Dahilik mərtəbəsindən
vida nəğməsi
Azərbaycan-ABŞ ədəbi-elmi
əlaqələrində əlamətdar
hadisə
Uzun illərdən bəri əməkdaşlıq etdiyim
doğma "Ədəbiyyat
qəzeti"ndə yeni rubrikalar
görəndə sevinirəm.
Malik Atilayın maraqlı
rubrikası istisna olmadı. Tərcüməçi
Nobel mükafatına layiq
görülən yazıçıların
mükafatın təqdimat
mərasimindəki çıxışlarını
dilimizə çevirərək
ədəbiyyat aləminə
təqdim etməklə
əvəzsiz xidmətlər
göstərir.
Təəssüf ki, söz açdığı
dünya şöhrətli
yazıçıların həyatı
və yaradıcılığı
barədə az da olsa məlumat vermir. Halbuki bu, onun gördüyü
gərəkli işin
dəyərini daha da artırardı.
Hörmətli Malik Atilay Nobel mükafatı
təqdimatı mərasimində
ABŞ yazıçısı Con Steynbekin söylədiyi tarixi nitqini oxuculara ərmağan etməklə bərabər,
yazıçının Azərbaycan
ədəbi mühitində
və elm aləmində
tanındığından bəhs
etsəydi, ədəbi-elmi
ictimaiyyətə töhfə
vermiş olardı.
Hər şeydən əvvəl onu deyim ki, rəhbərliyimlə
Müşfiq Babayev 2001-ci ildə
Dillər Universitetində
"Con Steynbek yaradıcılığı
Azərbaycan ədəbiyyatı
ilə müqayisəli
kontekstdə" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edib.
Müqayisələr, əsasən, İsmayıl Şıxlı,
Anar, Elçin, Əkrəm Əylisli, Mövlud Süleymanlının
əsərləri ilə
aparılmışdır.
Tədqiqatçının böyük maraq doğuran məqalələri, xüsusən
də "Con Steynbek və sufilik" məqaləsi ABŞ-nin
San Joze Dövlət Universitetinin "Con Steynbek
tədris mərkəzi"ndə
və "Azərbaycan"
jurnalında çap olunmuşdur.
Müşfiq Babayev tədqiqatları ilə sübut etmişdir ki, Amerika transendentalizmi,
demək olar ki, sufiliyin eynidir.
Gənc
alim Şərq fəlsəfəsi
və ədəbiyyatının
Avropa, Avropadan da
Amerika ədəbiyyat elminə
və fəlsəfəsinə
təsirindən də
söz açır.
V.Vatın "Orta əsr
Avropasına İslamın
təsiri" kitabından
misal gətirir:
"Şərq alimlərinin tədqiqatları olmasaydı,
Avropada elm və fəlsəfə belə sürətlə inkişaf
edə bilməzdi".
Gəlinən qənaət budur
ki, fəlsəfə sahilsiz
bir ümman, ədəbiyyat isə bu ümmanın ləl səpələnmiş
xəzinəsi, nəhayətsiz
dərinliyidir. Ümmanın
üstü dalğalı,
dalğaları qovan küləklərsə Şərqdən
Qərbə əsməkdədir.
Bu isə qədim yunanların "Günəş
Şərqdən doğur"
və ya "İşıq Şərqdən
gəlir" kəlamını
doğrultmaqdadır...
Çox
keçmədi Slavyan
Universitetinin rəhbərliyinin
səyi nəticəsində
ABŞ ədəbiyyatında epoxa olan Con Steynbekin "Qəzəb salxımı" (1939) və
"Həyəcanlarımızın qışı" (1961) kimi
nəhəng romanları
orijinaldan tərcümə
olunaraq çap olundu (Bax: Con Steynbek. "Seçilmiş
əsərləri", Bakı,
Şərq-Qərb Nəşriyyat
Evi, 2013, 888 səh.).
