Dünyada var, Vətəndən uca?...

 

Çağdaş uşaq şeirlərində vətən sevgisinin təcəssümü

 

Vətənpərvərlik hissinin tərbiyəsi mahiyyət etibarı ilə digər əxlaqi sərvətlərlə (sədaqətlilik, işgüzarlıq, cəsarətlilik, xeyirxahlıq, mərdlik s.) bilavasitə əlaqədardır. Bu gün məktəbəqədər təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin qarşısında müəyyən məqsədlər qoyulmalıdır. Uşaq xalqına, millətinə mənsubluğunu, onun bu Vətənin vətəndaşı olduğunu, torpağını qorumaq işində iştirak edəcəyini, bu müqəddəs vəzifəyə daim hazır olmağın məsuliyyətini başa düşməlidir. Eyni zamanda uşaqlara öyrədilməlidir ki, Azərbaycanın üç rəngli müqəddəs bayrağına, Azərbaycanın himninə hörmət etmək, ona ehtiramla yanaşmaq hamının borcudur. Uşaqlar bilməlidir ki, idmançılarımız yarışlarda qalib gəldikdə onların şərəfinə üçrəngli bayrağımız ən uca zirvəyə qaldırılmaqla Azərbaycanın himni səslənir. Uşaqları xalqımızın mübarizə, qələbə ilə zəngin olan tarixi haqqında, görkəmli sərkərdə generallar haqqında ilkin məlumatlarla tanış etmək vacib amildir.

Vətənpərvərlik tərbiyəsi - Vətənə məhəbbət, öz xalqına, onun əməyinə iftixar hissi, Vətənin düşmənlərinə nifrət, onun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün dövrlərdə işıqlı zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuş, yeniyetmələrin vətənpərvər kimi yetişməsi Azərbaycan folklorunun, yazılı ədəbiyyatının, elmi tədqiqat əsərlərinin əsas leytmotivini təşkil etmişdir.

Vətənpərvərlik tərbiyəsinin mühüm aspektlərindən biri qeyd etdiyimiz kimi, uşaq ədəbiyyatının bu kontekstdə mühüm fəaliyyəti ilə bağlıdır.

Sovet dövründə ilk əsərlərini qələmə almağa başlayan Qəşəm İsabəyli yaradıcılığının böyük hissəsi müstəqillik illərinə təsadüf edir. Çağdaş dövrdə uşaqlar üçün müxtəlif poeziya nümunlərini yaradan sənətkarlar içərisində Qəşəm İsabəyli yaradıcılığı təqdirəlayiqdir.

Şairin şeirlərində Vətən anlayışı aparıcı mövqe tutsa da, uşaq psixologiyasına dərindən bələd olan yazıçının yaradıcılığı bununla məhdudlaşmır. O, bir çox mövzulara müraciət etmişdir. Vətən haqqında yazılmış "Vətən-yəni biz..." şeirində şair bu sözə elə açıqlama verir ki, bu üsulla balaca oxuculara "Vətən nədir?" sualına cavab tapmaqda yardımçı olur. Aydındır ki, uşaqlara yalnız obrazlı ifadələrlə "Vətəni sevək, onu qoruyaq, Vətən yolunda canımızdan keçək" desək, uşaq bu sözün məna yükünü anlamayacaq, bizlər üçün Vətən nəyi ifadə edir bilməyəcək. Məhz bunu düşünən şair bu şeirdə balacaların anlayacağı dillə- sözü hecalara ayırır, hər hecanın mənasını açır bu yolla Vətənin müqəddəsliyini, bölünməzliyini, doğmalığını izah etməyə çalışır:

 

deməkdi "", deməkdi "Tən"?

 

Bağlayıcıdır "", dərslikdə var.

 

Min fikri, sözü açar bağlayar.

 

Bəs "Tən"?

 

Əlbəttə, "Yarı", "Yarı", yəni "Tən",

 

Eləysə onda nədir bəs "Vətən"?

 

"Və"dən qabağa-onlar, sən mən,

 

"Və"dən arxaya qalan yarı-tən.

