayəndələri ilə
yanaşı iki azərbaycanlını - bioloq,
professor Sabit Ağazadə
və neyrocərrah Aydın Qaraxanlını görürəm. Yeni gələnlər
həyəcanlıdırlar. Onlar adını eşidib üzünü görmədiyi bu şəhərdə yaşayacaq,
elmdə can atdıqları
məqama çatacaq,
kəşfləriylə insanları
"ölümsüz" edəcəklər.
Yeni sakinlər şəhərə
daxil olmaq üçün tuneldən
keçməlidirlər. İlk maneə ilə də elə orda qarşılaşırlar;
paltarları, əşyaları
nədi, heç alt paltarı ilə tuneldən keçə bilməzlər:
"Ailələr soyunmaq istəmirdilər. Deyirdilər,
müqavilədə soyunmaq
yazılmayıb. Bu, adamları
alçaltmaqdır"...
Nizam-intizamlı şəhər
belə mənasız
etirazları qəbul etmir. Yeni sakinlərə
"Miroqrad Şəhər
İdarəetmə Mərkəzi"ndə
təlim keçirilir.
"Adım Raya Kozakovadır. Miroqrad qapalı şəhərdir. Burada yalnız daxili qanunlar işləyir. Miroqradın baş katibi Mikita İliç Vissarionoviç yoldaşdır.
- Raya rəhbərin adını
ayaq üstdə deyib, yüngülcə təzim etdi. Əyləşdi. Monitorda
baş katib göründü, orta boylu, dolu bədənli,
lopa bığlı kişi əlində tutduğu qara şlyapasını havada yelpik kimi yelləyirdi..."
Yeni sakinlərə telekart, maska və nömrə
verilir. Bu şəhərdə
telekartı itirmək
bütün hüquqlarını
itirmək deməkdir.
"Raya Kozakova hamıdan maskaları götürməyi
xahiş elədi. Dedi ki, bu gündən
sonra sizin əsl üzünüz bu maskadır. Süni intellektli qapılar maskanın rəqəmlərini oxuyanda
açılır".
"Hərə öz maskasını götürdü,
həvəsi olanlar üzünə taxdı. Maskadan qəribə qoxu gəlirdi, yad adam qoxusu, - onlar belə dedilər".
Miroqrad qəribə şəhərdi.
Adamlar var, adları yoxdur, üzlər var, sifətlər yoxdur, dayanacaqlar var, avtobuslar yoxdur, amma hamının
dayanacaqda oturub gözləmək hüququ
var.
Yeni gələnlər eyforiyada
üzsələr də,
dünyagörmüş professor Sabit Ağazadə ilk andan qorxunc bir
yerə düşdüyünü
anlayır. Hamı eyni yeməyi yeyir, hamı eyni vaxtda yatır,
hamı qulağındakı
qulaqcıqla idarə olunur və hamı susur...
Mikita İliç Vissarionoviç
bu yerin Tanrısıdır. Elə
bu şəhərdə
- "Beriya" laboratoriyasında
tanrının yaratdığından
da güclü, ağıllı,
ağrı hiss etməyən
parentallar (yeni insan) yaradılır. Alimlər
sevinclərini gizlədə
bilmirlər, "Süni
hipotalamusun transplantasiyasına
qərar verilib".
Keçmişlə gələcək
bu şəhərdə
üz-üzədi. Tarixin
üz qarası sayılan sovet dövrünün "parlaq
sima"sı - Stalin obrazı
sanki Mikita İliç
Vissarionoviçin simasında
"dirilir". Düşünən
başlara qənim kəsilən amansız repressiya maşını Miroqradda başqa bir formada - bəşəriyyəti
xilas etmək adı altında yaddaşsız, ağrısız,
üzüyola kölə
istehsal edən laboratoriyalar kimi "zühur" edir. Görünür, bütün
diktatorlar bir-birinə
bənzəyir, görünür,
bütün zamanlarda
"Beriya laboratoriyası"
işləyir...
***
Böyük ümidlərlə bu
şəhərə gəlsə
də, bir anda şəxsiyyətinin,
neyrocərrah kimi uğurlarının üstünə
xətt çəkilib
46 rəqəminə çevrilən
Aydın Qaraxanlı yaşayacağı mənzildə
cürümüş cəsəd
taparkən "ideal dünya"sı
dağılır, qorxunc
bir aləmə düşdüyünü anlayır.
İş yerində - Beynəlxalq
Ağrı Mərkəzində
gördüklərini "eybəcərlikdə
inqilab" adlandıran Aydın
Qaraxanlının fikirləri
ilə razılaşmayan
həmkarları isə
burda parentallar erasının başladığına,
"Super insan, super güc",
ağrısız cəmiyyət
yaratdıqlarına inanırlar.
Aydın
Qaraxanlı "Beriya
laboratoriyası"nda saysız-hesabsız
əməliyyatlardan sonra
ağrı hissini itirən, bütün əmrləri sorğusuz-sualsız
yerinə yetirən
F30 adlandırılan gənc
qızla tanış olur. Parentalın yeganə qüsuru həddindən artıq əsnəməsidir. Bu qüsur
uğurlu nəticəyə
kölgə salır.