"Qəzəb salxımı"
Ülfət Kürçaylının,
"Həyəcanlarımızın qışı" Müşfiq
Babayevin tərcüməsində
işıq üzü
gördü.
Con Steynbekə şöhrət
gətirən romanlarını
içinə alan kitaba ön söz yazmaq mənə həvalə olunmuşdu. Oxucuların marağına səbəb
olacağını düşünərək
onun çapını
münasib bildim.
Dahilik mərtəbəsindən vida nəğməsi
Dünya
ədəbiyyatına dəyərli
töhfələr verən,
adı fəxarətlə
çəkilən ədiblərin
sırasında Amerika yazıçıları
Mark Tven, Teodor Drayzer, Cek London, Vilyam Folkner, Ernest Heminquey də vardır. Əsərləri Azərbaycan
dilinə tərcümə
olunduğundan oxucular və tədqiqatçılar
onları yaxşı
tanıyırlar. Bu ədiblərdən
ikisi - V.Folkner
(1949) və E.Heminquey
(1954) Nobel mükafatı laureatlarıdır.
Təəssüf ki, ABŞ-ın başqa Nobel mükafatı laureatları
Elton Sinkler (1930), O'Neil (1936), Perl Bak (1938) və Con Steynbek (1962) barədə indiyə qədər azərbaycanlı oxucuların
məlumatı, son dərəcə
az olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
dünya klassikləri
və Nobel mükafatı
laureatlarının əsərlərinin
Azəraycan dilinə tərcüməsi və çapı barədə
tarixi Sərəncamından
sonra vəziyyət kökündən dəyişib.
Bu mühüm Sərəncamın
sayəsində Azərbaycanlı
oxucular XX əsr
ABŞ ədəbiyyatının ən görkəmli simalarından biri, Nobel mükafatı laureatı
Con Steynbekin (27.02.1902-20.12.1968) yaradıcılığı ilə
daha yaxından tanış olmaq imkanı qazanmışlar.
Maraqlıdır ki, hələ
uşaqlıqdan bədii
ədəbiyyata böyük
maraq göstərən
Con Steynbek 1919-cu ildə
ABŞ-ın məşhur
Stenford Universitetinin tibb fakültəsinə daxil olsa da, ədəbiyyata aludəçilik
universiteti tərk etməsinə gətirib çıxarmışdı. Conun
ixtisasca müəllimə
olan anası Oliviya Hamilton oğlu haqqında demişdi:
"O, ya dahi, ya da avara olacaq".
Anasının ilk fikri doğru
çıxdı. Con Steynbek
iradəsi, istedadı,
inadkar çalışqanlığı
və zəhməti sayəsində dahilik mərtəbəsinə yüksəldi.
Con Steynbek Amerika və dünya ədəbiyyatına,
bir çox dillərə tərcümə
edilmiş iki möhtəşəm əsər
- "Qəzəb salxımı"
və "Həyəcanlarımızın
qışı" romanlarını
bəxş etmişdir.
Bilmək maraqlıdır
ki, Con Steynbek Nobel mükafatına
"Həyəcanlarımızın qışı" romanına
görə layiq görülüb (həqiqət
naminə deyək ki, qərarda yazıçının
"Qəzəb salxımı"
və "Çarli ilə səyahət" əsərləri də yüksək qiymətləndirilib).
"Həyəcanlarımızın qışı" romanını
Azərbaycan dilinə
Con Steynbek yaradıcılığından
namizədlik dissertasiyası
yazan və uğurla müdafiə edən mənim dissertantım Müşfiq
Babayev tərcümə etmişdir.
