Bəyburd təkurunun qızının Beyrəyə
dedikləri
“Dədə
Qorqud” dastanına düşməyən şeirlər
silsiləsindən
Baybörə bəyin yeddi qızdan sonra gələn
madar oğlu
Bamsım
Bamsım deyib əzizlədiyi
Dədən Qorqudun Beyrək
adını verdiyi
üzü niqablı Bamsı
Beyrək...
Boz ayğırlı
dəstəyi ağ tozlu yaylı
altı
pərli gürzlü
igidlər igidi
ərlər əri
Bamsı
Beyrək...
Baybican bəyin madar qızı
Banıçiçəyə adaxlanmadınmı
igid
oxunun düşdüyü yerdə
bəylik
çadırın qurulmadımı
igid
adaxlının tikdiyi qırmızı
qaftanı
geyinmədinmi igid
qırx
ərən yoldaşınla
işrətə
qurşanmadınmı igid
xain sizi casuslamadımı igid
kafir dediyiniz təkur
yəni
atam
ordusuyla
başınızın üstünü
aldı
qırx
ərənindən birini
naibini öldürdü
yatdığınız yerdə otuz doqquz igidinlə
səni
əsir götürdü
toy alaçığı yas
alaçığına dönən
Bamsı Beyrək
adaxlısının muradı gözündə qalan Bamsı Beyrək
atası
Baybörənin ağlamaqdan
gözləri
tutulan Bamsı Beyrək
anası
al yanağını yırtan
Bamsı Beyrək
yeddi bacısı qara geyib
göy bağlayan Bamsı Beyrək
otuz doqquz igidinlə on altı il
Bəyburd qalasında əsir
qalmadınmı igid
nisgilini
qopuzun tellərinə
tökmədinmi igid
zulum-zulum
ağlamadınmı igid
muradına çatmadığın nişanlınçün
burnunun ucu göynəmədimi igid
dəstəyi ağ tozlu yayın
altı
pərli gürzün
əlindən alınmadımı igid
boz ayğırın təkurun
ilxısına qatılmadımı
igid.
at kişnəyər igid öyünər
atsız
igidin ümidi olmaz
ümidsiz qalan Bamsı Beyrək
uca dağlar yaylağın idi
yaylaqsız qalan Bamsı Beyrək
soyuq-soyuq
sular içdiyin idi
susuz qalan Bamsı Beyrək
tövlə-tövlə atlar mindiyin idi
yaya qalan Bamsı Beyrək
qatar-qatar
dəvələr yüklüyün
idi
yüksüz qalan Bamsı Beyrək
sürü-sürü qoyunlar şişliyin idi
şölənsiz qalan Bamsı Beyrək.
on altı il atamın əsiri oldun
Oğuz
bəyləri öz kefində
Öldü-qaldın bilinmədi
Oğuz
bəyləri öz kefində
Qaranlıq gecədə yolun
aydınlanmadı
Oğuz
bəyləri öz kefində
Bəyburd qalasını aşa
bilmədin
Oğuz
bəyləri öz kefində.
Banıçiçəyin qardaşı Dəli Qarcar
Bayındır xana varmadımı
igid
Varıb
da qabağında diz çökmədimi igid
Beyrəyin qaldısını gətirənə
xələt
Öldüsünü gətirənə
bacımı verərəm
demədimi
igid
Dostun Yalançı oğlu Yalancıq
ona verdiyin köynəyi qana batırıb
Beyrək
öldü xəbərini
gətirmədimi igid
Dəli
Qarcar sözünü
tutdu
Banıçiçəyi Yalançı oğlu Yalancığa verdi
sıra-sıra toy alaçıqları quruldu
Oğuz
bəyləri işrətə
cəm oldu
xəbər sənə də
çatdı
qopuz çalıb dərdini dilləndirmədinmi igid
halətin bağrımı yaralamadımı
igid
örkən salladıb səni
qaladan buraxmadımmı
igid
gəl halallıqla məni al demədimmi igid
and vermədinmi igid
bəs andın nə oldu igid
toy alaçığına yetişən
Bamsı Beyrək
toy xörəyindən yeyən
toy şərabından içən
özünü nişan verən
Banıçiçəyi görən
əhdi
yadından çıxan
Bamsı Beyrək
andını unutdun, igid
dalımca gəlmədin, igid
halallıqla almadın, igid
qılıncınla doğran, igid
oxuna sancıl, igid
yer kimi çatla, igid
torpaq kimi sovrul, igid
xəyanətə qurban get, igid
qarğışım alqışın
olsun, igid...
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 13.