Yeni neyrocərrah 46 - Aydın
Qaraxanlı bu problemi həll etməlidi.
"Xəstənin anamnezinə
baxmaq istəyirəm.
- F30 xəstə deyil. Könüllüdür. Biz onun
bütün ağrı
siqnallarını söndürmüşük.
- Bunu necə bacardınız?
- Onun bütün xatirələrini sildik"...
Aydın
Qaraxanlı keçmişsiz,
xatirəsiz, ağrısız
insan yetişdirilən
bu laboratioriyada qorxunc həqiqətlərlə
qarşılaşır. Sonralar
yaşadığı mənzildə
tapdığı cəsədin
ondan əvvəl
F30-un həkimi olan neyrocərrah Morud Uluqbekə məxsus olduğunu öyrənir. Həmkarları həvəslə
"Yoldaş Morud Uluqbeki yola saldıq,
F30 onun son işi oldu", - deyirdilər.
Bu sirli şəhərdə
missiyasını başa
vuran alimlər Vissarionoviçlə görüşüb
müəmmalı şəkildə
yoxa çıxırlar...
***
Miroqrad Aydın Qaraxanlı üçün bir tapmacadır. O, heç kimi bu şəhərə
gəmiylə gəldiklərinə
inandıra bilmir. Adamlar mayak, gəmi, qağayılar deyib onu ələ
salır. Çünki
bu şəhərdə
hamı həyatın
mayakını itirib. Ürəyinin səsini eşitməyənlər həyatın,
dənizin, qağayıların
səsini necə eşidə bilərlər?
Divarlara
çəkilmiş şəkillər,
yarımçıq düsturlar,
ən çox da sözlər onun diqqətini cəlb edir: "Səliqəsiz yazılmış hərfləri
oxumaq istəyirdi.
"Mavi göy üzü, büllur kimi göl, yamyaşıl çəmən...
atlar çapar, atlar... Mənim yurdum ordadı... Mənim evim ordadı... Mənim yarım ordadı... Mənim... ordadı..."
***
Professor Sabit Ağazadə isə ilk gündən, beyinlərin yuyulduğu bu şəhərdə qalmaq istəmir. "Deyirdi, tüpürüm bunların yeni dünyasına.
İnsanı iki xəttin içinə soxublar. Bu qədər adam bir zəngə
çömbəlib durur".
Miroqrad elə bir şəhərdi
ki, itaətsizlik edəni
bağışlamır, necə
ki, qocaman professoru bağışlamadı. Sabit
Ağazadə sarı
xəttdən çıxdığı
üçün ən
ağır cəzaya
- insanı alçaltmaq
üçün hazırlanmış
akvariuma salınsa da, sonacan ləyaqətini qoruyub saxlayır. "Sabit Ağazadə akvariumda öldü. Onu maskabaşa çevirə bilmədilər"...
Miroqrad insanlığın itdiyi yerdir. Adamlar ölən doğmasını,
ən yaxın adamını lazımsız
əşya kimi "Tullantıların qəbulu
şöbəsi"nə təhvil verib əvəzində avans qazanır.
***
Keçmişindən qopmayan, dənizi, gəmini hələ də xatırlayan, axına qarşı üzən Aydın Qaraxanlı həqiqətlərin izinə
düşür. "Rəfdəki
beyin fiqurunu götürüb altındakı
yazını oxudu: məni unutma!" O, Ulukbeyin əşyaları
arasından tapdığı
davula "Tullantıların
qəbulu şöbəsi"ndən
aldığı insan
dərisiylə yeni üzlük
çəkir, hər
dəfə toppuzu davula vuranda adamlar diksinir, yaddaşı yuyulan, köləyə, əslində
kölgəyə çevrilən
insanların ruhu azacıq da olsa dirçəlir.
Eyni nömrədə, eyni maskada gəzən yeni neyrocərrahı isə
F30 hələ də Ulukbey sayır.
"- 46 sənsən! Mənə söz vermişdin.
- Mən? Söz vermişəm... Hə. Yadıma sal. Nə söz vermişəm?
F30 onun üzünə boş-boş baxırdı.
- Bilmirəm. Sən dedin... - Qız hər susanda Aydının ürəyi
üzülürdü.
- İlğımda çimən
atlara aparacaqsan. Birlikdə bacararıq..."
Beyinləri yuyan, əslində
isə öz beyinləri yuyulub müqəvvaya çevrilən
həkimlər - "rəqəmlərsə":
"Əgər parental düşünürsə,
demək, problem var. Sən
bilirsən düşünmək
nə qədər zərərlidir? Sən əmr verirsən, o düşünür, bunu
edim-etməyim? Sonra başlayacaq
qorxmağa. Qorxu da ağrı yaradır axı..." - deyirdilər.
