Kamal Abdulla təxəyyülünün gücü,
yaxud "Arşın
mal alan"dan sonra
Yazıldığı vaxtdan 76 ölkənin 187 teatrında
səhnələşdirilən, beş dəfə ekran həyatı qazanan məşhur "Arşın mal alan" operettası Şərqdə
ilk operanın banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin
Oktyabr inqilabından əvvəl yazdığı
sonuncu əsəridir.
Süjet xətti Şuşa şəhərində
baş vermiş real həyatdan, musiqisi zəngin xalq xəzinəsindən qaynaqlanan
operettanın xoşbəxt
sonluqla bitməsi tamaşaçıya çox
xoş gələn, əsərin uğurunu təmin edən amillərdəndir.
"Arşın mal alan"da təsvir edilən dövrdən qısa müddət sonra Azərbaycanı cənginə
alan dərin ictimai-siyasi kataklizmlər,
inqilab dalğası cəmiyyət
həyatı, şüur
və mənəviyyatda
ciddi dəyişikliklər
törədir. Minlərlə
günahsız insan sinfi mənsubiyyətinə
görə "qırmızı"
terrorun qurbanı olur, on minlərlə insan xarici ölkələrə
mühacirət edərək
amansız təqiblərdən
canlarını güclə
xilas edə bilirlər... Bəs cəmiyyət həyatında
kataklizmlərin, ictimai-siyasi
təbəddülatların tüğyan etdiyi belə ağır mərhələdə "Arşın
mal alan"dakı obrazların
sonrakı taleyi necə ola bilərdi?.. Axı Üzeyir
bəyin qəhrəmanları
proletar diktaturası tərəfindən "sinfi
düşmən" damğası
vurulan bəy nəslinin nümayəndələri
idilər... Bəlkə,
bu sual, bir çoxları kimi, hansısa məqamda Üzeyir bəyin də düşüncələrini məşğul
edib. Lakin sovet dövrünün reallıqları
fonunda bu fikirlər beyinlərdə
qığılcımtək parladığı kimi, anidən də sönüb.
Həm də sovet dönəmində
məşhur operettanın
qəhrəmanlarının sonrakı taleyini təsvir edəcək əsər sosrealizmin tələblərinə uyğun
olaraq, həyatın bütün ziddiyyətlərini
inikas etdirmək iqtidarında olmayacaqdı.
Belə mətnin ideya məzmunu ən yaxşı halda yalnız bir kolliziyaya - yeniliklə köhnəliyin
mübarizəsinə söykənə
bilər, obrazlar isə süni şəkildə mənfi
və ya müsbət qəhrəmanlara
ayrıla bilərdi.
Bu cür dar çərçivəyə salınacaq
mətn isə ən yaxşı halda operettanın şöhrətinə kölgə
sala bilərdi...
Qeyd edək ki, Ü.Hacıbəyli
dəfələrlə operettanın
ədəbi materialı
və musiqisi üzərində işləyib
təkmilləşdirsə də, əsərin finalındakı xoşbəxt
sonluq dəyişməz
qalıb. Həmçinin
bir vaxtlar dahi bəstəkarın dediyi "Oktyabr inqilabı "Arşın
mal alan"dakı həyatı
tarixin arxivinə vermişdir. İndiki azərbaycanlı gənclər
bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar", - sözləri ilə operettanın davamının
olmayacağı ideyasına
qəti şəkildə
hökm verilib.
"Arşın
mal alan"ın davamı
Lakin şüurlarda
möhkəmlənən bu
stereotiplər nə qədər güclü olsa da, yenə cavabsız suallar qalırdı: Niyə biz bu obrazların sonuncu taleyi ilə tanış olmuruq? Görəsən bəy övladları - Əsgər - Gülçöhrə,
Süleyman - Asya cütlüklərinin sovet
dönəmində həyatı
necə ola bilərdi?.. Yalnız üstündən onilliklər
ötəndən sonra
Xalq yazıçısı
Kamal Abdullanın "Gülçöhrə
xanım və Əsgər ağa" hekayəsi ilə bu suallara cavab
tapıldı. Üzeyir
bəyin qəhrəmanlarının
"tarixin arxivi"ndən sıçrayaraq
öz talelərini
yeni amplitudada davam etdirmələri məşhur
operettaya ikinci həyat bəxş etdi. Hekayənin maraqlı bədii-tarixi məzmunu, epizodların emosional təsviri, hadisələrinin epik lövhələrdən qəhrəmanların
mənəvi-ruhi aləminə
yönəlməsi oxucuya
yüksək bədii-estetik
zövq, zəngin mənəvi dəyərlər
aşıladı.
