Poetikanın poeziyası

(müşahidələr, detallar)

 

 

Bir() şeirin nüfuzu haqqında

 

 Universitetdə, nəzəriyyə müəllimim Aleksey Zaxaroviç Dmitrevski mühazirələrinin birində dedi ki, rus poeziyası tarixində XIX əsr bir şeirin əsri kimi qalıb. Mətbuatda bir şeir ədəbi prosesin "qəhrəmanı" olurdu, ictimai hadisəyə çevrilirdi, hamının diqqətini cəlb edirdi. O zaman şeir topluları nadir hallarda, özü kiçik tirajla nəşr olunurdu.

Tədricən poeziya daha geniş oxucu məkanını tutmağa başladı. Silsilə şeir formaları ilə çıxış etmək dəb halına düşdü. Sonralar şeir kitabı xüsusi janr kimi hörmətə mindi...

Əsl şairin ləyaqət meyarı yenə ( həmişə!) bir şeirdir. Əgər desələr ki, hər şairdən bir şeir seç, ilk ağlımıza gələn, məsələn, Əli Kərimdən "Qayıt", N.Həsənzadədən "Nərdivan", M.İsmayıldan "Ağacdələn, döy qapını", M.Yaqubdan "Bu dünyanın qara daşı göyərməz" şeirləri olacaq s. Siyahını uzatmaq olar.

Adama elə gəlir ki, şairlər qəzet-jurnal səhifələrində daha çox yer tutmağa çalışırlar, ayrıca bir şeirin fərqlənməsi, seçilməsi üçün bir şeirin bədii-estetik nüfuzu haqqında isə düşünmürlər.

Səhv etmirəmsə, son 30 ildə, Azərbaycan mətbuatında ayrıca verilən bir şeirin nüfuzu sanki itməkdədir. İndi şairlər silsilə, "seçmə" ("podborka") şeirlərlə daha çox çıxış edirlər. Baş redaktordan 8-10 şeirinin bir səhifədə verilməsini xahiş edirlər. Vay o günə, ordan bir-iki şeirini ixtisar edəsən, şair zəng edib giley-güzaranı, narazılığını bildirir.

Şeirlərin sayını çoxaltmaq, artırmaq ehtirası axırda poeziyanın inflyasiyasına gətirir şairi o bir() şeirin məsuliyyətindən uzaqlaşdırır. Bu sadə, elementar həqiqəti hər kəs bilir, amma vərdişindən, "ənənə"dən əl çəkə bilmir...

Mübahisə etməyə dəyməz - təbiətin qanunu poeziyada da işləkdir.

Bu "seçmə"nin, bu "sütunun", silsilənin içində "fərqli", "özgür" şeiri müəyyənləşdir görüm, necə müəyyənləşdirirsən.

Bir şeirin çevrəsində şairin duyğularının düşüncəsinin bütövlüyü qorunub saxlanılır. Oxucunun bütün diqqəti həmin seçilmiş, "tənha" mətnin üzərinə fokuslanır: şairin gücü zəifliyi haqqında ən dürüst məlumatı məhz o bir() şeir verir...

Halbuki bir şeir şairin vizit kartıdır, yazı texnikasının göstəricisidir.

Üç-dörd bəndlik bir şeirdə şairin bütöv dünyasını görmək olur həmin şeiri bir nəfəsə oxuyursan, bir pafos-intonasiya kəsimində qavrayırsan.

Bir şeir həm müəllifin məhsulunu dəyərləndirmə, həm ruhunun meyarı olur.

Bir şeirlə şair tarixə düşə bilər, xələflərinin yaddaşında, mənəvi varlığında iz buraxır. Klassik şeirimizdə Həsənoğlu bunun ən parlaq örnəyidir.

XIX əsrin ənənəsi rus poeziyasında bu gün davam edir.

Bir şeirlə çıxış etmək müasir rus şairinin simasıdır. Onun sənətkarlığının göstəricisidir. Şairin gücü , gücsüzlüyü burda daha aydın görünür.

