Yaşamaq istədiyini yaşamaq istəyən qorxular

 

Ramiz Rövşən yaradıcılığı aksiosfera müstəvisində

 

Onu heç vaxt oxumadım, oxumaq da istəmədim.

Oxunmaqçün yazmadı da...

Sükutunun söylədiklərini dinləsinlər istəyilə yazdı, məncə.

Acılarda arzuların nəğməsini, həsrətlərdə məsudluğun kimyasını, kürsülərdə səssizliyin cəbrini, xatirələrdə gələcəyin feilini dinləsinlər - istədi.

Düşüncələri dünyalarından geniş olanlara güvənib yazdı. Yazdı ki, onu olduğu kimi tanısınlar: zamandan asılı olmayan, dəyişməz ardıcıl...

Kimsə onu bu qədər dəqiq, aydın doğru ifadə etmədi bugünəcən. Sevənləri ifrat sevdi, şübhələr kəm olmadı.

 

Dünyanın xoş üzündən

Hərdən-hərdən qorxur adam.

Dostların sevgisindən

Hərdən-hərdən qorxur adam.

 

Təcrid olunmuş ərazidə şöhrət , məhəbbət yad görünür, qəribsəyir... bəzən antireklama dönür. Təftiş başlayır hərə bildiyi kimi yozur.

 

 Baxtından, özündən, güzgüdən küsüb

Çoxu ağlamağa bəhanə gəzir...

...Mən axı hamının ola bilmərəm.

 

 "Uzaq ulduzların işığı kimi" (İ.Qasımzadə) üşüyən bu nigaranlıq qorxulara çevrildikcə, baxmaqla görməyin fərqini duymayan ruhsuzluğun ekzotika - görüntü hərisliyini qınayırdı.

Personalist ruhu kütlə ruhsuzluğunun mənaya yox, ahəngə aludəçiliyindən sıxıldıqca, "biz olmayan yerə getmək" yolunun səmtini "özündən yıxılmağa" tutdu. Kimsəyə bəlli etmək istəmədiyi bir sədadan tutub getdi:

 

Bu dünyada

sən yıxılan ucalıqlar qalacaq.

 

 Əslində, bir az da fəndgirlik vardı bu gedişdə; bir az kənardan baxmaq, "mən" olmayacaq yerlərin halını - havasını bilmək yetikliyi. bir az da qorxu; tərkedilmədən getmək tutdurmasındakı eqoistliyin bundan yumşaq adı olurmu?

 

Sonralar Qadın ünvanlı şeirlərində hiss etdirməməyə çalışdığı, amma bacarmadığı da bu qorxu idi. O, tərk edilmək acısını yaşamağa gücsüzdü "üzrxahlığı", bəraət ( minnət!) cəhdi , yozmaları da burdan gəlirdi - məlum - məşhur şeirlərində Kişi eqoizminin yeniləcəyi qorxusundan:

 

 Bəlkə , biz onda ayrılmasaydıq,

mən indikiydim, sən indiki...

 

 Qorxusunu - eqoizmini işığın günahına bükdü:

Aman, qoymayın, qoymayın,

İşıqlar apardı məni.

İçində gözəl bilirdi axı:

Özünə qayıdır hər şey, özünə.

 

 Əslində, onunku ayrıntılara yox, birləşməyə köklənib, mənası da, ahəngi bir nöqtəyə vurur. Şeiri bu üzdən, güclünün haqlı olduğu dünyada, haqlının güclü olduğuna inandıran düşüncənin yanındadır.

 

 Bu dünyada baltalar,

bıçaqlar qalacaq.

 

Bu, onun qopub - ayrılıb gəldiyi ilkinliyin zamanıydı, dünyanın söz olmayan vaxtıydı:

 

 Biriydi hamının baxtı,

Yoxdu xoşbaxtı, bədbaxtı.

Balıqların uçan vaxtı,

Quşların üzən vaxtında.

 

Hələ adlar yoxuydu hər şeyin susan vaxtında, o üzdən hər vardı gözəl idi.

