Adı soyadını eşidən şair – Qulu Ağsəs
(Əvvəli 18, 21-ci saylarımızda)
“Barmqlarım yaman şeydir” şeirində yaradıcılıq,
poeziya mövzusu faciəvi çalar qazanır. Qulu Ağsəs poeziyanın, qələmin ali
təcəlləsini gizlində
yatan həqiqətə
nüfuz etməkdə, onu aşkarlamaqda görür. Bu, yaradıcılığın
məqsədidir.
Bu yolda şair qarşısına çıxan
bütün maneələrdən
xəbərdardır və
onlara sinə gərməyə hazırdır. Şair üçün mühüm
olan Həqiqətin özüdür:
Barmaqlarım
yaman şeydi,
hara gəldi
uzanır.
Çıxarmağa
göz axtarır,
mənə
düşmən qazanır.
Bir ucu tətikdədi,
hədəf
elə özüməm.
Özündəki buxovları qırıb
özünü həqiqətdə
tapmaqdan keçir şairliyin yolu. Bu mənada, şairin taleyi söz sənətinin vəhy məqamına şahidlik və sahiblik etməsi ilə bağlıdır. Qırılma
nöqtəsindən həyat
başlayır (dirilmə
məqamı Qulu Ağsəsin bir çox şeirlərində
əks olunur) və vəhydə özünü tapır. Sənət dünyanın
duyğu vasitəsilə
dərk edilməsi təcrübəsidir. Sənətdən
başqa digər bu cür təcrübə
mövcud deyil. Qulu Ağsəsin poeziyası
özündə
bu təcrübəni
ehtiva edir. Şairin “iki misra şeir” uğrunda “səhərəcən
tövşüyən” barmaqları
başqa aləmlərlə,
naməlum gizli
dünyalarla üzləşir, soyuqdan qaçır, isti nəfəs, sığınmağa
yer axtarır. Bu cür vəhy – ruhi formalaşma təcrübəsidir,
son nəticədə əbədiyyət axtarışıdır.
Real dünya mənzərəsi
ilə qarşılaşmanın
nəticəsi kimi vəhy – faciədir. Gizlində yatan, Varlığın məhvəri
olan Həqiqəti üzə çıxarmaq
istəyi insanın özünüqoruma instinktinə
ziddir, qaşınmayan
yerdən qan çıxarmaqdır:
Ortası
nişan üzüyün
indiyədək
görməyib.
Üstündən
dırnaq geyinib,
amma əlcək görməyib.
Şair gizlinləri aşkarlamaq, mahiyyətə varmaq istəyini
özünəxas simvolik dillə ifadə edir: məqsədi barmaqlarına sonsuz xoşbəxtliyin, sevginin girovu olan nişan üzüyü, onları “üşüməkdən”
qoruya biləcək əlcək deyil, “dırnaq geyinib” ən dərin yaraların közünü
qoparmaqdır.
Şeirin
son iki bəndində şair cəhalətdə,
qaranlıqda yatmış
həyat ruhunu, eşqi oyatmaq istəyinə insanın fitri əqli ilə varması məqamına işarə edir. Sonsuz təlatümtlərin,
“dərdin at oynatdığı”
şair qəlbi Rəbbi zikr edərək,
özünə “barmaqlarının
üşüməməsi” üçün “isti ölüm” arzulayır. Əslində, ölüm
həqiqətin əbədi
məqamına yetişərək
orda əbədi varolma deməkdir. Ata obrazının
da Qulu Ağsəs şeirində arxetipik səciyyə daşıdığını
(ana və övlad obrazları kimi) nəzərə alsaq, üzünü görmədiyi
atasının ruhuna müraciətin “daş altında”, “qəbirdə”
yatan Loqosun (doğru söz) müqəddəsliyini və İlahi ruhu ifadə etdiyini söyləyə
bilərik. “Soyuq və isti” konnotasiyası şeirdə ölüm və həyat, xeyir və şər, qaranlıq və işıq semantikası üzərindən geniş fəlsəfi düşüncələrə məkan yaradır.