Tərəddüd etmədən
deyə bilərik ki, M.Babayev Azərbaycanda
Con Steynbek yaradıcılığına
dair tədqiqat aparan, ölkəmizdə və xaricdə sanballı məqalələri
və monoqrafiyası çıxan ilk və hələlik yeganə araşdırıcıdır. ABŞ ədəbiyyatında epoxa
olan Con Steynbekin adıçəkilən iki
romanının orijinaldan
Azərbaycan dilinə
tərcümə olunması
Azərbaycan-ABŞ ədəbi
əlaqələri yolunda
atılan mühüm
addımdır. Güman
edirəm ki, gələcəkdə
görkəmli yazıçının
"Qızıl piyalə"
(1929), "Gözəgörünməz Allaha doğru" (1931),
"Lacivərd örüş"
(1933), "Tortilla Flət" (1935), "Siçanlar və insanlar haqqında"
(1937), "Tükənməz vadi" (1938), "Konserv sırası" (1944), "Azmış
avtobus" (1947) kimi povest və romanları da Azərbaycan
dilinə tərcümə
edilərək oxucuların
ixtiyarına veriləcək.
Yeri gəlmişkən,
qeyd edək ki, yazıçının "Mirvari"
əsərini Manaf Süleymanov vaxtilə Azərbaycan dilinə çevirərək çap
etdirmişdi.
Yazıçının yaradıcılığının
birinci mərhələsini
təşkil edən
"Qəzəb salxımı"
romanında xalq taleyi və "orta amerikalı" kimi problemlər gündəmə gətirilir.
"Həyəcanlarımızın qışı" romanında
isə yazıçı
bütövlükdə Amerika nəsri üçün səciyyəvi olan mühit və şəxsiyyət probleminin
tərkib hissəsi olan - "Amerika həyat tərzi" məsələsini
qələmə alır.
Tədqiqatçıların qənaətinə görə
Con Steynbekin bu əsərləri Amerika reallıqlarını
əks etdirən, yüksək təsir gücünə malik bir ibrət güzgüsüdür.
Yazıçının "Qəzəb salxımı"
əsəri ABŞ-da kənd
təsərrüfatında islahatların zəruriliyini
ortaya qoymuş, çoxlarını bu barədə düşünməyə
vadar etmişdi. Bu romanda yazıçı iş tapmaq ümidilə bir yerdən başqa yerə köç edən, aclıq, səfalət və işsizlikdən əziyyət
çəkən insanların
iztirablı taleyini, faciəsini ürək ağrısı ilə qələmə alaraq bəşəri fəlakət
kimi təsvir etmişdir. Şübhəsiz,
buna görədir ki, XX əsrin
realist roman ənənələrinin 30-cu illərdəki ən mühüm əsərləri
sırasında Con Steynbekin
"Qəzəb salxımı"
romanı xüsusi yer tutur. Bu, o dövr idi ki, iqtisadi böhran dünyanı çulğamışdı.
İctimai-siyasi düşüncədə
də, mənəviyyatda
da tənəzzül hökm
sürürdü. Cəmiyyətin
ədəbiyyata marağı
sürətlə azalmış,
ədəbi mühitdə
bir laqeydlik yer almışdı. Yəqin buna görədir
ki, Con Steynbekin "Qəzəb
salxımı" o zaman yazılsa
da, yalnız 1939-cu ildə
işıq üzü
gördü, həm də kitabın ikinci işlənmiş variantı. Kitabın ikinci variantını bitirəndə yazıçı
xüsusi vurğulayırdı
ki, bu kitabı başqa kitablar yazılan kimi yazmayıb, həyatda necə varsa eləcə, bəzək-düzəksiz
yazıb.
Con Steynbekin həyat həqiqətlərinə sədaqəti,
"orta amerikalı"nın
faciəli taleyini tam çılpaqlığı ilə
açıb göstərməsi,
kapitalizmin dayaqları
olan bankirləri, sindikatları, sahibkar elitanı qəzəbləndirmişdi.
Ölkənin ictimai-siyasi
həyatında hadisə
olan əsərin yayılmasına qadağa
qoyulmuşdu. Bununla belə, "Qəzəb salxımı" öz işini görürdü.
Əl-əl gəzən
əsər xalqın içərisində üzüm
salxımı təki
tədricən yetişir,
qəzəbin necə
ətə, şirəyə-zəhərə
döndüyünü əks
etdirirdi.
