"Balaca
kişilər"in böyük şücaəti
İlqar Fəhminin
"Balaca kişilər" tamaşası üzərinə
qeydlər
Zaman, yaşadığımız
dövr tədricən sənət əsərlərinə -
romanlara, hekayələrə, şeirlərə, poemalara, pyeslərə,
rəsm əsərlərinə, mahnı və simfoniyalara - proyeksiya
olunur. Cəmi üç il bundan öncə 44 günlük Vətən
müharibəsində qazandığımız Qələbəmiz
ədəbiyyatımızda daha çox öz əksini
tapır. Son iki-üç ildə xeyli sayda roman və hekayələr,
şeir və poemalar yazıldı, kitablar nəşr olundu.
Bu günlərdə isə biz tarixi zəfərimizin təntənəsini
Azərbaycan səhnəsində gördük.
Yazıçı-dramaturq İlqar Fəhminin "Balaca
kişilər" pyesi Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında səhnələşdirildi.
Tamaşanın
quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı
Vüsal Rahimdir. Döyüş və fəndlərin
quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova
aiddir. Səhnə əsərində Əməkdar artistlər
Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur
Bəhramxan, aktyorlar Rəşad Səfərov, Araz Pirimov, Bəhram
Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman
Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov,
Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa
Mirzəyev rol alıb.
Bundan
əvvəl müəllifin eyni adlı poeması oxucular tərəfindən
böyük marağa səbəb olmuşdu. Dünənə
qədər inamsız yanaşdığımız, tarix dərsindən
zəif qiymət alan "balaca kişilər"
torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda gedən döyüşlərdə tarix
yazdılar, misilsiz şücaət göstərərək qəhrəmana
çevrildilər.
O zəif
deyilən, cılız deyilən
O
xırda uşaqlar əsgərdi bu gün
Geyinib
ruhuna mərdlik libasın
Düşmənə
gücünü göstərdi bu gün...
Əsgər
paltarını geyinəndə də
Bilmirdi
güllədən köksü deşilər.
Qəfil
böyüdülər, tez böyüdülər
Balaca
kişilər, cavan kişilər...
Səngərin
küncündə hücum gözləyən
Bu
cılız balalar uşaq oldular.
Torpaqdan
güc alıb hücuma qalxıb
Sərt
qaya oldular, bir dağ oldular...
Teatrda sözün həqiqi mənasında
qələbəlik idi, zal ağzınacan dolmuşdu və hər
kəs "balaca kişilər"in qəhrəmanlıqlarına
şahidlik etmək üçün tələsirdi. Bu
görüntülər, həqiqətən də, qürur
hissi doğururdu. Həm də ona görə fəxarət
hissi keçirirdim ki, tamaşanın müəllifi uzun illərin
sədaqətli dostu, qəzəlləri, romanları, ssenariləri,
pyesləri ilə oxucu və tamaşaçı sevgisi
qazanmış İlqar Fəhmi idi. İlqar Fəhmi dram əsərləri
ilə səhnəmizə əlavə məna və
çalarlar qazandıran azsaylı
dramaturqlarımızdandır. Pyeslərindəki kəskin
süjet xətti, dramaturji manevr məharəti, gözlənilməzliklər
onun əsərlərinə qarşı həmişə sevgi
oyadır. Bu dəfə də tamaşaçılara məmnunluq
hissi yaşadacağına inanırdım.
Tamaşadan
əvvəl quruluşçu rejissor Nicat Kazımovun
ifasında poema səsləndi. Bu başlanğıc sanki
tamaşaçının "balaca kişilər"in
hünər meydanında göstərdiyi şücaətlərə
şahidlik etməsi üçün bir hazırlıq mərhələsi
idi. Teatrda aktyorla tamaşaçı arasında
qarşılıqlı təsir birbaşa, bilavasitə olur.
Bu emosional əlaqə tamaşanın daha dərindən
qavranılmasına böyük təkan verir.
Səhnədə
igid döyüşçülərimizi görürük.
