Keçmişlə gələcəyin kəsişmə nöqtəsində...

 

Milli Məclisin Mədəniyyət komissiyasının dəstəyi ilə nəşr olunuş "Çağdaş tatar hekayələri" kitabı qardaş tatar nəsri, onun yaradıcıları, başlıca təmayülləri, üslub axtarışları, eləcə tatar etnosunun içindən keçdiyi yeni tarix, tatar xalqının mənəvi dünyası haqqında təsəvvür qazanmaq baxımından müstəsna əhəmiyyət daşıyır.

Kitabda toplanan əsərlərin hamısı sözün hərfi mənasında çağdaşdır: XXI yüzillikdə yaranmışdır. Qısa hekayələrdə təqdim olunan fərqli xarakterlər, bir-birinə bənzəməyən personajlar müasirlərimizin həyatında dünyasında baş verən dramatik dəyişikliklərə müxtəlif yönlərdən işıq salır, tarixi proseslərin insanların içində yaratdığı təbəddülatları, tərəddüdləri daha yaxından görməyə imkan verir.

Janrın tələblərinə görə zamanın, məkanın, hadisələrin yığcam şəkildə verildiyi, xarakterlərin xəsis boyalarla canlandırıldığı bu hekayələrdə ümumi cəhət çağdaşlarımızın zamanın kəsişməsində - keçmişlə gələcək arasında təqdim olunmasıdır. Daim axan, dəyişən, yeniləşən zamanın içində keçmişlə gələcəyin kəsişmə nöqtəsi mikroskop rolunu oynayır, insanların bütövlükdə toplumun daxili dramatizmini "böyüdüb" qabağa gətirir, daha aydın qabarıq göstərir.

Çağdaş tatar hekayələrində insanlar yaddaşlarında yaşatdıqları keçmişi geri döndərmək həvəsi nostaljisi ilə xatırlamırlar. Keçmişin  xiffəti ilə yaşamaq, keçən günlərə dönmək insanın təbiətində olsa da, xüsusilə Sovet rejiminin insanların yaddaşında qoyduğu yaralar, siyasi repressiyalar, kosmopolit təbliğatın milli kimliyə vurduğu zədələr bu keçmişin xiffətini ağrı ilə yükləyir. Ona görə dönüb arxaya baxmaq nağıllardakı kimi arzuolunmaz mənəvi cəzaya çevrilir. İnsanlar arxaya - keçmişlərinə baxanda ağrının toruna düşür, bu tordan qurtulmağa çalışırlar. Yəqin, elə buna görə çağdaş tatar hekayələrində başlıca çağırış milli kimliyə qayıdış, itirilmiş itirilməkdə olan dəyərlərin bərpa edilməsidir.

Kitabda bir araya gətirilmiş əsərlərin bir silsiləsi müəlliflərin tatar dilinin taleyi ilə bağlı narahatlığını, bu problemin xalqın taleyində saldığı izləri, açdığı yaraları əks etdirir. Dilin meydanının daralması millətin gələcəyinin qaralması, milli varlığın üstündə ağır kölgələrin dolaşması kimi mənalandırılır. Yeni ictimai-siyasi şəraitdə öz köklərindən uzaqlaşma çağdaş insanı tarixin yeni daha sərt imtahanları qarşısında qoyur.

Uzun müddət inancı təzyiq altında qalan tatar xalqı üçün dilinə, adət-ənənəsinə sədaqətlə yanaşı, sağlam dini dəyərlərə qayıdış bəzi hekayələrdə mənəvi dirilmənin əsas şərti kimi dərk edilir.

Dilin mənəvi dəyərlərin ən mühafizəkar qoruyucusu kənd mühiti olduğuna görə bəzi çağdaş hekayələrdə bir vaxtlar "kənd nəsri" adlandırılan təmayülə aid nəsr poetikasının stilizə olunduğunu görmək mümkündür. Bu, çağdaşlığa xələl gətirmir, əksinə, ənənə ilə çağdaş bədii düşüncə arasında bağlılıq yaradır.

Kitab Tatarıstanın Xalq yazıçısı  Rabit Batullanın "Canından can ver" hekayəsi ilə açılır. Janr təsnifatına görə mistik pritça olan bu əsər kitab üçün uğurlu üvertura səciyyəsi daşıyır. Hekayədə yazıçının diqqət yönəltmək istədiyi əsas ideya Allahın insana verdiyi istedada xəyanətin yolverilməzliyidir. Bütün xəyanətlər kimi Allah vergisinə xəyanət fərdin bütövlükdə toplumun faciəsinə yol açır. Yalanı toplumun şüuruna yeritməyin məkrli məqsədi isə insanları həqiqətdən, eləcə özündən, öz kimliyindən, inanclarından uzaqlaşdırmaq, ideologiyanın alətinə çevirməkdir.

Sovet dövründə ideologiyanın sənətkar kimliyinə müdaxiləsi dərin mənəvi sarsıntılar yaradır, şəxsiyyətin ikiləşməsinə yol açırdı. Sənət adamı çox halda bu ikiliyin əsarətindən qurtula bilmirdi.