"Novıy mir" jurnalının ilk səhifəsində Oleq Çuxontsev, Sergey Qandlevski kimi tanınmış şairlərin bircə şeiri verilir. məni həmişə təəccüb götürür: məgər bu şairlərin bir neçə şeirdən ibarət "seçmə"ləri təqdim etməyə imkanları yoxmu? Həcm-miqyas, qonorar baxımından daha səmərəli üsul deyilmi?

Yoxsa ildə-ayda bir() şeirlə...

 

Görünməz şair

 

 Kaş şairin şeiri necə yazdığını kimsə görməsin.

Rus ədəbi mühacirətinin nümayəndəsi İ.Odoyevtseva bir dəfə Mandelştamın necə şeir yazdığının şahidi olur. Bu haqda xatirələrində yazır: "Baxın Qumilyova, oturub burnunun altında qafiyəni mızıldanır, seçir, daha nəsə edir, amma Mandelştam... Mandelştam sadəcə görünməzdir, hansısa bir işıq topasıdır".

Təsadüfən mən bir şairin otaqda var-gəl edib, zülmlə necə qafiyələr axtarmasını, təkrar-təkrar səsləndirməsini müşahidə etməli oldum. O gündən içimdə nəsə qırıldı. Özümü tövlədən deşik açıb, Qıratın qanadlarını görmək istəyən Koroğlu kimi hiss etdim xeyli peşman oldum...

 

 Şair yaddaşı haqqında

 

 Böyük irland şairi U.B.Yets deyirdi ki, yaddaş zənginliyi olmadan poeziyanı anlamaq olmaz. Buraya yalnız bir fərdin deyil, bir çox nəsillərin yaddaşı aiddir. Yaddaş dərinliyi olmasa, heç bir yaradıcılıq mümkün deyil.

Son vaxtlar cavan şairlər çıxış edərkən adətən belə deyirlər: "Şeir yadımda qalmır", yaxud "təzə yazmışam, əzbərləməmişəm" s.

Axı, milli poeziya onun janrları bilavasitə həm yaddaş tipi ilə bağlıdır. Yaddaş tipi isə mədəniyyət tipini müəyyənləşdirir - Y.M.Lotman belə düşünürdü...

 

Poeziyanın funksiyası haqqında

 

 Qəti əminəm: poeziyada sevgi yoxdursa, orda həqiqət yoxdur. Tələbəlik illərində Mayakovskini buna görə qınamışam da, taleyinə acımışam da. O hesab edirdi ki, poeziya istənilən məqsədə çatmaq üçün bir vasitədir poeziya insanların ruhlar üzərində hökmranlığına xidmət etməlidir. - Bu, artıq İblis məramıdır.

 

Hökmdar Mütləq Ruh kimi

 

 Napoleonun Yena şəhərinə (Almaniya) daxil olmasını Hegel Mütləq Ruha bənzətmişdi. M.Haydegger 1932-33-cü illərdə, öz rektor nitqində Hitleri Mütləq Ruhla eyniləşdirmişdi. Məhəmməd Füzuli Şah İsmayılın Bağdada girməsini Mütləq Ruhun təzahürü kimi vəsf etmişdi...

Bundan sonra Ruha necə inanmayasan?

 

Poeziya ekoloji hadisə kimi

 

Yunan dilində "poiesis" sözü "yaratmaq, qurmaq" deməkdir. Semantika baxımından isə "oikos" (ekologiya) termininə yaxındır hardasa "evşünaslıq" mənasındadır. M.Haydegger yazırdı: "Poeziya evi ev edəndir. Poeziyanın hesabına biz öz evimizi qazanırıq. Bəs bu ev necə olur? Biz onu tikirik. Poetik yaradıcılıq elə ev tikməkdir".

Deməli, milli poeziyanı qorumaq ekoloji mədəniyyətimizin tərkib hissəsi olmalıdır.

 

Rüstəm KAMAL

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S.22.