İpək günəş
Qulu Ağsəs poeziyasında
günəşin qarşılanması,
günəş obrazına müraciət,
onun təntənəli
gözəlliyinin vəsfi və təqdimatı çox mühüm mövzudur. Daha bir poetik nümunədə cəmi iki cümlədə, sadəcə, təbiət
mənzərəsi deyil, böyük ruh hadisəsi, oyanış, dirilmə, qurtuluş və bir daha həyat eşqinin uğurlanması
təsvir olunur:
Günəş
meşənin
üstündən
çəkdi
duman-pərdəni
şöləsiylə,
quşlar səhnəyə çıxdı
yarpaqların
alqış səsiylə...
Böyük bir həyat səhnəsində təbiət
sanki bayram edir və insanı
bu gözəlliyin, harmoniyanın dəyərini,
mənasını anlamağa,
görməyə, duymağa
səsləyir.
“İkiyaşlı
İpək Məcidə”
şeirində karantin dövrünün
məhkumluğuna, qaranlığına
işıq saçan,
ürəkləri təmənnasız
saf sevgisi və həyat eşqi ilə isindirən iki yaşlı qızcığaz
İpək
Məcidə günəşin
simvolu kimi müraciət edir şair:
Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək,
Çiçək taxıb telinə
–
Çıx
günəşin yerinə!
Səhər doğan günəş, xəstə dünyaya işıq verən günəş, qışda
üşüməməsi üçün şairin
uğrunda meşələri
yandırdığı günəş
və nəhayət, balaca İpəyə bənzəyən
günəş
Qulu Ağsəsin
şeirlərində, sadəcə, seyr edilən təbiət hadisəsi kimi deyil, məcazi
və simvolik məna daşıyan, magik rituallıq yaradan canlı obrazdır.
Göydən gələn həqiqət
“Yaradıcılıq
yol getmək kimidir, məsafə qət etməkdir... Uşaq vaxtı bir şeyə marağım var idi – kəndimizdən görünən
“yerlə göyün
birləşdiyi” yerə
qaçırdım... Heç
vaxt yerlə göyün birləşdiyi
yerə çata bilmirdim”. Sabit görünən xətt üfüqi səthdə
yerləşmir,
lütf – göydən
yerə göndərilir. İnsan həyatının əsas
hadisələri vertikal
münasibətlərdə, göydən yerə ilğım kimi axan eşqə, ilahi ruha yerdən
qanad açan könüldə, ürəkdə
baş verir.
”Ədəbiyyatda, şeirdə
belə peşəkarlığı
qətiyyən qəbul
etmirəm. Mən jurnalistikaya ona görə bağlandım
ki, bədii sözlə
heç vaxt pul qazanmayım”, – deyir Qulu Ağsəs.
Poeziyanın irrasionallığını, azad
ruhun ifadəsi olan şeirlərini satmaq istəməməsi də təsadüfi deyil şairin. Onları satmaq günahdır, Yaradanın insana verdiyi yaşamaq eşqini dolu-dolu içmək azadlığından özünü
məhrum etməkdir.
Lakin aid olduğu məkanların
və ona məlum olan mənaların saflığından,
ucalığından, yaradıcılıq
kəşflərinin ona
yaşatdığı duyğuların
gözəlliyindən uzaq
düşmək istəmir
şair – bu onun qəlbindən gələn,
amma “ağıllı
qəlbindən” (Dostoyevski,
İbn Sina) gələn
seçimidir.
Könlün sonsuz
sərhədlərində, əbədiyyətlə görüşdə
sabitlik axtarır şair. Uca məqamlara çata bilməyəndə ümidsizliyə
qapanır, “çarəsizlik şeirləri”
yazır. “Dost toyundan qayıdır” adlı şeirində qarşımıza
nizamı pozulmuş, ahəngsiz, rəngsiz dünya mənzərəsi çıxır.
