Vaxt vardı...

 

 

Gül əllə yelləyib gül beşiyimi,

 

Xoş səslə laylamı çalardı qızlar.

 

Çəkib keşiyimi, olub həyanım,

 

Mənə dayə kimi baxardı qızlar.

 

 

Barmaq toxundurub barmaqlarıma,

 

Zərif sığal çəkib yanaqlarıma,

 

Hələ süd qoxuyan dodaqlarıma

 

Məhəbbət çiləyən bahardı qızlar.

 

 

Elə ki, ilk qədəm atıb yeridim,

 

Divardan, divandan tutub yeridim,

 

Yıxıla-yıxıla durub yeridim -

 

Körpə addımımı sayardı qızlar.

 

 

Böyüdüm, bir gəzdik çölü-çəməni,

 

Düzdüm tellərinə tər yasəməni.

 

Gündüz gizlənpaçda itirib məni,

 

Gecə yuxusunda tapardı qızlar.

 

 

Hər gün bir istəkdə mən yada düşdüm,

 

Bir bəxtə yar oldum, bir ada düşdüm.

 

İndi də sönməyən bir oda düşdüm,

 

Ruhumu yandırıb-yaxardı qızlar.

 

 

Təzəcə dil açan nəğmələrimi

 

Oxşayıb ən əziz əmanət kimi,

 

Bölüşüb - ən dadlı bir nemət kimi -

 

Ürəkdən-ürəyə yayardı qızlar.

 

 

Eşqin sınağında yoxlanan canım,

 

Neştər kirpiklərlə oxlanan canım,

 

Gözəllər dalınca boylanan canım,

 

Vaxt vardı dalımca çapardı qızlar.

 

 

Dəyişdim illərin naxışlarında,

 

İslandım həsrətin yağışlarında.

 

Sehrli, əfsunlu baxışlarında

 

Gözümün nurunu apardı qızlar.

 

 

1977

 

 

İncitməyin oğlanları...

 

 Hərbin ocağına düşəndə bir vaxt,

 

Yurdumda nə qədər cavan azalıb, -

 

Vətən qeyrətini, el namusunu

 

Ölümün ağzından alan azalıb.

 

 

Döyüşdə palıdtək yıxılanların

 

Yerində boy atıb yaşıl pöhrələr.

 

İndi ata olub, ana olublar

 

Bir zaman atasız qalan körpələr.

 

 

İndi oğullar var - Fərhad misallı,

 

İndi gözəllər var - Şirindən şirin.

 

Bu oğlan nəvələr, bu qız nəvələr

 

Canlı heykəlidir o igidlərin.

 

 

Onlardan əbədi xatirə qalıb

 

Bu ülfət, sədaqət, vəfa, etibar

 

Sevən ürəklərin ünsiyyətində

 

Baba vüqarı var, nənə andı var.

 

 

Qoruyaq o andı, o vüqarı biz,

 

Ona zərrə qədər düşməsin ləkə.

 

Sinədən sinəyə köçən ürəyi

 

Nə hicran ayırsın, nə də təhlükə.

 

 

Döyüşdə yıxılsan, yenə yaşarsan,

 

Sevgi yollarında yıxılmaq - ölüm!

 

Elə yaşayın ki, elə sevin ki,

 

Sevda ümmanında batmasın heç kim!

 

 

Qızlar, incitməyin oğlanları siz,

 

Onsuz da oğlanlar yaman azalıb, -

 

Eşqə biganələr üzüpis olur.

 

Məhəbbət oduna yanan azalıb.

 

 

 

Sənsiz

 

 Səndən ayrı düşəli

 

            yaman narahatam mən,

 

Xəyalın gecə-gündüz

 

            qoymur rahat yatam mən.

 

Sənsiz qara yel əsir

 

            könlümün otağında,

 

Bəbəyim hicran gölü...

 

Gözümün qapağından

 

Muncuq-muncuq düzülən

 

gümüşü yaş asılıb,

 

Vallah, ürək yerinə

 

            bir ağır daş asılıb.

 

İpək telli sinəmdən -

 

            daşıya bilmirəm mən.

 

Sənsiz gülə bilmirəm,

 

Niyə belə? Bilmirəm!

 

Sənsiz ölə bilmirəm,

 

Yaşaya bilmirəm mən!

 

 1977

 

 

Badamı gözlərin

 

 (Mahnı)

 

 Alovsuz yandırır

 

Adamı gözlərin,

 

Salacaq könlümü

 

Odamı gözlərin?!