 

 Müstəqillik dövrü, Qarabağ müharibəsi, bu dövrdə baş vermiş ictimai-siyasi hadisələr uşaq ədəbiyyatına da sirayət etdi. 1990-cı illərdə baş vermiş siyasi hadisələr, xalqın yaşadığı o çətin mübariz dövr poeziyada, ədəbiyyatda diqqətsiz qalmadı. Qarabağ mövzusu, müharibənin xalqın mənəviyyatına təsiri, onun qoyduğu izlər nəinki həmin illərdə, eləcə çağdaş dövrdə ədəbiyyatın əsas predmetinə çevrilmişdir. Bir çox uşaq yazıçıları bu ədəbi hərəkatdan geri qalmamış, öz şeirlərində Qarabağ, müharibə mövzusuna xüsusi diqqət ayırmışlar. Həmin yazıçılardan biri Bəkir Nəbiyevin təbirincə desək, uşaq ədəbiyyatının "xanım anası" Xanımana Əlibəylidir.

Onun şeirlərində müharibə ovqatı, onun dəhşətli nəticələri, övladını davaya yola salan ananın dərdi, qəmi, qüssəsi, həsrətlə onun yolunu gözləməsi böyük sənətkar məharəti ilə əks olunmuşdur. "Bayramın mübarək oğul!", "Gedim davaya", "Laçın", "Bayrağım", "Əsgər qardaşım" s. belə şeirlərdəndir.

"Gedim davaya" şeirində müharibə mövzusu qələmə alınmışdır. Dialoq formasında qurulan bu poetik nümunədə ana-bala söhbəti əks olunur. Ananın beş yaşlı oğlu o qədər bu mühitin içərisində olub, o qədər bu dəhşətlərin şahidi olub ki, azyaşlı olmasına rəğmən pəncərəni açıb təbiətin gözəlliyini duymaq, onu görmək əvəzinə davaya getməyi, düşmənlə vuruşmağı tərcih edir:

 

 - Ana mən qorxmuram, şaxta-qar nədir?

 

- Bu davada neyləyər sənin daşın?

 

- Bəs dərdimin yaraları göynədir

 

- Bu il olacaqdır sənin beş yaşın.

 

- Ana gedim silahları yağlayım,

 

Ana gedim yaraları bağlayım.

 

 

"Laçın" şeirində müəllif mənfur düşmənlər tərəfindən işğala məruz qalan Qarabağ torpaqlarını, Laçını tərənnüm edir. Ermənilərə səslənən qəhrəman bir gün onlara ölüm elan olunacağı ilə hədələyir. Bu şeirin ruhunda vətənpərvərlik, doğma yurd uğunda savaşa çağırış motivləri əks olunmuşdur.

"Bayrağım" şeirində isə millətimizin qürür, şərəf, heysiyyət yeri olan ay-ulduzlu bayrağımız təsvir olunmuşdur. Uca bayrağa olan məhəbbət hissi, sevgi duyğuları bu poetik nümunədə dolğun şəkildə izhar olunur. Şeiri oxuyan kiçikyaşlı oxucuda qürur, şərəf yerimiz olan bayrağa qarşı hörmət, sayğı hissləri artır, onun şüurunda, yaddaşında millət, milli mənlik şüurunun formalaşmasına təkan olur. İlk misranı oxuyan uşaq istər-istəməz düşünür: "Niyə bu bayrağın rəngi aldır? Niyə ona belə ad verilir?" Bu sualların cavabını axtarmaq istəyərkən onda tariximiz haqqında da müəyyən məlumat formalaşır:

 

 O parlayan rəngi al, şəhidlərin al qanı,

Bu dünyaya işıq sal, şəfəqləndir hər yanı!

Sən dalğalan, keçsin şən bu həyatda hər çağın,

Səni çox sevirəm mən, ay-ulduzlu bayrağım!

 

 "Qurban olum" şeirində vaqonda yaşayan qaçqın uşağın Vətənlə bağlı arzuları, düşüncələri əks olunmuşdur. Şeirin lirik qəhrəmanı içində yaşadığı vaqonu böyük məhəbbətlə vəsf edir. Vaqonda yatan uşaq yuxusunda daş daşıyır, ev hörür, özünü gah göyün üzündə, gah Cıdır düzündə görür.

Bu şeiri həyəcansız oxumaq mümkün deyil. Şair işğal olunmuş torpaqlarımız üçün ağlamır, sızlamır, ah-nalə etmir. Ancaq qurduğu süjet xətti, oxucuya çatdırmaq istədiyi ideya fərqli formada təsvir olunur, qaçqınlıq həyatı, Vətəndən didərgin düşən insanların acı taleyi göz önündə canlanır:

 

Qardaşımla sübh çağında,

 

Olduq İsa bulağında.

