Taleyindən güllələnənlərin hekayəsi
Azər Turanın "Atam, anam, qardaşım, mən və Stalin" pyesinin səhnəyə qoyulmasından xeyli müddət keçsə
də, tamaşadan aldığım təəssürat
köhnəlmir. Zaman keçdikcə
tamaşa haqqında düşüncələrimin yenilənməsində,
görünür, əsərin
qəhrəmanları ilə
tale oxşarlığımızın da əlaqəsi və təsiri var. Bu əsər vətənin,
xalqın, ədəbiyyatın,
insanın taleyinin sağalmayan yarasına toxunmaqla yanaşı, mənim taleyimlə, yaşadıqlarımla da səsləşir,
ömrümdə əks-səda
verir. Məsələ
bundadır ki, ailə
səadətinin nə
olduğunu yenicə
hiss etdiyim, analıq duyğusunu təzəcə
dadmağa başladığım
bir zamanda mən də "taleyimdən güllələndim..."
Yəqin,
elə buna görə
də Azər Turanın "həqiqətlər
dramı" adlandırdığı
pyes düşüncələrimdə
"taleyindən güllələnlərin
faciəsi" kimi iz saldı. Aradan xeyli müddət
keçəndən sonra
əsərin bədii
mətnini oxuyanda da həmin hissləri bir daha yaşadım...
Mənim
tale hekayəmin zamanı,
məkanı, hadisələri
və süjeti fərqlidir. Azər Turanın qələmə
aldığı hekayə
isə Azərbaycan ədəbiyyatında fərqli
yeri, xalqımızın
yaddaşında möhtəşəm
abidəsi olan böyük şairimiz Hüseyn Cavidin ailə dramına həsr olunub. Məsələyə daha
geniş üfüqdən
baxanda əsər Azərbaycan tarixinin gərgin bir dövrünün ağrı-acı
dolu səhifələrinə
işıq salır.
Məqsədim tamaşanı təhlil
etmək deyil, pyesin mətni haqqında təəssüratlarımı
bölüşməkdir. Pyes
Hüseyn Cavidin qızı Turan xanımın xatirələrinə
əsaslanır. Atası
həbs olunanda hələ 14 yaşı tamam olmamış məktəbli Turanın yaralı xatirələri Azərbaycan tarixinin uşaq yaddaşında həkk olunmuş dəhşətli bir dövrünü canlandırır.
Dram əsərlərində əhvalat
səhnədə, tamaşaçının
gözləri önündə
baş versə də, "Atam, anam, qardaşım, mən və Stalin" əsərinin forması
ənənəvi əsərlərdən
fərqlidir. Epik əsərlərdə olduğu
kimi bu əsərdə
də hadisələr
birinci şəxsin dilindən verilir. Əsər boyu ailənin dramı Turan xanımın düşüncələri kimi
təqdim olunur. Belə düşünürəm
ki, səhnə əsərindəki
obrazı bu şəkildə verməklə
müəllif milli faciəmizə
öz "Mən"inin
münasibətlərini də
ifadə etməyə
çalışmışdır. Çünki səhnədə
göstərilənlərə nə müəllifin, nə də oxucunun və tamaşaçının "bitərəf"
qalmağı mümkün
deyil.
Pyesin personajlarından biri Zamandır. Əsərdə
hadisələri idarə
və təqdim edən Zaman həm Turan xanımın fərdi yaddaşını
vərəqləyir, həm
də milli yaddaşımızı
təmsil edir. Gah şər qüvvələrin
sözünü deyən,
gah xeyirin tərəfində
dayanan Zaman həm tamaşaçılarla, həm
də əsərdəki
surətlərlə dialoq
qurur. Zaman Turan xanımın xatirələrini
səhnədə uzaqdan,
ağrıların içindən
səsləndirən bir
dirijor kimi təqdim olunur. Bu obrazın yaratdığı
təəssüratlardan biri
də budur ki, hər şeyi zamanın üstünə
yıxmaq, hər şeydə zamanı və zəmanəni günahkar görmək bəzən həqiqəti
pərdələməyə, gerçəklərin üstünü
örtməyə xidmət
edir. Əslində, Zamanı yaradan da elə insanın özüdür, insanın
əməlləridir...
Hüseyn
Cavid həbs olunandan sonra onun ailə üzvlərini hər şeydən öncə qorxu sınağa çəkir. Onları ən çox qorxudan dindirmə zamanı Ataya - Hüseyn Cavidə işgəncə veriləcəyi
ilə bağlı əndişədir. Zamanın
amansız gerçəkliklərindən
biri siyasi səbəblərə görə
repressiyaya məruz qalan insanlara sirli zirzəmilərdə
fiziki cəza verilməsi idi. Vətəni sevdiklərinə
görə azadlıqları
əllərindən alınan,
"vətən düşməni",
"vətən xaini"
adlandırılan insanların
boynuna cəfəng
"günahlar" qoymaq,
onların dilindən özlərinə sərf
eləyən ifadələri
almaq üçün
məhkumlara ağlagəlməz
işgəncələr verilirdi.