Burda ilahi ruh
hələ doğulmayıb
(“ruhumuz kilidlənib”), insan Tanrıdan uzaq dərdləri ilə baş-başa tənha ömür sürür, narahat düşüncələr və
hisslərlə qəzəblənir
və təsadüfi deyil ki, onun qarşısında
dayanan yeganə çıxış yolu ölümdür – “Əcəl də yiyə durmur, / əlac kəndirə qalıb”. Könül dünyası cənnətin,
gözəlliyin, ibadətin
məkanı olmadıqca “Söz də yuva bağlamır
/ viran ürəkdə
daha”. Çarəszlik
qəhrəmanın dünyaya
subyektiv baxışı
kimi dəyərləndirilir.
Göy üzünə,
aya, buluda şikayətin,
üsyanın arxasınca
“naşükür bəndə”
olduğunu etiraf etməsi lirik qəhrəman üçün
xilasolma yolunun heç də bitmədiyini göstərir:
müəllif əxlaq
dərsi keçmədən
dolayısıyla öz
mövqeyini, sevgiyə,
inama dönüşün
hər zaman mümkün
olduğunu vurğulayır.
Başqa
bir şeirində isə şair muhiti inkar edir
(“Qələt eləyərəm,
desəm”). Onu “xain” adlandırmaqla, sadəcə, olduğu yerdən deyil, mənadan, daha doğrusu, mənasızlıqdan
imtina edir. “Xain” sözünün
antonimi “siddiq” kəlməsinin “son dərəcə
doğru sözlü,
əsla yalan söyləməyən kimsə”,
“lap doğru”, “lap düz” kimi mənalar daşıdığını nəzərə alsaq, o
zaman şairin
bu əsərdə
hansı bədii situasiya, kontekst yaratdığını
anlamış olarıq.
Qəhrəmanın xilas
üçün üz
tutduğu, əriyib yox olmaq istədiyi
“hava” isə rahat nəfəs
ala biləcəyi, ətrafında
xain insanların olmadığı, “lap doğru“ların olduğu bir yerdir:
Qaç bu xain yuvasından,
Əri,
yox ol havada.
Qorx ki, yenə yerdən çıxa,
Buluddan dama adam...
Sonrakı bənddə qəhrəmanın özünü
ruhən azad hiss etdiyi, başqa dünya axtarıdığı
və bu zaman göz yaşı tökdüyü ifadə olunur:
Baş açmazsan:
yaşdı, ya da daş?! –
Damarında
qan durar.
Gözündən
düşən nədisə,
Ayağını
sındırar...
Ayağına dəyən “göz yaşı – daş” assosiasiyası
yeni koqnitiv məna yaradır: əzab-göz yaşı düz yol tapmağa kömək edər, ayağına dəyən daş yolunu azmağa qoymaz insanı. Şeirin son bəndində epik sujet geniş faktlar və hadisələr göstərilmədən
poetik dildə təqdim
olunur:
Bu da axır...
bu da xilas...
Son gecə...
səhər ertə...
Qoşulub
göyün quşuna
Üstündən
saat ötər...
Yerdən, yalan dünyadan, xaosdan, insan cəmiyyətindən qaçan
qəhrəman başqa
düzəni, yaşam
konsepsiyası olan dünyaya gəlir. Bu, dünyanın özünü
qoruyan, onun cənnət
olacağına insanın
inamını qoruyan başqa bir aləmdir. Bu məkan insanın yaradıcılıq
və düşüncəsinin
mahiyyəti olaraq onun qəlbinin dərinliyində yaşayır.
Şairin
bir sıra əsərlərində insan,
sadəcə, cisimlər
arasında cisim deyil, dünyanı və özünü mərifətə doğru
dəyişə biləcək
subyekt kimi çıxış edir.
Təsəvvüf poetikasını
ifadə edən ən gözəl poeziya nümunələrindən
biri “Görsən
ki qaranlıq çökür
aləmə” şeirində şairin müdrik sözləri, nəsihəti səslənir:
Görsən ki qaranlıq çökür
aləmə,
Görsən ki axşamdı... fikir
eləmə.
.................................................
...Görsən
hər tərəfdən
əlin üzülür,
Görsən
üşüyürsən... yandır özünü...