 

Sudan içdim doyunca mən,

 

Gəzdim dağlar boyunca mən.

 

Hey Şuşaya düşür yolum,

 

Vətənimə qurban olum.

 

Rafiq Yusifoğlu daim uşaq ədəbiyyatı ilə məşğul olan, bu sahədə bir-birindən dəyərli ədəbi nümunələr yaradan şairlərdəndir. O, ötən ildə uşaqlar üçün əvəzolunmaz dərgi olan "Göyərçin" jurnalındakı baş redaktor kimi fəaliyyətini davam etdirməklə yanaşı, digər mətbu orqanlarında bir-birindən fərqli uşaq şeirləri ilə çıxış etmişdir.

2019-cu ildə "Göyərçin" jurnalında "Yaddaş kitabı" sərlövhəsi ilə tarixi günlərin yaranmasını özündə əks etdirən müxtəlif şeirlər dərc olunmuşdur. Rafiq Yusifoğlunun "Şəhidlər xiyabanı", "Xocalı", "Soyqrım", "Qələbə bayrağı", "28 May", "Laçınım", "Dünya azərbaycanlılarının həmrəyliyi günü", "Milli dirçəliş günü" s. şeirləri ayrı-ayrı əlamətdar günlərin uşaqlar tərəfindən öyrənib yadda saxlamasına yardımçı olur:

 

Şəhidlər xiyabanı -

 

Müqəddəs and yerimiz.

 

Mərmər daşlara hopub

 

Bayatımız, şeirimiz.

 

 

Geri dönər Xocalı,

 

Geri qayıdar Şuşa.

 

Şəhid ruhu şad olar,

 

Dönər bir qızıl quşa.

 

 

Qarabağ torpağının

 

Üstündə uçar, uçar.

 

Hamımızın qəlbində

 

Arzular çiçək açar...

 

 

Burada müəllif həm tariximizin qan yaddaşı olan 20 yanvar faciəsinin tarixini uşaqlara öyrətməyə çalışır, həm onlarda Vətənə məhəbbət, onu şərəflə qorumaq, mərdlik hisslərinin qüvvətlənməsinə səbəb ola biləcək əhval-ruhiyyə yaradır.

Buradakı şeirlərin bir qismi milli dini bayramlarımıza həsr olunmuş, digər qismi Vətənə sevgi, məhəbbət motivlərini özündə əxz etdirmişdir. "Orucluq bayramı", "Qurban bayramı", "Novruzum", "Azərbaycan əsgəri", "Qələbə bayrağı" s. bu qəbildəndir:

 

 Novruzum, ay novruzum,

 

Gəl ərit qarı, buzu.

 

Çiçəkləsin ağaclar,

 

Yaşıllaşsın yamaclar.

 

 

Bir nəlbəki səməni,

 

Xatırlatsın çəməni.

 

Şamlarımız yansın gur,

 

Hər yana ələnsin nur.

 

 

Gözəlləşsin meşələr,

 

Açılsın bənövşələr.

 

Çölləri tutsun ətir,

 

Xeyir-bərəkət gətir!

 

 

Müasir ədəbi prosesin mənzərəsini dolğun, hərtərəfli əks etdirən "Ədəbiyyat qəzeti" həmişə Qarabağ mövzusunda yazılmış uşaq şeirlərinə, nəsr əsərlərinə öz səhifələrində geniş yer verir.

"Ədəbiyyat qəzeti"nə nəzər yetirdikdə Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, İbrahim Yusifoğlu, Ələsgər Əlioğlu, Qəşəm Nəcəfzadə, İnqilab İsaq, Mina Rəşid kimi daim uşaq ədəbiyyatı ilə məşğul olan yazarların Qarabağla bağlı şeirlərinə rast gəlirik.

Sevinc Nuruqızı "Vətəndən uca" şeirində Vətənin müqəddəsliyini, doğmalığını adi təsviri sözlərlə yazmır. O, təbiətin gözəlliyini, yağışın yağmasını, navalçaların sədasını elə dolğun, poetik səviyyədə oxucuya çatdırır ki, uşaqlar bu möhtəşəm gözəlliyi qəlbən duyurlar:

 

Ayaqlar altda,

 

xəzəl xış... xış... xış...

