Günəşlənən
bir qızın sevgi çiçəkləri
Gənc şairə-esseist Seyid
Aynurun "Lal gəmilər" adlı ilk kitabı
işıq üzü görüb. Kitaba tanınmış ədəbi-tənqidçi,
professor Vaqif Yusifli ön söz yazıb. Tanıtım məqsədilə
həmin məqaləni dərc edirik. Qeyd edək ki, "Lal gəmilər"in
II Türk Ədəbiyyatı Festivalı çərçivəsində
təqdimatı nəzərdə tutulur.
Vaqif
YUSİFLİ
Seyid
Aynuru nə görmüş, nə də şeirlərini
oxumuşdum. Amma şeirlərini oxudum və indi onu
görürəm də, duyuram da. Təsəvvür edirəm
ki, ürəyi - içi həyat eşqi, yaşamaq
yanğısı ilə dolu bir qadın xəstəxana pəncərəsindən
çölə boylanır və düşünür:
müharibələri, köçkünləri, əsirləri,
səngərdə düşmən snayperinə tuş gələn
əsgəri, zibilliklərə atılmış körpələri.
O qadın yaralı göyərçin kimi titrək, payız
yarpaqları kimi solğundur. Dərdlər ona
qadınlığını da unutdurur.
Seyid
Aynurun şeirləri barədə söhbətə niyə məhz
"Qadın" şeirindən başladım? Bunun iki səbəbi
var: birincisi: onun bütün şeirlərində bir qadın
obrazını gördüm. Bu qadın bu dünya və bu həyatla
üz-üzədir. Və ən çox da özüylə.
Dünya, həyat və öz ürəyiylə
baş-başa qalan bu qadın anlamaq dərdi ilə
yaşayır. İnsan bütün ömrü boyu bu anlamaq, dərk
etmək həqiqətinə can atır. Və bu həqiqətə
qovuşur. Seyid Aynur da bu həqiqət yolunun
yolçularındandır. İkincisi: Seyid Aynur şairdir və
onun şair obrazını şeirlərinin nə dərəcədə
poetik olmasında, fikrin hissiyyatla qovuşmasında, obrazlı
ifadə tərzinə, şeirin yaraşığı olan bədii
təsvir vasitələrinin orijinallığında
müşahidə edirəm.
And
olsun təbiətə,
kəsilmiş
ağacların
o səssiz
hönkürtüsünə!
Mən
sevgi şeirlərini
Heç
vaxt vərəqdə yazmadım:
Musiqi
kimi gəldi,
Nəğmə
kimi zümzümə etdim.
Üşüdü
misralarımdakı ağaclar,
Bir
quş qanadı kimi.
"Ağac"
adlı bu şeiri niyə misal gətirirəm? "Kəsilmiş
ağacların hönkürtüsü" və
misralardakı üşüyən ağaclar - bu ifadələr
sırf metaforalardır. İnsana məxsus olan xasiyyət və
əlamətlərin təbiət üzərinə
köçürülməsi həmişə uğurla nəticələnmir,
amma Seyid Aynurun təkcə bu şeirində deyil, digər
şeirlərində də metaforalar orijinal təsir
bağışlayır. Təbii ki, kəsilmiş ağaclar
hönkürə bilməz, bir şeirin misralarında
ağaclar üşüyə bilməz. Amma insanla təbiətin
vəhdətini əks etdirən metaforalar bütün əsrlər
boyu şeirimizdə işlənib, Seyid Aynur da bu ənənəyə
özünün metaforik düşüncə tərzindən
təzə çalarlar artırır. Təkcə metaforalar
deyil, təşbehlər də onun şeirlərinə poetik
naxışlar, rənglər qatır.
Bir
başqa şeirinə müraciət edirəm:
Həsrətin
doğum günü,
Fotoalbomları
vərəqləyirəm
şəkillər
qovuşa bilməyənlər üçün
təsəllidir.
Ürəyimdə
ayaq səslərin eşidildi:
Tap!
Tap!
Adın
dilimdə çiçəkləyirdi
ləçək-ləçək
-
Yaz gəlmişdi.
Bir
fotoya baxmaqla "həsrətin doğum
günü"nü, "qovuşa bilməyənlərin təsəllisi"
kimi xatırlamaq adi bir təəssüratdır. Amma yazın
gəlişi və bir adın dildə çiçəklənməsi
bu adiliyi poetikləşdirir.
Seyid
Aynurun Xocalıya, Qarabağa və müharibədə
döyüşən əsgərlərimizə həsr etdiyi
neçə şeiri var - bu şeirlərin müəllifinin
qarabağlı olduğunu düşünürəm. Dəxli
yox, heç qarabağlı olmasın, amma o hisslər, o
yanğılar ki var, onların ürəyin
kardioqrammasından keçib, o hissləri, o
yanğıları vaxtilə Qarabağ həsrətiylə
çırpınan, indi isə qələbə sevinciylə
yaşayan bir şair-qadın yaza bilər.
Quruyar
gözlərimdən axan çaylar
Dalğalanar
göydə zəfər bayrağı.
Duman
olub çəkilər,
Gözümüzdən
vətənsizlik qorxusu.
Xoşbəxtlikdən
hamıyla qucaqlaşar
Doğmalaşar
insanlar.
Həqiqətin
dilində azan verər,
Yarası
sağalan Şuşa məscidi.