Və yaxud “Hardasa çölün düzündə”
adlı şeirində yanar
ürək, insanın daxilindəki işıq onun gizli həyat sirri kimi açıqlanır:
Hardasa çölün
düzündə
Su köşkü olmalıydı.
Ürəyinin alt gözündə
Son eşqim olmalıydı.
Qulu Ağsəs o əsl sənətkarlardandır ki, insanı mənəvi dəyərlər
sistemində
təsvir edir, odu, nuru insanın
qəlbinə gətirmək
istəyir. Könüllərdə
yanan od, mənəviyyat
işığı Qulu
Ağsəs poeziyasında
mühüm yer tutur və onun
yaradıclığının gələcək
tədqiqat istiqamətlərindən
birini təşkil edir.
Ölüm və sözün
ölümsüzlüyü
Bəs dünya nizamında ölüm hansı yeri tutur? Qulu Ağsəsin “Az qalıb”
şeirində ölüm
həyatın həll
edə bilmədiyi bütün sualların cavabıdır.
Şair həyatın
qanunları
üzərində baş
sındırır:
Fərqi yoxdur: yaxşı-pis,
bir günə qoyacaq,
Ya bir gün ağlayacaq
Yaradan özü bizə.
Bu bənddə misralar fərqli intonasiyalarda və vurğularda fərqli məna çalarları kəsb edir. Bütün insanların metafizik biliklərə
malik olması və onları qəbul edəcəyi absurddur. Amma
şair Yaradan haqqında xəbər verir, görünəndən
görünməyənə keçid edir. Fələyin gərdişində
vurnuxub yerini tapa bilməyən, payına düşən zamanda ən mühüm işini – Allaha
üz tutub yaşamağı
– təxirə
salan insanı bir gün O özü də əcəldən xilas edə bilməyəcək.
“Üzü şeytana”
yaşayan dünyanın
mənzərəsini ölüm
tamamlayır. Tanrının özünü,
həqiqətini bilən
filosof-şair Ağsəs insanları elə Tanrıdan aldığı ilhamla xəbərdar edir:
Bir anda dağıdacaq!
Bir an – bir göz qırpımı,
Tar-mar eləyəcək bu şux
nizamı
düzən.
Şair sözü bu ölümə qarşıdır,
o, bəşəriyyətin özünüməhvinin qarşısına
çıxır. Onun
özünüxilas imkanından
və ehtiyacından xəbərsiz olması,
ilk növbədə, şairin
faciəsidir. Dünyanı
xəbərdar etmək
ilahi aləmləri ifadə etmək üçün şairlərə
verilmiş müqəddəs
sözü, əqli yaşatmağa
bərabərdir:
Baxarıq – ayağımız
altda
bir söz çırpınır,
Əlimiz çatmayacaq
əliuzalı
sözə.
Qəbirlər
şahə qalxıb
şair inadı kimi.
Sancılacaq
torpağa...
Bu da son acıq,
hədə.
Şair
sözün ölümünü
Həqiqətin ölümü
kimi dəyərləndirir,
onunla eyni düşüncə və
qavrayış sahibi olmayan insanlara məcazi
şəkildə, simvollar
vasitəsilə öz
“şair inadı”ndan əl çəkməyəcəyini
bildirir. Qəbirdən
də olsa, yəni o dünyadan bu dünyaya gələrək və gəlməkdə davam edərək cahilliyə qələbə çalacaq
– şahə qalxmış
at belində Məkkəyə
gələn peyğəmbər
kimi qılıncını
Haqq yolunda bayraq edəcək, birliyi, peyğəmbəri, axirəti
tanıyan insanları
qazanmaq üçün
mücadilə edəcəkdir.
Son
söz əvəzi
Nə zamansa Qulu Ağsəs poeziyasına geri dönməli olsam, yazım “Axirət şeirləri” adlanacaq. Qədim Misirdə yaranmış əsl
adı “Yenidən dirilmə” olan “Ölülər
kitabı”nın mətnlərini
oxuduqdan sonra...
Kəmalə UMUDOVA
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 18-19.