"Gülçöhrə xanım
və Əsgər ağa" hekayəsi keçən ilin sonlarında mətbuat səhifələrində dərc
olunanda bu əsər oxucular üçün bir qədər gözlənilməz
oldu. Əvvəla, ona görə ki, Üzeyir bəyin ölməz operettası yaddaşlarda yaşasa da, ədəbi düşüncə
müstəvisində çoxdandı
xatırlanmırdı. Həm
də bu ona görə gözlənilməz idi
ki, bədii yaradıcılığı
daha çox tarixi yaddaş, mifoloji dünya modeli, "Kitabi-Dədə
Qorqud" motivləri
ilə diqqət çəkən görkəmli
yazıçımız Kamal Abdulla bu dəfə mövzu dairəsini dəyişərək Üzeyir
bəyin yaradıcılığına
müraciət etmişdi...
Bu ədəbi hadisə
yazıçının yaradıcılığı
haqqında formalaşmış
fikri bir daha təsdiqlədi: Xalq yazıçısı
Kamal Abdulla heç vaxt
gündəmə uyğun
yazmır. Yazdıqları
isə sonradan gündəmə çevrilir.
Ədibin
klassik mövzuya müraciətinin əsas səbəbi, əlbəttə
ki, "Arşın mal alan"dakı
obrazların sonrakı
taleyi ilə bağlı idi. Bu motiv Kamal Abdullanın düşüncəsini o qədər
dərindən məşğul
etmişdi ki, yazıçı
"Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi əsasında eyniadlı telefilm ssenarisini
də qələmə
alaraq bu ilin mart ayında oxuculara təqdim edib. Düşünürük
ki, mövzunun həm də ssenari variantında işlənməsi
tamamilə yerinə düşən məntiqi
yanaşmadır. Çünki
"Arşın mal alan"
teatr tamaşalarından
daha çox, bədii film kimi yaddaşlarda qalıb. Ona görə də əsərin davamı mütləq ssenari variantında da təqdim edilməliydi.
Bir az da filmdən...
Qeyd etdiyimiz kimi, "Arşın mal alan" operettası yazıldığı
ildən dəfələrlə
müxtəlif teatrların
səhnələrində oynanıldığı
kimi, kinematoqrafçıların
da daim diqqət mərkəzində olub.
Operetta inqilabdan əvvəl
(1916, 1917) və sonra
(1936) üç dəfə
ekranlaşdırılsa da, bu filmlərin heç birinin taleyi uğurlu olmayıb. Yalnız 1945-ci
ildə, Böyük Vətən müharibəsinin
qələbəsinə yaxın
olan vaxtlarda görkəmli kinorejissor Rza Təhmasibin Azərbaycan mədəniyyətinin
qüdrətli simalarının
(Münəvvər Kələntərli,
Ələkbər Hüseynzadə,
Leyla Bədirbəyli, Rəşid
Behbudov, İsmayıl
Əfəndiyev, Lütfəli
Abdullayev, Fatma Mehrəliyeva, Rəhilə Mustafayeva və s.) iştirakı ilə lentə aldığı eyniadlı
film nəinki Azərbaycanda,
həmçinin bütün
ittifaqda, xarici ölkələrdə nümayiş
etdirilərək böyük
şöhrət qazanıb.
Üzeyir bəy isə filmin bütün çəkiliş
prosesində son kadrlara
qədər iştirak
edib.
