Yazılarıma maraq göstərən çoxsaylı
oxucularla bərabər
bir-iki nəfər qulp qoyan da olur.
Şübhəsiz, "Təhminənin
son sirri" hekayəsinə
ağız büzənlər
kimi bu yazıma
da irad tutanlar tapılacaq. "Təzə
bir şey yaza bilmir, odur
ki, köhnə yazılarını
istismar edir" deyəcəklər.
Desinlər.
Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər,
kədərlənirlər, əzab çəkirlər
və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.
Qəribə görünsə də,
mən bir müəllif kimi bəzən özümü
personajlarım qarşısında
günahkar hiss edirəm.
Bu hissi izah da edə bilmirəm.
Bəlkə Təhminənin etibarına
şübhəylə yanaşmaqda
yanılmışam. Bəlkə
Kəbirlinskiyə qarşı
çox insafsız olmuşam.
Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki
hekayəylə - "Təhminənin
son sirri" və
"Kəbirlinskinin son etirafı"yla
mən bu personajlarımın taleyinə
son nöqtə qoyuram.
Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. "Dantenin yubileyi" povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış
olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.
Kəbirlinskinin son etirafı
Hekayə
Xəstəxananın iri qapılarından içəri
girən kimi Həcər bura xas olan iyi
duydu. Nə qoxusu idi bu?
Dərman, formalin, irinli
yaraların, ya yarılmış meyitlərin
qoxusu? Yaxud xəstələrin özünün
yodlu sarıqlarından
gələn özəl
bir qoxu?
Pilləkanların başında kiçik
meydança və dəhliz adamla dolu idi. Bu insan
qalabalığında əlil
arabasında əyləşmiş,
başı sarıqlı,
yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər
kimi bikef və ümidsiz görünürdülər. Ailə
üzvlərini, qohumlarını
yoluxmağa gələnlər
üzlərinə saxta
mehribanlıq, nikbinlik
masqası taxsalar da xəstələrin özləri
kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş
vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə
keçən ömürlərinə
qayıtmağa can atırdı.
Xəstələr rəngi
qaçmış bozumtul
pijamalarda idi. Üzlərinə ağrı
və əzab izləri çökmş
xəstələrlə də,
onların yorğun, müalicə qayğılarından
bezmiş müsafirləriylə
də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən
gənc həmşirələrin
sağlamlığı sanki
xəstələrin taqətsizliyinə
acıq verirdi. Həcər adamların arasından birtəhər
keçərək Baş
həkimin otağına
yanaşdı. Katibəsi
harasa çıxmışdı
və Həcər fürsəti fövtə
verməyib Baş həkimin otağına daxil oldu. Baş
həkim orta yaşlı, tosqun və daz bir
kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin
haçansa eşitdiyi
lətifə yadına
düşdü. Bir kişinin
başında yalnız
iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün
tüklərin biri də düşəndə:
- eybi yox, pırpız başla gəzərəm, - deyə
özünə təsəlli
verirmiş.
Hafizəsində qəflətən bu
lətifənin canlanmasına
özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?
Baş həkimin masasının üstünə sərilmiş
kiçik süfrədə
çörək parçaları,
kotletlər və bir baş soğan
vardı.
Həcər:
- Olar? - deyə soruşdu.
- Day gəlmisən də, nə "olarbazlıqdı?"
- Mən Kəbirlinskinin arvadıyam.
- Kimin?
- Kəbirlinskinin - dedi və əlavə etdi, - məşhur teatr artist Feyzulla Kəbirlinskinin.
- Buyur, sözün nədi?
- Ərimin halını soruşmağa gəlmişəm.
Yaxşılığa doğru
bir irəliləyiş
var?
- Çalışırıq. Hansı
palatadadı?
- Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?
- Əlimizdən gələni
edirik, bacı - telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.
- Salam, salam, - dedi - nə oldu? - qulaq asdı - Əla. Mən deyirdim də...
Başının işarəsiylə Həcərə
bildirdi ki, gedə bilər.
Həcər əlindəki zəmbili
göstərib:
- Alma şirəsi gətirmişəm
- dedi - olar da?
Baş həkim cavab vermədən başıyla
razılıq işarəsi
verdi, sonra telefona: - Yox əşşi? - deyə şaqqanaq çəkib güldü.