Hekayənin qəhrəmanı rəssam Dulat Daqaş öncə Allahın əmanətini - istedadı pula satır, rəsmlərində eybəcərliyi gözəllik kimi göstərməyə çalışır, donuzotaranları zirvəyə qaldırır, təbiətin məhv edilməsini, torpağın, suyun, mənəvi dəyərlərin qətlini işıq kimi, şölə kimi təqdim təsvir edir. Lakin bu ona xoşbəxtlik deyil, əzab gətirir, vicdanı onu ağır cəzaya məhkum edir. Bu cəzadan o, ilhamının (yenə Allah vergisinin) köməyi ilə qurtulur. Öz millətinin tarixinin həqiqi qəhrəmanlarının obrazlarını yaradır. Dünyadan köçəndə isə rəsmlərindəki qəhrəmanlar cana gəlir, onu əbədi yolçuluğa öz çiyinlərində aparırlar... 

"Canından can ver" ibrət hekayəsidir. Sənətkarı əbədi yaşadan, onu bütün zamanların çağdaşına çevirən sehirli qüvvə vicdanının səsini dinləməsi, öz köklərindən qopmaması, öz gələcəyinin gözlərinə dik baxa bilmək səlahiyyəti qazanmasıdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bədii nəsri ilə tatar bədii nəsri arasında ciddi ənənə, ortaq keçmiş bağları vardır. Bu, sadəcə genetik qardaşlığın, mənşəcə eyni kökdən, eyni soydan gəlməyin, eyni dildə danışmağın nəticəsi deyil. XIX yüzillikdən başlayaraq türk dünyası ziyalılarının avropalaşmaq, Qərbi sürətlə irəli aparan, sənaye inqilabına qovuşduran dəyərlərə sahib olmaq zərurətini hiss etməsi, Osmanlıda dövlət səviyyəsində tənzimat islahatlarının aparılması, Azərbaycanda Orta Asiyada, eləcə tatarlar arasında maarifçilik ideyalarının təşəkkül tapması türk maarifçiliyini ümumi bir hərəkata çevirmişdi. Qərbdən Şərqə Şərqdən Qərbə qapı açan türk maarifçiliyi bədii təfəkkürün hüdudlarını da xeyli genişləndirmişdi. Türk maarifçiliyinin ən mühüm nəticələrindən biri Avropa bədii düşüncəsinin mənimsənilməsi yeni milli ədəbiyyatın yaranması oldu. XIX yüzilliyin  əvvəllərində Azərbaycanın öndə olduğu bu hərəkat yüzilliyin sonlarına doğru öz bəhrələrini verdi, türk dünyasında yeni məzmunlu yeni təyinatlı ədəbiyyatın yaranması ilə nəticələndi.

XIX yüzilliyin ikinci yarısından başlayaraq tatar ədəbiyyatında da klassik divan ədəbiyyatı kanonlarının əsarətindən çıxmaq, yeni dəyərlərə qovuşmaq, Avropa ədəbiyyatının janrlarını estetik dəyərlərini mənimsəmək istiqamətində səylər göstərilirdi. Bütün türk dünyasını öz içinə alan bu prosesdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezinə nail olmaqla bitmir, qarşıda yeni tipli milli mədəniyyətin yaradılması dururdu. 

Tatar ədəbiyyatında yeni nəsrin yaranması inkişafı, eləcə XIX yüzilliyin sonunda artıq Avropanı mənimsəyərək yeni məzmunlu ədəbiyyat yaratmağa nail olmuş Osmanlı mədəniyyəti ilə bütövləşmək təmayülü  bu zəmində baş verdi. XX yüzilliyin əvvəllərində Avropanın müxtəlif modernist cərəyanları, üslubları ilə təmasa girən tatar bədii düşüncəsində hekayə janrı daha da fəallaşdı.

Sovet dövründə siyasətin sənətə müdaxiləsi bədii düşüncənin hüdudlarını qədər daraltsa belə, digər türk xalqları kimi tatar ədəbiyyatı da öz xalqının mənəvi ehtiyaclarının daşıyıcısı kimi tarixin sınaqlarına sinə gərməyi bacardı. İtirdiyimizsə türk xalqlarının bir-birindən uzaqlaşdırılması, qardaş ədəbiyyatlardakı birliyin zədələnməsi oldu.

İndi bu birliyin bərpası istiqamətində həm siyasi, həm mədəni səviyyədə ciddi əməli işlər görülür, ayrı-ayrı türk dövlətlərində birlik istiqamətində addımlar atılır. Həmin əməli addımlardan biri Azərbaycanda "Çağdaş tatar hekayələri" kitabının ərsəyə gəlməsidir.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistrantı, gənc türkoloq Məleykə Mirzəli kitabı tərcümə edərkən tatar bədii düşüncəsini Azərbaycan dilinin bədii imkanları ilə uzlaşdırmağa müvəffəq olmuşdur. Ümidvaram ki, bu kitabla tanışlıq qardaş tatar ədəbiyyatının səviyyəsi haqqında azərbaycanlı oxucularda obyektiv təsəvvür yaranmasında faydalı olacaq.

 

Məti OSMANOĞLU

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 7.