Elə həmin il ekranlara çıxan 89 dəqiqəlik
"Arşın mal alan"
filmi "Stalin" mükafatına (sonralar SSRİ Dövlət
mükafatı adlandırılıb
- S.Z.) layiq görülüb.
Məşhur kino mütəxəssislərinin
yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilən kinokomediya 86 dilə tərcümə edilərək 136 ölkədə
nümayiş etdirilib.
Bu filmin uğuru hətta Mərkəzi Televiziyanın sifarişi ilə 1965-ci ildə çəkilən "Arşın
mal alan"ı da (rejissor:
Tofiq Tağızadə)
kölgədə qoyub.
Rza Təhmasibin quruluş verdiyi "Arşın mal
alan" Heydər Əliyev Fondunun təşəbbüsü ilə
2013-cü ildə bərpa
olunaraq rənglənib.
Bərpa edilmiş
film 2015-ci ildə Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulluğunun təşkilatçılığı
ilə Hollivudun məşhur "Ricardo Montalban"
kinoteatrında nümayiş
olunub. Kamal Abdullanın
qələmə aldığı
"Gülçöhrə xanım və Əsgər ağa"
telefilm ssenarisi klassik Azərbaycan kinematoqrafiyasının
şedevrlərindən olan
həmin filmin davamıdır. Burada qəhrəmanların "Arşın
mal alan" filminin xoşbəxtliklə bitən
kadrlarından sonrakı
həyatı təsvir
edilir. Əsərin doğurduğu güclü
təəssürat, bədii
inandırıcılıq effekti
ssenarini "Arşın
mal alan" filminin davamı kimi qəbul etdirir və mətnin Üzeyir bəyin özünün qələmə
aldığı təəssüratını
yaradır. Maraqlı və dinamik süjet xətti hər iki əsər
arasında kiçik üslub fərqini də oxucuya sezdirmir ki, bu da yazıçıdan yüksək
peşəkarlıq, fitri
istedad və xüsusi bacarıqlar tələb edir.
Kiçik epizodlar... gizli mətləblər
Qeyd edək ki, Kamal Abdullanın
əsərlərinin heç
birində lüzumsuz təsvirlərə yol verilmir, yığcam epizodlar, kiçik dialoqlar mətnin dərin qatlarına enərək orada gizlənmiş mətləbləri,
dərin mənaları
üzə çıxarır.
Yazıçının nəsr
yaradıcılığına xas olan bu
xüsusiyyətlər təqdim
edilən ssenaridə də qabarıq görsənir: burada kiçik epizodlarla hadisələri dərindən
səciyyələndirən mətn oxucuya ötürdüyü informasiya
genişliyi ilə diqqət çəkir. Əsərdə təsvir
edilən tarixi mərhələnin uzun təhkiyələrlə yorucu
təsvirinin əvəzinə,
dəqiq hədəfə
vuran ifadələr Cümhuriyyət dövrü
və ondan sonrakı tarixi xronologiyanın ən səciyyəvi xüsusiyyətlərinin
panoramını çəkir.
Hekayədə cütlüklərin
sevgisi davam etsə də, dövrün aktual problemlərinin bədiiləşdirilməsi,
zamanın fəlsəfəsinin
ortaya qoyulması mövzuya yeni poetik nəfəs bəxş edir. Beləliklə, Üzeyir bəylə başlanan mövzu "Gülçöhrə xanım
və Əsgər ağa" hekayəsində
köhnə adət-ənənələr,
ailə-məişət problemləri,
ictimai əngəllərdən
çıxaraq, böyük
siyasi konfliktlərə
yönəlir. Tarixi problemlərin çözümünün
yeni baxış müstəvisində
səciyyələndirilməsi, milli tarix salnaməsinin həqiqətəuyğun təsvirləri
oxucunun Cümhuriyyət
dövrünün gerçəklikləri
barəsində təsəvvürlərini
genişləndirir. Müsəlman
Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun
səbəblərinin belə
yığcam və dinamik şəkildə təqdimi oxucunu hadisələrin mahiyyətini
dərindən dərk
etməsinə yardım
edir.