Hər şey gözəlkən, hər şeydə bir rahatlıq, əminlik varkən, o niyə sığalsız -sahmansız görünməkdən çəkinmədi. Bu düzənin, sığallı cilovdarlarla yolçuluğun çox çəkməyəcəyini kim söylədi, anlatdı ona?..

 

 Bağrım başı tapdaq-tapdaq,

Məndən betər yol qalmadı.

 

 Gecələrin ulduzu, küçələrin tozu qalmayan canında Yaddaşı güzgü kimi aydınlatdığındandı ki, Keçmiş - Məkan, Uzaqlar - Zaman kimi dəyərə çevrildi. Aralıq ərazidə üzən yaddaş - gəmi keçmişdən uzaqlara aparan yolun, tənha insanın göz yaşının nağılını daşıyırdı özüylə.

 

 Hara gedirsən, ay gəmi?

Uzaqlara, uzaqlara.

Məktub yazsam verərsənmi

Balıqlara, balıqlara...

 

 Bir qədər sonra biləndə ki, uzaqların da uzaqları varmış bu ikincilər sırasında özünü görəndə:

 

Yolların yoxuşun çəkir,

Elə bil qurğuşun çəkir.

çəkirsə, başım çəkir,

Bəs niyə qorxur ayağım?!

 

Onun şair adı - imzası dəyər ərazisində dönüb-dolandıqca, sözü unudulur, obrazı sözünü çəkdikcə (baxır kimin əlinə keçir fırça!), ayrı-ayrı cizgilər havada, suda, ay işığında, daşda, qapıda, şehdə, mehdə... birləşib - qovuşub... nəfəs kimi doğulanda... vaxt zamanda əriyir, bu ərinti "ölüb ölə bilməyənlərin" dərdinin - ağrısının yerini lehimləyir, danüzünün gecələrin qorxusunu qaçaq salan səssizliyində dua kimi, əlyerinə, gümana dönür:

 

 Bir dəfə gəlmişəmmi,

Gəlmişəmmi, görmüşəmmi?

Yaşamışam, ölmüşəmmi -

 Dünya mənə tanış gəlir.

 

Onun şeirləri Böyük Ayrılma Ərəfəsinin bətnindən düşdü. Bu o Ərəfə idi ki, sanki, Müəyyənliyin, Əminliyin sonu gəlmişdi. Söhbət Nobel mükafatçısı İlya Priqojinin dönməyən proseslərin tarazlıqdan uzaq şəraitdə qurucu rolu oynaması qənaətindən, ətrafda baş verən hər cür yeniliyin, nizamın, "özünütəşkilin, hətta bioloji strukturların" buna bağlı olmasından getmir. Söhbət Zaman, Xaos Təbiətin qanunlarında nəzərə çarpan yeniliklərin insan həyatında cəmiyyətin idarə olunmasında hiss olunan təsirindən gedir. Xaos onun yaradıcılığında, baxış bucağında gerçəkliyi, nağılı, mifi, layla həzinliyini, ozan-dastan təhkiyəsinin ləngərini, mərsiyə ovqatını... qarışdıra - yoğura, göy qurşağının sehri kimi, izahı müşkül, adamı çaş-baş qoyan bir yeni ahəng gətirdi ədəbiyyata. Heç mübahisəli olmayan bu təzahür - ahəngi ilə, sanki akademik maneraya meydan oxuyur, dirənişi dəf edirdi. Bu ahəng Nyuton qanunlarından kənarda düşünməyə sövq edirdi, sərhədləri yox edirdi, bir az "uzaqdakı yaxından", məsələn, lap elə ruhunun dilində danışan Orxan Vəlinin sualından ("Arzular başqa şey, Xatirələr başqa, Günəşi görməyən şəhərdə, Söylə, necə yaşanır?") gələn "xətalara" şirnikləndirirdi hərdən, hərdən elə həmin şairin naçar küskünlüyünə bələnirdi:

 

Bilmirəm necə anladım,

Necə, necə deyim sizə dərdimi.

Bir dərd ki, düşmən başına gəlməsin!

Könül yarası desəm,

Deyil!

Çörək puludur desəm,

Deyil!

Bir dərd ki,

Dözüləsi deyil!