Hiss olunur ki, aktyorlar oyun prosesində psixoloji cəhətdən
obraza qovuşur, onun fikirləri ilə düşünür,
onun duyğuları ilə yaşayır. Biz "balaca"
kişilərin böyük ürəyini, bu ürəyə
sığmayan hüdudsuz Vətən sevgisini
görürük. Dialoqlar situasiyanın gərginliyini qoruyub
saxlayır. Barıt qoxusu səhnə ilə birlikdə
zalı da bürüyür. Əsgərlərin hiss və həyəcanları,
düşmənə nifrəti, eyni zamanda humanizmi qabarıq
şəkildə göstərilir. Tamaşada yeganə erməni
rolunu Əməkdar artist Şövqü Hüseynov oynayır
və bu obraz öz sükutuyla belə tamaşaçıda
hiddət və nifrət oyadır. Bizim əsgərlər tərəfindən
əsir götürülən erməniyə qarşı
humanistcəsinə davranılmasına rəğmən o,
öz xainliyini ilk fürsətdə büruzə verir və cəzasını
da alır.
Bütün
bu hadisələr səhnədə qurulmuş ağacın ətrafında
baş verir. Kökləri hər tərəfə rişə
atmış bu ağac qəhrəmanların ruhlarını
simvolizə edir. Şah İsmayılın, İbrahimxəlil
xanın, Cavad xanın, Hüseynqulu xanın da ruhları əsgərlərin
ətrafında dolaşır. Onların dialoqları bir ibrət
dərsi kimi tamaşaçını
düşündürür. Şah babamız bu məmləkəti
birləşdirmək, onu bütöv görmək istəyirdi,
xanlıqlar dövründə hakimiyyət ehtirasları
xanları bir araya gətirə bilmədi. Bu məqamda unudulmaz
Xalq şairimiz Məmməd Arazın "Məndən
ötdü, qardaşıma dəydi" şeirini
xatırladım:
Məndən
ötdü...
Bunu
dedi Şəki xanı.
Bunu
dedi Bakı xanı,
Bunu
dedi İbrahim xan,
Fətəli
xan, Kəlbəli xan...
Qəza
ötsün məndən, - dedi,
Ötən
kimi "mən-mən" dedi:
"Mən-mən"
dedi bir ölkədə
nə
qədər xan.
Onlar
"mən-mən" deyən yerdə
Sən
olmadın, Azərbaycan!
Tamaşada tarix boyu birləşməyimizə,
qüdrətlənməyimizə mane törədən amillər
xanların ruhu vasitəsilə səsləndirilirdi və əsgərlərimiz
bu səhvləri təkrarlamamaq üçün yumruq kimi birləşib
düşmənə amansız zərbələr endirirdilər.
Son dərəcə uğurlu priyomdur. Naturalist və mistik məqamlar
bir-biriylə üzvi şəkildə birləşir və vəhdət
halını alır. Şah İsmayılın, bir neçə
xanın ruhu köklü-budaqlı ağacın ətrafında
dolaşdıqca igid əsgərlərimiz sanki onlardan güc
alır, əzmlə döyüşürdülər. Səhnədə
döyüş son dərəcə canlı və
inandırıcı formada qurulmuşdu və atəş səsləri
tamaşaçıları sözün əsl mənasında
həyəcanlandırırdı. Bu, təbii ki, quruluşçu
rejissor Nicat Kazımovun böyük əməyinin nəticəsidir.
Premyeradan əvvəl nə qədər həyəcan
keçirdiyini hiss edirdim, hətta özü də sosial şəbəkədə
bu barədə paylaşım etmişdi. Eksklüziv
müsahibəsində dedikləri də bunu bir daha təsdiqləyir:
"İnandırıram ki, mənim üçün
"Hamlet"i hazırlamaq daha rahat olardı, nəinki bu əsəri.
Bu əsərin məsuliyyəti həddindən
artıqdır. Ona görə onun yaxşı formada araya-ərsəyə
gəlməsi üçün çox enerji sərf
etdik".
Doğrudan
da, bu tamaşa spesifikası və dramaturgiyası, məzmun və
forma, tarix və müasirliyin sintezi baxımından hər mənada
başqa tamaşalardan seçilən bir səhnə əsəridir
və təbii ki, rejissordan böyük məsuliyyət,
peşəkarlıq tələb edir.
Ali məqsədə
çevrilən ruhlar obrazların temperamentinin,
döyüş əzminin əsas mənbəyinə çevrilir.