Bu nüans əsərin ilk cümlələrindən tutmuş
sonuncu epizodlara qədər zərgər dəqiqliyi ilə gözlənilir. Ssenarinin birinci şəklində yazıçı dərin
fikirlərə qərq
olmuş Əsgər ağanın nigaran simasını, gərgin hərəkətlərini təsvir
edərkən onun keçmişini, təhtəlşüurda
gedən prosesləri anlatmağa çalışır.
Bu zaman baş qəhrəmanın
pəncərəsi altında
uşaqların qışqıra-qışqıra
"dava-dava" oynaması
ilk baxışdan diqqət
çəkməyən epizod
kimi görünsə
də, Əsgər ağanın Vəliyə
xitabən söylədiyi
"Sən bu uşaqları mənim pəncərəmin altından
nə zaman qovacaqsan, Vəli ağa?! Səslərindən qulaq tutulur. Dava-dava oynamaq vaxtıdı?! O boyda cahan davası
bitdi, hamı sülh bağladı, bunlara noldu?!" - sözlərlə yazıçı
ilk sətirlərdən hadisələrin
gərginliyi, əsl təhlükənin qabaqda
olduğu barədə
oxucuya gizli mesaj ötürür.
Mövzunun içindən İran xəttinin də keçməsi tarixi həqiqətlərin təhrif
olunmadan real və obyektiv şəkildə təqdiminə xidmət edir. Belə ki, Cümhuriyyət dönəmində
azərbaycanlı iş
adamları üçün
İran mühüm əhəmiyyətə
malik ölkə idi. Rusiya ilə İran arasında böyük ticarət yolu Azərbaycan ərazisindən
keçirdi. Hekayədə
buna işarə edən
kiçik ştrixlər
həmin mərhələdə
İran - Azərbaycan əlaqələrini,
dövrün siyasi arenasını bütün
mürəkkəbliyi ilə
ortaya qoyur. Məsələn, iranlı
tacir Məşədi
Cabbarın Əsgər
ağaya xitabən dediyi "Düzdü, sizinkilər başlayıblar
şuluğa, biz iranlı
tacirlərə əngəl
törədirlər, burdan
Rusetə yol keçən alverimizə
yeni-yeni töycülər qoyurlar"
- sözlər Cümhuriyyət
dönəmində İranla
Azərbaycan arasındakı
ticarət əlaqələrinin
genişləndiyinə, Azərbaycan
Parlamentinin vergiləri
artırdığına işarə
edir. Bu kimi yığcam və konkret epizodlar yazıçının təsvir
edilən dövrün
çoxsaylı bilgilərinə,
zəngin tarixi materiallara yaxından bələd olduğunu ortaya çıxarır.
Mifik kodlara açar, yaxud qorxunun mahiyyəti
Məlumdur ki, Kamal Abdullanın bədii
nəsrində mifoloji
amil aparıcı mövqedə
qərarlaşır. Ədibin
yaradıcılığında ali bədii dəyər mövqeyinə
yüksələn mifologizm
həyat faktlarını
mifopoetik məcraya yönəldir, gerçəkliklərə
mifik prizma çərçivəsindən nəzər salınır.
Bu nəsrdə mifoloji
yaddaşın təsiri
o qədər güclüdür
ki, hətta yazıçının
mifopoetik süjet üzərində qurulmayan
əsərlərində də
mifin pafosu duyulur.