Başı cəllad əlində olanların ailə üzvlərinə
qanlı köynəkləri
qaytarılırdı. Bu, şeytanın
belə ağlına gəlməyən rəhmsiz
bir işgəncə forması idi. Bununla həm məhkum etdiklərinə
olmazın əzablar verir, həm də onların yaxınlarının gözlərini
qorxudur, onlara psixoloji təzyiq göstərirdilər.
İçəridən bayıra ötürülən örtülü
mesajlar cəmiyyətdə
də geniş əks-səda doğurur, insanlarda xof yaradır, eyni zamanda "içəri"
haqqında əfsanələrin
yaranmasına rəvac
verirdi.
Pyesin mətnində Azər Turanın eyhamla çatdırmaq istədiyi
incə bir məqam da var. Repressiya illərində Azərbaycan
ziyalılarını sorğu-suala
çəkənlər, işgəncə
verənlər bu əməlləri həm də milli ədavət mövqeyindən törədirdilər.
Onlar Sovet ideologiyasına xidmət etməklə kifayətlənmir,
türk kimliyini həm fiziki, həm də mənəvi cəhətdən
məhv etməyə cəhd göstərirdilər.
Azər
Turanın pyesindən
də oxuduğumuz kimi, Hüseyn Cavid ailəsinin ən böyük təsəllisi ona içəridə fiziki işgəncə verilməməsi
olmuşdu. Mişkinaz
xanım həbsxanadan
Hüseyn Cavidin paltarlarını alanda rahatlaşmışdı.
"Ana:
- Bir qadın ərinin
paltarlarını aldı...
qan içindəydi...
Deyirdi ki, dəhşətli
işgəncələr verirlər...
Məhbusları böyük
kisələrin içinə
salıb rezinlə döyürlər, dırnaqlarını
çıxarırlar, dırnaqlarının
altına iynə batırırlar. Qorxa-qorxa
açıb baxdım...
heç bir işgəncə izi yox idi... Rahatlaşdım...
Dedilər ara-sıra dəyişəcək gətirə
bilərsiniz..."
Ancaq indi, aradan böyük
zaman keçəndən, dövrlər
dəyişəndən sonra
ailənin yaşadığı
işgəncənin miqyasları
haqqında daha aydın təsəvvür
yaranır. İnsanı
düşündüyünə, insanlığa yüksək
ideyalar aşılamaq
istədiyinə görə
sevdiklərindən ayırmaq,
sevdiklərini gözüyaşlı
qoymaq işgəncənin
ən ağırı,
ən amansızıdır.
Bu barədə əsərdə
Atanın dilindən deyildiyi kimi:
"Təmiz adına ləkə vurulması, başı-qulağı üç
qəpiyə dəyməyənin
qarşısında dayanıb
təhqirli sözlər
dinləmək, anlamaz
qarşısında susmaq,
anlatmağa haqqın olmamaq cəza deyilmi?"
Mütəfəkkir şairin, müdrik düşüncə
adamının olmayan şeyləri danışan
ürəksizlər, "yaxşıları
pis adlandırıb məhv edən şərəfsizlər" qarşısında
dayanması, həqiqətən
də, dözülməz
işgəncə idi.
İosif Stalin, Mircəfər
Bağırov kimi cəlladlardan rəhm diləmək isə daha ağır cəza idi. Amansız Zaman Hüseyn Cavidi Mir Cəfər Bağırova, şairin həyat yoldaşı Mişkinaz xanımı İosif Stalinə məktub yazmaq məcburiyyətində qoymuşdu.
Tarixin bu üzündən baxanda o biri üzünü oxuyan Hüseyn Cavid ona edilən
zülmün "tək-tək
şəxslərin kaprizindən
irəli gələn"
bir hadisə olduğuna, Mişkinaz xanım Stalinin rəhminə ümid etməyə çalışmışdı.
Lakin millətin üstünə
gələn bəlanın
mənbəyi elə onların özləri idi. Tarix onların
hərəkətə gətirdiyi
dəyirman daşına
çevrilmişdi və
həmin dəyirman daşı bir ucdan insan taleyi
üyüdürdü...
"Bütün Azərbaycan torpaqlarını birləşdirib,
burjua təmayüllü
müstəqil Azərbaycan
dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist
əks-inqilabçı təşkilatın
üzvü olduğu"
iddia edilən Hüseyn Cavidin Bakıdan gəmi ilə Krasnovodska aparılmağı, qatarla
Türkmənistan, Özbəkistan,
Qazaxıstan üzərindən
dünyanın o başına
- Novosibirskə, oradan
Vladivostoka göndərilməyi,
sonra gəmi ilə Maqadana çatdırılmağı da işgəncə idi.
"Təsəvvür edin bütün iyul, avqust aylarını, iki aya yaxın,
yük qatarında yol gedib. Yollarda
nə qədər dözməyib ölənlər
olurmuş. Ölənləri
yollarda atırmışlar..."