 

 Bir yandan da "yaxındakı uzaqları" dilimizə çevirə-çevirə başqa ladlara köklənirdi. Amma bu refleksiya dərin mənalar arasında uzaqlıq yaxınlıq, özgəlik doğmalıqlar itib-əriyirdi, çünki ruhun azadlığı, azadlığın ruhu ayrı-seçkilik tanımır.

 

Gələn nədi, gedən nədi?

Bələk nədi, kəfən nədi?

Bu dünya öz kefindədi,

Yağış yuyur, gün qurudur.

 

 Onun yaradıcı gücünün qəzəbi yoxdur. Qəzəbdən kin doğar; "gəlimli-gedimli dünya"nın bir dərsi bu olub ki, kinin varsa, kiçiksən, kinin varsa - yazıqsan, kinin varsa - məğlubsan. O isə, göyün yaxasına yazılmış, kəpənək qanadından zərif, sal daşdan möhkəm, göz yaşından duru sözün aşiqiydi, mənanın, sirrin vurğunuydu.

 

 Tapdım olub - keçənlərin,

Bu dünyadan köçənlərin,

Yüz il qabaq içənlərin

İzini bir ovuc suda.

 

 Ona görə hansı növdə, hansı janrda yazmağından asılı olmayaraq, Göz ola bildi, Baxış ola bildi, "süd dişinin ağrısından tutmuş, Allahın ağrılarına" qədər, yazdısa, "atam balasının" ağrısı kimi yaşayıb - bilib yazdı.

Siyasətlərin rəyasətlərin fövqündə duran Sənət ifadəsini yada salan şairliyi kimi, istedadı da, Allah vergisi tək, anadangəlmə olduğuna görə, asılı olmadı. Onun gəlişi hadisəçilik yox, hadisə idi. Əslində, fərqli avazı ilə o qədər qədim tanışdı ki... Səs kimidi şeiri ; hardan gəldiyini tuta bilmirsən, dediyinin necə dediyinin fərqini isə, o saat tutursan.

Onun şeiri problemi yox, psixologiyanı ictimailəşdirməyə meyillidi.

 

 Hər bir dərdə dözən adam,

Heç bir şeydən dəli olur.

Özü xəbər tutmadan

Qəflətən gülməli olur.

 

 Onun yaradıcılığı ideyaların ideallara yönləndirilməsində birbaşa iştirak etmir, deklorativ məcazlı deyil, altqatda olanı hərəkətə gətirir, "başqa cür baxmaq, başqa cür görmək" vərdişlərini tərzə çevirir. Bu, onun poeziyaya gəldiyi illərin - "səthdən dərinliyə" meyillənmək illərinin xüsusiyyətində aram-aram hiss olunurdu.

Onda məzmunu ötürə bilmək qabiliyyəti - inqilaba yox, təkamülə köklənib.

Onda anın magiyasını tutmaq ötürmək tizfəhmi güclüdür, amma o sehri saxlamaq niyyətində deyil, "şəklin gözəlliyinə" hesablanmır; sehr keçib gedir, havası qalır, məna, məğz sanki sürüşüb əldən çıxır, amma izini qoya bilir. Ona görə , incəsənətin həyatdakı boşluqları doldurmaq niyyəti kimi, ən bədbin, küskün ovqatda da, isə tutqun işartı kimi, üfüqü nişan verir.

Onun sözü ünsiyyətdən daha çox kommunikasiya məzmunludur. Bu məqam onun yaradıcılığını günün dəbi səmtində dəyərləndirməkdən daha çox, az qala unudulmaqda olan, unutdurulan, arxaiklik kimi yozulan aksiosferaya daha açıqdır.  Mədəniyyəti dəyərlər dünyası kimi təqdim edən bu nəzəriyyənin banisi rus filosofu kulturoloqu M.S.Kaqan bədii yaradıcılığı bilavasitə dəyərlər dili kimi öyrənirdi. Onun yaradıcılığı bu müstəvidə tədqiqata daha açıqdır. Çünki mənsub olduğu əsaslarla bu yaradıcılıq milli-mənəvi düşüncənin ümumbəşəri dəyərə çevrilməsi prosesində oxun biruclu deyil, qayıdan olduğunu bəlirtir həm .