Real həyat hadisələrinin
təsvirini verən ssenaridə oxucu kiçik ştrixlərlə
də olsa, mistika ilə qarşılaşır. Yazıçı
təxəyyülünün dərinliklərində gizlənən
mifoloji strukturlar, mistika Gülçöhrə
və Əsgər ağanın xatırlatdıqları
damdabaca və adı özündən uzun olan Gülü
qah-qah xanımla əlaqədar üzə çıxır. Bu kontekstdə
yazıçının bundan
əvvəlki nəsr
əsərləri ələnir,
təqdim edilən mifik kodların dərkinə açar verilir. Ssenaridə damdabaca və Gülü qah-qah xanımın varlığının
sirri ilə bərabər, qorxunun mahiyyəti açılır,
həmçinin ədibin
əsərlərində mühüm
yer tutan mistikanın haradan qaynaqlandığı bəlli
olur. Yazıçının
məntiqinə görə,
hər kəs həyatında mistika adlı bir aləmlə
qarşılaşır ki, bu da onun uşaqlıq
dövrüdür. Sonradan
çox adam həmin uşaqlıq dövrünün mistikasını
unudur və yaxud ona qayıtmağa
ehtiyac duymur. Buna baxmayaraq həmin məqam bu gün
də hər kəsin həyatında davam edir, təhtəlşüurunda
yaşayır. Kamal Abdullanın
əsərlərindəki mistik
qat da buradan qaynaqlanır.
Yazıçının digər əsərlərində olduğu
kimi, "Gülçöhrə
xanım və Əsgər ağa" ssenarisində də yaddaş amili aparıcı mövqedə
qərarlaşır. Ssenarinin
sonuncu şəklində
yaddaş probleminin fəlsəfi dərinliyinə
nüfuz edən yazıçı şüur
aktlarını yenidən
cilalayır, köhnə
yaddaş buxovlarını
qıraraq yeni yaddaş
prinsiplərinə keçidi
təmin edir.
Üzeyir
bəyin obrazları
yeni təqdimatda
"Arşın
mal alan"ın qəhrəmanlarına
münasibət heç
də bütün dövrlərdə birmənalı
olmamışdır. Operetta 1913-cü ilin oktyabrında ilk dəfə Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə
qoyulanda "Kaspi"
qəzeti bu əsəri dinə, adət-ənənələrə vurulan zərbə kimi səciyyələndirmiş,
"qızlarımızı pis yola çağırmaqda"
suçlamışdı.
"İqbal" qəzetində teatr tənqidçisi Hacı İbrahim Qasımov
isə "Arşın
mal alan"ın "millətin
əxlaqını pozduğunu,
onu indiki halından betər bir hala saldığını"
yazırdı.
Köhnə əxlaq normalarına
qarşı çevrilən,
azad sevginin tərənnümünə geniş
yer verən operettanın yazılma səbəblərindən biri
də keçmiş adət-ənənələri, mövhumatı ifşa etmək, qadın hüquqlarının müdafiəsi
idi. Bu amilə xüsusi diqqət yetirilən "Gülçöhrə
xanım və Əsgər ağa" hekayəsində qadın azadlığı, gender bərabərliyi
özünün bədii-estetik
həllini tapır.
"Arşın mal alan"da
həyatları dörd
divar arxasında keçən azərbaycanlı
qızların Cümhuriyyət
dövründə hüquqlarının,
qadın azadlığının
bərqərar olduğu
göstərilir. Əgər
operettada sevmək və sevilməkdən məhrum edilmiş qızları "gələcəkdə
həyat yoldaşım
kim olacaq?" sualı maraqlandırırsa,
Kamal Abdullanın hekayəsində
Gülçöhrə və
Asya dövrün diktə etdiyi mühüm ictimai-siyasi,
milli məsələləri düşünən, xalqın
rifahı, maariflənməsi
naminə çalışan
fəal cəmiyyət
üzvləridir. Bu gənc
qadınların yetim uşaqlar üçün
məktəb açmaq
planları onların böyük xeyriyyə məsələləri ilə
məşğul olduqlarını
göstərir. "Arşın
mal alan"da hər şeyə, hətta evlənməyə də tacir gözü ilə baxan Əsgər ağa isə həmin məktəbə məmnuniyyətlə
maddi yardım göstərəcəyini vəd
edir. Onun bundan əvvəl "Difai" hərəkatına
da böyük köməklik
etməsi bu obrazın da dövrlə əlaqədar milli şüurunun
oyanmasını, cəmiyyətin
fəal üzvünə
çevrildiyini göstərir.