Dayanıb
namaz qılar
üzünü
küləyə tutan çiçəklər.
Dağlara
düşən şəhid qanı dönüb
qırmızı
lalə olar.
Mən
Seyid Aynurun "Tunel" şeirini müharibə mövzusunda
yazılan ən gözəl - ən nisgilli şeirlərdən
biri hesab edirəm. Bu şeirdə Seyid Aynurun "analar -
oğullar - şəhidlər" düşüncəsinin
uğurlu nümunəsi sayıram.
Seyid
Aynurun şeirlərində fikir, düşüncə
materialı aparıcıdır. Burada mən dahi V.Q.Belinskinin
bu fikirlərin xatırlayıram: "Şeirin poetik olması
üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq
azdır, hətta hiss özü də təklikdə kifayət
eləməz. Çünki hər cür poeziyanın əsl
məzmununu təşkil edən də elə budur. Bu fikir
poeziyada həyatın müəyyən bir tərəfinə
baxış kimi özünü göstərir, şairin əsərlərini
ilhamlandıran və yaşadan bir başlanğıc kimi
meydana çıxır". Seyid Aynurun əksər şeirlərində
fikir ön plandadır, yəni şairin bir şeirdə nə
demək istədiyi bizə məlum olur. Təbii ki, hər
hansı fikir bədiiyyatla yüklənməlidir. Fikrin
özü də mənalı olmalıdır ki, onu rövnəqləndirən
bədiiyyatla qovuşsun. Məsələn, "Xudayarın nəğməsi"
şeirində əsas fikir məlumdur - onun oxuduğu
mahnının necə bir əks-səda doğurduğunu, bu
mahnının bütün Azərbaycana
yayılması…bildiyimiz o mahnının Xudayarın - o
döyüşçünün adı ilə məşhurlaşması...
Amma bu fikri qüvvətləndirən də şairin gözəl,
orijinal təşbehləridir. Belə misalların
sayını artıra da bilərik.
Dünya
xəritəsində - bizdən çox-çox uzaqlarda -
Sakit Okeanın Şərqi Asiya sahilləri
yaxınlığındakı adalarda bir dövlət yerləşir
- Yaponiya. Və Yaponiya qədim bir tarixə, zəngin bir mədəniyyətə
malikdir. XX əsri həm də yapon əsri adlandırmaq olar.
İkinci Dünya müharibəsindən sonra Yaponiya çox
sürətlə inkişaf etməyə başladı və
dünya dövlətləri arasında iqtisadi cəhətdən
ən irəli mövqelərə çıxdı.
Dünyanın Xirosima, Naqasaki yaraları var və yaponlar bu dəhşətli
faciələri özlərinin müasir texnologiyaları ilə
unutdurmağa çalışdılar.
Yapon
ədəbiyyatı bizə çox az məlumdur, amma bu naməlumluq
get-gedə azalır. Son illərdə AMEA-nın Ədəbiyyat
İnstitutunda yapon ədəbiyyatı ilə bağlı tədqiqat
işləri aparılır. Amma yapon ədəbiyyatı ilə
bağlı tanışlığı ilk dəfə Xalq
yazıçısı Elçinin tərcümə və tərtib
etdiyi "Nərgizin bir ləçəyi" toplusu ilə
tanışlıqda əldə etmişik (1979). Bu topluda yapon poeziyasında çox
geniş yayılmış hayku və renki şeir növləri
toplanmışdır. Daha sonralar şair Rasim Qapracanın tərtib
etdiyi "Yapon ədəbiyyatında haykular" və
şair-tərcüməçi Səlim Babullaoğlunun tərcüməsi
ilə "Səsindən tanıdılar payızı"
toplusu nəşr olundu.
Miniatür
şeir janrı bütün dünya poeziyasında işlənib
və işlənməkdədir Azərbaycan poeziyasında
rübailəri və bayatıları xatırlayın. Yapon ədəbiyyatındakı
haykuların hər biri üç misradan ibarətdir. Bu
haykularda qafiyənin varlığı hiss olunmur. Amma əsas
odur ki, bu üç misra arasında müəyyən bir fikir
və məntiqi əlaqə olsun. Və o üç misra bədiiliyin
tələblərinə cavab versin. Onların bir neçəsini
misal gətirmək istəyirəm:
Əlimdə güzgü,
Günün
işığı düşər
Gülümsəyib,
göz vurar təbiət.
***
Qışın
qarından qaçırdım,
Baxdım
Saçlarım
ağarıb.
***
İnsanın
heyvanlardan
Tək
fərqi
Düz
xətlər cıza bilməsi oldu.
***
Dənizdə
konsert,
Qağayıların
səsi
Eşq
balladası.
Mən
Seyid Aynurun esselərini də oxudum. Onun şairliyi bu esselərə
də hopub. Xüsusilə, "Şuşa" essesi xatirələr
işığında bizi Şuşaya aparır. Hiss olunur ki,
Seyid Aynurun içində və ruhunda Şuşa əbədi
bir nəğmədir.
Əziz
oxucu! Mən Seyid Aynurun ədəbi dünyası ilə sizi
qismən də olsa, tanış etdim. Qoy bu ədəbi
dünya əbədi dünyaya dönsün. Yazsın,
yaratsın, Şuşadan doymadığı kimi şeirdən
də doymasın!..
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S.30.