- Bunu pyesdə Mən - Turan xanım söyləyir.
Ailə
üzvlərinə bir
yandan Stalin - Bağırov
cəlladları işgəncə
verirlər, onları yaşadıqları evdən
çıxarıb, dar
zirzəmidə qalmağa
məhkum edirlər, bir yandan da ailə
üzvləri öz içlərində işgəncə
çəkirlər, özləri
özlərinə cəza
vermiş olurlar.
"Mən: - 1937-ci il iyun ayının 3-də, gecə
ana yatmağa hazırlaşanda
qapını döyüb
anadan yatıb-yatmadığını
soruşub. Ana - yox - deyib, hələ yatmamışam. Bir şey
lazımdı? Heç...
qəhvə istəyirdim.
Bir halda ki, uzanmısan,
özüm bişirərəm
- deyib qapını örtüb. Baba həmin gecə həbs olunub. Sonuncu dəfə bişirdiyi qəhvəni içə
bilməyib... Bundan sonra ana bir daha
qəhvə bişirmədi...
və içmədi..."
Zülmkar rejimin verdiyi işgəncələrdən biri
də Hüseyn Cavidin ölüm xəbərinin ailəsinə
bildirilməməsi olmuşdu.
Mişkinaz xanım illərlə öz ünvanına çatmayan
məktublar yazmışdı.
Tarixin bu ədalətsiz və qarışıq oyunu pyesdə təsirli boyalarla əks olunub.
Hüseyn
Cavidin bəstəkar oğlu Ərtoğrul Cavidin əsgərliyə aparılması, "xalq düşməni"nin oğlu
olduğuna görə
əsgərlikdə hərbi
işə deyil, tikintiyə göndərilməsi,
orada xəstələnməsi
və xəstəlikdən
həlak olması da Zamanın milli yaddaşımızda
qoyduğu yaralardan biridir. O dövrün tarixi diqqətlə araşdırılmalıdır. Mənə elə gəlir ki, "xalq düşməni" adlandırdıqları
insanların övladlarının
həyatına bilərəkdən
qəsd edilirdi. Ərtoğrul Cavid də belə bir qəsdin qurbanı olmuşdu. Kimsəsiz və çarəsiz qalan Ana ilə qızın özlərinə verdikləri
işgəncə isə
daha ağır olmuşdu: "1943-dən sonra
1976-dək bizim aramızda
Ərtoğrulun adı
çəkilmədi..."
Hüseyn
Cavidin qürbət eldə, yad torpaqda qalan cənazəsi və narahat ruhu Ulu öndər Heydər Əliyevin böyük səyi və fədakarlığı
sayəsində 1982-ci ildə
Azərbaycana gətirildi,
mütəfəkkir şairin
dünyaya göz açdığı, ilk dəfə
ayaq basdığı
Naxçıvan torpağına
tapşırıldı.
Hüseyn
Cavidin tabutu doğma yurda gətiriləndə qızı
Turan xanımın yaşadığı həyəcanlara
şərik olmamaq mümkün deyil.
"Mən: (Yaxınlaşıb
tabuta əlini ehmalca sürtür) - Biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram..."
Bu yazının əvvəlində
Azər Turanın
"Atam, anam, qardaşım, mən və Stalin" pyesindəki
hadisələrlə özümün
tale, qədər yaxınlığım
olduğunu yazmışdım.
Hüseyn
Cavidi və Azərbaycanın neçə-neçə
işıqlı insanlarını
gedər-gəlməz yollara
göndərən qüvvələr
Azərbaycan müstəqillik
qazanandan sonra da əməllərindən qalmadılar.
Torpaqlarımıza düşmən
əli uzandı. Həyat yoldaşım, hərbi təyyarəçi
Yusif Vəliyev torpaqlarımız uğrunda
döyüşlərdə həlak olandan sonra onun cənazəsi
də düşmən
əsirliyində qalmışdı.
O vaxt Ulu öndərin
siyasi nüfuzu sayəsində Yusifin cənazəsi əsirlikdən
azad olundu, Naxçıvan torpağına
tapşırıldı. Ulu Öndər Heydər Əliyev evimizə gəlib Yusifin doqquz aylıq körpəsini bağrına
basaraq demişdi:
"Çox təəssüf
edirəm ki, Vətənimizin
belə ağır günündə ehtiyacımız
olan Yusif kimi ali təhsilli
kadrımızı - təyyarəçi
zabitimizi itirdik. Onu tanıyan biri kimi deyə
bilərəm ki, Yusif
fəxr olunası igid idi"...
Bunu xatırlaya-xatırlaya düşünürəm
ki, bir-birindən fərqli
məkanlarda və zamanlarda insanlar "taleyindən güllələnəndə"
nə yaxşı ki,
tarixi çiyinlərində
daşıyan Böyük
İnsan səhnəyə
gəlir və Zamanın yönünü
dəyişir.
Bizə
bu duyğuları yaşadan Azər Turana isə təşəkkür düşür...
Arzu Nehrəmli
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 25.