"Həyəcanlarımızın qışı" isə
bütövlükdə Amerikaya,
onun faciələrinə,
orta amerikalının
həyat tərzinə,
onun yaşamaq uğrunda aramsız və amansız mübarizəsinə həsr
olunmuş sosial-fəlsəfi
romandır.
Fəlsəfi-psixoloji tutumuna görə XX əsr
Amerika romanının mükəmməl
nümunəsi olan
"Həyəcanlarımızın qışı" insan,
zaman, cəmiyyət və
dünya haqqında yazıçının fəlsəfi
düşüncələrinin nəticəsidir. Bu problemlər,
ümumiyyətlə, Con Steynbek
yaradıcılığının ana xəttini təşkil edir. Bunu yazıçının
1962-ci ildə Nobel mükafatı
təqdimatı mərasimindəki
tarixi nitqindən də görmək olur:
"Bizim böyük günahlarımızı və
kədərlərimizi açıb
göstərmək yazıçının
borcudur. Yazıçı
bunun üçün
məsuliyyət daşıyır.
Bundan başqa, yazıçıya insan gücünü, onun qəlbinin və ruhunun böyüklüyünü
- puç olmuş arzu və ümidlərini,
cəsarət, mərhəmət
və sevgi uğrundakı fədakarlığını
göstərmək və
vəsf etmək haqqı tanınmışdır".
Maraqlıdır ki, Con Steynbek yaradıcılığında
Şərq fəlsəfəsi
və sufilik əsas yerlərdən birini tutur. Bu, səbəbsiz deyildir. Riçard Astro qeyd edir ki, Con Steynbek hələ otuzuncu illərdə, "Lacivərd
örüş" hekayələrini
yazdığı vaxtlarda
Şərq və Asiya dinləri ilə ciddi şəkildə maraqlanmağa
başlamışdı.
Bu isə qədim yunanların "Günəş
Şərqdən doğur"
və ya "İşıq Şərqdən
gəlir" kəlamının
doğruluğuna dəlalət
edir. Deməli, bu işıq Con Steynbekin də qəlbini nurlandırmış,
ona dünya şöhrəti gətirən
"Həyəcanlarımızın qışı" və
"Qəzəb salxımı"
kimi möhtəşəm
əsərlərini yazmaqda
yardımçı olmuşdur.
Maraqlıdır ki, Con Steynbekin bu
romanlarını Azərbaycan
ədiblərindən İsmayıl
Şıxlı, Anar,
Elçin, Əkrəm
Əylisli, Mövlud Süleymanlı və başqalarının əsərləri
ilə müqayisə
etdikdə nə qədər oxşar süjet və paralellərin üzə çıxdığının şahidi oluruq.
Con Steynbek ABŞ və dünya ədəbiyyatı
tarixinə iki zirvəyə bənzər
"Qəzəb salxımı"
və "Həyəcanlarımızın
qışı" romanları
ilə daxil olmuşdur. Bu iki əsər təkcə Steynbek yaradıcılığının
deyil, ümumiyyətlə,
ABŞ nəsrinin nadir incilərindəndir.
Tədqiqatçılar göstərirlər
ki, Con Steynbek XX əsrin
60-cı illərinə qədər
yazdığı əsərlərinin
heç birində
"Qəzəb salxımı"
səviyyəsinə qalxa
bilməmişdir. Yazıçı
1961-ci ildə çap
etdirdiyi "Həyəcanlarımızın
qışı" əsəri
ilə o vaxta qədər yüksələ
bilmədiyi zirvəyə
yüksəldi. Bu zirvə
dünyanın hər
yanından göründü
və cəmisi bir il sonra Nobel mükafatına layiq görüldü.
"Həyəcanlarımızın qışı" az sonra dünyasını dəyişən yazıçının
Amerika və dünya ədəbiyyatında son sözü,
vida nəğməsi
idi.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 16.