Əslində, Həcər ərinin
halını soruşmağa
gəlməmişdi Baş
həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı
palataya keçirsinlər.
Son iki gündə o palatadan iki nəfər
ölü çıxmışdı.
"Bədbəxt kişi, - deyə düşündü
- vaxtında zvaniyadan
- zaddan bir şey versəydilər, indi daha yaxşı
palatada qalardı. Ya elə daha
yaxşı xəstəxanada
yatardı.
Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən
kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran
kim?
Feyzulla sistem altında gözüyumulu uzanmışdı.
Həcər bilirdi ki,
gözləri açıq
olanda da hər şeyi duman içində görür,
sifətləri güclə
sezir.
Həcər:
- Xoş gördük, Feyzulla, - dedi - Necəsən? - Maşallah,
qıvraq görünürsən.
Həkim də dedi ki, tezliklə duracaqsan.
Feyzulla gözlərini açıb
zəif səslə:
- Hardan? - dedi - Day mənim hay-hayım gedib, vay-vayım qalıb.
- Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan
da.
- Düz-əməlli vaxtında
teatra lazım olmadım. İndi lazım
olacam? Kor ərəbin mahnısını
oxumağa?
- Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular.
Dedilər nə lazımdı, çəkinməyin,
deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.
Feyzulla:
- Kim zəng eləmişdi? - deyə soruşdu.
- Kim? Nə bilim, tanımadım.
- Kişidi, arvaddı?
- Hm. hə... yox, kişi idi. Dedi bir ehtiyacınız
varsa...
Feyzulla:
- Sağ olsunlar - dedi
Sükut
çökdü, xəstənin
zarıltısı eşidilirdi:
- Öldüm, ay məmə...
Anaxanım:
- Bilirsən Anaxanımgildə
nə həngamə qopub?
Feyzulla dinmədi.
Həcər davam etdi:
- Sultan arvadına ad günündə çox
bahalı bilərzik alıb...
- Sultan kimdi?
- Buy... Anaxanımın oğludu
da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb,
gəl görəsən.
Deyir biz bacının
cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də...
- Kim?
- Sitarə də, Sultanın arvadı... demə bu söhbəti
öz qulağıyla
eşidib, yığışıb
gedib dədəsigilə.
Fərrux
da ki...
- Fərrux kimdi?
- Oyunun olsun, Feyzulla,
gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki...
Feyzulla:
- Qonşuların dərdini
çəkəsi halım
yoxdu, Həcər - dedi. - Buranı görürsən də, Həcər, sən də çox - yubanma, get...
- Sənə alma şirəsi
gətirmişəm. Həkim
də icazə verdi. Dedi xeyri
olacaq.
- Sağ olun, sən də, həkim də.
- Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı.... Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.
- Sağ
olsun. Di get, Həcər. Yuxum
gəlir, yatacam.
- Eldar da gələcək sənə dəyməyə.
- Eldarı mənim adımdan təbrik elə.
Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan
asta addımlarla (guya kimisə narahat etməməkçün)
otaqdan çıxdı.
Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü.
Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi,
axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii,
yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.
Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də
deməsə haçan
deyəcək? - Eldar,
bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir.
Anan yazıqla avtomobil
qəzasında həlak
oldular. Sən körpəydin, salamat qalmışdın.
Səni Həcər xalanla biz böyütdük.
Eldar gözünü qırpmadan:
- Təzə xəbər! -
dedi. - Mən bunu çoxdan bilirdim.
- Bilirdin?
- Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.
Feyzullanın boğazı tutuldu.
Udqundu.
- Mən?
- Əlbəttə... ata
Feyzulla qəhərdən kəsilə-kəsilə:
- Sağ ol... - dedi
Bir müddət hər ikisi susdu.
Sonra Eldar qəfilcə:
- Mən həmişə səninlə qürur duymuşam - dedi.
Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən
iki damla yaş yanaqlarına süzüldü. Sifətində
xoş bir təbəssüm əmələ
gəldi.
Qonşu
yataqdakı kişi hələ də zarıyırdı:
- Hardasan, ay məmə, öldüm axı...uuuuu...
Gecə
saat iki radələrində Feyzulla
Kəbirlinski keçindi.
Üzündə elə
həmin xoş təbəssüm qalmışdı.
7 iyun 2023
Anar
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.2.