Beləliklə, "Arşın
mal alan"da həyatdakı
"boşluq" əsl
məhəbbət, böyük
sevgi ilə dolursa, "Gülçöhrə
xanım və Əsgər ağa" hekayəsində bu boşluğun, həmçinin,
Vətən, millət
sevgisi, xeyirxah əməllərlə doldurulmasına
cəhd göstərilir.
"Arşın mal alan"da Əsgər və Gülçöhrə qarşılıqlı
sevgilərini güclü
iradələri sayəsində
müdafiə etməyi
bacarırlar. Böyük
məhəbbət yolunda
hər şeyə hazır olan sevgililər öz xoşbəxtlikləri uğrunda
sona qədər mübarizə apararaq qalib gəlirlər. Kamal Abdullanın ssenarisində
isə bu xoşbəxtliyi qorumaq uğrunda aparılan mücadilə sonda faciə ilə bitir.
Mütərəqqi ənənə
...1913-cü ildə
Üzeyir bəy Hacıbəyli məşhur
"Arşın mal alan"
operettasında xoşbəxt
cütlüklərin taleyindən
yazdı. Bundan yüz on il sonra Kamal
Abdulla "Gülçöhrə xanım və Əsgər ağa" əsərində oxucunu həmin qəhrəmanların
sonrakı taleyi ilə tanış etdi. Üstlərindən illərin tozunu silkələyən Üzeyir
bəyin qəhrəmanları
öz macəralarını
yeni ictimai-siyasi şəraitə
uyğun olaraq davam etdirdi, bir-birinin içindən çıxan hadisələr,
gərgin psixoloji anlar inandırıcı motivlərlə oxuculara təqdim olundu. Beləliklə, Ü.Hacıbəylinin
qüdrətli bəstəsi
ilə qəlbləri
fəth edən "Arşın mal alan" bu əbədi sevgisini "Gülçöhrə
xanım və Əsgər ağa" əsəri ilə daha da möhkəmlətdi,
dahi klassikimizin irsinə yeni həyat bəxş edildi.
Bu məhsuldar ədəbi fəaliyyət Azərbaycan
ədəbiyyatında Kamal Abdulla yaradıcılığı ilə
başlayan çox mütərəqqi bir ənənənin intişarına
rəvac verir. Yazıçının bədii
təsir gücü ilə seçilən zəngin yaradıcılıq
xəzinəsi, sadəcə
olaraq, qədim mətnlərdən, antik miflərdən, türk etnosundan və yaxud müasir həyat lövhələrindən
mövzu əxz etmir, bu bədii
fakt nümunələri,
həmçinin, ən
qədim ədəbi-tarixi
qaynağımız olan
"Kitabi-Dədə Qorqud"
eposunun, klassiklərimizin
incilərinin əbədiyaşarlılığını
şüurlarda möhkəmlədir,
ədəbiyyatımızın mövzu dairəsi genişlənir. Zamanın
tələbi ilə səsləşən bu əsərlər ədəbi
fikrə yeni məzmun-mündəricə
bəxş edir, bədii-estetik siqləti ilə müasir Azərbaycan ədəbiyyatının
ən yaxşı nümunələri səviyyəsinə
yüksəlir. İnanırıq
ki, Kamal Abdullanın böyük
sevgi və rəğbətlə qarşılanan
digər nəsr nümunələri kimi,
"Gülçöhrə xanım və Əsgər ağa" əsəri də müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
parlaq nümunələrindən
biri kimi bədii düşüncədə
öz mövqeyini qoruyacaq.
P.S. AzTV-nin nəzdində fəaliyyət göstərən
"Sabah" Yaradıcılıq Birliyi "Gülçöhrə
xanım və Əsgər ağa" ssenarisi əsasında bədii filmin çəkilişlərinə başlayıb. 2023-cü il isə
"Arşın mal alan"
operettasının yazılması
və ilk dəfə səhnəyə qoyulmasının
110 illiyi ilə əlamətdardır. Xalq
yazıçısı Kamal Abdullanın "Gülçöhrə
xanım və Əsgər ağa" telefilmi bu yubiley
tarixlərinə ən
böyük ərmağandır.
Sadiq Zaman
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 12-13.