 

 

Məhəbbət ulduzum -

 

Badamı gözlərin,

 

Qoşa bəxt ulduzum -

 

Badamı gözlərin.

 

 

İnciyib, eləmi,

Küsübdür yenəmi?

 

Baxacaq mənəmi,

 

Yadamı gözlərin?!

 

 

Qızılgül çətirli

 

Badamı gözlərin,

 

Bənövşə ətirli

 

Badamı gözlərin.

 

 

Gizlincə güləcək

 

Sehrli o çiçək.

 

Ömrümü verəcək

 

Badamı gözlərin?!

 

 

Könlümün məhrəmi

 

Badamı gözlərin.

 

Şəfası, məlhəmi

 

Badamı gözlərin.

 

Məhəbbət ulduzum -

 

Badamı gözlərin.

 

Qoşa bəxt uldumuz -

 

Badamı gözlərin.

 

 

Sən yanımda olanda

 

(Mahnı)

 

 Yüz sınaqdan çıxaram -

 

Sən yanımda olanda!

 

Dağı belə yıxaram -

 

Sən yanımda olanda!

 

 

Mənimdir söz meydanı!

 

Səsim tutar hər yanı,

 

Səsim tutar cahanı -

 

Sən yanımda olanda!

 

 

Sözlü çıraq olaram,

 

Qaynar bulaq olaram,

 

Oynar uşaq olaram -

 

Sən yanımda olanda!

 

 

Çaylar kimi daşaram,

 

Sahilləri aşaram.

 

İki ömür yaşaram -

 

Sən yanımda olanda!

 

 1979

 

 

Dedi: "Mən şairəm!"

 

 Dedi: "Mən şairəm!" - döşünə döydü,

 

Üstümə qoçutək yeridi o gün.

 

Səsi qurşun kimi sinəmə dəydi,

 

Özü gözlərimdə əridi o gün.

 

 

Diksindi min illik sözüm, söhbətim,

 

Oyandı qəlbimdə neçə sənətkar:

 

Füzulim, Sabirim, Hadim, Səhhətim...

 

Dedilər! "Deyəsən təzə xəbər var!".

 

 

Sənət meydanını tutsa da Cəfər,

 

Ölüncə həvəskar saydı özünü.

 

Başına yağdıqca alqış-çiçəklər,

 

Uşaqtək utanıb örtdü üzünü.

 

 

Şeirimə pozulmaz nəqşlər vuran

 

Müşfiqim susmayan odlu ürəkdir:

 

"Şairəm söyləyir yerindən duran,

 

Adamın üzündə həya gərəkdir!".

 

 

Vurğun mizrab vurdu sazına yenə,

 

Sevindi səhərlər, dindi axşamlar

 

Güldü təbiətin səxavətinə:

 

"Neçin yaranmışdır artır adamlar?"

 

 

...Dilləndi könlümdə o səslər mənim,

 

Baxdım "Mən şairəm!" deyən hərifə.

 

Dirildi eşqimlə o kəslər mənim -

 

Yoxdu minnətləri yersiz tərifə.

 

 

Sərraflar fikrimi yaxşıca anlar,

 

Hər səs - ömür payım, mənə bəs oldu.

 

Həyatda yox ikən - dağ oldu onlar,

 

Var ikən o nadan - görünməz oldu!..

 

 1978

 

 

Tapammadım...

 

 Tanıdım - daha bəsdir,

 

And-amanın əbəsdir.

Sən elə "vəhşisən" ki,

 

Yerin yalnız qəfəsdir.

 

 

Adın var, hörmətin yox,

 

Abrın yox, ismətin yox.

 

Mərifət ocağında

 

Bir parça qismətin yox.

 

 

Yıxmaqdır məni qəsdin,

 

Ömür yolumu kəsdin.

 

Neçə il gecikmisən,

 

Neçə ildir tələsdin.

 

 

Bəlddirlər işinə,

 

Gəl, çox döymə döşünə.

 

Quduz itə dönürsən -

 

Qan dəyəndə dişinə.

 

 

Cəllada bənzərin var,

 

Yaman bəd nəzərin var.

 

Xeyir səndən qaçaqdır,

 

Harda varsan - şərin var.

 

 

Peysərin qıpqırmızı,

 

İnsafsız, az qır bizi.

 

O murdar əllərinlə

 

Daşlara az vur bizi.

 

 

Saya gəlməz günahın,

 

Zəhərlidir silahın.