Onun qafiyəpərdazlıqdan uzaq şeirində, Dədə Kitabdan gələn poetik nizamsızlığın içindəki mənanın mükəmməlliyi şərtilikləri asanca təslim edir; qafiyənin pozulması fikrin, mənanın çatdırılmasına əngəl ola bilmir. Sənətə gələndə təhkiyəsinin intonasiyası necə fərqlənə bilmişdisə, eyni şəkildə yaradıcılığa ənənəvi yanaşmanı çətinə salmışdı. Ədəbiyyatşünaslığın bədii yaradıcılıqla fəlsəfə arasında tərəddüdü akademik maneraya məhz belə nümunələrdə kəmetina olmağa meyillənir.

 

Ha ki yüyür, ha ki tələs,

Addım-addım, nəfəs-nəfəs.

Bu dünya ölçüyə gəlməz,

Dünyanı ölçüb getmədim.

 

Onun yaradıcı təbiəti dramatizmlə lirizmin qovuşağunda qərar tutub. Dramatizmi daha çox Cabbarlının dramatik ruhunu, lirizmi Ömər Xəyyamı yada salır; reallıq da, ideala bağlılıq da eyni dərəcədə oyaqdır cavabsız suallar min illərin, millyon illərin gücsüzlük qarşısında bayrağı kimi ruhumuzu yelləyir.

 

Beşikdən tabutacan

Ömrümüz üstə qara yazıdı.

Bəs onda, mənim balam,

Bu taxtanın qara üzü

Niyə ağla yazılır?

 

 Onun poeziyası kiçik işlərdə, adi məşğuliyyətlərdə böyük idealı unutmamaq sərvaxtlığını qabardır. Poeziyasının ilkin təyini olan ciddiliyi - ləyaqət məsuliyyət, özünəhörmət duyğusu onda gözəlliyə birmənalı mövqe bildirmək qətiyyətini ziddiyyətlər içində azmağa qoymur.

 

 Bu dünyada hər varsa

Gedir üzü aydınlığa.

Yaş ötdükcə qoca dünya

Çəkir bizi aydınlığa.

 

 Yaxşı, xeyirli, ağıllı sözü qızıla bənzədəndə, yəqin onun hər iki məcazını düşünüblər; həm əyardır, ölçü, dəyər bildirir, həm qiymətlidir, onu kim istəməz ki. Qızılın haramı da var; qızılı qızıla satmaq kimi. O da halalı harama qatmadı - sözünü sözə satmadı, sözünü ucuz da satmadı. Hərdən düşünürəm, o da "heç olmasa, ildə bir dəfə..." çap olunmaq nədi, yazmaq eşqinə düşsəydi, necə olardı? Heç , oxunardı, sadəcə, oxunardı... Oxunardı Böyük xorda sıra nəfəri olardı, hərdən solo imkanı düşəndə, görünərdi ... Amma, yaxşı ki, "ağır qazan gec qaynayır". Unison ifalar unikal təfsirlər hər deyəndə ələ düşmür.   Bu uzun çəkən ağır, səngin gəlişmədə aydın eşidilən bir arzu, bir səda var ki, insanı, cəmiyyəti aydınlığa, işıqlığa səsləyir:

 

Yorulmuşam toz olmaqdan, İlahi!

 

Üsyanında Günəşi arzulamaq var, məncə. Çünki, Toz - Günəş gülümsəyəndə görünür. Günəş gülümsəyəndə... yaşamaq istədiyini yaşamaq istəyən qorxular da gülümsəyir:

 

  olsun ki,

azad deyil bir adam yer üzündə.

 

...Onu heç vaxt oxumadım, oxumaq da istəmədim.

Oxunmaqçün yazmadı da.

Dinləsinlər - istədi.

Günəşi səsləyən bu Səsi - Ramiz Rövşəni dinləmək - Günəşin gülümsəyəcəyini gözləməkdi..

 

Südabə AĞABALAYEVA

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 6-7.