Külqabıyla ciyərlərim şərikdir, Tənhalığa yoluxuram, İlahi...

 

***

 

Nə varsa yaddan çıxır,

 

Unudulur nə varsa.

 

Bircə yaşamaq qalır,

 

O da bəhanə varsa.

 

Yalandan əsən külək,

 

Yalandan yağan yağış.

 

Yalandan gələn bulud

 

Çəkilir qarış-qarış.

 

Ömrün olan qalanı

 

Alnından axır gedir.

 

Yalandan sevənlər də

 

Doğrudan çıxır gedir.

 

Görürsənmi, yalandır

 

Budur daha nə varsa.

 

Bircə yaşamaq qalır,

 

O da bəhanə varsa..

 

 

***

Qəstcə məktub yazmışam,

 

İçində sınıq-sökük xatirə qalığı var.

 

İlin günün bu vaxtı məktub yazan

 

            hər kəsin Tanrı tənhalığı var.

 

Necə də xeyirsizəm,

 

Bəlkə də bir cütlüyün ehtiyacı varıydı

 

            bir balaca kölgəyə.

 

O ağacı kəsdilər, mən sənə giley dolu

 

            məktublar yazım deyə.

 

Bəlkə bir Sarıköynək yuvasından edildi,

 

Bəlkə bir tənha Dələ əsəbindən ağlayır.

 

Bəlkə də bu günahdan əllərim

 

            ağac kimi məktublar yarpaqlayır?!

 

Qəstçə məktub yazmışam!

 

Yazmışam hər nə varsa hamısı yadımdadır,

 

İlin günün bu vaxtı əllərin bumbuz olur!

 

Yazmışam yandır onu əllərini isindir.

 

Qəstçə məktub yazmışam..

 

Yazmışam yandır onu.

 

Tüstüsü gözlərini yaşartmasın, bəsimdir!

 

 

***

Ömrün qəpik-quruşu xərclənib əldən gedər,

 

Quşlar yuvalarından, arılar güldən gedər,

 

Hər ötən yaddaşlara salınmaz, ömrüm-günüm...

 

Belə darıxmaq olmaz, alınmaz, ömrüm günüm...

 

Belə darıxmaqların sonunda ayrılıq var.

 

 

Ağrıyar yaddaşının unutduğu yerlərim,

 

Dodaqlarım, əllərim.

 

Saçlarımın ucları

 

Öpüş qaravulçuları.

 

Alışır arzularım, ümidlər tüstülənir.

 

Elə darıxıram ki, fəsillər xəstələnir,

 

Yeni şeirlər doğur, nəğmələr bəstələnir.

 

Bir də baxıb görürəm, yanımda ayrılıq var.

 

 

Bilirsən də, getdiyim yollar incidir yaman,

 

Sənin olmayan əllər, qollar incidir yaman.

 

İncidir güzgülərdə sən olmayan tərəfim,

 

Sən ey cənnət hədəfim...

 

Sən ey Allahı gözəl,

 

Sən ey gözləri billur

 

Axı demişdim sənə süzülən

 

            hər baxışın əvvəlində qovuşmaq,

 

Sonunda ayrılıq var...

 

 

Arıların gülündən,

 

quşların yuvasından uçub getdiyi kimi

 

            mən də uçub gedirəm.

 

Mən də itib-bataram bu gedənlər köçündə.

 

Demirəm ki, zəng elə!

 

Ürəyində pıçılda...

 

Soruş görüm necəsən,

 

            nə təhərsən, nəyin var?

 

Sağımda sənsizliyim, solumda

 

            mənsizliyin, önümdə ayrılıq var.

 

 

***

Yaşın çox azıydı, saçın çox qısa,

 

Mən fağır uşaqdım, ha yaza-poza...

 

Gözün dinmədisə, dilim susdusa,

 

Mən də günahkaram, sən də günahkar.

 

 

Birdən ayıldım ki, saçımda dən var,

 

Yanımda ayrı ruh, ayrı bədən var,

 

Nə səndə mən varam, nə məndə sən var,

 

Mən də günahkaram, sən də günahkar.

 

 

Dağ-dərə bilmədi, təpə bilmədi,

 

Gəlib kəndarından ötə bilmədi,

 

Çığırdım, səsimi küləklər aldı,

 

Səsim qulağını öpə bilmədi,

 

Mən də günahkaram, sən də günahkar

 

 

Bir quru salam var kağızın üstə,

 

Nə qədər arzu var dəstəbədəstə,

 

Ay gözü günəşlim, səsi ahəstəm,

 

Mən də günahkaram, sən də günahkar.