 

Neçə qapı bağladın

 

Açılmasın sabahın.

 

 

Tərifləmə özünü,

 

Eşit, deyim düzünü;

 

İstədim ki, tüpürəm,

 

Tapammadım üzünü!..

 

1978

 

 

 

Bəsimdir...

 

 "Qocalıqdan uzaqdasan,

 

Əl çatmayan bir dağdasan.

 

Bu cavan çox öyünməsin, -

 

Ondan yüz xal qabaqdasan!"

 

 

Bir gözəlin dilindən

 

 

Yaş ötüşüb, səs dəyişib, saç gümüş...

 

Məhəbbətdən oxuyuram bayaqdan.

 

Öz kədərim, müsibətim az imiş,

 

Bu yandan da gülür mənə bir cavan.

 

 

Əllərini çəkir tez-tez saçına,

 

Sığallayır şəvə kimi telini.

 

Duruşundan bənzəri var laçına,

 

İstiotla ovxarlayıb dilini.

 

 

Kirpiyində xəncər tutan pərilər -

 

Yox, doğramır - məlhəm olur qəlbimə.

 

Gözlərilə sözlərimdən öpürlər,

 

Hər təbəssüm həmdəm olur qəlbimə.

 

 

Məhəbbətdə hikmətə bax, gücə bax,

 

Yaşlaşsa da dadı-duzu itməyib.

 

Deyirəm ki, hələ olar yaşamaq,

 

Od yanırsa - demək, ömür bitməyib.

 

 

"Şair, yüz xal qabaqdasan, min əhsən!" -

 

Bir dodağın bəxşişidir bu kəlam.

 

Yer üzündə hal əhli var, deyəsən,

 

Onda necə sevinməsin bu ilham?!

 

 

Mənə yüz xal bağışlayın dilbərin

 

Üzündəki bircə xalı bəsimdir.

 

Hər kəlməsi nə dadlıdır, nə şirin!

 

Gülüşünün beçə balı bəsimdir.

 

 

Cavan oğlan, az atını səyirt sən,

 

Bu sözləri yaxşı saxla yadında.

 

Mən ustadam, sən yanımda şəyirdsən,

 

Ağsaqqallıq qüdrəti var adımda!..

 

 

Tellərinlə az qürrələn, qadası,

 

Hər qara tel üzüağlığı gətirmir.

 

Qara saçla silinmir üz qarası,

 

Bir çəngə tük şan-şöhrətə yetirmir.

 

 

Hikmətimdən sərib düzə yüz xalı,

 

Əzəlkitək hələ meydan sularam.

 

Bir xallıdan sovqat alıb yüz xalı,

 

Yüz yaşda da bu şəkildə qalaram.

 

 1980

 

 

 

Şair ölür...

 

 Xəstəxanada ürək ağrısı tutmuş şair həkimi səsləyir. Dəhlizdə nərd atan həkim xəbər göndərir ki,

 

oyunu qurtarım, gəlirəm.

 

Olmuş əhvalat

 

 

Yox, əl saxla,

 

həkim, dayan!

 

Ağlı qoca,

 

yaşı cavan

 

Şair ölür

 

nərdi az at!

 

Şeir-sənət

 

meydanında

 

Yüz nər yıxan

 

nərdi - az at!

 

Nərdi az at,

 

şair ölür!..

 

 

Həyat üçün

 

vuruşdadır,

 

Gah baharda,

 

gah qışdadır,

 

Ölüm ilə

 

qucaqlaşır;

 

Yaxınlaşır,

 

Uzaqlaşır

 

Gah gecədən,

 

Gah səhərdən.

 

Əlindəki

 

qoşa zərdən

 

Hər kəlməsi

 

min qat baha

 

Zəri - az at!

 

Nərdi az at!

 

Şair ölür!..

 

 

Sinəsindən

 

çıxır ürək,

 

İmdadına

 

yetiş görək!

 

Tez ol, tələs,

 

batdı səsi,

 

Namərd olma,

 

gözgörəsi

 

Belə yıxma

 

mərdi, az at!

 

Nərdi az at,

 

şair ölür!

 

 

İtdi ağlı,

 

itdi huşu,

 

Üzərinə

 

əcəl quşu

 

Qanadını

 

sərdi, az at!

 

Nərdi az at,

 

şair ölür!

 

Bir həb ilə

 

dərdi azalt!

 

Nərdi az at,

 

şair ölür!..

 

1972

 

Ağacavad Əlizadə

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S.16-17.