Bu da tamaşaçını səhnədə cərəyan
edən hadisələrə inanmağa məcbur edir.
Şövqü Hüseynovun adını çəkdik, o,
oynadığı obrazın öhdəsindən uğurla gəlir,
səhnədəki hərəkətləri və məzlum
görkəmi ilə yazıq, müti təəssüratı
yaratmağa çalışan hiyləgər erməni onun
ifasında son dərəcə canlıdır.
Şövqünün özünəməxsus aktyor
plastikası, obrazı qavramaq bacarığı var və bu da
əksər tamaşa və filmlərdə ona uğur
qazandırır. Mən onu müxtəlif xarakterli rollarda
görmüşəm və deyə bilərəm ki, hər dəfə
başqalaşmağı bacaran aktyordur. Bu tamaşadakı
rolu da fərqli ştrixlərlə yadda qalır.
Gənc
Tamaşaçılar Teatrının istedadlı aktyorları
Rəşad Səfərovun, Nurlan Süleymanlının və
digər gənc aktyorların oyunu da dərin təəssürat
oyadır. Xüsusən, Nurlan əsgərin ölüm səhnəsindəki
emosional, gərgin ovqatı uğurla tamaşaçıya
ötürə bilir.
Bənzərsiz
səsi ilə tamaşaçıların rəğbətini
qazanmış xanəndə Mirələm Mirələmovun
tamaşa boyu ifaları seyrcini bəlli bir ovqata kökləyir.
Bu səs gözəgörünməz nələrisə
tamaşaçıya göstərə bilir.
Ağac
özü də tilsimli bir obraza çevrilir və sanki o da həm
əsgərlərlə, həm tamaşaçı ilə
danışır.
Çox
maraqlıdır ki, bu tamaşa kino estetikasına daha yaxın
formada qurulmuşdu. Canlı döyüş səhnələri,
göydən mərmi yağması bu effekti yaradır. Sanki
tamaşaya baxmırsan, döyüş filmini seyr edirsən.
Bu da rejissorun və onunla birlikdə
çalışanların böyük uğuru kimi qeyd edilməlidir.
Bütün bu uğurlu, orijinal məziyyətləri ilə
"Balaca kişilər" Azərbaycan səhnəsində
bir hadisədir.
Bütün
detallar, təfərrüatlar zərgər dəqiqliyi ilə işlənib,
mizanlar səliqəli və məntiqi şəkildə
seçilib və doğrudan da, kollektiv tamaşanın ərsəyə
gəlməsi üçün böyük əmək sərf
edib. Tamaşa boyu biz hər əsgərin öz xarakterini
görürük, bu da tamaşanın
bütövlüyünə xidmət edir. Bir-birlərinə
qəribə bir enerji ötürən "balaca kişilər"in
hər biri aslan kimi döyüşür, birinin şəhadətə
yetişməyi o birini daha da gücləndirir, düşmənə
nifrətini bir az da artırır. Biz səhnədə
"balaca kişilər"in böyüklüyünü
görürük.
Səngərdən dikəlib qalxan
saniyə
Ölümün
gözünə baxan saniyə
Balaca
kişilər yoxa çıxdılar,
Yeri
parçalayıb əzəmətiylə
Torpaqdan
elə bil divlər qalxdılar.
Dünən
sevgilərlə dolmuşdu gözü,
Qəzəbli
gözündən bu gün qan sızır.
Dünən
qızlar üçün "sms" yazan
Bu
gün öz qanıyla "şücaət" yazır...
Aktyorlarla
tamaşa zalı arasında əlaqə
tamaşaçının da prosesdə iştirakını tələb
edir və saat yarım ərzində tamaşaçılar bir
neçə dəfə alqışlarla reaksiya verərək
prosesə qoşulmuş oldular. Tamaşanın sonunda
bitib-tükənmək bilməyən alqışlar
"Balaca kişilər"in böyük uğurunu təsdiqlədi.
Dəyərli
qələm dostum İlqar Fəhmini, tamaşanın
quruluşçu rejissoru Nicat Kazımovu, aktyorları,
bütün yaradıcı kollektivi bu uğur münasibətilə
təbrik edirəm.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S.28.