 

 

Bizimki dərd deyil, bəla, heç deyil,

 

Hərdən pıçıldaram, əşi, gec deyil,

 

Desələr inanma, sarıl, suç deyil,

 

Mən də günahkaram, sən də günahkar

 

 

Ömür dedikləri bu imiş yəni,

 

Öpüb əzizlərəm məndəki səni,

 

Sən məni bağışla, mən də ki, səni,

 

Mən də günahkaram, sən də günahkar.

 

 

***

Nə sənə zəng çatmadı,

 

Nə də Allaha duam.

 

Nə sən Allah deyilsən,

 

Nə də Allah sən deyil.

 

Bir aman vermədin ki,

 

Günahlarımı yuyam.

 

Mən səndən nigaranam,

 

O, məndən küsən deyil.

 

İndi kimi sevim ki,

 

günahım tez yuyulsun?

 

Sən bir sirr açıram,

 

bax, aramızda qalsın.

 

Səndən sonra öyrəşdim,

 

Elə onu sevməyə.

 

Oda məndən beşbetər tənhalıqla əlləşir.

 

Bir az bacarıqsızam.

 

O işində ustadır,

 

Anlayır bu işləri, ustalıqla əlləşir.

 

Şair kimi yazmıram

 

bu məktubu inan ki,

 

darıxan şair olmaz.

 

Mənim şairliyim də

 

səninlə getdi sanki.

 

Gül kimi məhhəbbəti,

 

şeirin ümidinə buraxan, şair olmaz.

 

Beş on cümlə yazmışam,

 

hamısı da yalandı.

 

Bircə müqəddəsliyin,

 

yalan deyil bilirsən.

 

Əsl şairlər kimi sigar-sigar bitirəm.

 

Ciyərimi yandıran,

 

O müqəddəs tərsliyin,

 

yalan deyil bilirsən.

 

Yazmadım ha, oxuyub

 

cavab yazasan deyə...

 

Yazmadım ha, ölürəm,

 

can verirəm, xəstəyəm.

 

Yazdım xəbərin olsun ölməyi bacarmadım,

 

hələ ayaq üstəyəm.

 

Günümə bax bir mənim,

 

Guya məktub yazmışam,

 

salamı yaddan çıxıb.

 

Neyləyək, karıxmışam

 

salamsız məktub olar?!

 

Salam;

 

Çox darıxmışam...

 

Mən elə çox...

 

 

Mən elə çox darıxıram, İlahi...

 

Pəncərələr gözlərimə yas tutub.

 

Pərdələr də yamaqlardan ağlayır,

 

Şüşələr də xəcalətdən tərləyib.

 

Nə gələnim, nə gedənim var daha.

 

Gör nə vaxtdır bu evciyin bir kərə,

 

Bircə kərə, qapıları acılmır.

 

Daşa dönüb, cəftələri pas tutub.

 

 

Məktublar da cana gəlib əlimdən,

 

Göyərçinlər yoruldular, İlahi...

 

Bütün sevgi şeirləri yazıldı,

 

Bütün sevgi romanları oxundu

 

Bütün qışı, səngərlərdə buz tutan,

 

Əsgərlərin corab payı toxundu.

 

Bircə mənim darıxmaqım keçmədi.

 

Məktublarım əlimdəcə saraldı,

 

Builki qış nə sərt imiş, təəssüf,

 

Göyərçinlər qırıldılar, İlahi...

 

 

Sübh çağıydı, pəncərədən görürdüm,

 

Allah haqqı, Ay, Günəşlə görüşdü.

 

Mən sobadan, soba məndən donurdu,

 

Tavandakı hörümcək də tək idi.

 

Bir otaqda iki tənha varıydı,

 

Biri ovdan, biri yardan yanırdı.

 

Şüşələrin arasından izinsiz

 

 qonaq gələn külək belə, tək idi.

 

Elə soyuq külək idi inan ki,

 

Buza dönmüş nəfəsimlə qarışdı.

 

Bu qış idi, nələr olmadı, nələr,

 

Qonşu kənddə qan düşmanı varıydı,

 

Dost oldular, onlar belə barışdı!

 

Bircə mənim darıxmağım keçmədi.

 

Mən, belə çox darıxıram, İlahi...

 

 

Harda nə vaxt, nə olarsa bilirdim.

 

Harda nə vaxt, nə olarsa duyurdum.

 

Külqabıyla ciyərlərim şərikdir,

 

Tənhalığa yoluxuram, İlahi...

 

Mən o qədər saf deyiləm bilirsən.

 

Harda, kimsə, darıxsaydı duyardım.

 

Mən hamının, mən hər kəsin yerinə

 

Darıxıram...

 

Darıxıram, İlahi...

 

Habil Rzanur

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 9.