***
Mən keçmişin, xatirələrin,
hisslərin silindiyi bu şəhərdə adamların dayanıb mürgü döyə-döyə
gözlədikləri, amma
nəyi gözlədiklərini
bilmədikləri dayanacaqda
dayanıb son yüz ilin ölməz əsərlərindən birini
- qırğız yazıçısı
Çingiz Aytmatovun
"Əsrə bərabər
gün" romanını
xatırlayıram. Roman içində
roman adlandırılan "Manqurt" hekayəsində
öz kökündən,
tarixi yaddaşından
məhrum edilən, anasını belə xatırlamayan Manqurtu yada salıram:
"Nayman Ana soruşdu:
- Məni tanıyırsan? Manqurt başıyla "yox" - dedi.
- Bəs adın nədir?
- Manqurt.
- Səni indi belə çağırırlar,
əvvəlki adın
yadındadır? Bir əsl
adını yadına
sal görüm…
Manqurt danışmırdı…"
Bir Manqurt bəşəriyyəti
qorxudurdu, Miroqradda əslində hamı manqurt idi. Yaddaşı
yuyulub xatirələri
silinsə də F30 ruhuna sığınmış
Ayqız o qorxunc günü hələ də xatırlayırdı:
"Qardaşımla çöldən
qoyun sürüsünü
gətirdik. Sonra qırmızı
başımıza çəkdik.
Dodağımızın üstündə
köpüklü ağ
izi qaldı. Bir-birimizə baxıb gülüşdük... atamın
ayağı üzəngiyə
ilişib qalmışdı.
At atamın cəsədini
sürüyüb gətirmişdi.
Onu vuran kapitan Simyonov da dalınca gəldi"...
Ov da, ovçu da bəllidir...
***
Mən Miroqrad adlı şəhərdə dünyanın
qürub çağına
tamaşa edirdim. Ağrısız, yaddaşsız,
ölümsüz superinsan
yetişdirən bu cəhənnəmdə sevgi
hissini ruhundan qovan bu adamlara
narıncı eynəkdən
tamaşa edirdim. Narıncı eynəkdən
hər şey bulanıq görünürdü.
46 nömrə F30 xilas
etmək istəyirdi, həyatın ritmini unudan adamlar davul dınqıltısından arabir
diksinirdilər, bu şəhərə gələndə
xoşbəxtlikdən uçan
Saranı dəli adıyla dəmir barmaqlıqlar arasına salmışdılar. O, xəyallarında
dəmir barmaqlıqlar
arasından sivişib
çıxır, uzaqlardakı
evinə doğru qaşır, amma keçmişini, evini tapa
bilməyib hücrəsinə
qayıdırdı.
Bir gün sarı xəttdən çıxan
46-nı da Saranın hücrəsinə
gətirdilər.
"Burdan qaçmağın asan yolunu bilirəm",
- Sara dedi.
"- Hansı yoldu?
- Xəyalla buralardan çıxmaq olur. Səni Vissarinoviçin heç bir qanunu saxlaya bilməz. Aşa bilmədiyin divar qalmaz..."
Sarı
şəhərlərdə xilas yolu olmur.
Sarı xətlər
edam dirəkləri kimi
səni izləyir və bir gün
havada uçan ilgəhlərdən biri səni yaxalayır. O ana kimi yaşamalı, xəyalla da olsa əl-qolunu bağlayan divarları parçalamalı,
dünyanı Miroqrada
çevirənləri, insanı
insanlıqdan çıxaranları,
ruhuna əl uzadanları, xəyallarına,
arzularına kölgə
salanları sındırmalısan...
"...Dəmir qapını Ayqız açanda Aydın sevincək yerindən durdu. Vissarionoviç öldü.. Professoru öpəndə
zəhərlənib. Ara qarışıb.
Qaçaq! Mən gəmiyə gedən yolu xatırladım..."
"Çapan atların toxmaq ayaqları Morud Uluqbekin davuluna çevrilib yeri döyəcləyirdi.
Onlar ritmə tərəf qaçdılar...
ilğıma girdilər.
Aydının ayağı altında
qalıb qırılan
46 nömrəli maskanın
yarısı quma batmışdı, bir gözüylə göyə
baxırdı.
Göydə kağız quşlar
uçurdu..."
Mən
"İlğımda çimən
atlar..." romanının
son cümləsini oxuyub
səssiz-səmirsiz Miroqradı
tərk elədim. Bir gün ilğımda atlar çimməsin, göydə kağız quşlar uçmasın, Ayqızlar ağ çadırlarından ayrı
düşməsin, Vissarionoviçlər
gözəl dünyanı
cəhənnəmə döndərib
insanların ruhuna, hissinə hakim olmasın deyə Vüsal Nurunun yaratdığı şəhəri hər kəsə tanıtmaq istədim.
P.S. Xatırladım ki, Vüsal
Nurunun "İlğımda
çimən atlar"
romanı "Azərbaycan"
jurnalının 09-2022 sayında
çap olunub. Ədəbiyyatımızda hadisə
sayılacaq bu uğurlu, çoxqatlı
və cəsarətli
romana görə dəyərli qələm
dostum Vüsal Nurunu ürəkdən təbrik edirəm. Dünyanın hansı dilinə çevrilsə,
"İlğımda çimən
atlar"ın oxucusu olacaq. Bəşəri mövzuda yazılmış
bütün əsərlər
kimi...
Təranə Vahid
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 21.