 

Günəşdən içib,

 

çəmən doyunca...

 

Dünyada var,

 

Vətəndən uca?..

 

 

Qəşəm Nəcəfzadənin əksər uşaq şeirlərində müharibənin təsirindən zərbə alan uşaq obrazlarına rast gəlirik. Bu uşaqlar hər şeydən xəbərsiz, öz kiçik dünyalarında yaşayırlar, bir-biri ilə torpaq üstündə vuruşan, müharibələr törədən insalara qarşı yazılmış bu misralar bir növ etiraz kimi səslənir:

 

 

Ehey, sən kimsən, qaranlıqda gizlənən,

 

"Düşmən" sözünü atma uşaqların içinə.

 

Silahını yığışdır, rədd ol bizim dünyadan,

 

Qarışma, sən qarışma, uşaqların işinə.

 

 İnqilab İsaq "Sərhəddə ağac" şeirində müharibənin dəhşətlərini bir uşağın dilindən təsvir edir. Uşaq sərhəddəki ağacın nər kimi dayanaraq Vətənini, elini qoruduğuna inanır, doğma torpaqların gec-tez düşməndən azad edilməsinə ümid edir:

 

Sərhəddə bir ağac var,

 

Onu əkibdi babam.

 

Qanlı döyüşlər görüb

 

Hər yarpağı, budağı.

 

Kölgəsində gizləyib

 

Neçə oğul-uşağı.

 

 Mina Rəşid şeirlərində tez-tez vətənpərvərlik mövzusuna müraciət edir. Onun "Mənim doğma vətənim", "Ana dilim", "Xocalı", "Ağdam", "Mübariz", "Türk bayrağı", "Qarabağ" s. şeirləri bu qəbildəndir. M.Rəşid ana dilinin gözəlliyini, doğmalığını uşaqların ruhuna uyğun, onların qavrayacağı səviyyədə vəsf edir. Bu şeirlərdə insanın ruhuna hopmuş, onun varlığını, kimliyini, özünüifadəsini təcəssüm edən ana dilinin müqəddəsliyi yüksək estetik zövqlə təcəlli tapır:

 

Ana dilim bal kimi

 

Danışmaqdan doymuram.

 

Mən onu neçə dilin

 

İçində qoruyuram.

 

Ölkəmizdə doğma torpağın toxunulmazlığı keşiyində durmaq üçün aparılan mübarizə, bu mübarizədə xalqımızm milli şüurunun oyanması, adət-ənənələri dirçəltmək meylinin qüvvətləndirilməsi, tərbiyə problemlərinin həllində ümumbəşəri xarakterli milli amillərin ön plana çəkilməsi gənc nəslin vətənpərvərlik tərbiyəsi üzrə işi əsaslı şəkildə yaxşılaşdırmağı tələb edir.

Buna görə Azərbaycan Respublikasına vətənini sevən, ona bağlı olan, vətənin müdafiəsinə hər an hazır olan nəslin yetişdirilməsi vacibdir. Bunun üçün onlara təlqin olunan Qarabağ mövzusu xüsusi əhəmiyyətə malikdir.

Çağdaş dövrdə Azərbaycan uşaq ədəbiyyatında vətənpərvərlik mövzusunun tərənnüm üsullarını incələyərkən müəyyən etdik ki, bu mövzuda xeyli uşaq şeirləri ərsəyə gəlmişdir. Vətənpərvərlik hissi olmadan heç bir xalq öz torpağının, öz elinin, millətinin təəssübünü çəkə bilməz, onu layiqincə qoruya bilməz. Məhz Qarabağ mövzusunda yazılmış şeirlər uşaqlarda vətənpərvərlik hissini yüksək səviyyəyə çatdırdı. İkinci Qarabağ savaşında göz qırpmadan canını Vətən uğrunda fəda edən qəhrəmanlar həmin şeirlərin mənəvi təsiri ilə böyüyüb yetişmiş igidlər idi. Ümumiyyətlə, çağdaş dövr Azərbaycan uşaq şeirlərində vətənpərvərlik mövzusuna müraciət edən hər bir şairin əsas qayəsi gələcəyimiz olan uşaqların mənəviyyatca sağlam, yetkin şəkildə yetişməsinə, onların bir şəxsiyyət kimi formalaşmasına xidmət edir.

 

Gülnar QƏMBƏROVA

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 31.